Təranə:“Özümü ona sırımayacam ki?”
Bizi izləyin

Tabloid.az

Təranə:“Özümü ona sırımayacam ki?”

Təranə Səmədova ilə eksklüziv müsahibəni təqdim edirik.

Azərbaycanın ən qalmaqallı prodüserlərinin siyahısında Təranə Səmədovanın adı ön cərgədədir. Gördüyü işlər, reallaşdırdığı layihələrlə də diqqəti cəlb etməyi yaxşı bacaran Təranə Səmədova maraqlı layihələrlə tamaşaçı marağına səbəb olur. Ötən ildən isə aparıcılığa da başlayan xanım bir ilkə imza atıb. O, “Space” telekanalında həftənin 5 günü səhər proqramını aparır.

Tabloid.az aparıcı-prodüser ilə gələcək planlarından və sevgi həyatından danışıb. Təranə Səmədova ilə eksklüziv müsahibəni təqdim edirik.

- Aparıcı olmaq həvəsi haradan qaynaqlandı?

- İlk təklif mənə “Art Club”dan gəldi. Onlar mənə verilişin redaktor-prodüser olmasını təklif etdilər. Aparıcı olmaq üçün məndən bir neçə tanınmış simanın adını istədilər. Özləri bir müddət sonra zəng etdilər ki, biz aparıcı olaraq səni görürük. Təbii ki, dərhal razılıq vermədim. Bir neçə gün düşündükdən sonra isə özümü sınamağa qərar verdim. Niyə də yox ?! Beləcə aparıcılığa başlayan ilk prodüser oldum. Bu işdə ilkə imza atdığın çətinlikləri də oldu. Asan o oldu ki, artıq 10 ildir kamera ilə işləyirəm, müsahibə, verilişlərdə qonaq olmaq və s. kimi təcrübəm var. Ən əsası, geniş söz bazam var və fikrimi rahat izah edə bilirəm. Yaxşı ki, qorxmamışam. 4 veriliş arasında ən çox müzakirə olunanlardanam.

- Yəni, heç həyacanlanmadınız?

- Təcrübəmə baxmayaraq, həyəcan ilk günlər olurdu. Artıq hər şey qaydasındadır. Hətta bir çox şərhlərdə illərin aparıcıları ilə müqayisə olunur, hətta onlardan daha yaxşı olduğum söylənir.

- Bəs, aparıcılıq Sizi prodüserlikdən uzaqlaşdırmır?

- Əlbəttə, uzaqlaşdırır. Artıq 4 aydır ki, veriliş aparıcısıyam. Xüsusən, Zarinadan sonra heç kimlə işləyə bilmirəm. Bunu özümü qiymətə mindirmək üçün demirəm. Onsuzda mənə həmişə müğənnilərdən təklif gəlib. Heç vaxt müğənniyə prodüseri olmaq təklifi ilə müraciət etməmişəm. Müsbət dəyərləndirəcəyim təklif hələ ki, yoxdur. Amma gözaltıladığım biri var.

- Təranə xanım, ilk efirə çıxan insan çalışır elə efir vaxtı seçsin ki, onun rəqibi olmasın ya da həmin saatda elə də güclü rəqabət olmasın. Amma....

- Mənim verilişimlə eyni vaxtda ANS, ATV, “Xəzər”də də maraqlı proqramlar gedir. Yəni, 4 kanal eyni vaxtda ən güclü verilişləri ilə efirdə olur. Qıcıqlandırıcı bir obraz olduğumu çox yaxşı bilirəm. Kiminsə gözünə kül üfürüb, deyə bilmərəm ki, məni hamı çox istəyir. Bu ağ yalan olar. Ancaq verilişimin reytinqli olması həm də məhz bu cür obraz olduğumla əlaqədardır. Sevməyən insanlar belə, onlarda qıcıq yaratdığım üçün verilişimə baxırlar. Bu şeylər mənə stimul verdi. Əgər qonaq olduğum verilişə reytinq verirəmsə, deməli aparıcı kimi də reytinq toplaya bilərəm.

- Təranə xanım, aparıcı olmaq, gündəlik veriliş aparmaq insanın dost sayını birdən-birə artırır. Sizin necə, dostlarınızın sayı çoxaldımı?

- (Gülür) Mən belə şeylərdə aldanmıram. Yeni gəlsəydim, bəlkə də inanardım. Ancaq yeni deyiləm və kimin necə biri olduğunu bilirəm. Düzdür, bu sahədə illərdir ki, dostluq etdiyim insanlar da var. Amma birdən-birə dostuma çevrilmək istəyənlər də yox deyil. Odur ki, elələrinin bu gün bağda ərik var deyə, dostum olduqlarını bilirəm.

- Fikirləşmirsiniz ki, bağda ərik olmasa, münasibət dəyişəcək?

- Heç kəs uğursuzluqdan sığortalanmayıb. Həyatdır, hər şey ola bilər. Mən yerimdə durub sayan insan deyiləm. Təki, bağımda hər zaman ərik olsun. Bağımdakı bara görə dostluq edənləri başqalarından fərqləndirməyi bacararam. Çalışacağam ki, indikindən daha yüksəkdə olum. Kiminsə münasibəti, barəmdə nə düşündüyü mənimçün önəmli deyil. Öz dostlarım mənə yetər.

- Təranə xanım, bir neçə ildir ki, Günay İbrahimli ilə soyuq münasibətdə idiniz və danışmırdınız. Heç kəsin xəbəri olmadan, birdən Günay verilişinizin qonağı oldu. Bu necə baş verdi?

- Əslində, bir müddət əvvəl barışmışıq. El şənliklərindən birində vasitəçi olmadan, özümüz barışdıq. Günaya dedim ki, bizim münasibətlərimiz o qədər cılız olmayıb ki, kiminsə bizi barışdırmağını gözləyək. Əslində, bizi barışdırmaq üçün mənə müraciət edən ortaq dostlarımız olub. Ancaq razı olmamışam ki, Günay yanlış dəyərləndirər. Düşünər ki, onunla barışmaq üçün dostlarımızdan mən xahiş etmişəm. Günay da onlara eyni cavabı verib. Biz onunla düşmən kimi ayrılmamışdıq. Günayla 2009-cu ildən tanışıq. Hər zaman ona dəstək olmuşam.

- Təranə xanım, etiraf edim ki, Sevinc Hüseynova Günayla iş birliyinə son qoyduqdan sonra mən düşünürdüm ki, Təranə Səmədovanı yenidən Günayın yanında görəcəyik. Amma bu baş vermədi...

- Günay Sevinc ilə (müğənni Günay İbrahimlinin keçmiş prodüseri – red.) ayrıldı deyə Toma ilə (indiki prodüseri – red.) iş birliyinə başlamadı. Günay Toma ilə əməkdaşlığa başladı deyə Sevinc işdən getdi. İkincisi də, tək əldən səs çıxmaz. Hər iki tərəf istəməlidir ki, bu proses baş versin. İş birliyimizdən uğur qazanan Günay olub. Mən elə bir uğur qazanmamışam. Prodüser idim, elə yenə prodüser olaraq qaldım. Günaydan ayrılandan sonra da itib batmamışam. O, istəsəydi, oturub danışardıq. Bu, iş birliyi ona uğur gətirəcəkdi. Mən aparıcıyam və eyni zamanda prodüser kimi fəaliyyətimi davam etdirirəm. Mən özüm üçün gedib Heydər Əliyev sarayında konsert verib, turnelərə çıxmayacağam. Amma bunu bacaracaq qüvvəm var. Bunu müğənni istəməlidir. İstəmirsə, mən özümü ona sırımayacam ki.

- Təranə xanım, Sizcə, ən güclü prodüser kimdir?

- Aparıcı kimi yanaşaraq deyə bilərəm ki, Yalçın Cabbarov, Emin Əfəndi, Tarix Əliyev, Nigar Hacızadə, Təranə Səmədova, Anar Mədətov, Kənan Bayramov. Ataşın da adını istəyərəm bu siyahıya əlavə edim. Amma o, yalnız Namiq Qaraçuxurlu ilə işləyib. İstəyərdim ki, Ataş ikinci bir iş də götürsün. Adını təsdiq edə bilməsi üçün bu, vacibdir. Günay İbrahimli ilə işləyib, o nəticəni əldə etməsəydim , öz adımı da çəkməzdim.

- Kənardan baxanda Sizə elə gəlmir ki, bəzi prodüserlər daha çox toy təşkilatçısıdır...

- Ola bilər... Məsələn, Tolik toyları çox yaxşı təşkil edir. O, prodüserliklə yanaşı toy təşkilatçılığını da bacarır. Tolik toyxana ifaçısı ilə də böyük layihələrdən çoxlu qonorar götürə bilir. İldə 2 dəfə belə layihə həyata keçirir və yaxşı qazanc götürür.

- Təranə xanım, son vaxtlar idmançı Ceyhun Vəliyev ilə birlikdə çox görünrsünüz. Sanki havada “eşq qoxusu” var.

- Yox, bu sadəcə iş birliyidir. Yeni idman zalı açırıq. Bu səbəbdən mütəmadi işlərlə əlaqədar bir araya gəlirik. Ceyhunu yüksək dəyərləndirirəm. Həyatda çox sevdiyim dostlarımdandır. O, hər zaman mənə dayaq olub. Bəzi dönəmlərimdə isə yanımda yalnız Ceyhun olub.

- İdman zalının şərikisiniz?

- Artıq bu sualı verən ikinci insansınız. Deyəsən, məni şərik görmək istəyənlərin sayı artır. Ancaq idman zalının PR meneceri olacağam.

- Təranə xanım, subay və tanınmış xanımsınız. Sevgi həyatında işlər necə gedir?

- Hələ ki, subayam. Hələ ki, kimlərinsə gözündə gözələm. Subaylığın daşını atıb-atmayacağımı isə zaman göstərər.

- Bəs, özününz bu daşı atmağı hazırlaşırsınız, yoxsa yox?

- Özümə layiq insan tapa bilmirəm. Heç kimi aşağılamaq istəmirəm. Amma hələ ki, axtarışdayam. O insan dünya görüşü ilə məndən artıq olmalı, həyata baxışı mənə uyğun gəlməli, xarici görünüşü isə yaraşmalıdır. Ən əsası, aylıq gəliri mənimkindən aşağı olmamalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm