Bernardo: “Sevgilim var, amma.. " - Fotolar
Bizi izləyin

Tabloid.az

Bernardo: “Sevgilim var, amma.. " - Fotolar

Bernardo:"Heç bir kişi belə hadisədən sığortalanmayıb"

Tabloid.az 13 yaşından "Bakılı oğlanlar" şən və hazırcavablar klubunun üzvü olan, teleaparıcı Xose Bernado ilə maraqlı müsahibəni təqdim edir:

- Bernardo, çoxdandır ki, efirlərdə görünmürsünüz. ..

- Bəli, 3 ildir efirdə yoxam. Amma bu yaxınlarda tamaşaçılar məni yenidən görəcəklər.

- Bu müddətdə tamaşaçı kimi verilişləri izləmisən. Sizi tamaşaçı kimi nə qane etmir?

- Eyni məzmunlu verilişlər tamaşaçını yorur. Televiziyada keyfiyyətli layihələr çox azdır. Mən boşluğu görürəm. Ona görə də həmin boşluğu doldurmaq həvəsim yaranır.

- Niyə teleməkanı tərk etdiniz?

- Çünki gələcəyimi fikirləşdim. İş təklifi gəlmişdi. Mən də həmin təklifi dəyərləndirdim. Bizneslə məşğul oldum. Uğurlar qazandım. 2 il Dubayda yaşadım. Orda olduğum müddətdə həmyerlimizin rəhbəri olduğu şirkətə, ticarət dövriyyəsinə mən nəzarət edirdim. Amma teleməkana baxanda gördüm ki, mənim yerim hələ də boş qalıb. Gəlirəm ki, öz yerimi tutum.

- Sizi hansı layihədə görəcəyik?

- Təkliflər çoxdur. Əlbəttə ki, hamısına razılıq verə bilmərəm. Seçim etmək lazımdır. Xeyli vaxtdır ki, efirdə yoxam, indi ürəyimcə olmayan işlə efirə qayıtmaq istəmirəm. Hazırda yeni layihənin üzərində işlər gedir. Şəhriyar Əbilov, “Qəfəs” realiti şousundan çoxunun tanıdığı Cavid və mən möhtəşəm bir layihə üzərində çalışırıq. Verilişdə 2 aparıcı olacaq. Mən və Cavid. Ssenari müəllifi isə Fariz Əliyevdir. Ola bilsin ki, bu veriliş ANS telekanalında yayımlansın. Belə bir təklif almışıq və onu dəyərləndirmək istəyirik.

Yeri gəlmişkən, rejissor Şahin Zəkizadənin “100 kağız” komediya filmində rol almışam. Onu da deyim ki, mən özümü çoxdan aktyor kimi sınamışam. Rol aldığım, amma efirə getməyən çoxsaylı filmlər var. Həmin filmləri “Mozalan” çəkib. Ümumiyyətlə, kinoya çəkilməyə çox meyilliyəm.

- Yeniliklərin çoxdur...

- Bəli, tamaşaçılar məni hələ müğənni kimi də görəcək. “Nəğd pul” kimi tanınan aranjemançı dostum var. O, mənə mahnı verib. Mahnını tək deyil, gənc reperlərdən ibarət qrup “Represiya klan” ilə duet şəklində ifa edəcəyəm. Mahnı RnB janrındadır. Bundan başqa, reper Dado ilə də birlikdə işləyirəm.

- Musiqi təhsiliniz var?

- Musiqi təhsilim yoxdur. Musiqi bizim qanımızdadır.

- Bernardo, səni tamaşaçı “Bakılı oğlanlar” şən və hazırcavablar komandasından tanıyır. Niyə yoluna onlarla davam etmədin?

- O vaxt uşaq idim. Çox tez məşhurlaşdım. O vaxt hələ yolumu tam seçməmişdim. Bilmirdim gələcəkdə nə işlə, hansı sənətlə məşğul olacağam. Özümü indiyədək bir çox sənətdə sınamışam. Ticarətlə məşğul olmuşam, təşkilatçılıq etmişəm, aparıcılıq və s...

- Bernardo, qaradərili olmağınız və dərhal məşhurlaşmağınız Sizə narahatlıq yaratmır ki? Axı siz azərbaycanlılardan seçilirsiniz...

- Bəlkə də ilk vaxtlar ola bilərdi. Amma sonradan gördüm ki, məni görən hər kəsin üzündə təbəssüm yaranır. Səhnəyə ilk çıxdığım gündən insanlar məni sevməyə başladı. Bax o sevgini hiss etmişəm mən. Buna görə də tanınmağım mənə çox kömək olub. 13 yaşımdan bu günə kimi insanların diqqətini hiss edirəm. Hansı məkana gedirimsə, hamı məni tanıyır. İnsanların yadından çıxmamışam. Bu məşhurluq mənə narahatlıq yaratmır, əksinə, stimul verir.

- Sizi müxəlif fotosessiyalarda müxtəlif xanımlarla görürük...

- O mənim başımın bəlasıdır. O şəkillər ən çox müzakirələrə səbəb olur. Xanımların əksəriyyəti dostlarımdır. Elələri də var ki, sevgilim olub.

- Hazırda sevgiliniz var?

- Var. Amma ciddi münasibət deyil. Çünki evliliyə hazır deyiləm və bu barədə fikirləşmirəm. Evlilik barədə 30 yaşdan sonra fikirləşə bilərəm. Hələ ki, bu haqda fikirləşmirəm.

- Bernardonun ürəyini fəth edən qız necə olmalıdır?

- O, çox ideal olmaldır. Mən Qız bürcüyəm. Beynimdə formalaşdırdığım qız bəlkə də yoxdur. Beyonsa yaxın bir qadın olmalıdır. Ən azından Aygün Kazımova kimi gözəl olmalıdır. Aygün Kazımova çox gözəldir. Beyonsdan heç nə ilə geri qalmır.

- Ötən ay adınız xoşagəlməz hadisədə hallandı. İndi vəziyyət necədir?

- Heç bir kişi belə bir hadisədən sığortalanmayıb. Hər bir kişinin başına belə iş gələ bilər. Heç kimi təhqir edib, boş yerə əl qaldırmamışıq. Etdiyim hərəkətdən utanmıram. Məsələ boş yerə çox şişirdildi. 3 əsgər itirdiyimiz günü jurnalistlər şəhidlərimizə o qədər vaxt ayırmadı... Amma mənim başıma gələn hadisədən çox yazdılar. İndi iş prokurorluqdadır. Qarşı tərəf məni məhkəməyə verib. Məsələ şişməyə də bilərdi, amma, jurnalistlər məsələni çox yaydılar. Yəqin ki, barışıq olar. Olmasa da, müəyyən məbləğ cəriməsi var.

- Bir az özəl söhbət edək... Bakıda kiminlə yaşayırsınız?

- Anam, mən, bacım, qardaşım. Anam Bakılıdır, atam isə Kubalıdır. Atamın vətənində - Kubada heç vaxt olmamışam. Böyük arzumdur ki, Kubada olum. Gərək Ədalət Şükürovdan xahişim edim ki, gələn dəfə Kubaya gedəcəksə, məni də özü ilə aparsın.

- Aylıq xərciniz nə qədərdir?

- 2500 manat.... Ən çox pulum paltara çıxır. Bir də gəzməyə... Türkiyəni, İstanbulu çox sevirəm.

- Bildiyimə görə, hərbi xidmətdə olmusunuz. Hətta internetdə də şəkillərin yayılıb.

- Bəli, əlbəttə! Mən Azərbaycan vətəndaşıyam. Orada çox hörmətli olmuşam, amma mənə edilən hörmətdən sui-istifadə etməmişəm. Mən hərbi xidmətə gedəndən 3 ay sonra serjant rütbəsi verilib. Hərbi xidmətə karyeramın zirvəsində yollandım. ANS telekanalında aparıcı olaraq çalışırdım. Həftənin 5 günü efirdə idim. 1 il 6 ay hərbi xidmətdə olmuşam. Əsgərliyimi Goranboyda çəkmişəm. Tanınmış simaların əksəriyyəti hərbi xidmətdən yayınır. Mən isə belə addım ata bilmədim. Mən ilk qaradərili azərbaycanlıyam ki, hər xidmətdə olmuşam. Hərbi xidmətdən sonra yenidən ANS-ə qayıtdım. Aytən Səfərova ilə birlikdə “Kök altı” verilişində işlədim. Sonra isə Dubaya yollandım.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm