Elnarə: “Onun başına dönüm. Yoldaşımdan danışırsan?” Fotolar
Bizi izləyin

Tabloid.az

Elnarə: “Onun başına dönüm. Yoldaşımdan danışırsan?” Fotolar

Elnarə:“Kim mənə çıxarıb bir manat verir?”

Onun bu qədər sevildiyini desələr, inanmazdım. Ona görə yox ki, sevilməyə layiq deyil. Əksinə, barmaqla göstəriləcək sayda səs sahibi olduğundan diqqəti özünə çəkə bildiyinə şübhəm vardı. Sən demə, özünəməxsus səsi, danışığı, əməlləri ilə o, çoxdan könülləri fəth edib.

Bir ailənin qızı, bir ailənin gəlini olan Elnarə Abdullayeva nəinki su çəkdirdiyi kiçik bir kəndin, səsi, cəsarəti və güclü xarakteri ilə bütün elinin, obasının sevimlisi imiş. Səsinə valeh olanların sayı isə hər halda bu gün və sabah keçiriləcək konsertinə gələcək insanların sayı ilə ölçülməməlidir. Onlar Elnarəni sevsə də, konsertinə gəlməyə vaxt və pul tapanlardır. Qalanları isə onu heç konsertinə gəlmədən də sevənlərdir ki, biz onların dəqiq sayını bilmirik...

Tabliod.az-ın müsahibi xanəndə Elnarə Abdullayevadır.

- Bu gün ilk konsertiniz olacaq... 8 ildir arzusunda olduğunuz bir konsertin həyacanı çoxdurmu?

- 8 il nədir? Mən 70 ildi koxalıq edirəm. 8 il sadəcə, Asif müəllimlə iş birliyimizdən irəli gələn yaxın tarixdir. Hələ Asəf Zeynallı adına Musiqi Məktəbində oxuyandan, yəni 1998-ci ildən konsert mənim eşqim, həvəsim olub. Nəhayət, Allah qismət eləyib ki, “Biz zəfər çalacağıq” adlı 2 günlük konsert proqramı ilə çıxış etməyə hazırlaşıram. Həyəcan təbiidir. Hansısa bir sənətkarın neçənci konserti olmasından asılı olmayaraq, həyəcansız çıxışına inanmaram. Hazırlıq prosesindən nə qədər uzaqda da qalsam, onun məsuliyyətini daim hiss edirəm. Mənə elə gəlir ki, həyəcan insanı hətta öldürə də bilər. Üstəlik, söhbət məndən gedirsə... Məsuliyyət elə əvvəldən məni öldürür. Həyəcana gəlincə, girəcəm konsertə, gözümü yumub oxuyacam. Gözümü bir də konsertin sonunda açacam.

- Niyə bu adı seçdiniz?

- Bu ad elə məşq prosesindəcə ortaya çıxdı. “Qarabağ şikəstəsi” ilə böyük bir kompozisiya hazırlamışıq. Onun məşqlərində düşündük ki, zəfərimizi konsertimizin adında vurğulayaq. Çünki bu zəfər hər birimizə aiddir. Mənə olduğu qədər sizə də məxsusdur. Nəinki vətənin müdafiəsində, elə işdə, gündəlik həyatda, mənim üçün bax, elə bu konsertdə zəfər hər şeydən vacibdir.

- Konsertinizin artıq çoxdan gözlənilən olduğu bilet satışlarından da göründü. Bu sevgiyə konsertin repertuarı ilə qarşılıq verə bilərsiniz. Repertuarda nələr var?

- Repertuar, sözün əsl mənasında çox zəngindir. Bəstəkar mahnıları, aşıq mahnıları, xalq mahnıları, muğamlar, təsniflər var. Çalışacağıq ki, camaat darıxmasın. Gəldiyi konsertdən zövq alsın. Bir muğamı götürüb üsuluna görə, saatlarla onu oxumaq fikrim yoxdur. Dədə-baba muğamlarından ibarət repertuarla Muğam Mərkəzində heç nəyə müdaxilə eləmədən konsert verərik.

- Konsert neçə saat olacaq?

- 2 saat

- Əvvəlcə 1 gün nəzərdə tutulsa da, sonradan daha bir gün də əlavə etdiniz...

- Deyirdim bəlkə gücüm çatmaz. Amma boynuma qoydular. Fevralın 21-də də konsertim olacaq. Bu, həqiqətən də tamaşaçıların istəyi ilə baş tutacaq. Həmişə fikirləşmişəm ki, bilet almağa camaatın pulu olmaz. Bilirsiniz də, muğamsevərlər ya həddən artıq varlı, ya da həddən artıq kasıb olanlardır. Amma çox sağ olsunlar. Vara-yoxa baxmadan bu gecə məni o böyük konsert salonunda tək buraxmadılar. Mən tamaşaçılarımın qarşısında baş əyirəm.

- Asif Kərimov efirə çox çıxdığınıza görə irad tutdu sizə. Məşqlərə nə qədər zaman ayırırdınız? Yəni, böyük tələbat olan bu konsertə nə qədər hazırlıqlısınız?

- Məşqə çox vaxt ayırırdıq. Düzdü, konsertin olduğu kimi, məşqin də necə təşkil olunmasından xəbərim olmadı. Məşqdə iştirak edən 30-a yaxın insanın eyni vaxtda necə yığılmasından, ümumiyyətlə, konsertin bütün təşkilati işlərindən uzaq oldum. Ancaq deyilən vaxtda məşqə gedirdim, vəssalam. Üzərimə düşən bir oxumaqdır, ona da ki, həmişə hazıram.

- Sizin konsertiniz reallaşmaq üzrədir. Bəs, xəyalınızdakı konsert necədir?

- Konsert artıq realdı. Bu, mənim xəyalımın reallaşmaq üzrə olduğuna dəlalət eləmirmi?

- Axı, bu konserti Asif Kərimov qurub. Demək ki, o, Elnarə Abdullayevanın öz xəyalında canlandırdığı konsertini qurur. Bu, onun xəyalındakıdır yəni...

- Asif müəllimlə, görün, neçə ilə dayanan iş birliyimiz var. O, mənim nə istədiyimi bu illər ərzində öyrənib, bilir. Onun qurduğu konsert elə mənim marağımda olandır. Başqasının marağı üzərində iş qurmaq olmaz ki. Bizim bir marağımız var. Bizim musiqi ruhumuz biri-birini tamamlayır. Mən çərçivəyə girən adam deyiləm. Asif Kərimovla bizim bir musiqi azarımız var.

- Konsertinizdə kimi görmək istəyirsiniz?

- Mən hamını görmək istəyirəm. Xüsusən, yaşlı nəslin nümayəndələrini.

- Xüsusi dəvət etdikləriniz varmı?

- Əlbəttə. Canəli müəllimi, Arif müəllimi, Alim müəllimi, Mənsum müəllimi, Əlibaba müəllimi, Mələkxanımı görmək istəyirəm. Ancaq kimin olub-olmayacağını bilmirəm. Çünki Muğam festivalı ilə əlaqədar olaraq, onların hansının konsertdə iştirak imkanının olacağını bilmirəm. Onların hər biri planını əvvəlcədən tutan adamlardır. Bütün sənətkarlara hörmətim var. İntəhası, yalnız münasibətim olanları dəvət edə bilərəm.

- Siz sənəti ilə sevilən müğənnisiniz. Ancaq sözləriniz qalmaqallara səbəb olur. Beləliklə də sənətinizlə yanaşı, qalmaqallarla da gündəmə gəlirsiniz? Bu nədən qaynaqlanır?

- Özümə aid fikirlərim qalmaqaldırsa, olsun, nə deyirəm. Bilirsiniz də, heç kimlə işim yoxdur. Heç kimə söz atmıram, şəxsi işlərinə qarışmıram. Buna mənim ailəmdən aldığım tərbiyə də yol verməz. Çox mehribanam. Ancaq kiminsə xoşuna gəlməyəcək deyə gördüyüm dünyanı dəyişməyəcəm ki. Xoşuna gələn eşitsin, gəlməyən eşitməzdən gəlsin. Mən bu xarakterdə doğulmuşam.

- Televiziya verilişləri arasında fərq qoyursunuzmu?

- Bütün telekanallara da, verilişlərə də hörmətim var. Seçmirəm, mənim nəyimə lazımdır. Çağırırlar, gedirəm. Orada nədən söhbət getdiyindən mənə nə. Mənə aid sual olarsa, cavab verərəm, olmazsa, mahnımı oxuyaram, vəssalam.

- Sənət adamlarının yeganə qazanc yeri toylardır. Oradan qazanır, konsert keçirirlər. Sizin konsertin sponsoru da özünüzsünüz...

- İndiyədək konsert vermirdim, ona görə ki, pulum yox idi. İndi isə pulum var. Bu konsertdə nə sponsor var, nə də dəstək verən. Çünki xaraktercə sözgötürən adam deyiləm. Heç kimə ağız açıb nə isə istəmək də xarakterimə yaddır. Bilirsiniz ki, elə-belə, xoşluqla heç kim adama pul verməz. Bu konsertə qərar verəndə gözümün önünə çox vəsait xərclənəcəyini almışdım. Mən bu günü Allahdan istədim, heç kim yox, məhz Allah konsert keçirməyi mənə nəsib elədi. Odur ki, konsertdən hər hansı xeyir də gözləmirəm. Mənim üçün əsas odur ki, illərdir arzuladığım bir xəyalım gerçəkləşir. Asəf Zeynallı adına Musiqi Məktəbində oxuduğum illərdə Saraya həsrətlə baxıb düşünürdüm ki, görəsən, mənim də burada konsertim olacaqmı? Allah bu günü mənə ehsan elədi. Toya gəlincə, qazanc yerimizin ağzını hansı tərəfə fırlatsan, toya gedib çıxır. Özünə mənəm-mənəm deyən sənətkarlar da toydan qazanır. Onların şəxsi biznesi yoxdur ki. Hamımız toydan qazanırıq. Qazandığımızla da sənətimizə özümüz sponsorluq edirik. Budur, mən də konsertə hazırlaşıram. Kim mənə çıxarıb bir manat verir? Hamı müəyyən məqsədlə, öz marağı çərçivəsində hansısa kömək edir. Elə-belə heç kim kömək etməz.

- Konsertdə ailəniz də olacaq?

- Əlbəttə. Onun başına dönüm. Yoldaşımdan danışırsan?

- Həm o, həm də digər ailə üzvləriniz... hamını nəzərdə tuturam.

- Başından bəri hamı “smirna” dayanıb ki, görsünlər mən onlara nə iş tapşırıram. Bizdə anlaşma, ailə mədəniyyəti, ailə tərbiyəsi var. Ailəliklə baş-başa verib işimizi görürük. Burda da qəribə və təəccüblü bir şey yoxdu. İşimin qulpundan ailəm tutmalıdır, başqası gəlib mənə iş görəcək?

- Tamaşaçı sevgisi qazanan və sənətdə artıq müəyyən mərtəbəyə çatan sənətkarlardansınız. Bu mərtəbəyə çatmağınızda bəxtinizin rolu çoxdur, yoxsa əməyiniz böyükdür?

- Hər ikisi. Bu, ilk növbədə Allahın verdiyi qismətdir. Sonra isə böyük zəhmət. Anadan əmdiyim burnumdan gəlib bu mərtəbəyə çatana qədər.

- İnsanlığı kimdən öyrənmisiniz?

- İnsanlığı anamdan, atamdan, ailəmdən, sənəti Ağaxan Abdullayevdən öyrənmişəm.

- Məktəb adama bir şey öyrədirmi?

- O vaxt öyrədirdi, indi bilmirəm.

- Özünüzü necə xarakterizə edirsiniz?

- Çox mehriban adamam. “Belinə mindir, məni apar”, desən, inan ki, apararam. Lovğalığı, təkəbbürü sevmirəm. Kiminsə arxasınca danışmağı xoşlamıram.

- Sizi bir az kobud xanım kimi xarakterizə edirlər. Bu fikirlə razısınızmı?

- Qətiyyən. Kobud deyiləm. Çox səmimiyəm.

- Sevmədiyiniz cəhətiniz var?

- Əslində sadəliyim olmasaydı, yaxşı olardı. Ancaq başqa cür bacarmıram. Hərdən deyirəm ki, keşkə, bu qədər sadə olmasaydım... Lovğalananlara baxıb, istəyirəm mən də bir-iki gün lovğalanam. Görürəm ki, alınmır. Dərhal da fikrimdən daşınıram. Fikirləşirəm ki, yaxşısı elə budur. Onsuz da xasiyyət dəyişmir ki.

- Erməni yazarının səsinizdən təsirləndiyini eşitdik...

- Hətta elə təsirlənib ki, mənim haqqımda kitab da yazıb

- O kitabı oxumusunuzmu?

- Yox, hardan oxuyacam.

- Konsertinizdə uğur arzulayırıq. Axarıncı olsun...

- Təşəkkür edirəm.

Fotoqraf Rəşad Abbasov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm