Seks simvoldan ilhamlanan Nuranın dəbdəbəli ziyafət libasları - Fotolar
Bizi izləyin

Tabloid.az

Seks simvoldan ilhamlanan Nuranın dəbdəbəli ziyafət libasları - Fotolar

XX əsrin seks simvolundan ilhamlanan Nura Surinin cazibədar stili

Nura Suri səhnəmizin cazibədar, dəbli xanımlarından biridir. Hətta deyərdim ki, onun ağlı gözəlliyini bir qədər kölgədə qoyur. Üstəlik, onun 3 oğul anası və 38 yaşı olduğuna inanmağa çətinlik çəkirəm. Buna görə də mən ona baxanda yaşlanmaqdan və dünyaya çox uşaq gətirməkdən qorxmuram. Gənc qızlar bədən quruluşunu korlamamaq üçün indi dünyaya çox uşaq gətirməyə etiraz edirlər. Nura Suri isə gənc qızlara bacardıqca çox uşaq dünyaya gətirməyi məsləhət görür. Gözəlliyinin və formada qalmağının sirrini də bununla izah edir.

Həyatım boyu pəhriz saxlamamışam. Sadəcə, nə yediyimə diqqət etmişəm. Çalışmışam ki, elə yeməklər yeyim ki, mənə ziyanı olmasın. Uzun illər ət yeməmişəm. Xaricdə yaşadığım dövrlərdə demək olar ki, ancaq dəniz məhsulları ilə qidalanmışam. Dəniz məhsullarının dərimin gözəl qalmağında köməyi olub. Bu yaxınlarda xarici ölkələrdən birində SPA salona getdim. Salonun meneceri Fransada yaşayan bir xanım idi. Ora treninqlər keçməyə gəlirdi. Yaşı çox idi. O, mənimlə söhbət etdi, yaşımı biləndə şoka düşdü. Dedi ki, ola bilməz ki, dərin belə cavan, gözəl qalsın. Sən nədən istifadə edirsən? Botoks etdirmisən? Dedim ki, yox, bu kimi proseduralarla aram yoxdur, hətta qorxuram da. Dedi ki, bu cür üz dərisinə tək kremlərlə, maskalarla sahib olmaq mümkün deyil. Ona dedim ki, yeni çəkilmiş meyvə şirələri, tərəvəzlər qəbul edirəm. Kərəvizi çox sevirəm. Hətta uzun illər kərəvizlə yaşıl almanın qarışıq şirəsini içmişəm. Çox xeyirlidir. Yəni bacardığınız qədər bədənə lazım olan qidanı qəbul edin. Üz və bədənin dərisini mütləq kremlərlə, südlü vasitələrlə nəmləndirmək lazımdır. Dəri quruyarsa, çat verməyə başlayacaq.

Üç övladım var, bədənimin heç bir yerində çat yoxdur. Özümü tanıyandan bədənimə, üzümə qulluq edirəm. Ekoloji baxımdan sularımız da pisdir. Ona görə də indi hamının saçı tökülür. Bu baxımdan saçlara qulluq vacibdir. Mənim üçün paltardan, ayaqqabıdan da vacib özünə qulluqdur.

İdmanla David doğulmamışdan öncə məşğul olurdum. 6 ildir ki, idman etmirəm. Çünki buna çox vaxt sərf edirəm. Ən azı, 2 saat idman zalında olursan. Sonra bəzənməlisən, saçlarını “ukladka” etməlisən. Buna da 3-4 saat vaxt gedir. Yay aylarında hovuzsa üzürəm, qaçış bandında qaçıram. Bunu da halım olanda edirəm. Çünki istiyə dözümüm yoxdur”.

Nura Suri təkcə xarici gözəlliyi ilə deyil, müdrikliyi, şarmı, geyim tərzi və individuallığı ilə daim diqqət mərkəzindədir. O, müxtəlif tədbirlərin, kübar ziyafətlərin arzulanan ifaçılarından biridir. Maraqlı fikirləri ilə yanaşı Nura Suri həm də özünəməxsus səhnə obrazları ilə fərqlənməyi bacarır. O, həqiqətən də incə zövq sahibidir. Tabloid.az-ın “Qarderob” layihəsi çərçivəsində bu həftə Nura Surinin stillərini təhlil edəcəyəm.

Dosye: Nura Suri 1976-cı ildə Bakıda hərbçi ailəsində anadan olub. Müğənninin valideynləri Qarabağ müharibəsi veteranlarıdır. Sənət yoluna 1991-ci ildə “İmkan” qrupunda başlayan Nura 2004-cü ildə yenidən səhnəyə qayıdıb. Populyar mahnıları sırasında “Yol”, “Əlini çək”, “Vətənim”, “Səndən öyrəndim”, “Nəğmələrində yaşayacağam”, “Brilliantlar” və s. var.

Nura Surini indi klassik və romantik obrazlarda görsək də, məşhur olduğu ilk vaxtlarda tamamilə fərqli stildə görünürdü. O zamanlar daha çılğın idi. Bu çılğınlıq onun geyim tərzinə təsirsiz ötüşə bilməzdi. Bədən quruluşu ona istənilən geyimi geyinməyə icazə verdiyi üçün dərin dekolteli paltarları və qısa ətəklə məharətlə daşıyırdı. O dövrkü obrazları daha dəlisov idi...

İndi isə Nura Surinin geyim tərzi özündə incə eleqantlığı, cazibədarlığı və şarmı birləşdirir. Təbiətin ona bəxş etdiyi gözəlliyini kübar, sərbəst, eyni zamanda, çox zərif geyimlərlə vurğulayır.

İncə zövq sahibəsi dəvətlərdə dress-kod qaydalarına tamamilə əməl edir. Geyimlərini getdiyi məkana və tədbirə uyğun seçir. Nura Surini getdiyi tədbirlərin çoxunda kiçik oğlu müşayiət edir. Görünür, özünü oğlundan başqa heç kimə etibar etmir. Axı o, son dərəcə cazibədar və cəlbedici qadındır.

İllər keçdikcə bu sahədə peşəkarlaşan ifaçı öz stilini tapıb. Retro stilində paltarlarda müasir və aktual görünə bilir. Xüsusi zövq əsasında seçilən aksessuarlar isə stilini tamamlamağa kömək edir.

Bədən quruluşunu yaxşı tanıdığı üçün nəyin yaraşıb-yaraşmadığını yaxşı bilir. Fikri versək, görərik ki, Nura daha çox ağ və qara rəngləri sevir. Onu həmçinin tez-tez incə belini və kürəyini vurğulayan paltarlarda görə bilərik.

Qısa donların krujeva, tor və ya gipürlə örtülməsini çox sevir. Krujeva ilə örtülmüş dekolte hissəsi onu daha kübar göstərir. Saçlarını toplaması və sadə makiyajı Nura Surini həqiqətən çox gözəl göstərir.

Adətən özünə yaraşan geyimləri seçdiyini deyən Nura Suri heç vaxt dəb arxasınca qaçmır. Öz individuallığını qorumağa çalışır. “Özümə məxsus tərzim var. İnsan öz ölçülərini bilməlidir, yaşına uyğun geyinməyi bacarmalıdır. Hazırda mənim qarderobumda şalvar 2-3 dənə tapıla ya tapılmaya. Hamısı uzun libaslardır. 20 faizi midi paltarlar, 2 faiz isə mini ətəklərdir. Gündəlik geyindiyim sarafanlar və gecə geyimlərim uzundur. İnsan ölçülərini bilib, yaşına uyğun geyinəndə başqaları üçün dəbli görünür. Onu da deyim ki, zövqlü və dəbli geyinmək tam fərqlidir. Ledi Qaqa dəblidir, amma zövqlü deyil. Ancelina Collinin geyimlərinə fikir vermisiniz? Onun ayaqları uzundur deyə, geyindiyi uzun libasların bir ayağının üstündə kəsik var. Çünki bu insan öz tərzini tapıb, ona nə yaraşdığını bilir”.

Alış-verişdə malın keyfiyyətinə daha çox fikir verir. “Bahalı malı keyfiyyətinə görə alıram. Yəhudilərin bir məsəli var, mən o qədər varlı deyiləm ki, ucuz mal alım. Ucuz malı alırsan, bir dəfə geyinirsən. Yuyandan sonra apar at, pis günə qalır. Bahalı malı alanda isə bilirsən ki, nə zamansa yenisini almağa imkanın olmayanda, əlinin altında gözəl bir paltarın var. Sevdiyim markalar var. Elə markalar var ki, onların paltarları sanki mənim ölçülərimə tikilib. Dərzidə düzəliş etməyə belə ehtiyac yoxdur. Mən həmin mağazaya girib, ən azı 5 paltar alıram. Məndə heç vaxt ən sevimli marka olmur. Çünki elə marka var ki, onun çantasından, birinin ayaqqabısından, digərinin paltarından alıram.

Mən hər gün gedib, pullarımı brend mallara xəcləmirəm. Hətta 100 manata da paltar alıb geyinirəm. Elə bir kompleksim yoxdur ki, aldığım paltar mütləq brend olmalıdır. Mən paltarı bəzəyirəm, onu düzgün təqdim edirəm. Evli olanda yoldaşımın imkanı yaxşı idi. Qarderobumda bütün paltarlar brend idi. Amma indi düşünürəm ki, nəyə görə paltara o qədər pul verməliyəm?! Endirimdə olan paltarı alıram, kompleksim yoxdur. Əsas odur ki, üzərimdəki paltar mənə yaraşır. Ancaq çanta və ayaqqabıları brend alıram. Ucuz ayaqqabıları az geyinirsən, tez xarab olur, qopur, dabanı sınır. Amma bahalı ayaqqabılarda rahat gəzirsən. Rahatlıq baxımından ayaqqabıya çox pul xərcləməyə dəyər”.

“Zanotti”, “Yves Saint Laurent”, “Fendi” Nura Surinin sevimli ayaqqa brendləridir. 20 ildir ki, bu brendlərə sadiq olduğunu bildirir. “Chanel”, “Kenzo” “Roberto Cavalli”, “Versace”nin isə çantaları çox sevir.

Nura Surini çox zaman orta uzunluqdaki bob saç modellərində görürük. Gözəl ulduzun saçları nazik olduğu üçün onları toplamağa üstünlük verir. Təbiilik hər şeydən öndə gəldiyi üçün Nura Suri digər ulduzlar kimi saçını nə gündə bir rəngə boyayır, nə də ki, süni saçlar taxdırır. Öz saç telləri nazik olmasına baxmayaraq, saçını səliqəli və qüsursuz toplamağı yaxşı bacarır. Geyimdə olduğu kimi saç düzümündə də retro stilinə müraciət edir. O, Merilin Monro və Odri Herbern kimi stil ikonalarından ilhamlanaraq retro üslubunu öz üzərində də tətbiq edir. Nura bənzərsiz gözəlliyini retro saç düzümləri və sadə makiyajı ilə tamamlayır. Makiyajda da sadəliyə üstünlük verən Nura daha çox gözlərini vurğulayır. Günlük həyatda bej rəng dodaq boyalarına üstünlük verən Nura Surini dəvətlərdə açıq çəhrayı rəng dodaq boyasında görmək olar. Əksər hallarda dumanlı göz makiyajına üstünlük verir. Cazibədar, mənalı baxışlı gözlərə sahib ulduzu bu gözəlliyini vurğulamaqda haqlı hesab edirəm.

Beləcə, Nura Surinin qarderobundakı incəlik onun həssas sahibəsinin hər şeyə dəqiqliklə yanaşmasından xəbər verir...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm