FransadaTahir Salahovun 85 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək
Bizi izləyin

Tabloid.az

FransadaTahir Salahovun 85 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

FransadaTahir Salahovun 85 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə 27 fevral 14 mart 2014-cü il tarixində Fransa İncəsənət Akademiyasında Xalq Rəssamı Tahir Salahovun 85 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir. Sərgidə rəssamın rəngkarlıq, qrafika və xalça üzərində toxunmuş əsərləri nümayiş etdiriləcəkdir.

Tahir Salahov Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi, öz əsərləri, yaradıcı, ictimai və pedaqoji fəaliyyəti ilə dünya şöhrəti qazanmış sənətkardır. O, milli təsviri sənətin inkişafına, mədəniyyətimizin beynəlxalq nüfuzunun artmasına böyük töhfələr vermişdir. Tahir Salahov Azərbaycan və Rusiyanın Xalq Rəssamı, Rusiya İncəsənət Akademiyasının vitse-prezidenti, iyirmidən artıq xarici akademiya və yaradıcılıq təşkilatının, o cümlədən, İspaniyanın San-Fernando Kral İncəsənət Akademiyasının fəxri üzvü, Qırğızıstan və Qazaxıstan İncəsənət Akademiyalarının həqiqi üzvü, UNESCO yanında Beynəlxalq Plastik İncəsənət Assosiasiyasının (BPİA) fəxri prezidenti, Avstriya və Almaniya Rəssamlar İttifaqının fəxri üzvüdür. Məşhur fırça ustası həmçinin Billinqz şəhərinin fəxri vətəndaşı, ABŞ-ın Montana ştatının Mədəniyyət Fondunun üzvü, Trenton (Nyu-Cersi ştatı, ABŞ) və SantaFe (Nyu-Meksiko ştatı, ABŞ) şəhərlərinin fəxri vətəndaşıdır. O, 1986-cı ildə Fransa İncəsənət Akademiyasının müxbir üzvü seçilib və keçmiş SSRİ-dən bu ada layiq görülən 3 nəfərdən biridir.

Tahir Salahov Sovet İttifaqının ən yüksək təltif və ordenlərinə, Sosialist Əməyi Qəhrəmanı adına, eləcə də Rusiyanın "Vətən qarşısında xidmətlərinə görə" ikinci və üçüncü dərəcəli ordenlərinə, Azərbaycanın ali mükafatı olan "İstiqlal" ordeninə, Bolqarıstan, Polşa, Monqolustan və başqa ölkələrin ordenlərinə, müxtəlif medallara və mükafatlara layiq görülmüşdür.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən 2008-ci ildə görkəmli rəssamın 80 illik yubileyi böyük təntənə ilə qeyd edilmiş, Tahir Salahov müstəqil Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunmuşdur.

8 iyul 2011-ci il tarixində Tahir Salahov Avropa Elm və İncəsənət Akademiyasının incəsənət bölməsi üzrə həqiqi üzvü seçilmişdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm