Həyatından keçən onlarla kişi ona ərini unutdurmadı... - Fotolar
Bizi izləyin

Tabloid.az

Həyatından keçən onlarla kişi ona ərini unutdurmadı... - Fotolar

Həyatından onlarla kişi keçdi, ancaq o, keçmiş ərini unuda bilmədi

Cennifer Eniston Hollivudun ən cazibədar və zövqlü aktrisalarından biri hesab edilir. 80-ci illərdən başlayaraq kiçik rollarda oynayan Cennifer Eniston bu günə kimi bir çox serial və filmdə baş rol ifa edib. Onu məşhurlaşdıran isə “Dostlar” (Friends) serialındakı Raşel Qrin adlı obrazı olub. Dünya tarixində ən çox izlənilən serial olan “Dostlar” düz 10 il yayımlanıb və bunun sayəsində Cennifer fenomenə çevrilib. Aktrisa serialdakı oyununa görə “Qızıl qlobus” və “Emmy” mükafatlarının da sahibi olub.

Cennifer Enistonu gündəmdə saxlayan ikinci məsələ isə yaraşıqlı aktyor Bred Pittlə eşq yaşaması olub. Dünyanın ən yaraşıqlı kişisinin ürəyini ələ ala bilən Cennifer 2000-ci ildə Bredlə nikah masasına əyləşib.

Onlar 2005-ci ilə kimi, yəni, düz 5 il ailəli olublar. Hollivudun ən mükəmməl cütlüyü qəbul edilən Cenniferlə Bredin xoşbəxtliyi çox çəkmir. Onlar 2005-ci ildə boşanaraq pərəstişkarlarını şoka salırlar. İddialara görə, bu ayrılığın səbəbi Bredin xəyanəti olur.

Belə ki, Bred Pitt 2005-ci ildə "Mr. & Mrs. Smith” filmi çəkilərkən tanış olduğu cazibədar aktrisa Ancelina Coliyə vurulur və onunla münasibətdə olur. Bredin yuvasını Ancelinanın dağıtdığı deyilir. Ancaq həmin vaxtlar yaraşıqlı aktyor açıqlamalar verərək xanımına xəyanət etdiyini təkzib edir. Ancelina Coli isə "evli bir adamla birlikdə olmağı özümə bağışlaya bilməzdim. Elə bir şey etsəydim, aynada üzümə baxa bilməzdim. Onsuz da öz arvadına xəyanət edən adam diqqətimi çəkməzdi”, deyərək Bredin haqsız yerə günahlandırıldığını söyləyir.

Ancaq bir fakt var ki, Cennifer Breddən boşandıqdan sonra karyerasında daha sürətlə yüksəlməyə başlayır. 2007-ci ildə “Forbes” jurnalı "Dünyanın ən zəngin məşhurları" siyahısında 110 milyon dollar sərvəti olan Cenniferə 10-cu sırada yer verib.

Bred Pittən sonra Enistonun adı bir çox məşhurla çəkilir. Aralarında Jerard Batler və Con Mayerin də olduğu sevgililərin siyahıda gənc kişilər üstünlük təşkil edirlər. Aktrisa hazırda 2011-ci ildə tanış olduğu amerikalı aktyor Castin Teri ilə birlikdədir. Cütlük ötən il nişanlanıb.

Onu da deyim ki, üzərindən illər keçməsinə və Enistonun həyatından onlarla kişinin gəlib-getməsinə baxmayaraq, onun hələ də Bred Pitti sevdiyi iddia edilir. Hətta Hollivudda hər kəs bilir ki, Cennifer Eniston tez-tez Ancelina Colini təqlid edir, əsasən də geyim mövzusunda.

Aktrisanın son günlərdə isə həmkarı Lyupita Nionqonu qısqandığı deyilir. Dəvətlərdə daha şıq görünmək istəyən Cennifer bu arzusuna çatmaq üçün uzun illərdir işlədiyi stilistindən ayrılaraq, yeni bir stilistlə əməkdaşlıq etməyə başlayıb.

Beləliklə, sizə maraqlı olacağını düşünərək tabloid.az-ın “Onların stili”ndə bu dəfə Cennifer Enistonun qarderobuna nəzər yetirməyə qərar verdim.

Öncəliklə onu qeyd edim ki, Cennifer Eniston risk etməyi xoşlamır. O, klassik rənglərə, xüsusilə də qara rəngə tez-tez müraciət edir. Demək olar ki, qırmızı xalıda onu hər dəfə qara ziyafət libasında görürük. Əslində bunu uğurlu seçim hesab etmək olar. Çünki qara rəng onun mavi gözlərini və sarı saçlarını daha da ön plana çıxarır. Aktrisa ayaqlarının və sinəsinin gözəlliyinə əmindir. Ona görə də daim dekolteli geyimlər seçir. Həm ayaq, həm də sinə dekolteləri olduqca cəsurdur.

Libaslarının uzunluğu isə müxtəlif olur, gah maksi, gah midi, gah da mini paltarlar seçir.

Aktrisa boz rəngin müxtəlif çalarlarını da özünə yaraşdırır. Bəzən onu qara, bəzən isə gümüşü rənglə kombinə edir.

Cennifer ağ rəngi qara ilə kombinə etməyi xoşlayır. Ağ-qara ziyafət libasları da qarderobunda üstünlük təşkil edir.

46 yaşlı aktrisanın sevimli rənglərindən biri də ağdır. Xüsusilə də yay aylarında qaralmış dərisinə ağ rəng libasların çox yaraşdığını bilir.

Klassik rənglərdən uzaqlaşmağı sevməyən aktrisa pastel tonları, xüsusilə də krem rəngini çox xoşlayır.

Arada bir stilinə rənagrənglik qatmaq istəyəndə güllü-çiçəkli donlar, ətəklər geyinir.

Cenniferin ən sevimli rənglərindən biri də qırmızıdır. Qırmızı rəng onu olduqca seksual göstərir. Qırmızı ilə yanaşı, zoğalı və narıncı rənglərə də müraciət edir.

Əlbəttə ki, qızılı da aktrisanın sevdiyi rənglər arasındadır. Sinə dekolteli libasları ilə Cennifer Eniston çox iddialı görünür.

Gündəlik həyatda sadə şıqlıq nümayiş etdirməyə çalışır. Bir rəngli tşörtlər, cins şalvarlar, pencəklər, şortlar, köynəklər və maksi donlar geyinir. Buna baxmayaraq, əsla zövqsüz və baxımsız görünmür. Gündəlik həyatda rahatlığı ön plana çəksə də, doğru kombinlər etməyə çalışır.

Aktrisanın ayaqqabı seçimləri də zövqlüdür. Qarderobunda “Christian Louboutin”, xüsusilə də bu markanın “Iriza” seriyasından olan ayaqqabılar, “Saint Laurent”, “Vivienne Westwood”, “Alexander McQueen”, “Casadei”, “Stuart Weitzman” kimi ən bahalı brendlərin ayaqqabıları üstünlük təşkil edir.

Enistonun ən sevimli aksessuarı boyunbağılardır. Dərin sinə dekoltesini uzun, qızılı rəngli, nazik boyunbağılarla bəzəməyi çox sevir. Həmçinin, kiçik, sadə sırğalar da onun ən çox istifadə etdiyi aksessuarlardandır.

Yazının əvvəlində qeyd etdim ki, Cennifer Eniston Ancelina Colini təqlid etməkdə ittiham edilir. Mən də bu iddiaların doğru olub-olmadığını anlamaq üçün kiçik bir araşdırma etdim. Tapdığım fotoşəkillləri təqdim edirəm, özünüz baxıb qərar verin. Əlavə şərh yazmağa ehtiyac hiss etmirəm.

İndi isə keçək Hollivud gözəllərinin arasından sıyrılaraq dünyanın ən zəngin qadınları arasına daxil olmağı bacaran Cenniferin gözəllik sirlərinə. Görək 46 yaşlı aktrisa gənc görünməyi necə bacarır.

Aktrisa gözəl qadının gözəl qoxmalı olduğuna inanır. Buna görə də uzun illərdir qoxusuna heyran olduğu 4 ətirdən istifadə edir. Mövsümə uyğun olaraq “Cacharel Anais Anais”, “LV Musc”, “Clean Provence”, “Chantecaille Frangipani” adlı ətirlərdən birini seçir.

Cazibədar aktrisa üzünün gözəlliyini ananas püresinə borclu olduğunu bildirir. O, kosmetik məhsullar əvəzinə həftədə iki dəfə bir dilim ananası püre halına gətirib balla qarışdıraraq üzünə çəkdiyini deyir.

Ancaq təbii ki, bu, Enistonun kosmetik məhsullardan tamamilə imtina etdiyinə dəlalət etmir. Tənbəllik etmədim və sizin üçün gözəl ulduzun makiyaj çantasında hansı kosmetik vasitələrin olduğunu araşdırdım.

tabloid.az

“Estee Lauder” markasının fırçalı dodaq qələmi

“Bu dodaq qələmini neçə ildir istifadə etdiyimi xatırlamıram. Bütün növ dodaq boyalarını rahatlıqla çəkmək olur”, -deyən Cennifer bu qələmi daim makiyaj çantasında gəzdirdiyini deyir.

“Benefit Hello Flawless Custom” kirşanı

Cennifer Eniston illərdir ki, bu kirşandan istifadə etdiyini deyir:

"Bu kirşan üzdəki ləkələri gizlədə bilir. Makiyajı etdikdən sonra fırça ilə bu pudradan çəkirəm. Həm də makiyajın qalıcılığını artırır”.

“Neutrogena” brendinin üz təmizləmə sabunu

Aktrisa məktəb illərindən bəri bu sabundan istifadə etdiyini deyir. Getdiyi yerlərdə tapa bilmədiyi üçün həmişə yanında gəzdirir.

“La Mer The Treatment” tonal krem

Cennifer üzünün qüsursuz görünməsini bu tonal kremə borcludur.

“Dr. Hauschka” nəmləndirici gündüz kremi

Cazibədar ulduz bu kremi makiyajdan 15 dəqiqə öncə üzünə çəkir.

“Chanel” qaraldıcı kirşan

"Çəkilişim olmayan vaxtlarda yanaqlarıma rəng vermək üçün ənlik əvəzinə qaraldıcı pudra çəkirəm. Bu pudranı çox bəyənirəm. Açıq qəhvəyi rəngdədir və xəfif şəkildə parıldayır”, - deyən aktrisa makiyaj çantasındakı ən çox sevdiyi kosmetik vasitənin bu kirşanın olduğunu vurğulayır.

“Mila Moursi” brendinin üz üçün zərdabı və göz kremi

Cennifer Eniston hər səhər və axşam bu məhsullardan istifadə etdiyini deyir.

Aktrisanın daim gözəl görünmək istəyən xanımlara bir məsləhəti daha var. Cenniferin sözlərinə görə, tez-tez istifadə etdiyimiz məhsulları dəyişmək dəriyə mənfi təsir edə bilər.

Ona görə də siz də gözəlliyinizin qayğısına qalmaq istəyirsinizsə, özünüz üçün ən uyğun olan kosmetik vasitələri və baxım üçün məhsulları tapıb uzun illər onlardan istifadə edin.

Cennifer Enistonun saçlarının gözəlliyi də hər zaman diqqət mərkəzində olub. O, bu günə kimi saçlarını qəhvəyi, şabalıdı və sarı rəngin bir çox çalarına boyadıb. Ancaq ən çox sarı rəng saçları sevir. Kölgələrdən istifadə etməyi xoşlayır, bu saçlarının daha həcmli görünməsinə kömək edir. Yandan ayrılmış düz saç modelini sevir.

Təəssüf ki, bütün gözəllərin bir eybi olduğu kimi Cennin də eybi var. Ona yaxından baxanda ayaq barmaqlarının üzərində çoxlu damar və kapillyarların olduğunu müşahidə etmək olur. Ancaq aktrisa bunu kompleks etmir və açıq ayaqqabılar geyinməkdən çəkinmir.

Hollivudun ən çox axtarılan aktrisası olan Cennifer Eniston bir neçə brendin də siması seçilib. “Aveeno” kosmetika brendi ilə əməkdaşlıq edən aktrisanın reklam afişalarında saçlarının və gözlərinin gözəlliyi ön plana çıxarılıb.

Bundan başqa, “Smart water” adlı su brendinin də siması olub.

46 yaşlı aktrisa heç vaxt soyunmaqdan çəkinməyib. Elə buna görə də jurnallardan tez-tez təkliflər alıb. Onun açıq-saçıq şəkilləri dünyanın ən populyar jurnallarının üz qabığını bəzəyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm