Vüsalə: “Teleməkanda həm gözəl, həm savadlı aparıcı tanımıram” - Fotosessiya
Bizi izləyin

Tabloid.az

Vüsalə: “Teleməkanda həm gözəl, həm savadlı aparıcı tanımıram” - Fotosessiya

Azərbaycan teleməkanında həm gözəl, həm savadlı aparıcı tanımıram

“Sirr saxlayan tez qocalar”, - deyib bütün gözəllik sirrlərini açıb tökdü. Gözlə görünən o gözəlliyin nə qida rejimi, nə xüsusi qulluqla bağlı olmadığı anlaşıldı. Elə isə nədir onun sirri?

Teleməkanın baxımlı və cazibədar xanımlarından biri Vüsalə Kərimova Tabloid.az-ın "Qadın söhbəti" layihəsinin ilk qonağı olub.

- Cəmiyyətdə və mediada gözəl olmağın üstünlükləri nədir?

- Gözəl olmağın avantajı var. İnsan özünü komplekssiz hesab edir. Mən kimin üçünsə gözəl, bir başqası üçün isə eybəcər görünə bilərəm. Zövqlər müxtəlifdir və mübahisə olunmur. Amma özümü gözəl hesab edəndə istənilən ortamda da rahat oluram. Amma çətinliyi də var. Çox təəssüf ki, cəmiyyətdə kasad insanlar mövcuddur. Onlar bir gözəl qadın görəndə çalışırlar ki, ona yaxınlıq etsinlər. Hələ xanımın da həmin insana işi düşərsə, vay o qadının halına. Çünki işinin müsbət həll olunması mütləq nəyinsə müqabilində reallaşır. Hətta belə bir misal da var ki, gözəl xanım başqasının arvadı olsa, yaxşıdır. Kişilər bu səbəbdən xanımının gözəl olmasını istəmir. Kənardan gözələ baxış çox fərqlidir. Rusiyada hər hansı məclisdə kişiyə “xanımınız çox gözəldir”, - demirlərsə, həmin kişi bu vəziyyətdən narahat olur və düşünməyə başlayır ki, yəqin, xanımı gözəl deyil. Azərbaycanda isə hansısa kişiyə xanımı haqqında xoş sözlər söyləmək onu təhqir etməkdir. Bu da ya elə həmin anda böyük bir dava ilə nəticələnir, kiminsə qanı tökülür, ya da ailənin boşanması ilə nəticələnir. Düzü, istərdim ki, bizdə də Rusiyadakı kimi olsun.

- Sizcə, efirə çıxan xanım aparıcı gözəl olmalıdır?

- Efirə çıxan xanım aparıcı mütləq gözəl olmalıdır. Niyə? Çünki, efirin öz qaydaları var. Nəinki xanımlar, kişilər də çəkici, baxımlı olmalıdır, göz oxşamalıdır. Aparıcı tamaşaçının diqqətini çəkə bilirsə, o veriliş baxılacaq da, izləniləcək də. Aparıcının nitqi də, görünüşü də gözəl olmalıdır. Ola bilər ki, aparıcı gözəl olsun, amma, ağzını açanda gözəlliyi yoxa çıxsın. Bu harmoniya təşkil etməlidir. Tamamlanırsa, bu, gözəllikdir. Aparıcının çirkin olması da, onun nitq qabiliyyətini kölgədə qoyur. Nə danışıq qabiliyyəti olmayan gözəlin, nə də çirkin natiqin verilişinə baxılacaq. Tamaşaçı təkcə aparıcıya qulaq asmır, həm də, baxır. Onun nə gördüyü eşitdiyi qədər vacibdir. Bu BBC-nin da daxili qanunlarında nəzərə alınıb. Düzdür, efir aparıcını bir qədər fərqli göstərə bilər. Məsələn, mənim 57 kq. çəkim var. Ancaq televiziyada 77 kq. görünürəm. Məni izləyənlər yazır ki, arıqlasam, yaxşı olar. Ancaq izah edirəm ki, 38 yaşı olan bir qadın kimi 57 kq. çəki çox normaldır. Mənim artıq çəkim yoxdur. Mən nədən azad olmalıyam?

- Sizcə, bizim efir məkanında“gözəl kuklalar”, “gözəl ziyalılar” yoxsa, “savadlı eybəcərlər” çoxdur?

- Teleməkanda “gözəl kuklalar” daha çoxdur. Gözəl və savadlı aparıcıya çox az hallarda rast gəlinir. Varsa da, mən tanımıram. Köhnə nəsildən isə, mən öz televiziyaya gəldiyim nəsli nəzərdə tuturam, savadı və danışığı, gözəlliyi ilə seçilən aparıcılar çoxdur. Amma onlar indi aparıcı deyil, hansısa verilişin, layihənin ərsəyə gəlməsi üçün çalışırlar. Mən efirdə məhz onları görmək istərdim, nəinki, “kukla” aparıcıları.

- Vüsalə Kərimova gözəl görünmək üçün nə edir?

- Xüsusi bir şey etmirəm. Allah yaratdığıdır və Allahın yaratdığına müdaxilə də etmirəm. 1977-ci il təvəllüdlüyəm. 15 yaşlı oğlum var. Kosmetoloqa gecə və gündüz üzümü 2 dəfə sabunla yuduğumu deyəndə gözləri kəlləsinə çıxdı. Xüsusi kremlərdən istifadə etməmişəm. Bu “selfie” şəkilləri dəbə düşəndən sonra müşahidə etdim ki, üzümün proporsiyasında əyrilik var. Bunu stilist dostum Elnura dedim. Əli ilə üzümü yoxlayıb bir tərəfdə dişimin olmadığını bildirdi. Bu məsələni stomatoloqla müzakirə etdim. Məlum oldu ki, bir tərəfdəki ağıl dişim çıxıb, o biri tərəfdəki isə yox. Ağıl dişinin ömrü az olduğunu nəzərə alıb, olanı da çıxartdırdım. Bunu isə dişlərim çox haçalı olduğundan cərrahi əməliyyatla etdilər. Elnura dişimi çıxartdırdığımı deyəndə dəliyə döndü. “Gərək, o biri tərəfə diş qoyardın”, - dedi. Bu, mənim ağlıma gəlməmişdi.

- Gözəl görünmək üçün düzgün qidalanmaq əsas şərtdir, yoxsa makiyaj və s?

- Düzgün qidalanma vaxtı-vaxtında, normal qidalanmaya deyilir. Əgər şərtdirsə, mən o şərtə əməl etmirəm. Elə gün olur ki, yemək yemirəm. Elə gün var ki, gündə 1 dəfə yeyirəm. Elə də olur normal, gündə 3 dəfə qidalanıram. Amma formada qalmağa çalışıram. Çox gözəl vizaj edirəm. Vizaj üçün olan ən bahalı və keyfiyyətli məhsullardan istifadə etməyi sevirəm. Allaha şükür edirəm ki, məni əyər-əksiksiz yaradıb. Heç əyər-əskiyi olanlar da narahat olmasın. Dərd varsa, çarəsi də var. Elm o qədər inkişaf edib ki, sadəcə, pul lazımdır ki, ürəyin istədiyini edə biləsən.

- Həftənin 5 günü efirdəsiniz. Bu da gündəlik qrim olunursunuz, saçlarınız fenlənir, işıq altında durursunuz, deməkdir. Bütün bunlar dəriyə və saça mənfi təsirini göstərir. Bəs, həmin təsiri azaltmaq üçün nə edirsiniz?

- Düşündürücü problemdir. Makiyaj və qrimdən elə də narahat deyiləm. Çünki keyfiyyətli məhsullardan istifadə edirəm. Amma hər gün fenlənən saç istər istəməz yanır. Buna görə də taxma saçlardan istifadə edirəm. Saçlarıma isə əlləri qızıl olan stilistim Ruslan qulluq edir. Nə etdiyini bilməsəm də, ona etibar edirəm. Saçlarım həmişə yaxınlarımın da diqqətini çəkir. Məndən saçılarıma necə qulluq etdiyimi soruşurlar. Cavab verə bilmirəm. Çünki heç nə bilmirəm. Vijazistim isə Rəxşəndədir. Onun məsləhətlərinə qulaq asıram. Özümə qulluğu inanıb güvəndiyim peşəkarlara həvalə edirəm.

- “Çirkin qadın yoxdur, özünə baxmayan qadın var”, - fikri ilə razısınız?

- Tamamilə. “Çirkin” sözünü qadına yaraşdırmıram. Bu sözü “gözəl olmayan” ifadəsi ilə əvəz edək. Özünə baxmaq üçün varlı-pullu olmaq lazım deyil. Səliqə və təmizlik pul tələb etmir. Gözəllik bahalı paltarlar geyinməkdə deyil. Ola bilər ki, ən bahalı paltarı geyinsin. Yanından keçəndə tərinin iyindən baş çatlasın. Neyləyirəm o gözəlliyi? Yeraltı ticarət mərkəzlərindən 5 manata paltar alıb onu səliqəli geyinən xanım isə gül ətri verirsə, deməli, gözəl olan məhz odur.

- Hansı aparıcıları bəyənirsiniz?

- Bəyəndiyim, danışığından zövq ala biləcəyəim aparıcılar çox azdır. Onlardan biri Aytən Səfərovadır. Mən onun danışığından, zarafatlarından zövq alıram. Hətta efirdə çaşanda da vəziyyətdən elə məharətlə çıxırdı ki, adama ləzzət edirdi. Bir də Xədicə Sənanqızını çox bəyənirəm. Uzun illər Sara TV-də birlikdə çalışmışıq. İndi İTV-də işləyir. O insan televiziya üçün yaradılıb. Kişilərdən isə Rafiq Həşimovu qeyd etməliyəm. O, mənim müəllimim olub. Qüsursuz aparıcıdır. Ona qiymət verəcək insan deyiləm. Mənim nitqimin təmizliyində onun böyük əməyi var. Onu mən yeni ildə AzTV-də gördüm. Bu mənə çox xoş oldu.

- Gözəllik sirriniz varmı?

- Mən ürəyi açığam. Sirr saxlayan paxıl insanlardır. Allah hər kəsi individual yaradıb. Sirri saxlayan ürəyini qocaldar. Nəticədə yenə gözəlliyini itirər. Sirr saxlayanlara demək istəyirəm ki, paylaşın. Paylaşdıqca insan gözəlləşir. Ürəyi gözəl olanın üzü də gözəl olur.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm