• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Qızlıq pərdəsi arxasında gizlənən faktlar

Qızlıq pərdəsi arxasında gizlənən faktlar

Türkiyədə fəaliyyət göstərən Cinsi Sağlamlıq İnstitutu Dərnəyinin (CİSED) rəhbəri, həkim Cem Keçə "Vaginizmin öhdəsindən gəlmək" adlı kitabında qızlıq pərdəsi ilə bağlı bu günə kimi bilinən bütün tabuları yıxıb.

Ən çox satılan kitabların siyahısında birinci yeri tutan kitabda maarifləndirici məlumatlara yer verilib.

Cem Keçə yanlış fikirlərin bir çox ailəni bədbəxt etdiyini və bu problemi aradan qaldırmaq üçün bu kitabı yazdığını deyib.

Cem Keçə kitabda normal quruluşdakı qızlıq pərdəsinin normal şərtlər altında ilk cinsi əlaqə zamanı qanamalı olmadığını deyir. CİSED başqanı qeyd edir ki, ilk cinsi əlaqə zamanı qadınlar ağrı hiss etməməlidirlər.

Tabloid.az “Ailə dostu” layihəsində bu dəfə həyatları məhv edən tabuları yıxmaq üçün faydalı olduğunu düşünərək CİSED başqanının kitabında yer alan, elmi şəkildə isbat olunmuş faktları təqdim edir:

Cem Keçə şərq ölkələrindəki qadınların 80 faizində meydana gələn vaginizm xəstəliyinin əsas səbəbinin ilk cinsi əlaqə zamanı alınan travma olduğunu deyir. Qeyd edək ki, vaginizm cinsi əlaqə zamanı vagina - uşaqlıq yolu əzələlərinin qeyri-iradi sıxılması problemidir. Bu, xəstəlik cinsi əlaqəyə girməyə mane olur.

“Qızlıq pərdəsi vagina dəliyindən təxminən, 1.5-2 sm içəridə yerləşir və incə təbəqə formasındadır. Bu pərdə yalnız qadınlarda və insanların ən sevimli heyvanında - atlarda mövcuddur. Atlarda vaginizm problemi yoxdur. Çünki insanlardan fərqli olaraq onların qorxuları və tabuları yoxdur. İlk gecə və qızlıq pərdəsi ilə bağlı tabular qadınlarda vaginizm və orqazm ola bilməmə problemlərinə, kişilərdə isə sonsuzluq və erkən boşalma hallarının ortaya çıxmasına səbəb olur.

Əslində isə qadın sevişmə prosesi zamanı imtahan edilməməlidir.

Bu günahdır, sevgiyə xəyanətdir. Avropada qadınların qızlıq pərdəsinin qanaması və ilk gecə ilə əlaqədar qayğıları yoxdur. Unutmamaq lazımdır ki, ilk gecəsi xoşagəlməz xatirələrlə yaddaqalan bir evlilik yaxşı davam edə bilməz. Bir çox şərq ölkəsində cinsəllik bir imtahan kimi başa düşülür, kişiliyin və bakirəliyin isbatı kimi qəbul edilir. Qəribə deyil ki, bu ölkələrin çoxunda kişilərin təxminən, 70 faizi, qadınların isə 80 faizi cinsi problemlərdən əziyyət çəkirlər. Bütün bu problemlərin səbəbi yanlış miflərə inanmağımızdır, artıq bu yanlışları aradan qaldırmaq lazımdır”.

Cem Keçə insanların qızlıq pərdəsi ilə bağlı yanlış məlumatlandırıldığını bildirir. O, kitabında qeyd edib ki, toy gecəsi gərginliyi və stressi artan cütlüyə təzyiq göstərmək olmaz:

“Mən bu qənaətdəyəm ki, şərq ölkələrində insanlar qızlıq pərdəsi və ilk gecə ilə bağlı səhv məlumatlandırılıb. Anormal qızlıq pərdəsi çox nadir hallarda rastımıza çıxır. Ümumiyyətlə, isə qızlıq pərdələri eynidir. Mən 13 illik peşə həyatımda minlərlə xəstə görmüşəm. İlk gecə gənc qızlar üçün əsl kabusa çevrilib. Ailələrin zifaf gecəsində qızın bakirəliyinin sübutu kimi qızlıq pərdəsinin qanamasını gözləmələri gəlinlə bəyin özlərini çox pis hiss etməsinə səbəb olur. Bu gərginliyə toya hazırlaşarkən yaranan stress də əlavə olunur. Yataq otağına gərgin bir halda girən cütlüyün sekslə məşğul olmalarını tələb etmək ağılsızlıqdır. Çünki gərginlik seks üçün uyğun şəraitdə olmadığınızı göstərir.

Bütün gərginliklər nəticəsində seks zamanı qadın özünü sıxır və böyük ağrılar yaşayır. Qanama da ideal cinsi əlaqə şərtləri yaranmadığı üçün baş verir. Normal seks zamanı qadının qanaması mümkün deyil”.

Cem Keçə kişilərin ilk gecə fikirlərinin ancaq cinsi orqanlarında olduğunu və buna görə də qadının hiss və duyğularını nəzərə almadıqlarını vurğulayır:

"Evlənmədən öncə gəlin və bəy namizədləri arasında gərginlik yavaş-yavaş artmağa başlayır. “Sənin anan bunu istədi, mənim atam belə dedi” kimi müzakirələr, həmçinin ev, əşya almaqla bağlı problemlər stressi artırır. Bu gərginlik toy günü də davam edir.

Toy günü gəlin və bəy hər kəsdən fərqli geyinirlər və hamının gözü onların üzərində olur. Normal həyatda artıq vərdiş etdiyimiz işi görərkən belə bütün insanlar bizə baxsa, narahat olarıq. Toy günü bütün diqqət gəlinlə bəyin üzərində olur. Bütün bu gərginlik bəs deyilmiş kimi yataq otağında da stressli anlar yaşanır. Qapıda qızın bakirə olub-olmadığını anlamaq məqsədilə keşikdə duranlar var. Qız tərəfi bunu namus məsələsi hesab edir. Oğlan tərəfi də qızın oğullarına layiq olub-olmadığını qızlıq pərdəsi ilə müəyyənləşdirir. İçəridə isə cinsi baxımdan o qədər məlumatlı olmayan gənclər nə edəcəklərini bilmirlər. Kişinin bütün fikri cinsi orqanında olur, o erreksiya ola bilməməkdən qorxur. O an həyat yoldaşının duyğularını və ya narahatlıqlarını anlayacaq vəziyyətdə olmur. Çünki çöldə gözləyənlərə qarşı özünü isbat etmək məcburiyyətində hiss edir. Qadın isə bir az sonra başına nələr gələcəyini bilmir, o çox ağrı hiss edəcəyini və qanayacağını düşünür, ona görə də özünü sıxır. Maraqlıdır ki, gəlin bir tərəfdən də “bəs birdən qan gəlməsə?” deyə düşünərək qorxuya düşür. Çünki qan gəlməsə, ən yaxşı ehtimalla həkimə aparılacaq, alçaldılacaq, döyüləcək, bəlkə hətta öldürüləcək. Yəni qadının sekslə ilk tanışlığı ağrı və qorxu ilə olur.

Ancaq normal cinsi əlaqə belə olmamalıdır. Oğlan qızı seksə hazırlamalıdır, ön sevişmə müddəti nə qədər uzun olsa, o qədər yaxşıdır.

Qadın özünü nə qədər sıxsa, kişi nə qədər çox tələsik davransa, ağrı və qanama o qədər çox olur”.

CİSED rəhbəri bildirir ki, ilk gecəni normal və rahat keçirən cütlüklər də var, ancaq onlar da başqa bir problemlə üzləşirlər:

“Bəzi cütlüklər ilk gecə rahat olurlar, qanama və ağrı kimi problemlər yaşamırlar. Ancaq bu dəfə də kişinin ağlında başqa bir sual yaranır: “Görəsən, bu qız daha əvvəl başqa biriylə əlaqəyə giribmi?”

İnsanlar bilmirlər ki, normal olan budur, əslində ağrı və qanama olmamalıdır. Bu səhv məlumatlanma bir çox yanlış anlamalara gətirib çıxarır. Qızlıq pərdəsi elastikdir və bütöv deyil, yəni ortasında dəlik var. Əks halda qadın mensturasiya ola bilməzdi”.

Cem Keçə zifaf gecəsi üçün tövsiyələr:

“Kişi tələsməməlidir. Həyat yoldaşının duyğularına xitab etməli, onu ehtirasa gətirməlidir. Qadın özünü sıxmamalı, utanmamalıdır. Qadının cinsi orqanı islanmayıbsa, cinsi əlaqəyə girmək olmaz. Mümkün olduğu qədər stressdən uzaqlaşın. Cinsi əlaqəyə girməyi ayıb, qadağan və ya günah kimi qəbul etməyin. Ancaq bu mövzunun məhrəm olduğunu nəzərə alaraq ailələrin müdaxiləsinə icazə verməyin.

Özünüzü rahat hiss etmirsinizsə, ilıq su ilə duş qəbul edin. Hətta bir-birinizə masaj da edə bilərsiniz. Bütün bunlara baxmayaraq, gərginliyiniz davam edirsə, o gecə sevişmək məcburiyyətində deyilsiniz. Özünüzü nə vaxt hazır hiss etsəniz, onda birlikdə olun.

Toy və evlilik həyəcanı cinsi istəyinizin azalmasına səbəb ola bilər, bu sizi qorxutmasın. Əgər 10-12 gün keçməsinə baxmayaraq, cinsi əlaqəyə girə bilməzsinizsə, həkimə müraciət etməlisiniz".

Tabloid.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR