• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Mahsun Kırmızıgül işə metro ilə gedir

Mahsun Kırmızıgül işə metro ilə gedir

Yeni filmi "Möcüzə"nin qala gecəsi üçün bu yaxınlarda Bakıda olan Mahsun Kırmızıgül gündəmdən düşmək bilmir. “Möcüzə” ilə əvvəlki filmlərindən daha çox uğur qazanan rejissor özünə yeni hədəflər qoyub.

Tabloid.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Mahsun Kırmızıgül jurnalist Ceker Tezelə maraqlı açıqlamalar verib.

Rejissor özünü beynəlxalq platformalarda görmək istədiyini deyib.

Mahsun rejissorluqla, aktyorluğun müğənnilikdən qat-qat çətin olduğunu etiraf edib:

“Müğənnilərdən soruşsan, ən çətin işin müğənnilik olduğunu deyəcəklər. Ancaq elə deyil. Studiyaya girib mahnı oxuyurlar, konsertlər verib böyük gəlir əldə edirlər. Kinoda isə işlər belə deyil. Tək bir film belə illərinizi ala bilər. Ssenari və hekayə ilk addımdır. Sonra məkanları tapmaq, aktyor, aktrisaları seçmək, çəkilişləri tamamlamaq lazımdır. Bununla da bitmir, bunun montajı, dublyajı, səsi var, hamısı əmək tələb edir. Əgər müğənniliyə davam etsəydim, indi kinodan qazandığımdan on dəfə çox qazana bilərdim. İki mahnı oxuyaraq böyük gəlir əldə edə bilərdim. Amma kinoya olan sevgim pulu arxa plana atmağıma səbəb olacaq qədər böyükdür. İnsanların reaksiyasından da anlayıram ki, düzgün qərar vermişəm. Bundan sonra səhnəyə ancaq xalq konserti vermək üçün çıxa bilərəm.

Mahsun Kırmızıgül məqsədinin 60 yaşına kimi 10 film çəkmək olduğunu vurğulayıb:

“Hədəfim 60 yaşıma qədər daha 10 film çəkmək, məndən sonrakı nəsillərə onları hədiyyə etməkdir. Kino sektoruna daxil olanda müğənni idim, ona görə də mənə qarşı soyuqluq var idi. Amma artıq hər şey ortadadır. Türkiyədə film çəkməklə kifayətlənmək istəmirəm, xaricdə də filmlər çəkəcəyəm və beynəlxalq aləmdə də səsimi eşidəcəksiniz. Məni Türkiyə sərhədlərindən xaricdə də izləyəcəklər”.

Bir vaxtların ən məşhur müğənnilərindən olan Mahsun ifaçılıq sənətini atmasının səbəblərinə də aydınlıq gətirib:

“Bəli, artıq musiqini atmışam. Bu qərarı verməyimə ictimaiyyətdəki ikiüzlülüyün təsiri böyük oldu. Uzun müddət aralarında olmuşam, o insanların hamısı saxtadır. Üzünə gülüb arxandan iş görürlər. O saxtakarlıqlardan bezdim. Mən kazinolarda səhnəyə çıxmışam, sektorun ən gözəl dövrlərində işləmişəm. Amma indiki dinləyici kütləsini bəyənmirəm. Pulu olanlar təəssüf ki, yaxşı dinləyici deyillər”.

Mahsun Kırmızıgül həyat tərzindən də danışıb və təxmin edildiyi kimi çox pul qazanmadığını və şöhrətli bir adam kimi yaşamadığını deyib:

“Şöhrətli bir adam kimi yaşamıram. Hər gün işə metroyla gedirəm. İş yerim Leventdədir, Taksimə kimi metro ilə gedirəm. İnsanların baxışları, maraq və əlaqəsi məni əsla narahat etmir. Az qazansam da xoşbəxtəm. Şirkətimdə bir çox dostum var, hamısı çox xoşbəxtdirlər. Bir neçə gəncin təhsil almasına dəstək oluram. Təkrar edirəm, pul arxasınca qaçmıram, mənim dünyam kinodan ibarətdir. Saçlarımı da bu sahədə işləyərkən ağartmışam. İfaçılığa davam etsəydim, bu günə qədər təxminən 100 milyon dollar qazana bilərdim. İndi isə ayda 10 min lirə ilə dolanıram. Qazandığımı şirkətimdəki insanlarla paylaşıram. Zövq aldığım tək şey dostlarımla görüşüb yemək yeməkdir, onda da pul xərcləməkdən çəkinmirəm, ən yaxşı restoranlara gedirəm. O qədərinə layiq olduğumu düşünürəm. Tək lüks xərcim yeməklərdir".

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR