• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Abortun qadın sağlamlığına nə kimi zərəri var? - Araşdırma

Abortun qadın sağlamlığına nə kimi zərəri var? - Araşdırma

Hər bir qadın dünyaya sağlam körpə gətirmək istəyir, hətta bunu özü üçün müqəddəs missiya hesab edir.

Çünki qadının, ümumiyyətlə, dişinin təbiət tərəfindən yaradılışı belədir - Ana olmaq!

Amma çox təəssüf ki, Azərbaycanda bir çox qadınlar bir və ya ikinci uşağı dünyaya gətirdikdən sonra növbəti arzuolunmaz hamiləliyi süni yolla pozurlar - abort etdirirlər. Bunun üçün isə müxtəlif səbəb və bəhanələr gətirir, ailə planlaşmalarında ikinci, üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmadıqlarını deyirlər. Buna səbəb kimi isə şəraitin, evin olmaması, işsizliyi göstərirlər. Əksər ailələr bu kimi problemlər içində çapaladıqları halda, qorunmaq haqqında heç düşünmürlər də. Halbuki cinsi akt zamanı müxtəlif qoruyucu vasitə və üsullardan istifadə edib, arzuolunmaz hamiləliyi önləmək olar.

Hazırda demək olar ki, bütün dünya abortun qadağan olunması istiqamətində səylər göstərir. Hətta bir sıra ölkələrdə hamiləliyin süni yolla pozulması qadağan edilib. Azərbaycanda isə abort qadağan olunmasa da, müəyyən məhdudiyyətlər mövcuddur. Bu da dövlət qanunvericiliyi yolu ilə tənzimlənir.

Bax elə “Reproduktiv sağlamlığın qorunması haqqında” qanun layihəsində aborta getməmək kimi məsələlər öz əksini tapıb. Ola bilsin ki, həmin layihədə dölün cinsiyyəti məlum olduqdan sonra abort edənlərin məsuliyyətə cəlb olunması da tətbiq edilsin.

Yeri gəlmişkən, Azərbaycanda hamiləliyin süni yolla pozulması üzrə tibbi xidmətin reklamının yayımına qadağa qoyula bilər. Gun.az xəbər verir ki, hətta ötən gün Milli Məclisin yaz sessiyasının ilk iclasında “Reklam haqqında” yeni qanun layihəsi müzakirəyə çıxarılarkən, bu problemə toxunulub.

İstənilən halda düşünürük ki, insanları qadağa ilə yox, maarifləndirmə ilə abortdan çəkindirmək olar və lazımdır. Yəni cinsi akt zamanı və ya öncə müxtəlif üsul və vasitələrdən istifadə edərək arzuolunmaz hamiləlikdən qorunmaq olar.

İlk öncə az məlumatı olan oxucularımıza abortla bağlı arayış verək.

Abort dölün uşaqlıq boşluğundan tam formalaşmamış şəkildə xaric edilməsidir. Abort süni şəkildə olur. Hamiləliyin 12-ci həftəsinə qədər olan müddət ərzində süni uşaqsalma əməliyyatı aparıla bilər. Hamiləliyin 12-28-ci həftəsi pozulması gecikmiş abort (uşaqsalma) və ya süni dölsalma adlanır.

Abortun növləri

Klassik (cərrahi) abort hamiləliyin 7-ci həftəsindən 12-ci həftəsinə kimi aparılır. Abort vaxtı uşaqlıq boynu xüsusi dəmir cihazlar vasitəsi ilə aralanır və uşaq iti, ilmə şəklində olan bıçaqla (küret) parçalanıb cift ilə birgə uşaqlıq boşluğundan xaric edilir. Qeyd edək ki, həkim əməliyyat vaxtı nə dölü, nə də uşaqlığın divarlarını görmür.

Adi şəkildə aparılan cərrahi süni uşaqsalma əməliyyatına nisbətən, vakuum (mini) abort üsulu daha “yüngül” hesab edilir. Hamiləliyin 5-ci-6-cı həftəsinə qədər xüsusi ”sorucu” aparatla döl yumurtası uşaqlıq boşluğundan xaric edilir. Bu əməliyyatdan 2-3 saat sonra qadın evə gedə bilər. Mini abortdan sonra infeksiyaya yoluxma, iltihabi xəstəliklərin inkişaf etmə riski daha azdır. Lakin cərrahi şəkildə aparılan süni uşaqsalma əməliyyatına nisbətən mini abortdan sonra döl yumurtası qalıqlarının bir hissəsinin uşaqlıqda qalmaq ehtimalı daha çoxdur. Bu halda cərrahi abort əməliyyatı aparılır.

Medikamentoz abort hamiləliyin 7 həftədən artıq olmayan müddətlərində xüsusi dərman preparatları ilə aparılır. Bu preparatların tətbiq edilməsinə müəyyən əks-göstərişlər də var. Müasir kontraseptiv vasitələrdən istifadə etməklə qadın daha asan yolla arzuedilməyən hamiləliyin qarşısını ala bilər.

Abortun təhlükələri

Hər bir qadın bilməlidir ki, hamiləliyin süni şəkildə pozulması onun orqanizmi üçün heç bir iz buraxmadan keçib getmir. Abort edən hər üç qadının, ilk hamiləliyi pozan hər iki qadının birində ağırlaşmalar baş verir. Müəyyən edilib ki, abort ginekoloji xəstəliklərin əmələ gəlməsinin əsas səbəblərindən biridir. Uşaqsalmanın ən ciddi ağırlaşmaları: qadın cinsiyyət sisteminin iltihabi xəstəlikləri, uşaqlıq qanaxmaları (onlar uşaqlığın cərrahi yolla çıxarılması ilə nəticələnə bilər), uşaqlığın boyunun ciddi zədələmələri, hormonal pozğunluqlar, sonsuzluq və sairə. Ən əsası və ən dəhşətlisi isə odur ki, abort - hələ doğulmamış insanın öldürülməsi deməkdir...

Demək olar ki, bütün tədqiqatçılar uşaqsalmanın qadının reproduktiv (nəsil artırma) fəaliyyətinə mənfi təsir göstərdiyini (növbəti hamiləliklərin vaxtından qabaq pozulması, uşaqlıqdankənar hamiləlik, sonsuzluq və s.) qeyd edirlər. Statistik məlumatlara əsasən süni uşaqsalmadan sonrakı dövrlərdə hamiləlik və doğuş zamanı mənfi fəsadlara 3 dəfə artıq rast gəlinir. Bir çox elmi müşahidələr nəticəsində aşkar edilib ki, bir neçə uşaqsalmadan sonra doğulmuş körpələr daha çox hallarda müxtəlif anadangəlmə qüsurlara malik olurlar.

Çox abort etdirən qadınlarda xərçəng xəstəliyi yaranır

Məsələ ilə bağlı mütəxəssis rəyini də öyrənməyi unutmadıq. Fəlsəfə elmləri doktoru, həkim mama-ginekoloq Aynurə Xəlilova Gün.Az-a müsahibəsində problemin həlli yollarından söz açdı:

- Bildiyimə görə, Azərbaycanda hamiləliyin 7 həftəyə qədər pozulmasına icazə verilib. Amma mən həkim olaraq aborta qarşıyam. Çünki döl orqanizmə düşdüyü andan bütün bədən bu prosesi yaşamağa başlayır. Orqanizmdə hormonal dəyişikliklər gedir. Bu da hər bir orqana öz təsirini göstərir. Hətta süd vəzilərinə, qalxanvarı vəzə, endokrin sistemə və əlbəttə ki, daxili orqanlara təsir edir.

Orqanizm bütünlükdə dayanır və başqa cür işləyir. Təsəvvür edin, orqanizmdə bu dəyişikliklər getdiyi halda qadın aborta girir və bu proses qırılır. Bununla da orqanizm böyük bir stressə düşür, bütün proseslər dayanır. Buna tibbi dildə reqressiya deyilir. Hamiləlikdən sonra bütün reaksiyalar - endokrin orqanlar və bütün orqanizm geri yerinə qayıtmalıdır. Lakin qayıda bilmir.

Çünki hamiləlik süni yolla dayandırılıb. Hər abortdan sonra həmin fəsad qalır. Birinci abortda 5, ikinci abortda artıq 10 faiz olur. Bununla da hər abortdan sonra yaranan bu proseslər endokrin sistemin pozulmasına, orqanizmin düzgün işləməməsinə səbəb olur. Çox abort etdirən qadınlarda endokrin, hormonal pozulmalar, xərçəngönü və xərçəng xəstəlikləri baş verir. Belə olan halda qadınlarda tüklənməyə, kökəlməyə meyillilik də başlayır. Bu dəyişiklik qadının qaraciyərindən tutmuş, sinir sisteminə kimi təsir edib zədələyir.

Azərbaycanda hamiləlikdən qorunmaq üçün maarifləndirici məktəblər açılmalıdır

- Sizcə, Azərbaycanda hamiləliyin süni yolla pozulmasına qadağa qoyulmalıdır, yoxsa insanlar bu yönümdə maarifləndirilməlidir?

- Düşünürəm ki, hər ikisinə də ehtiyac var. İstəyərdim ki, Azərbaycanda abort qadağası qoyulsun. Çünki müasir dövrümüzdə hamiləlikdən qorunma üsulları çox olsa da, insanlar bunu qulaqardına vururlar. Avropa, Avropa deyirik... Hətta bəzən onları “çox inkişaf etdikləri” üçün bəyənmirik.

Avropalılardan öyrənəcəyimiz yaxşı şeylər çoxdur. Orada abort yoxdur. Çünki insanlar öz sağlamlıqlarına diqqət yetirirlər. Avropalı kişilər hamiləlikdən, abortdan ən az xanımları qədər məlumatlıdırlar. Onlar bu baxımdan xanımlarına ehtiyatla davranırlar. Bu kimi məsələləri bir yerdə həll etməyə çalışırlar. Azərbaycanda maariflənməni tək qadınlar deyil, kişilər üçün də etmək lazımdır. İnsanlara abortun ziyanı haqda məlumat verilməli, seksual akt zamanı qorunmağın üsulları izah edilməlidir. Əgər Azərbaycanda abort qadağan edilsə, qadınlar daha sağlam olacaqlar. Bəzən yanıma qadın gəlir. Soruşuram ki, neçə dəfə abort etdirmisən? Deyir ki, sayını itirmişəm, 15-20... Sözsüz ki, həmin xəstələri müayinə etdikdə orqanizmlərində saysız xəstəlik və problemlər ortaya çıxır. Düşünürəm ki, Azərbaycanda hamiləlikdən qorunmaq üçün maarifləndirici məktəblər açılmalıdır. Heç olmasa, doğum evlərində elə bir günlər olsun ki, qadınlara hamiləlikdən qorunmağın yolları öyrədilsin. Hamiləliyin pozulmasının ağır fəsadları izah edilsin.

Telekanallarda aborta qarşı sosial, maarifləndirici çarxlar nümayiş olunmalıdır

- Necə düşünürsünüz, maarifləndirmək baxımından sosial reklamlara ehtiyac var?

- Əlbəttə var. Bilirsiniz, qadın orqanizmindən başqa burada döl faktoru da var. Artıq dördüncü həftəsindən etibarən dölün ürəyi döyünməyə başlayır. O, insandır, yaşamağa hüququ, haqqı var. Dölün nə günahı var? Onu siz valideynlər yaradırsınız, sonra isə ondan imtina edirsiniz. Döl hər şeyi hiss edir. Hətta döl hiss etməsə, ürək döyüntüsü olmasa da belə, qadının hamiləliyini yarıda pozub, orqanizmini stressə salmaq olmaz. Hər bir stress ölümə səbəbdir. Abort etməklə qadınlar ömürlərindən kəsirlər. Düşünürəm ki, bununla bağlı telekanallarda sosial, maarifləndirici çarxlar nümayiş olunsun. Küçələrdə reklam plakatları yerləşdirilsin.

Hamiləlikdən qorunmaq üçün istifadə edilən üsulların heç biri 100 faiz təminat vermir

- Bəs yaxşı, arzuolunmaz hamiləlikdən qorunmaq üçün istifadə edilən vasitələr nə dərəcədə etibarlıdır? Qadınlar bu kimi vasitələrə 100 faiz güvənə bilərlərmi?

Ümumiyyətlə, qoruyucuların qadın həyatı, sağlamlığı üçün hər hansı təhlükəsi varmı?

- Bilirik ki, ən yaxşı dərman belə insan orqanizminin bir hissəsinə yaxşı təsir etdiyi halda, digər bir hissəsinə ziyan vurur. Preparatlar arasında 100 faizlik olanı yoxdur. Hətta bunu qidalara da şamil etmək olar. Ən sağlam qidanın belə artıq qəbul olunmasının orqanizmə zərəri var. Qorunmaq üçün olan vasitələr arasında 100 faiz təhlükəsiz olanı yoxdur. Amma biz qadına fərdi yanaşmalıyıq. Onun orqanizmindəki xəstəlikləri, həyat tərzini, bütün orqanizmin fəaliyyətini, hətta həyat yoldaşının xasiyyətini və sağlamlığını nəzərə alaraq, buna uyğun qorunma üsulu seçirik. Qorunma üsulları çoxdur. Onların hərəsinin öz xeyri və ziyanı var. Ən ziyansız olanı isə təqvim üsuludur. Təbii ki, qadında menstural tsikl pozulmayıbsa, stabildirsə, təqvim üsulu onun işinə yarayır. Qadınlara məsləhət görürük ki, konkret olaraq təhlükəli – yəni uşağaqalma riski yüksək olan günlər seks aktından uzaq dursunlar. Ya da ki, hansısa üsulla qorunsunlar.

Prezervativ bu işdə köməyə gəlir. Ya da spermisidlər, yerli şamlar var ki, kişi toxumasını uşaqlıq yolunda öldürür. Xarici ölkələrdə “vloqolişnıy kolpoçok” deyilən bir şey var. Bu sanki qadınlar üçün nəzərdə tutulan prezervativdir. “Vloqolişnıy kolpoçok” xaricdə çox yayılıb, amma əfsuslar olsun ki, Azərbaycanda yoxdur. Akt zamanı həmin “kolpoçok”u uşaqlıq yoluna yeridirlər. Aktdan sonra çıxarırlar.

Hamiləliyə qarşı qəbul edilən hormonlar tromb xəstəliyini tətikləyir

- Tsiklla bağlı hormonal dərmanların içilməsində də fikirlər müxtəlifdir. Bu haqda nə deyə bilərsiniz?

- Hormonların qəbulunda 100 faizli təminat var. O halda ki, hormonal həblərdən ancaq tam sağlam qadınlar istifadə etməlidir. Tam sağlam insanlara hormonal həbləri məsləhət görürəm. Pasientə hormonal həbləri təyin etməzdən öncə əsas qan laxtalanmasına, ürək-damar və sinir sisteminə nəzər yetirmək lazımdır. Bu dərmanlar günlərin nisbətinə görə içilir. Bir həb eyni vaxtda - yəni hər gün eyni saatda içilməlidir. Heç bir fasilə etmək olmaz. Hormonal həblər düzgün içilməyəndə hamiləlik baş verə bilər. Hamiləliyi bir kənara qoyum. Bizim qadınlarımız əfsuslar olsun ki, tam maariflənməyiblər. Bu hormonlardan tam istifadə edə bilmirlər. Bu hormonları düzgün içməyəndə disfunksional uşaqlıq qanaxmalarına gətirib çıxarır.

Bu dərmanlara çox ehtiyatla yanaşmaq lazımdır. Çünki bu dərmanlar bütün dünyada qadınlarda tromba meyillilik yaradır. Biz bu xəstəliyi daha çox hamiləlik dövrü aşkarlayırıq. Həmin bu hormonlar o xəstəliyi daha da çox dərinləşdirir. Hamiləliyə qarşı qəbul edilən hormonlar tromba meyillilik yaradır. Təzyiq yüksəlir, qan qatılaşır, laxtalanma pozulur, venalar çıxır və sairə. Bu hormonların fonunda da kəskin tromb xəstəlikləri yaranır.

“Spiral” ana olmayan gənc qadınlarda sonsuzluq yaradır

- Heç bir zaman ana olmayan gənc xanımlar hamiləlikdən qorunmaq üçün “spiral” qoydura bilərlər?

- Xeyr. İlk növbədə “spiral”ı yalnız sağlam qadına qoyula bilər. Cinsiyyət sistemi iltihabları, infeksiyaları, uşaqlıq boynu eroziyası, uşaqlıq və uşaqlıq boynu xərçəngi, uşaqlıq boynu travmalar və patologiyaları və sairə “spiral”ın qoyulması üçün əks-göstərişdir. Bu səbəbdən “spiral” qoyduqdan əvvəl qadın mütləq ginekoloqun müayinəsindən keçməlidir. Lazım olduqda bəzi analizlər (infeksiyalar, sitoloji analiz) verməlidir. Ana olmayan xanımlara gəlincə, uşaqlıq boşluğunda yerləşdirilən “spiral” iltihabı, infeksiyanı özünə yığır. Bununla da uşaqlıq yolunda tez-tez iltihab baş verir. Sözsüz ki, xroniki iltihablar gələcəkdə sonsuzluğa gətirib çıxarır.

Uşaqlığın selikli qişasının funksiyasının pozulması hansısa “spiral”ın fonunda yaranır. Daha bir məqam, bizim qadınlar düşünməsinlər ki, “spiral” fonunda hamilə qalmaq qeyri-mümkündür. Bəli, “spiral” qoymaqla da uşağa qalmaq olur. Bu zaman uşaqlıqdan kənar hamiləlik baş verə bilər. Yeni ailə quran qızlarımız, hələ uşaq istəməyəndə, spiral qoymaq istəyəndə yadda saxlasınlar ki, uşaqlıqdan kənar, boru hamiləliyi baş verə bilər. Onlar bununla da uşaq doğmamışdan, borunu itirə bilərlər. Uşaqlıq daxili “spiral” 100 faiz hallarda hamiləlikdən qorumur. “Spiral”ı olan təxminən 1 faiz qadınlarda hamiləlik baş tuta bilər. Bir çox hallarda bu uşaqlıqdan kənar hamiləlik olur (embrion uşaqlıq boşluğuna deyil, uşaqlıq borusunun divarına, qarın boşluğuna implantasiya edir). Lakin bəzən bu tam normal hamiləlik də ola bilər - məsələn, “spiral” yerini dəyişdikdə.

“Spiral”la ehtiyatla davranmaq lazımdır. Çünki “spiral” hətta menstural tsiklin pozulmasına səbəb olur. Gələcəkdə menstruasiyanın tamamilə kəsilməsinə yol açır. Doğan qadınlar “spiral” qoydura bilər. Yenə də deyirəm, öncədən orqanizm tam yoxlanılır. “Spiral” qoyulduqdan sonra isə periodik olaraq, həkim nəzarəti altında olmaq lazımdır.

- Nəzarət nə qədər müddətdən bir olmalıdır? “Spiral” nə vaxtdan sonra yenilənməlidir?

- “Spiral” qadın orqanizmində 3-5, bəziləri isə 7-10 il ərzində qala bilər. Daha sonra “spiral” çıxarılmalı, 1-2 menstrual dövr ərzində qadın “dincəlməli”, lazım olduqda müalicə almalıdır. Daha sonra isə “spiral” yenidən qoyula bilər. “Spiral”ı olan qadın 1 ildə 2 dəfə olmaqla ginekoloqun müayinəsindən keçməlidir. Bu çox vacibdir. Uşaqlıq yolundan analiz verilməlidir. Uşaqlıq yolunun nə dərəcədə təmiz olmasına baxılmalıdır. Bütün bunlardan sonra “spiral”ın qalıb-qalmayacağına qərar veririk. Yaxud lazım gələrsə, pasientə müalicə yazırıq. Məlumat üçün deyim ki, “spiral” mensturasiya zamanı (mensturasiyanın ilk günlərində) qoyulur. Bu zaman uşaqlıq boynu açıq olur və “spiral”ın qoyulması asanlaşır. Onun qoyulması müəyyən dözülən ağrılarla müşayiət oluna bilər. “Spiral” qoyulduqdan sonra 4-5 gün ərzində qadın cinsi əlaqədən imtina etməli, uşaqlıq yolunu dərin yumamalı, tamponlardan istifadə etməməli, vanna qəbul etməməli-duş qəbul etmək olar, ağır fiziki işlərlə və idmanla məşğul olmamalıdır. “Spiral” istənilən vaxt mensturasiya zamanı xaric oluna bilər. Bunu yalnız həkim etməlidir.

- Sizə müraciət edən pasientlər qorunma ilə bağlı nə dərəcədə məlumatlı olurlar?

- Bu dəqiqə internet dövrüdür. Hamı oxuyur, bilir. Sadəcə olaraq, bizim insanlar orqanizmlərinə laqeyd yanaşırlar. Yanıma gələn qadınların 90 faizini abortdan çəkindirmişəm. Hamiləliyi davam edib, doğublar. Sonra da məsləhət görmüşəm ki, hansısa bir üsulla qorunsunlar. Tək özlərini deyil, həyat yoldaşlarını dəvət etmişəm, ikisinə birlikdə başa salmışam ki, bu proseslər tək qadının üzərinə atılmamalıdır. Ailədə bu kimi hallar olmasın deyə, ər-arvad əl-ələ verib, sağlamlıqlarını qorumalı, qeydinə qalmalıdırlar. Abortda da həmçinin, burada tək qadın cavabdeh deyil. Kişilərə də başa salıram. Deyirəm ki, o, dölün günahı kişilərin də boynundadır. Çünki bunu tək qadın ortaya çıxarmır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR