Rəhim Rəhimli: “Niyə başqasını axtarım?”
Bizi izləyin

Tabloid.az

Rəhim Rəhimli: “Niyə başqasını axtarım?”

Tabloid.az oxuculara bəstəkar-müğənni Rəhim Rəhimlinin eksklüziv müsahibəsini təqdim edir.

Tabloid.az oxuculara bəstəkar-müğənni Rəhim Rəhimlinin eksklüziv müsahibəsini təqdim edir.

- Rəhim, çoxdan yoxsunuz Bakıda. Haralardasınız?

- İşimlə əlaqədar Bakıda olmuram. Gürcüstanın Tiflis şəhərindəyəm. Burada Zaqafqaziyanın ən böyük səsyazma studiyası olan “Bravo Studio” ilə çalışıram. Məhz bu işlərlə əlaqədar oradayam. Tiflisdə mənə rahatdır. Məni tanımadıqları üçün küçədə rahatca gəzib dolaşıram. Yolda görən həmyerlilərimiz də salam verib keçirlər. İnsanlarla münasibətim Bakıdakı kimi deyil. Orada qapalı həyat tərzi sürürəm. Artıq 3-cü gündür ki, Bakıdayam. Vətənə yeni mahnı ilə gəlmişəm.

- Rəhim, 5 il Türkiyədə yaşamısınız. Oranın musiqi sənayesi ilə yaxından tanışsınız. Bəs, niyə məhz Gürcüstanı seçdiniz?

- Açıq etiraf edim ki, həmkarlarımın aranjemanlarına fikir verirəm. Görürəm ki, hamısı bir-birinə oxşayır. Hamısında kaman səsləri, qrup kaman səsləri və s. Sanki, hamısının aranjemanlarını bir adam edib. Səslənmə mənim zövqümcə deyil. Zamanında bütün bunlardan istifadə etmişəm. Türkiyənin ən öndə gedən səsyazma studiyalarında mahnılarım aranjeman olunub. Qulağa oxşar gələn səslər istəmədim. Daha Avropasayağı, fərqli olsun deyə Gürcüstana üz tutdum. Türkiyəyə də gedib-gəlirəm. Amma ora alış-verişə gedirəm. Bütün qarderobumu İstanbuldan almişam. Yeni fotosessiyamda görəcəksiniz. Gürcüstanda aranjeman, İstanbuldan geyim, Azərbaycanda isə klip çəkilişi olacaq. Üç ölkənin sintezi möhtəşəm olacaq.

- Bəs, nə əcəb klip çəkilişini gürcülərə deyil, rejissor Anar Hüseynova həvalə etdiniz?

- Hər şey orada hazırlana bilər. Sonda mən bunu azərbaycanlı tamaşaçıya göstərəcəyəm. Ona görə bunu azərbaycanlı rejissor düzgün hiss edə bilər. Qorxuram gürcü rejissorunun çəkdiyi görüntü azərbaycanlı tamaşaçının görmək istədiyindən fərqli olar. Həm də Anarla mənim bir sıra uğurlu iş birliyim olub. “Yetər”, “Dön geri” kliplərim, “RR şou” anonslarım, fotosessiyalarım və s... Bunlar hamısı çox gözəl qarşılanıb. Əgər iş birliyimiz keyfiyyətli alınırsa, niyə başqasını axtarım?

- Türkiyədən çoxlu paltar aldığınızı bildirdiniz. Hər zaman al-əlvan, rəngli...

- (Sözümü kəsərək) Yox, yox, yox... Bu dəfə tamam fərqli, solğun olacağam. Qara və boz rənglərə üstünlük verən qarderobum olacaq.

- Psixoloqlar deyir ki, insan əhvalına görə geyinir və geyimi əhvalına təsir edir. Niyə qara və boz rəngə üstünlük verdiniz? Nə baş verir?

- İndiki qarderobuma baxıram ki, pencəklərim al-əlvar, yaşıl, qırmızı, göy rəngdədir. Bunları yəqin ki, bir daha geyinməyəcəm. İndi dəb ayrı şeyi tələb edir. 2015-ci ilin dəbi, Con Qalleano, Armani, Ferraqamonun son kolleksiyalarına baxsanız, görəcəksiniz ki, boz və qara rənglərə üstünlük verilib.

- İlin yarıdan çoxunu Gürcüstandasınız. Orada öz eviniz var?

- Yox, evim yoxdur. Mən orada kirayə qalıram.

- Sənətdən olan insanlarla dostluğunuz var?

- Mən onları dost sayıram. Amma onlardan nə vaxt zərbə gələcəyini bilmirəm. Düşünürəm ki, yaxşı dostam. Amma ən yaxşı dostlarım sənətdən kənar olan insanlar arasındadır.

- Sənət insanını iki üzlü adlandırırlar...

- Bu sözü təkcə sənət insanlarına şamil etmək olmaz. Həkim, müəllim, tələbələr arasında da ikiüzlü adamlar var. Əlbəttə ki, bizim sferada da ikiüzlü insanlar az deyil. Zamanında böyük dərslər almışam. Hətta bundan ötrü vətəni tərk edib xaricdə də yaşamışam. Qərib ölkədə olanda hər şey fərqli görünür.

- İkiüzlü insanların zərbələrindən dərs götürmüsünüz ?

- Həyatımda başqalarından elə də böyük zərbə dəyməyib. Aldığım zərbələrin hamısı özümün özümə vurduqlarımdır. Laqeyidliyim, səhvlərim üzündən dəyən zərbələrin hamısından dərs almışam.

- Azərbaycanda müğənnilərin əsas gəlir yeri toylardır. İlin çox hissəsini Türkiyə və Gürcüstanda keçirən Rəhim Rəhimli başqa qazanc mənbəyi var?

Sırf toy və korporativ məclislərdən başqa bəstəkarlıqla məşğul oluram. Peşəkar bəstəkaram. Məndən Motsart, Bethoven, Şopen, Şubertdən əsər istəsəniz, böyük məmnuniyyətlə ifa edərəm. Amma mən tələbə hazırlamıram. Yalnız bəstəkarlığımla pul qazanıram. Bəstələrimi müğənnilərə satıram. Xüsusən də, sənətə yeni addım atanlara satıram. Konsertlər olmadığından gəlir yerimiz, əsasən, korporativ məclislərdir. Bakıda olmasam da, dəvət edildiyim bütün məclisləri qəbul edirəm. Təyyarəyə minib gəlirəm, toyumu oxuyub yenidən geri dönürəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm