• USD 1,7339 0,00% EUR 1,8297 0,00%
    • GBP 2,2001 0,00% RUB 0,0270 0,00%

Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir?

Qadınlar niyə evli kişilərlə sevgi münasibətinə meyillidir?

Bəzən qadınlar sevdikləri kişinin evli olduğunu öyrənsələr belə, onunla münasibəti davam etdirirlər. Bəzi qadınlar isə kişinin evli olduğunu bilə-bilə, onunla sevgi münasibətinə başlayırlar. Bu tip münasibətlər cəmiyyətdə normal qarşılanmasa da, evli kişi ilə sevgi macərasına meyilli qadınların və evli olmasına baxmayaraq, gözü başqalarında olan kişilərin sayı hər keçən gün artır.

Bu hal mütəxəssislərin də diqqətindən yayınmayıb. Belə ki, Oklahoma universitetinin tədqiqatçıları sorğu keçirərək qadınların niyə evli kişilərlə əlaqəyə girdikləri mövzusunu aydınlaşdırmağa çalışıblar. 10 minə yaxın qadın və kişi arasında keçirilən sorğu zamanı iştirakçılardan evli şəxslə münasibət qurub-qurmayacaqları soruşulub. Qadınların 73 faizi sevdikləri şəxsin evli olmasının onlar üçün heç nəyi dəyişməyəcəyini bildiriblər.

Təəccüblüsü odur ki, sorğuda iştirak edən qadınlardan 24 faizi hazırda və ya keçmişdə evli insanla münasibətdə olduqlarını etiraf ediblər. Belə qadınlar özlərinə haqq da qazandıraraq iddia ediblər ki, subay kişilərlə müqayisədə evlilər daha anlayışlı və yetişkin olurlar. Buna görə də münasibətlər daha uzun müddət davam edir. Subay kişilər isə daha qısqanc olur və qadına öz fikirlərini diqtə etməyə çalışırlar.

Psixoloqlar isə məsələyə fərqli baxış bucağından yanaşırlar. Onlar qadınların evli kişilərlə münasibətə bu qədər müsbət baxmalarının əsl səbəbini həyəcan və adrenalin tutqusu, macəra axtarışı və ya pul hərisliyi ilə açıqlayırlar. Mütəxəssislər arasında “Ancelina Coli sindromu” adlandırılan evli kişilərə qarşı simpatiya hissinin hər qadının ürəyindən heç olmasa, bir dəfə keçdiyi iddia edilir.

Bəs, görəsən, evli kişilərin qadınları maqnit kimi çəkən xüsusiyyətləri hansılardır? Qadınlar niyə belə kişilərə rəğbət bəsləyir, hətta həyatlarını çətinləşdirsə belə, onlarla sevgi münasibətinə başlamaqdan çəkinmirlər.

Tabloid.az “Ailə dostu” layihəsi çərçivəsində bu məsələni araşdırıb.

Kişilərin yalnız 45 faizinin evli qadınla münasibət qurmağa normal yanaşdığını, çox vaxt onların bu tip münasibəti uzun müddət davam etdirmək fikrində olmadıqları faktını nəzərə alsaq, qadınların psixologiyasını anlamaq həqiqətən də çətinləşir.

Əvvəlcə,evli kişilərin xanımlarına xəyanət etmə səbəblərindən danışaq. Bir çox kişi həyat yoldaşının baxımsızlığını, illər keçdikcə münasibətlərinin soyuduğunu və xanımının əvvəlki kimi anlayışlı olmadığını bəhanə gətirərək özlərinə haqq qazandırmağa çalışırlar. Ancaq artıq elmi şəkildə sübut edilib ki, sədaqətsizlik psixoloji problemdir. Özünə inamı az olan, yataqda problemləri olan, sağlamlığından və seks performansından şübhəyə düşən kişilərlə yanaşı, diqqət mərkəzində qalmağı xoşlayan və daha yaxşısına layiq olduğunu düşünən kişilər də şorgöz və sədaqətsizdirlər. Bu tip kişilərin həyat yoldaşları dünyanın ən gözəl qadını olsa belə, onların gözü həmişə kənarda olacaq.

Evli kişilərlə sevgi münasibəti olan qadınların da özünəməxsus səbəbləri var.

Alimlər bildirirlər ki, erkən yaşda atasını itirən, ana-atası boşanmış olan qızlarda özlərindən yaşca böyük və "ata şəfqəti" göstərən "təcrübəli" evli kişilərə çox güclü meyl olur. Bu tip qızların əlaqələri hətta asılılıq dərəcəsinə çata bilir. Ayrılıq isə depressiyaya, hətta intihara gətirib çıxarır.

Ancaq özündən yaşca böyük və varlı evlilər arasında sevgili axtaran gənc qızlar da var ki, onlar həmin kişilərə özlərinin pul kisəsi kimi baxırlar. Onların "qurabanları" isə nə qədər ağlabatan olmasa da, gənc sevgilisinin ona həqiqətən aşiq olduğunu düşünürlər. Gənc qadının pul üçün onunla birlikdə olduğu isə heç ağlına da gəlmir. Necə deyərlər, nə tökərsən aşına, o çıxar qaşığına. Orta yaşlarda ailəsinin dəyərini bilməyən belə kişilər nə qədər xəyal qırıqlığına uğrasalar, bir o qədər yaxşıdır.

Təbii ki, həyəcan və əsl sevgi axtarışında olan, ancaq ehtirası sevgi ilə səhv salan qadınlar da çıxış yolunu evli kişilərlə sevgi macərasında görə bilər. Nadir də olsa, bu tip əlaqələr həqiqi sevgi və xoşbəxt evliliklə nəticələnə bilər. Məsələn, Ancelina Coli-Bred Pitt və ya Halit Ergenç-Bergüzar Korel cütlüyü kimi uğurlu nikahla davam edən sevgi macərları da olur.

İndi isə keçək əsas məsələlərdən birinə. Görəsən, evli kişi subay və ya evli bir xanımın ürəyini necə fəth edir? Onlar, demək olar ki, həmişə iki əsas ssenari üzrə hərəkət edirlər. Bir qismi evli olduqlarını gizlədir və beləliklə, bəyəndikləri xanımla sevgi münasibətinə başlayırlar. Qadınlar tez bağlandıqları üçün sonradan sevgililərinin evli olduğunu öyrənmələri vəziyyəti dəyişdirmir. Belə ki, ya dərhal sevgilisini tərk edə bilmirlər, ya da vəziyyəti qəbul etməli olurlar. Həmin vaxt qadının qüruru da ona çıxıb getməyə imkan vermir.

Əslində, qürur bizi alçaldan və yalan danışaraq axmaq yerinə qoyan insanlardan uzaqlaşdırmalıdır. Ancaq söhbət başqası ilə evli olan sevgilidən gedəndə, xanımlara xüsusi hiss hakim kəsilir. Qadın özünü inandırmağa çalışır ki, birlikdə olduğu kişi onu sevir, sadəcə biraz vaxt verib boşanmasını gözləmək lazımdır. Ancaq kişinin evli olduğunu öyrənən kimi ayrılmağı seçənlər də az deyil.

Qadınları evli kişilərin sevgilisi olmağa inandıran ssenarilər də maraqlıdır. Məsələn, kişilər əvvəllər xanımını sevdiyini, ancaq son vaxtlar yola gedə bilmədiklərini deyərək sevgililərini inandırırlar ki, yaxın vaxtlarda boşanacaqlar. Lakin bu, heç vaxt baş vermir.

Bəziləri də valideynlərinin təkidi ilə evləndiyini və övladlarına görə boşana bilməyəcəyini deyərək sevgilisini onu çox sevdiyinə, amma çarəsiz olduğuna inandırır.

Psixoloqlar qadınların bu yalanlara inanmasının səbəbini aşağıdaki kimi izah edirlər:

“Qadınlar kişi psixologiyasını bilmir və onları özləri ilə müqayisə edirlər. Halbuki, kişilər tam fərqli məxluqdur. Evli qadın sevdiyi kişi üçün ailəsini, hətta uşağını atıb onunla gedə bilər. Çünki qadın aşiq olanda daha cəsarətli və ağılsız olur. Kişilər isə elə deyil. Çox az kişinin aşiq olmaq qabiliyyəti var. Onlar, adətən, eqolarını təmin etmək, tək qalmamaq, əzizlənmək və təbii ki, seks üçün qadınlarla münasibətə girirlər. Sevgi onların təbii ehtiyaclarından biri deyil. Ona görə də heç bir evli kişi başqa bir qadın üçün həyat yoldaşından boşanmaq haqqında düşünmür. Onlar sərmayə qoyduqları və evdəki bütün işlərini görüb, problemlərin çoxunu həll edən həyat yoldaşlarını atmaq istəmirlər. Hər bir kişi əmindir ki, hazırda sevgili olduğu xanım onun çirkli corablarını yusa və ya futbol izləyərkən çıxardığı hoqqaları görsə, onunla əvvəlki kimi ehtirasla sevişməyəcək”.

Kişi ikinci xanımla münasibətə başlayandan sonra həyat yoldaşından soyuyur və ondan uzaqlaşır. Ancaq bu, o demək deyil ki, hansısa qadın bir başqa qadının yuvasını yıxır. Mütəxəssislər bildirirlər ki, gözü başqalarında olan kişi nə vaxtsa, öz məqsədinə çatacaq. Odur ki, onun həyatına daxil olan qadın yuva yıxmır. Ailəni dağıdan kişinin acgözlüyü və nə istədiyini özünün də bilməməsidir.

Ümumiyyətlə, bir insan hisslərini iki insan arasında bölə bilməz:

"Kişi bir qadına meyl salanda evdəki qadına qarşı soyuyur. Nəticədə kişidə əsəb gərginliyi başlayır. Hətta ictimai qınaq obyektinə çevrilmək qorxusu depressiyaya səbəb olur. Kişilər vəziyyətdən öz xarakterindən və qadına münasibətindən asılı olaraq fərqli çıxır. Elələri var ki, sevmədən, sırf ailə qurmaq xətrinə evlənirlər. Sonradan öz fikirlərinə uyğun xanımla rastlaşanda yanıldıqlarını anlayırlar. Kişi üçün də yanıldığını anlamaq çox ağırdır. Belə hallarda kişi hansı qadınla daha xoşbəxt olduğuna qərar verməlidir. Ola bilər ki, həyat yoldaşını atıb sevdiyi xanımın yanına getsin. Ancaq heç kim bu seçimin də düzgün olduğuna zəmanət verə bilməz. Kişilərin sevgi ilə ehtirası səhv salması ehtimalı da var və ehtiras bitdikdən sonra ikinci qadın da onlar üçün öz önəmini itirir ".

Tədqiqatçılar evli kişilərin yeni sevgilisini ən çox hansı məkanlarda tapdıqlarını da araşdırıblar. Məlum olub ki, bu tip əlaqələr adətən virtual (internet) aləmdə, iş yerlərində (xüsusilə müdir, idarəçilərlə), dost, qohum, yoldaşlıq qruplarında, həmçinin, tətil, əyləncəli mühitlərdə baş tutur.

Qadın və kişi psixologiyasını araşdıran psixoloqlar tez-tez bu mövzularda məqalələr yazırlar. Məşhur jurnalların birində qeyd edilir ki, evli kişilərin heç nədən çəkinmədən kənarda sevgi macərası axtarışlarında qadınların da günahı var. Çünki qadınlar həyat yoldaşlarını bağışlayır və ailələrinin dağılmasını istəmirlər. Qadının ailəyə bağlı olduğunu və boşanmağı ağlının ucundan belə keçirməyəcəyini bilən kişilər bu fürsətdən istifadə edirlər. Onlar həyat yoldaşlarına hörmətsizlik etməkdən çəkinmirlər.

Odur ki, hər bir qadın bilməlidir ki, xoşbəxtlik onun öz əlindədir. Yaşadıqları öz seçimidir, qismət deyil. Heç kimin yalanını, xəyanətini bağışlamayın, özünüzə əlavə dərdlər yaradıb əzab çəkmək əvəzinə xoşbəxtliyə layiq olduğunuzu bilin.

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR