Ulvira Qarayeva ərə gedəcəyi kişidən danışdı - Fotolar
Bizi izləyin

Tabloid.az

Ulvira Qarayeva ərə gedəcəyi kişidən danışdı - Fotolar

Tabloid.az Ulivra Qarayeva ilə müsahibəni təqdim edir:

Tabloid.az teleaparıcı Ulvira Qarayeva ilə maraqlı müsahibəni təqdim edir:

- Ulvira xanım, Sizi teleməkanın ən cəsarətli aparıcılarından biri hesab edirəm. Yeni il öncəsi yaratdığınız obrazlar, efirdə müzakirə etdiyiniz mövzular çox aktual və fərqli idi. Bu cəsarət hardandır?

- Əslinə qalsa, məndə də cəsarətli aparıcılarımız var. Mən suyu da üfürə-üfürə içirəm. Özümü o qədər də cəsarətli hesab etmirəm. Bəlli çərçivələr ki var, onların içində oynayıram.

- Xanım aparıclarımız ideal görünməyə çalışırlar. Siz isə makiyajsız fotolarınızı belə paylaşırsınız...

- Qadın özünə arxayındırsa, makiyajsız gəzə bilər. Mən ümumiyyətlə, makiyajı sevmirəm. Özümü makiyajsız daha çox bəyənirəm. Gündəlik həyatda da makiyajdan çox az istifadə edirəm. Özümü də çox sevirəm. Yeni il öncəsi olan ideya isə kreativ bir ideya idi. Bu ideyanı işdə Təranə xanım irəli sürdü və göz qırpımında yeni-yeni bürc obrazları yaranırdı. Həmin obrazların üzərində bəlkə də başqa vizajist, stilistlər aylarla çalışacaqdı, amma alınmayacaqdı. Mənim stilist-vijasitim Nura Nəbiyeva isə yarım saat düşünmədən bir ideya təklif edirdi və əjdaha bir iş ortaya çıxırdı. Bunu cəsarət adlandırmazdım, sadəcə olduğun kimi görünməyə çalışıram.

- Olduğunuz kimi görünmək çətin deyil?

- Yox... Axı özümü sevirəm. Həm də özümü çox sevirəm.

- Yalnız özünüzü sevirsiniz?

- Yox, qızımı, anamı da sevirəm. Tamaşaçımı və ümumilikdə yaxşı insanları sevirəm.

- Tamaşaçı dediniz... Sizin üçün tamaşaçının fikri önəmlidir, yoxsa, reytinq?

- Verilişi baxımlı, davamlı etmək, növbəti mövsümə çıxartmaq çətin məsələdir. Amma reytinqə görə də hər şeyi qurban vermək olmur. Amma bəzi mənəvi dəyərlərə görə reytinqi qurban veririk. Tamaşaçı reytinqdən çox önəmlidir. Çünki tamaşaçı el gözüdür.

- “Evdəyik” verilişi həftə içi 5 gün yayımlanır. Bu Sizə çətin deyil ki?

- Mənə həftəlik veriliş aparmaq daha çətin olardı. Çünki mən gündəlik efirə alışmışam. Gündəlik veriliş zamanı bilirsən ki, sənin hər gün işin var və sən hər gün hazır olmalısan. Mənim üçün gündəlik veriliş aparmaq ən asanıdır. Hətta hər gün 2-3 veriliş də olsaydı, onu aparardım.

- Bu qədər enerjiniz var?

- Var, var... Mən yorulmuram. Əslində mən həddindən ziyadə tənbəl insanam. Efir yeganə yerdir ki, mən orada tənbəllik etmirəm. İşimlə bağlı tənbəllik etmirəm. Enerjim də elə efirdə bitir. Danışıram-danışıram sonra danışmağa halım qalmır. Oluram susqun biri...

- Siz aparıcı olmaqla yanaşı həm də tənqidçisiniz. Bir tənqidçi kimi efir məkanında nəyi bəyənmirsiniz?

- Efirdə intellektual verilişlər azdır. Mənim də verilişim intellektual deyil. Bu, reytinq məsələsidir. Tamaşaçının seyr etməsi, verilişin reytinq qazanması üçün intellektual verilişləri az-az hazırlayırıq. Məsələn, Həmid Herislinin intellektual verilişinin reytinqinin neçə olduğunu bilmirəm. Amma Azərbaycan tarixi ilə maraqlananlar o verilişə baxırlar. Bu cür verilişləri təbii ki, ən baxılan saatlarda vermək olmur. Çünki belə verilişlər yüksək reytinq vermir. Amma belə verilişləri düşüncəli insanlar izləyirlər. İstər səhər, istər günorta saatlarında intellektual verilişlər yayımlanmır. Amma razıyam ki, bir aparıcının intellekt yükü olmalıdır. Aparıcı boş danışmamalıdır. Düşünürəm ki, intellekt məsələsində problem var.

- Verilişinin şou biznes və onun nümayəndələri ilə bağlıdır. Sizcə şou biznesimizdə nə yoxdur?

- Şou nümayəndələrində elə şou yoxdur da. Bir az da təvazökarlıq yoxdur. Tamaşaçı öz qəhrəmanını görmək istəyir. Bizim millətdə şöhrətpərəstlik yüksək səviyyədə olduğundan hətta 5 günün tanınmışları da özünü göylə aparır. Sanki burda bunlardır, Bağdadda Kor Xəlifə... Guya Beyons, Rihanna əsəbi halda siqaret çəkirlər... Belə havalar var. Təbii ki, gözəl səs sahibi olan istedadlarımız var. Amma insanı bəzəyən sadəlikdir. Bax o çatışmır... Ulduz kimdir? Ulduzun təyyarəsi olmalıdır, ulduzun yaxtası olmalıdır, Maldiv adalarında evləri olmalıdır... Bu baxımdan bizdə ulduz yoxdur.

- Ulvira xanım, sənətinizdə bir neçə dəfə eniş-yoxuş oldu... Bu müddət ərzində kimi tanıdınız?

- Elə bax bu şou əhlini. İndi efirdəyəm. Həftədə 5 gün veriliş aparıram. Hər gün zəng edib bir şey xahiş edirlər. Efirdə olmadığım ərəfədə gördüm ki, onların heç birinə lazım deyiləm. Öz dostlarımı yaxından, daha yaxşı tanıdım. Məsələn, səni (red. vaxtilə eyni telekanalda çalışıblar) daha yaxından tanıdım, yaxın rəfiqəm Günay Arda, Cahan Əliyeva hər an, hər saniyə yanımdadırlar. Mətbuat mənə qarşı hücum edəndə, mənə qarşı kampaniyalar təşkil edəndə Cahan Əliyeva mənim yanımda oldu. Bir neçə belə insanlar var.

Eniş yoxuş deyəndə isə mən ANS-dən uzaqlaşıram və yenidən qayıdıram. ANS-dən uzaqlaşmaq mənə eniş kimi gəlir, qayıtmaq isə artıq yoxuşdur. Amma mən ANS-dən uzaqlaşdığım ərəfədə də mən ANS-in dayağını, dəstəyini hiss edirdim.

- Başqa telekanallardan əməkdaşlıq təklifləri gəlir?

- Bəli, 1-2 dəfə olub. Mənə ayrı kanallardan təklif gələndə mən ANS-dən icazə alıram. Öz başına deyiləm bu baxımdan.

- Ulvira xanım, belə bir deyim var ki, ANS-dən çıxa bilərsən, amma ANS içindən çıxmır. Bu deyim nə qədər doğrudur?

- Tamamilə doğrudur. ANS həyatımıza yazılıb. ANS həyatımıza tarix yazır.

- Bir az da sevgidən danışaq. Sevgi Sizin üçün nədir?

- Yəqin ki, kiməsə etibar etmək və arxanı çevirə bilmək deməkdir.

- Hər gün efirdəsiniz, baxımlı və tələbatlısınız. Belə xanımların yanında olmaq üçün bəylər can-fəşanlıq edirlər ...

- Olur, gündəmdə olan xanım kimi rəğbətimi qazanmaq istəyən bəylər olur.

- Bəs, sizin nəzərinizdə ideal kişi necə olmalıdır?

- Bığları olmalıdır (gülür). Məni tanımalı, materialımı bilməlidir. Ulviraşünas olmalıdır.

- Ulviraşünaslıq harada tədris olunur?

- Məktəb açmışam (gülür). Əlbəttə bu bir zarafatdır. Məktəb açmamışam. İnsanın özünə bağlıdır. Əgər onun üçün maraqlıyamsa, o zaman Ulviraşünas olur.

- Ana olaraq ən böyük arzunuz nədir?

- İstəyirəm 7 nəvəm olsun. 7 oğlan nəvəm, 1 də qız nəvəm olsun. Bir qızım var, yüklənmişəm ona. Qızımın 15 yaşı var. İstəyərdim 23-24 yaşında ailə qursun. Qız təəssüf ki, qaldıqca qızıla dönmür. O, ailə qursun ki, mən də nəvələrimi görüm. Hətta nəvələrimin adlarını da fikirləşmişəm.

- Sirr deyilsə nə adlar fikirləşmisiniz?

- Atilla, Çingiz, Teymur, Çağatay... Bax beləcə 7 türk sərkərdəsinin adını fikirləşmişəm.

- Qız nəvəniz də yəqin ki, Ulvira olmalıdır.

- Yox, Ulvira bir dənə bəsdir. Qızı isə özləri bilərlər. Mənlik deyil... Əslində qızım qızlara qarşı soyuqdur. O, da oğlanpərəstdir, istəyir oğlan övladları olsun. Amma qız elə bir şeydir ki, qız gedir. Bizim olmur.

- Qızınızın ixtisasca kim olmasını istərdiniz?

- Cərrah. Amma 12 il təhsil aldıqdan sonra həkim işləyə bilər. Ən çox da bunu özü istəyir. Ona demişəm ki, imtahanda cavab verə bilmədiyin hər sual, təsəvvür et ki, pasiyentdir və sən onu müalicə edə bilməmisən. Gördüm gözləri böyüdü...

- Ən çox nəyə pul xərcləyirsiniz?

- Benzinə (gülür). Kosmetoloq, vizajist, stilistə pulum çıxmır. Makiyaja və geyimə lap çox pul xərcləyirəm.

- Ulvira xanım, növbəti dəfə ailə qurmaq istəyərdiniz?

- Təbii ki! Amma belə bir namizədim yoxdur.

- O namizəd necə olmalıdır?

- Məndən yaşca böyük olmalıdır. Həyatdan nə istədiyini bilməlidir, Ulviraşünas olmalıdır. Məndən ağıllı və məndən səbirli olmalıdır. Məni cilovlamağı bacarmalıdır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm