Elnarə: “Konsertimin sponsoru özüməm”- Fotolar
Bizi izləyin

Tabloid.az

Elnarə: “Konsertimin sponsoru özüməm”- Fotolar

“Elnarə xanım son vaxtlar telekanallara çox gedir. Onun yerinə kim oxuyacaq, bilmirəm”.

Xanəndə Elnarə Abdullayeva fevralın 20-də Heydər Əliyev adına Sarayda konsert verəcək. Tabloid.az xəbər verir ki, bu münasibətlə mətbuat konfransı keçirən müğənni konsertin təşkilati işləri və hazırlıqların gedişi ilə bağlı jurnalistləri ətraflı məlumatlandırıb. Tədbirdə xanəndə ilə yanaşı, konsertin bütün ağırlıq və məsuliyyətini öz üzərinə götürən prodüser Asif Kərimov və mətbuat xidmətinin rəhbəri Tahirə Məmmədqızı da iştirak edib.

Qeyd edilib ki, konsert üçün böyük və fərqli layihə hazırlanıb. “Biz zəfər çalacağıq” adlanan konsert üçün 2 saatdan artıq vaxt nəzərdə tutulub. Prodüser Asif Kərimov bildirib ki, 8 ildir konsert fikri var: “2 il əvvəl reallaşdırmaq üçün cəhd etdik. Lakin qismət bu günəymiş. Bu, Elnarənin ilk konserti olacaq. Düzdü, hər konsertin öz məsuliyyəti var. Lakin bu konsertin bütün məsuliyyətini mən öz üzərimə götürmüşəm. Elnarədən bu konsertdə yalnız yaxşı ifa tələb olunur. Qalan hər şeyi mən həll edəcəm”.

Lakin Elnarə Abdullayeva, deyəsən, yaxşı ifa üçün də narahat deyil. Prodüser Elnarə Abdullayevaya replika ataraq deyib: “Elnarə xanım son vaxtlar telekanallara çox gedir. Onun yerinə kim oxuyacaq, bilmirəm”.

Asif Kərimovun sözlərinə görə, konsertin adında da çoxlu mənalar var: “Bir mənası vətənpərvərlikdir – hərbi sahədə çalacağımız qələbədən söhbət gedir. İkinci mənası, ümumi məqsədə gedən yolda əldə edilən qələbədir. Üçüncü - Elnarənin hardan-hara gəlib çıxdığı anlamındadır”.

Konsertin sponsoru isə Elnarə Abdullayevanın özüdür: “İndiyədək konsert vermirdim, ona görə ki, pulum yox idi. İndi isə pulum var, konsert verirəm. Bu konsertdə nə sponsor var, nə də dəstək verən. Çünki xaraktercə sözgötürən adam deyiləm. Heç kimə ağız açıb nə isə istəmək də xarakterimə yaddır. Bilirsiniz ki, elə-belə, xoşluqla heç kim adama pul verməz. Bu konsertə qərar verəndə gözümün önünə böyük vəsait xərlənəcəyini almışdım. Mən bu günü Allahdan istədim, heç kim yox, məhz Allah konsert keçirməyi mənə nəsib elədi. Odur ki, konsertdən hər hansı xeyir də gözləmirəm. Mənim üçün əsas odur ki, illərdir arzuladığım bir xəyalım gerçəkləşir. Asəf Zeynallı adına Musiqi Məktəbində oxuduğum illərdə Saraya həsrətlə baxıb düşünürdüm ki, görəsən, mənim də burada konsertim olacaqmı? Allah bu günü mənə ehsan elədi”.

Konsertin layihəsinə görə, səhnə 2 yerə bölünəcək. Bir tərəfdə xalq mahnılarını ifa edən ancambl, digər tərəfdə isə klassik estrada mahnılarının ifaçıları əyləşəcək. Xalq mahnıları və klassik estrada mahnıları ifa edəcək Elnarə Abdullayevanın dueti də nəzərdə tutulub. Belə ki, onunla ya Şirvan aşıq məktəbinin nümayəndələrindən olan Aşıq Əli, ya da Qərb Aşıq məktəbinin nümayəndələrindən olan Aşıq Şaiq duet oxuyacaq.

Səhnə dekorasiyası mürəkkəb və hərəkətli olmayacaq. “Konsert ifa üçündür”, - deyən prodüser Asif Kərimov səhnə dekorasiyasını hazırlayarkən “muğamdan yuxarı, popdan aşağıda olan bir səviyyə” müəyyənləşdirdiyini deyib. Səhnədə o, fərqli amillərə diqqət yetirdiyini də vurğulayıb. Konsertdə xalq musiqisi ifaçıları üçün xüsusi geyim hazırlanıb. Bunun milli geyim olmadığını söyəyən prodüser konsertin televersiyası üçün də hər ayrıntını nəzərə alıb. Onun sözlərinə görə, konsert daha sonra albom şəklində də çıxacaq.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm