Aygün: “Bir könüldən min könülə mənə aşiq oldu” – Müsahibə
Bizi izləyin

Tabloid.az

Aygün: “Bir könüldən min könülə mənə aşiq oldu” – Müsahibə

Aygün: “Bir könüldən min könülə mənə aşıq oldu” – Müsahibə

Bir neçə gün öncə doğum gününü qeyd edən Azərbaycanın xalq artisti Aygün Kazımova Tabloid.az-a müsahibə verib. Müğənninin qızı İlqarədən, sənətində olan yeniliklərdən, xarici görünüşündəki dəyişiklikdən, çalışdığı yeni komandasından danışdığı, bir sözlə, işdən şəxsi həyata qədər hər nüansa toxunduğu həmin müsahibəni təqdim edirik.

- Aygün xanım, İlqarə səhnə yaradıcılığında xüsusilə fəal görünür. Bu işdə, xüsusilə, mahnı seçimində qızınıza kömək edirsiniz, yoxsa, seçimi onun özünə buraxmısınız?

- Məstanın (Aygün Kazımova qızı İlqarəni Məstan deyə çağırır – red.) o qədər gözəl zövqü var ki, hətta, “Eurovision” musiqi yarışmasının seçim turlarında bütün ifa etdiyi mahnıları özü seçmişdi. Onun seçimləri məni sözün yaxşı mənasında şoka salır. İlqarənin seçdiyi mahnılar yarışdığı bütün iştirakçıların repertuarından güclü idi. Onun musiqi zövqü və seçimi tamam fərqlidir. Çünki, o, tamam başqa musiqiləri dinləyir. İlqarənin dinlədiyi mahnılar arasında caz və rok üstünlük təşkil edir. Qızım hər zaman peşəkar musiqiçiləri dinləyib.

- İlqarəyə ana kimi ən böyük məsləhətiniz nədir?

- Heç kimə fikir verməsin və yalnız işi ilə məşğul olsun.

- Uzun illər səhnədə olduğunuzdan, onu hansı çətinliklər gözlədiyini bilirsiniz...

- Mən ölməmişəm ki, onu nələrsə və ya kimlərsə gözləsin. Əsas sözüm odur ki, heç kimə qulaq asmasın. Çünki bar verən ağaca daş atan çox olacaq. Biz həmin daşlardan pilləkən tikib yüksəlirik, saray tikib xoşbəxt yaşayırıq. Əsas odur ki, İlqarə öz üzərində daim çalışsın.

- 26 illik səhnə fəaliyyətində Aygün Kazımovaya rəqib olmaq istəyən çox olsa da, onu ötən olmayıb...

- Mənə çox çətindir. Çünki sənətdə bir rəqibim yoxdur. Rəqibim olsaydı, işləmək, çalışmaq daha maraqlı olardı. Güzgüyə boşuna baxmıram ki. Mən aynadakı qızı özümə rəqib bilib, davam edirəm. Mənə sağlam rəqib hələ bir neçə il sonra gələcək. O da qızım İlqarə olacaq.

- Aygün xanım, diqqət çəkən əsas məqam xarici görünüşünüzdəki dəyişiklikdir. Adətən, saçlarınız, üzünüz və geyimləriniz fərqli olurdu. İndi isə bədən ölçülərinizlə hamını təəccübləndirdiniz. Sizi bu görünüşlə ancaq modellərlə müqayisə etmək olar. Buna necə nail oldunuz?

- Təbii ki, zəhmətlə. Ötən yaydan idmanla məşğul oluram. Yeni rejimim çox fərqlidir. Bu da öz nəticəsini göstərir. Belə ki, təkcə çəkidə deyil, həm də sağlamlıq baxımından yaxşı nəticə əldə etmişəm.

- Sizə baxanda adama elə gəlir ki, sanki keçmişə qayıdıbsınız, əvvəlki Aygünü xatırladırsınız...

- Geri dönüş olsa... (ifa edir). Sizə bir şey etiraf edim, mən əslində yad planetliyəm. Bunu heç kim bilmir. Ən yaxın rəfiqəm mənə deyir ki, bir gün eşitsəm ki, sən yad planetlisən, təəccüblənmərəm. Deyirəm, mən Aydan gəlmişəm, inanmırsınız.

- Aygün xanım, doğum günündə çox fərqli görünürdünüz. Geyim stilinizin üzərində indi kim çalışır?

- Yeni imicmeykerim var hazırda, adı Bessarionidir. Bir çox dünya ulduzları ilə, o cümlədən də, mənimlə çalışır. Çox məşhur modelyerdir. Butiki Nyu-Yorkdadır. Əslən gürcüdür. Beyons, Şeron Stoun belə onun butikindən dəfələrlə geyimlər alıb. Daha çox Rusiya ulduzlarının imici ilə məşğuldur. Məsələn, Keti Tapuri, “Viaqra” qrupunun adını açıqlaya bilərəm.

- Onunla tanışlığınız necə baş tutdu?

- Bizi dostum Roma tanış edib. Amma o məni çoxdan tanıyırmış. Hətta bir neçə il öncəki tanışlığımızı da xatırlardı. Mənim sənətim və yaradıcılığımla maraqlanandan sonra isə bir könüldən min könülə aşiq oldu. Bununla da iş birliyimiz başladı. Bundan sonra bütün layihələrimdəki stilim ona aid olacaq.

- Aygün xanım, bu il adınız “Big Apple Music Award” dünya səviyyəli mükafatlandırma mərasiminə daxil edilib. Məlumatlı idiniz?

- Xeyr, bu, mənə sürpriz oldu. Xəbəri də birgə çalışdığım insanlardan eşitdim.

- Türkiyədə işləriniz nə yerdədir?

- Sizi hələ nələr gözləyir... (gülür). Əvvəlcədən danışmaq düşmür. Planlarım yanvar ayının birinci həftəsi həyata keçməli idi. Təəssüf ki, sağlamlığımla bağlı problem yaşadım. Bir aya yaxın “Acıbadəm” xəstəxanasında yatdım. Xəstəxanada yatdığım ərəfədə düşünməyə vaxtım oldu. Qərara aldım ki, bundan sonra planlarımı açıqlamayacağam.

- Artıq ilin çoxunu Türkiyədəki evinizdə yaşayırsınız. Türk sənətçiləri ilə münasibətiniz necədir?

- Çox yaxşı. Mənə orada çox rahatdır. Bilmirəm, nədən irəli gəlir, ancaq sənət camiyəsinə çox öyrəşmişəm. Peşəkarlığımdan, yoxsa, auramdan, energetikamdan irəli gəlir, bilmirəm. Əvvəllər Bülent Ersoy kimi əlçatmaz məşhurları görəndə həyəcan keçirirdimsə, indi belə şeylər yoxdur. Artıq onlara ay-ulduz kimi baxmıram. Çünki özüm hamıdan çox diqqət cəlb edirəm. Türkiyədə musiqiçilər arasında çox yaxşı tanınıram. Türkiyənin ən məşhur səs yazma studiyalarından birində divarda türk ulduzlarının şəkilləri arasında şəklimi gördüm. Mənim işığım bir çox ulduzların işığından çoxdur. Onlarda işıqdır, məndə isə projektor.

- Aygün xanım, ən çox sevdiyiniz zinət əşyası hansıdır?

- Təbii ki, bütün xanımlar kimi zinət əşyalarını sevirəm. Ancaq onlardan istifadə, adətən, əhvalımdan asılı olur. Elə ola bilər ki, ancaq qızıl-brilyant taxmaq istəyirəm. Bir az keçir, ancaq bijuteriyalara bağlanıram. Bir də görürsən ki, ümumiyyətlə, heç nə taxmaq istəmirəm.

- Koko Şanelin bir sözü var. O, deyir ki, zövqsüz xanımlar qızıl-brilliant taxar, zövqlü xanımlar isə bijuteriya...

- Bu onun fikridir. Məndə əhvalıma görə hər şey dəyişir. Nə qızıla, nə brillianta, nə bijuteriyaya onlarsız keçinə bilməyəcək qədər bağlı deyiləm.

- Aygün xanım, kiminsə geyilmiş paltarını geyinərsiniz?

- Xeyir! Geyinmərəm! Ona məndən daha yaxşı yaraşırsa, ümumiyyətlə, geyinmərəm.

- Və sonda Aygünsevərləri nə kimi yeniliklər gözləyir?

- Bu il konsertim olacaq. Bundan əlavə yeni mahnılar, yeni kliplər, duetlərim və yeni layihəm olacaq. Hətta bu il İlqarə ilə duetim də olacaq. Bu il yeniliklərim çox olacaq.

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm