Zövqsüzlüyünə rəğmən o da seksual qadın oldu - Fotolar
Bizi izləyin

Tabloid.az

Zövqsüzlüyünə rəğmən o da seksual qadın oldu - Fotolar

Zövqsüzlük kraliçası

Bu günə kimi sizinlə bir çox stil ikonasının geyim, makiyaj və gözəllik sirlərini paylaşmışam. Stil ikonalarından ilham alaraq daha zövqlü geyinmək və dəbi yaxından izləmək çox asandır.

Ancaq “Onların stili” layihəsində bu dəfə stili ilə pərəstişkarlarını xəyal qırıqlığına uğradan, nümunə götürməyinizi istəmədiyim bir məşhurdan yazmaq qərarına gəldim. İlk ağlıma gələn isə Enn Heteuey oldu.

Adətən insanlarda elə bir fikir var ki, pul olduqdan sonra zövqlü geyinmək elə də çətin deyil. Lakin dünyanın ən bahalı brendlərindən geyinən ulduzların belə zövqsüz seçimlər etdiklərini gördükdə təəccüblənməməliyik. Çünki zövq aşılana bilməz, o insanda doğduğu andan etibarən ya olur, ya da olmur. Enn Heteuey də təəssüf ki, zövqsüzlər kateqoriyasına daxil edilir.

Yəqin siz də razılaşarsınız ki, aktrisalıq bacarığından heç kimin şübhə etmədiyi Ennin zövqü, daha doğrusu zövqsüzlüyü həmişə müzakirə mövzusuna çevrilib.

Qəribəsi odur ki, Enn Heteuey Ledi Qaqa kimi qeyri-adi geyimlərlə gündəmə gəlmək istəyən bir qadın deyil. Aktrisanın şıq və dəbli görünmək istədiyi hiss edilir, o da digər ulduzlar kimi stili ilə, gözəlliyilə diqqət mərkəzində olmaq istəyir. Ancaq təəssüf ki, şıq görünməyə çalışdıqca işləri daha da korlayır. 33 yaşında olmasına baxmayaraq, Enn hələ də öz stilini formalaşdıra bilməyib. O, dəfələrlə şıq görünəcəyini düşünərək heç kimin ağlına gəlməyəcək ən zövqsüz libasları geyinib.

Fərqindəyəm, bir çoxlarının idealı olan bu qadını ağ-yuyub qara sərdim. Ancaq haqsızlıq etmək niyyətində deyiləm, Enni çox nadir hallarda olsa da, qırmızı xalıda şıq və dəbli geyimlərdə görmüşük. Qırmızı, qara, ağ, krem, boz və bej çalarlarındakı ziyafət libasları aktrisanın qarderobunda çoxluq təşkil edir. Adətən, sinə və ya kürək dekoltesinə üstünlük verir. Ancaq bu mövzuda da qərarsızdır. Çünki bəzən olduqca qapalı libaslar seçsə də, bəzən də cəsarət tələb edən açıq-saçıq libaslar geyinir.

Bəyəndiyim bir neçə stilini seçmişəm.

Geyim və ayaqqabı seçimlərini bəyənilməsə də, Ennin aksessuarlarından ilham almaq olar. Çünki kiçik sığalar, zərif boyunbağılar onun ən çox istifadə etdiyi aksessuarlardır. Üzük seçimləri də olduqca zövqlüdür. Aksessuar seçimindəki zövqünü geyimlərinə də tətbiq etdiyi günləri səbirsizliklə gözləyirik.

Bir çoxları Ennin problemini tapdıqlarını iddia edirlər. Onların fikrincə, aktrisa özünə həddən artıq güvənir və özünü olduğundan daha gözəl görür. Əslində məndə bu fikirlə razılaşıram, əks halda bir stilistlə əməkdaşlıq edib göz oxşayan libaslarla pərəstişkarların qarşısına çıxmaq elə də çətin olmazdı. Ancaq şöhrət və pulun insanın eqosunu şişirdən iki əsas amil olduğunu nəzər alsaq, Ennin niyə ona yaraşmayan stillərə bu qədər aludə olduğunu bəlkə bir az başa düşə bilərik. Saçlarının uzun olduğu vaxtlarda indikindən dəfələrlə gözəl görünən aktrisa birdən-birə qısa saç kəsiminə müraciət etdi. O gün, bu gündür üz quruluşuna heç yaraşmayan qısa saçlardan əl çəkə bilmir. Gözləri, burnu, ağzı həddən artıq iri olan insanlar saçlarına elə forma verməlidir ki, üzündəki bu nüanslar az nəzərə çarpsın. Enn isə saçlarını qısa kəsdirərək normal halda üzünə qeyri-adi gözəllik bəxş edə biləcək bu xüsusiyyətlərini qüsura çevirib.

Ennin makiyaj stili də insanda xəyal qırıqlığı yaradır. Çünki seçdiyi dodaq boyaları ona heç yaraşmır. Ağzı iri olduğu üçün üzü olduqca qəribə vəziyyətə düşür. Halbuki gözlərinin içinə qələm çəkərək baxışlarına məna qatsa, qaş formasını bir az dəyişsə və dodaqlarına da bej tonlarında dodaq boyası çəksə, daha gözəl görünə bilər.

Enn Heteuey özünü bütün zamanların ən zövqlü qadınlarından hesab ediən Odri Hepbernə oxşatmağa çalışır. Həm makiyaj tərzi, həm də tez-tez retro tərzə müraciət etməsi də bunu sübut edir.

Özünü olduğu kimi qəbul etməyən, qüsurlarını görmək istəməyən və özündən dəfələrlə daha zərif və seksual bir qadını təqlid etməyə çalışan qadınlar həmişə kiminsə kölgəsi olaraq qalmağa məhkumdurlar.

Odur ki, Ennin 40 yaşına gələnə kimi öz stilini tapa biləcəyini ümid etməkdən başqa əlimizdən heç nə gəlmir.

Əslində etiraf etməliyəm ki, aktrisanın gündəlik geyimləri qırmızı xalı üçün seçdiklərindən daha zövqlüdür. Gündəlik həyatda sadəliyə üstünlük verən Enn cins şalvarla sadə koftanı geyinərək evdən çıxmaqdan çəkinmir.

Elə gündəlik geyim üslubunda da retro tərzin təsirini müşahidə etmək olur. Romantik detalları sevir, bəzən iri şapkalar, bəzən də 80-ci illərdə dəbdə olmuş köynəklər geyinərək retro sevgisini əks etdirir. Klassik modellərdə, qısa topuqlu ayaqqabılar seçir.

Gündəlik həyatda Enn adətən “Prada”, “Stella McCartney”, “Dolce & Gabbana”, “Givenchy”, “Marchesa”, “Ella Moss” və “Balmain” kimi brendlərinin geyimlərini geyinir.

Jurnalları bəzəyən qadın

Digər ulduzlardan fərqli olaraq çox sakit bir eşq həyatı olan Enn 2012-ci ildə 4 ildir sevgili olduğu Adam Şulmanla ailə qurub.

“FHM” jurnalı tərəfindən “Dünyanın ən seksual qadınları” siyahısına daxil edilən və 85-ci pillənin sahibi olan aktrisa təəssüf ki, bu günə kimi heç bir brendlə əməkdaşlıq etməyib. Bəlkə də onun zövqdən, incəlikdən məhrum görkəmi brendlərin siması seçilməməsinin ən böyük səbəbidir.

Yaxşı ki, jurnallar var. Çünki dünyaca məşhur markaların diqqətini çəkə bilməyən Enn Heteuey tez-tez jurnalların üz qabığına çıxır.

“Oskar” laureatı olan aktrisa işləri ilə gündəmdə olduğu və cəsur pozalar verməkdən çəkinmədiyi üçün jurnalların diqqət mərkəzindəir. Ennin üz qabığını bəzədiyi jurnalları təqdim edirəm:

Tabloid.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm