Validə: “Həzz yaşadan heç nə ziyanlı ola bilməz!”
Bizi izləyin

Tabloid.az

Validə: “Həzz yaşadan heç nə ziyanlı ola bilməz!”

Validə Abbasova: “Mən model deyiləm”

Tabloid.az "Miss Millenium" Validə Abbasova ilə eksklüziv müsahibəni təqdim edir.

- Azərbaycanın ən məşhur modellərindən birisiniz. Bir sıra prestijli titulların sahibisiniz. İlin əksər vaxtını xaricdə keçirirsiniz. Ancaq, nədənsə, sizi podiumda görmürük?

- Müsahibələrimdə həmişə bildirirəm ki, model deyiləm, heç vaxt da model kimi fəaliyyət göstərməmişəm. Amma hər yerdə “model Validə Abbasova” yazırlar. Mən gözəllik müsabiqəsinin qalibiyəm, model deyiləm. İxtisasca isə, filoloqam. Ən dəyərli titulum “Miss Millenium Azerbaycan” adıdır. Çətin ki, bu ad bir də kiməsə qismət olsun. Çünki, millennium 1000 ildə bir dəfə olur (gülür). Model olaraq təcrübəm isə yalnız təşkilatçılığa aiddir. Mən “Best Model” yarışmasının təşkilatçısı olmuşam. Özümün məşhur şəxs, sima kimi də bir sıra fotosessiyalarım, müsahibələrim olub. Dəfələrlə jurnalların üz qabığını bəzəmişəm. Amma bu agentliklərdə və podiumda işləmək demək deyil. Mən öz seçdiklərimi geyinməyi sevirəm, verilənləri nümayiş etdirmək mənlik deyil. Hətta xaricdə də model olaraq çalışmaq istəmirəm. Amma mənə müxtəlif brendlərdən, qalereyalardan, fərqli yerlərdən təklif və istəklər gəlir. Onlar məni baxımlı və uğura gedən zövqlü insan kimi öz tədbirlərində görmək istəyirlər.

- Yerli modellərdən kimi tanıyırsınız və hansını daha çox bəyənirsiniz?

- Mənim indi Bakıda modelləri izləməyə vaxtım yoxdur. Onların hər birinə uğur arzu edirəm. Hərdən sosial şəbəkələrdə Rüstəm Cəbrayılovun, İlqar Əliyevin, Azər Atakişiyevin uğurlarını görürəm. Bundan əlavə, model agentliyinin rəhbəri – model biznesində yeganə peşəkar Samirə Rəsulova bəziləri kimi yoldan keçən deyil. Bu sahədə özünü sınamaq istəyən hər kəsə onu nümunə göstərirəm.

- Ancaq bir sıra yerli modellər özlərini sizə oxşadır...

- Stilimi və obrazımı təkrarlamağa çalışanları görürəm. Bəzilərində bu özünəməxsus alınır. Bəziləri üçün isə mən yol göstəricisiyəm. Nümunə götürmək istəyənləri nəzərə alıb daha məsuliyyətli olmağa çalışıram. Ancaq istərdim ki, onlar yalnız üzdə olan yaxşılığı deyil, dərində olanları görsünlər. Özlərini inkişaf etdirməyə çalışsınlar. Bəzən isə sadəcə mövcud olmaq üçün rüsvayçı üsullara əl atırlar. Bu yolla özlərinə yol açırlar. Bəzi KİV nümayəndələri də onlardan konfet düzəldir. Mən onlara daha yüksək səviyyə arzu edirəm.

- Bir az bizə qızınızdan danışın. O, nə işlə məşğul olur?

- Xoşbəxtəm ki, qızım universiteti uğurla bitirmək üzrədir. Bu işdə hər bir valideyn öz övladına kömək olmaldır. Necə ki, vaxtilə bizə də kömək olublar. Təhsil almaq həyata düzgün başlamağın əsas şərtlərindən biridir. Qızımı çox sevirəm və bir ana kimi ona ən yaxşıları arzu edirəm.

- Bir az da hisslərdən danışaq.... Qısqancsınız?

- Mən qısqanc deyiləm, amma kompromisi də sevmirəm.

- Bəs sevdiyiniz şəxs nə qədər qısqancdır?

- Mənim sevdiyim şəxs çox böyük ürəyə sahibdir. O, centlmendir. Özünün vəzifə və tələblərini yaxşı bilir.

- Sosial şəbəkədə paylaşdığınız şəkillərdən geyimlərə çox pul xərclədiyiniz görünür. Sirr deyilsə, geyimə nə qədər pulunuz çıxır?

- Mən geyimə xərclənən pulun məbləğini hesablamıram. Həm də sevdiyim geyimlərin çoxunu hədiyyə olaraq alıram. Hədiyyələrin isə hesabı aparılmır.

- Sizə daha çox hədiyyə almaq zövq verir, yoxsa hədiyyə vermək?

- Xanım olaraq hədiyyə qəbul etməyə öyrəşmişəm. Yalnız qızıma hədiyyə edirəm.

- Demək olar ki, Siz Azərbaycanın ən arzulanan xanımlarından birisiniz. Bu necə hissdir?

- Xanıma arzulanan olmasını bilmək çox xoşdur. Amma hamını da məsafədə saxlamaq gərəkdir. Mənim pərəstişkarlarım təkcə Azərbaycanda deyil. Getdiyim hər yerdə sevənlərimin sayı çoxdur. Bu çox əyləncəlidir. Ancaq diqqət çəkdiyim tədbirləri vaxtından tez tərk edirəm...

- Bəyəndiyiniz kişini əldə etmək üçün nə edərdiniz?

- İndiyədək hansısa kişini ələ almaq istəyi, hissi yaşamamışam. Mən hər zaman özümə diqqət ayırıram.

- Hazırda bir yerdə yaşadığınız bəy sizdən cavandır. Bu münasibətlərdə problem yaratmır? Üstəlik, o, əcnəbidir. Yerlilərdən nə ilə fərqlənir?

- Mən yaş məhdudiyyəti anlayışını qəbul etmirəm. Hətta deyə bilərəm ki, yaşlılar daha çox diqqətimi çəkir. Amma hisslər yaşdan asılı deyil. Sevdiyim şəxs cavandır. Özü də ləyaqətli insandır. Bu keyfiyyətin isə yaşla bağlılığı yoxdur. O, bakılı deyil. Mən özüm də fərqliyəm. Açıqlığı sevirəm. Bizdə isə, bildiyiniz kimi, daha çox mühafizəkarlığa üstünlük verirlər. Mənim genetikamda müxtəlif mədəniyətlərə meyl var. Mədəniyyətlərə olan marağım sayəsində onları daha dərindən araşdırmaq və ən yaxşılarını seçmək həvəsim olur. Beləcə öz dünya görüşümü artırıram.

- Azərbaycan kişilərinin mənfi cəhəti nədir?

- İnsanların mənfi cəhətlərini görmək istəmirəm. Azərbaycan kişisi ilk növbədə mənim atamdır. O, dünyanın ən yaxşı kişisidir. Bundan başqa bir sıra layiqli şəxslər var. Buna görə də mən layiqli Azərbaycan kişilərinə böyük hörmət və fəxrlə yanaşıram.

- Deyəsən yeməyə çox meyllisiniz. Bunu paylaşdığınız şəkillərdən görmək olar. Bəs, formada qalmağı necə bacarırsınız?

- Mən hedonistəm (ən ali həzz hissini yaşamaq – red.). Bu da özünü həm gözəllikdə, həmçinin, sözün yaxşı mənasında dadlı hər şeydən həzz almaqda büruzə verir. Həzz yaşadan heç nə zərərli ola bilməz. Bu, elə dadlı yeməyə də aiddir. Əgər, hər şeyin həddini bilsən, daxili mədəniyyət, etiket və pozitiv əhval ruhiyyə olsa, həmişə yaxşı formada olacaqsan.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm