Bahar Lətifqızı: “Bir “paçka” pulu üzümə çırpdı”
Bizi izləyin

Tabloid.az

Bahar Lətifqızı: “Bir “paçka” pulu üzümə çırpdı”

Müğənni anasını 16 yaşından sora bağışlaya bilib

Müğənni Bahar Lətifqızı həyatının ən çətın günləri hesab etdiyi internat həyatından danışıb. Tabloid.az xəbər verir ki, “Günaydın” verilişinin qonağı olan Bahar Lətifqızı ata haqqında mahnı oxumadığını deyib: “Mən heç vaxt ata haqqında mahnı oxumamışam. Məclislərin birində bir bəy məndən ata haqda mahnı oxumağımı xahiş etdi. Sonra nəmər göndərdi. Gördü ki, yenə də oxumuram. Göndərdiyi pulun məbləğini çoxaltdı. O, elə düşünürdü ki, mən pula görə oxumuram. Qarşıma gəlib cibindən bir "paçka" yüz dollar çıxardıb üzümə tökdü. Mən ağlamağa başladım. Məclisdə 500 nəfər var idi. Dedim, kaş, sizin kimi atam olardı, mən də ürəklə oxuyardım. Mən ata haqda oxusam, qəhərlənib ölərəm".

Müğənnisi anası ilə bağlı da maraqlı açıqlamalar verib. Onu 5 yaşında ikən qardaşı Ariflə birgə internata verən anasını yalnız 16 yaşından sonra bağışlamağı bacarıb: "Anam məni internata atsa da, anadır. 9 ay məni bətnində daşıyıb. 5 yaşına qədər də olsa, saxlayıb. Sonra imkansızlıqdan məcbur olub internata verib. Mən onu yanıma gəlməyə qoymurdum. İstəmirdim gözümə görünsün. Həftəsonu olanda da evə getmirdim. 3 aylıq yay tətilində belə internatda qalırdım. Evə getmək istəmirdim. 16 yaşım olanda anama məhəbbətim artdı. Ona ehtiyacım oldu".

İnternat həyatı yaşayan bir uşaq olaraq, müğənni bioloji valideynlərdən başqa, mənəvi anası olduğunu da qeyd edib: "Mənim mənəvi anam Mila müəllimə olub. 9 il internatda oldum. Həmin müddət ərzində qardaşım mənə dayaq oldu. Adı Arifdir. Hələ 7-ci sinifdə oxuyanda özümü binanın başından atıb öldürmək istəyirdim. Buna qardaşım mane oldu. İnternatda biri xətrimə dəyəndə, " atama deyərəm" deyə bilməsəm də, qardaşımla hədələyirdim”.

Müğənni aclıqdan əziyyət çəkdiyi günləri də xatırlayaraq, aparıcını Vüsalə Kərimovanı da kövrəldib: “İnternatda oxuyanda kiminsə qarpız yediyini gördüm. Bəzən tullanan qarpızların qabığında qırmızı ət hissəsindən azacıq qalırdı. Həmin hissəni gizlincə xirtıltı ilə yeyirdim ki, məni görən olmasın. Çox çətin həyat sürmüşəm. Küçədən tullantı çörək qırıntılarını toplayırdım. Sonra 9 mərtəbəli binanın damına çıxıb orada kifli olanları təmizləyirdim. Təmiz çörəkləri yığıb evə aparırdım. Suxari edir, şorla qarışdırıb yeyirdik. Bəlkə də atam olsaydı, bunları yaşamaz və mən xoşbəxt olardım”.

Müğənni həmçinin hazırda internatda oxuyanlara da səslənib: "İnternatda oxuyan uşaqlara səslənirəm. Ancaq təhsilinizə fikir verin. Geyimi də, gəzməyi də, yeməyi də sonra tapa bilərsiniz. Mütləq savad alın. Mən indi paltarlarımı qoymağa yer tapmıram. Yeməkləri, bilmirəm ki, nə edim. Amma təhsilim olsaydı, bəlkə də ayrı sənətə yiyələnərdim”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm