• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Döşəmə plov - Resept

Döşəmə plov - Resept

Döşəmə plov qoyun əti və toyuqla hazırlana bilər. Döşəmənin altında qazmaq olmalıdır, qazmağın ardından digər ərzaqlar qat-qat qazana yığılmalıdır. Bəzən qazmağın yerinə qazanın dibinə toyuq əti döşənir, onun üstündən isə düyü və quru meyvələr. Tələsik Azərbaycansayağı plov bişirmək istəyirsinizsə, bir qədər asanlaşdırılmış döşəmə plovunun resepti sizin lap ürəyinizcə olacaq.

İnqrediyentlər:

3 stəkan uzun düyü

4 xörək qaşığı ərinmiş kərə yağı

1 stəkan təmizlənmiş şabalıd

½ stəkan quru ərik

1 stəkan quru çəkirdəksiz gavalı

½ stəkan quru İran xurması, çəkirdəksiz

½ stəkan ağ kişmiş

1 kilo kiçik parçalara bölünmüş sümüksüz toyuq əti, istəyə görə sümüklü də ola bilər

1 ədəd baş soğan – nazik yarım halqalar şəklində doğrayın

1/3 çay qaşığı zəfəran teli – döyülmüş və suda həll olunmuş

duz, istiot

Hazırlanması:

Düyünü təmizləyin, və ilıq suyun altında tez-tez süzə-süzə yaxşıca yuyun. Bu proses zəruridir, çünki su düyüdəkı nişastanı yuyub aparır və bu da düyünün bişdikdən sonra diri qalması və yapışmaması üçün vacibdir.

Düyünü ləyənə qoyub, üstünə örtəcək qədər ilıq su tökün. Suya 1 xörək qaşığı duz atın. Kənara qoyun.

Digər ərzaqları hazırlayın. Tavada 2 xörək qaşığı yağ qızdırın. Təmizlənmiş şabalıdı yağa əlavə edib təxminən 3 dəqiqə ərzində qızardın. Üstünə ərik, qavalı və xurmanı əlavə edin və 3 dəqiqə də qızardın. Kişmişi də buraya əlavə edib 1 dəqiqə qızardın. Tavanı kənara çəkin.

Xüsusi plov qazanına 10 stəkan su və 2 xörək qaşığı duz qoyun. Qaynadın. Düyünü süzün və bu suya əlavə edin. Təxminən 7-10 dəqiqə ərzində arada-bir qarışdıraraq bişirin. Düyünün dadına baxın -hazır düyü bir qədər yarımbişmiş qalmalıdır, yumuşaq olmamalıdır. Düyünü süzün və kənara qoyun.

Qazanda 1 xörək qaşığı kərə yağını əridin. Toyuq ətini qazanın dibinə bir lay düzün. Üstünə bir az duz və istiot səpin. Toyuğun üstünə bir lay halqavari doğradığınız soğanı düzün. Qazanın qapağını örtmədən, təxminən 5 dəqiqə ərzində orta odda bişirin. Bu müddət ərzində toyuq və soğanın dadı bir birinə qarışacaq, və ikisi də bir qədər yumuşalacaq.

Soğan layının üstünə düyünün yarısını tökün. Hazırladığınız quru meyvələri düyünün üstündən bir lay düzün. Qalan düyünü meyvələrin üstünə töküb, plova konusvari şəkil verin. Plovun üstünə 1-2 xörək qaşığı kərə yağə tökün.

Qazanın üstünü əvvəlcə çay dəsmalı ilə örtün, onun üstündən isə qapağını qoyun.

Plovu vam odda təxminən 30 dəqiqə ərzində bişirin. Sonra qapağını açıb düyünün üstünə zəfəran-şirəsi tökün.

Yenidən qapağı örtərək, plovu 30 dəqiqə də vam odda bişirin. Bişmiş plov dənə-dənə olmalıdır, toyuğun altı qızarmalı, soğan isə əriməlidir.

İri qaba düyü, üstündən isə quru meyvə və toyuq ətini düzüb plovu süfrəyə verin.

Nuş olsun!

Xəbər lenti

DAHA ÇOX XƏBƏR