Məşhurlar özlərini hansı pozada çəkməyi sevirlər?
Bizi izləyin

Tabloid.az

Məşhurlar özlərini hansı pozada çəkməyi sevirlər?

Tabloid.az məşhurların “selfie”lərini izləyib

Inkişaf edən texnologiyalar həyatımıza daxil olduqca istər-istəməz yeniliklərin əsirinə çevrilirik. Texnologiyanın insana özünü çəkmək imkanı verən və son illərin dəbinə çevrilən “selfie” sadə insanlardan tutmuş məşhurlara qədər hər kəsin maraq dairəsindədir. Telefonlarının özçəkim funksiyası olan hər kəs onun üçün maraqlı olan anı əbədiləşdirir. Bəs, o anlar hansılardır? Kimin əli məhz hansı anda telefonunun özçəkim funksiyasına uzanır?

Tabloid.az bir neçə məşhurun şəkillərini izləyib. Kimisi üçün özü, kimisi üçün məkan, kimisi üçün dostları və əhatəsi ön planda olan şəkillər əsasında müşahidələrimizi təqdim edirik:

Bir əlində güzgü, o birində telefon

Məşhur və sevilən müğənni, xalq artisti Aygün Kazımova hər anından zövq almağı bacarır. Özünü hər cür vəziyyətdə, hər ölçüdə sevdiyi üçündür ki, sevənləri də onu elə hər halı ilə sevir. Bir əlində güzgü, digər əlində telefonu ilə hər vəziyyətdə - hətta hamamda belə “selfie” eləməkdən çəkinməyən Aygün özünü qəbul etdirməyi yaxşı bacarır. Sevilməsinin nəticəsidir ki, onu çəkənlərin, yəni başqalarının çəkdiyi şəkillərinin sayı-hesabı yoxdur. Ancaq Aygün ovqatına uyğun olaraq, bəzən fotoqraf gözləməyə vaxt sərf etmir. Anındaca telefonunu götürüb özünü sevənləri ilə paylaşa bilir.

İlqarə anasını geridə qoyur

Aygünün qızı İlqarə də anasından geri qalmır. Hələlik sənətdə olmasa da, özünə olan sevgi və vurğunluqda İlqarə anasını çoxdan geridə qoyub. Elə bunun nəticəsidir ki, onun şəkillərinin harada çəkildiyi anlaşılmır. Çünki İlqarə olduğu yeri deyil, ancaq özünü çəkir. Ancaq Aygün Kazımovadan fərqli olaraq, o, ancaq gözəl göründüyü anları paylaşır.

Güzgü maraqlısı

Tanınmış müğənni Nura Surinin şəkillərindən görünür ki, o, harda güzgü görsə, özünü çəkmək eşqinə düşür. Özçəkimlərinin çoxu məhz güzgü qarşısında və güzgü vasitəsi ilə olduğundan məşhur müğənninin telefonu ilə yanaşı, güzgülərə də marağı ortaya çıxır. Müğənninin oğlu və dostları ilə çəkilən “selfie”ləri də az deyil.

Gözəl üz, gözəl məkan

Teleaparıcı Lalə Azərtaşın özçəkiminin hədəfi məkandır. Təbiətdə, estetik gözəlliyi ilə zövq oxşayan yerlərdə, romantik hisslər oyandıran məkanlarda reallaşdırdığı özçəkimlərin say üstünlüyü bunu deməyə əsas verir. Şəkillərdən görünür ki, jurnalist öz gözəlliyini üzə çıxaran fonu görən kimi, əli telefonuna uzanır.

F.A-nın çarəsiz “selfie”ləri

Məşhur müğənni F.A. - Faiq Ağayevin çoxsaylı şəkilləri arasında özçəkim azdır. Bir-iki “selfie”sini paylaşan müğənninin həmin şəkillərinə baxıb elə fikirləşirsən ki, həmin anda olduğu yerdən şəkil arzulayan F.A. ətrafında adam tapmayıb. Çarəsizlikdən özü özünü çəkməli olub. F.A-nın dost-tanışla da tək-tük özçəkimləri var. Onların da, görünür, hamısı F.A ilə eyni anda eyni məkanda, eyni şəkildə görünmək istəyib.

O özünü hər halında sevir

Müğənni Röya Ayxan hər anını sevənləri ilə paylaşmaqdan zövq alır. İstər oğlu ilə, istər tək, istər də dostları ilə birlikdə paylaşdığı müxtəlif əhval-ruhiyyəni əks etdirən şəkillər Ayxan izləyicilərini gülümsədir. Hər şəkli ilə “dodaqqaçıran” Röya paylaşdığı şəkillərlə kompleksi olmadığını göstərir.

Hər gözəl yerdə ağlına ancaq özü gəlir

Su, torpaq, səma, meşə və Vəfa Zeynalova... Aktrisanın özçəkiminin məqsədi öz gözəlliyi olsa da, fon da onun üçün maraqlıdır. Gördüyü gözəl yerlərdə mütləq özünü çəkən Vəfa Zeynalovanın şəkilləri onu deməyə əsas verir ki, gözəl aktrisa bəyəndiyi bir yerə çatan kimi, ilk ağlına gələn məhz “selfie” olur. Vəfanın sənət dostları, tanış-bilişlə çəkdirdiyi özçəkimlər də az deyil.

Teleaparıcının özçəkimləri sərhəd tanımır

Tamaşaçı sevgisi qazanan teleaparıcı Zaur Baxşəliyevin də özçəkimi az deyil. Gözəl və ya çirkli, iştahaçıcı-ürəkbulandırıcı məkana fərq qoymadan, bəzən, sadəcə, reklam xatirinə özçəkimlər edən teleaparıcı həyat yoldaşı Günayla hər anını paylaşmaqdan zövq alır. Yuxudan duranda, şəhəri dolaşanda, yemək yeyəndə... Zaurla Günayın özçəkimi sərhəd tanımır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm