Elşad Eyvazlı: “Onların görüşü soyqırımından da dəhşətli idi”
Bizi izləyin

Tabloid.az

Elşad Eyvazlı: “Onların görüşü soyqırımından da dəhşətli idi”

Tabloid.az-ın müsahibi bir gecənin onların həyatında oynadığı rolu əvvəlcə sözə çevirib sətirlərə köçürən, sonra isə lentə alıb yaddaşlara yazan Elşad Eyvazlıdır

Xocalıda gerçəkləşdirilən soyqırımı aktının növbəti ildönümü ilə əlaqədar ölkəmizdə və xaricdə bir sıra tədbirlər həyata keçirilir. Xüsusən, türk soyqırımının tanıdılması, Xocalıda həyata keçirilən erməni vəhşiliyi haqqında məlumatların dünyaya çatdırılması istiqamətində fəal iş aparılır.

"Xocalıya ədalət" kampaniyası çərçivəsində bu günlərdə maraqlı bir layihə ictimaiyyətə təqdim olunub. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının nəzdində yaradılan Media İşçi qrupunun hazırladığı həmin layihənin qəhrəmanları ermənilərin Xocalıda reallaşdırdığı, bütövlükdə insanlıq əleyhinə yönəlmiş cinayətin qurbanlarıdır. Dünyanı öz həqiqətlərimizə inandırmaq üçün onlardan güclü fakt yoxdur.

Onlar 25 nəfərdir. Hər iki valideynindən məhrum olmuş 25 gəncdən ən kiçiyinin artıq 23 yaşı var, yəni, o, soyqırımı ilə yaşıddır.

Tabloid.az-ın müsahibi bir gecənin onların həyatında oynadığı rolu əvvəlcə sözə çevirib sətirlərə köçürən, sonra isə lentə alıb yaddaşlara yazan bir şəxsdir. Bu günlərdə təqdimatı olan “Böyüməyən uşaqlar” sənədli filminin ssenari müəllifi, Media İşçi qrupun və “Modern.az ”saytının rəhbəri Elşad Eyvazlı ərsəyə gətirdiyi kitab və film haqqında danışıb. Hazırda Türkiyədə olan müəllif “Xocalıya ədalət” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərə rəhbərlik edir.

- Ata-anasını Xocalı soyqırımının reallaşdırıldığı gecə itirən, bu savaşın ən acı üzünü göstərən 25 gənci tapıb əvvəlcə bir kitabda, sonra bir filmdə birləşdirmək fikri çox ağıllı bir qərar olub. Bu, hardan ağlınıza gəldi?

- Onları əvvəlcə saytımızda, sonra real həyatda birləşdirdik. Bu işin əsasını da 4 il əvvəl qoymuşuq. İlk dəfə 2011-ci ildə Mehdi Əliyevlə müsahibə götürdük. Mehdi Əliyev Xocalı faciəsi zamanı həm atasını, həm də anasını itirən 25 uşaqdan biri idi. Onunla müsahibədən sonra uşaqların hamısını tapıb müsahibələrini verməyi düşündük. Axtarışlarımız xeyli vaxt apardı. Mehdidən 2 il sonra, 2013-cü ildə daha 3 uşağı da tapdıq. Onlarla da “Modern.az” saytında yazı getdi. Yazıları oxuyandan sonra isə kitab barədə düşünməyə başladım.

- Kitab fikrinin reallaşdırılması uğurlu nəticə verdi...

- Uğurlu olacağı fikrinə əvvəlcədən inanırdım. Çünki dünya əhalisi gəlib keçmiş çoxlu faciələrə şahid olub. Elə indinin özündə dünya hər gün İŞİD-in yaşatdığı yeni dəhşətlərlə çalxanır. Nəticə etibarı ilə, siz də razılaşarsınız ki, indiki dünyanı faciələrin stasitikası ilə heyrətləndirmək mümkün deyil. Ona görə də bu dünyanı daha çox insan taleyi, ayrı-ayrı şəxslərin acı hekayələri ilə tərpətmək mümkün olacağına inandıq. Odur ki, ayrı-ayrı xalqların ürəyinə məhz insanların, xüsusən, uşaqların yaşadıqları ilə yol tapa biləcəyimizi düşündük. Bu düşüncə ilə də kitab hazırladıq. Ancaq kitabın bu qədər ciddi təsirinin olacağını da hesablamamışdım. “Böyüməyən uşaqlar” kitabı çıxdıqdan sonra çox böyük əks-səda doğurdu. Nazirlər səviyyəsində reaksiyalar oldu. “Nazirlər səviyyəsində” deyərkən bunu kitaba olan diqqətin miqyasını müəyyənləşdirmək üçün örnək məqsədi ilə xüsusi vurğuladım.

- Kitab Xocalını dünyaya tanıtmazdan öncə, hər iki valideynini o gecədə itirən uşaqları cəmiyyətə tanıtdı...

- Bəli. Onları əvvəlcə elə özümüzün tanımağımız lazım idi. Bir gecədə tamam yetim qalan 25 uşaq bizdən xəbərsiz böyüyürdü. Onların hansı acılardan keçib, hansı məhrumiyyətlərə dözüb böyüdüklərini illər sonra da olsa, bilməliydik. Bir millət olaraq bunlardan xəbərimiz olmalıydı. Artıq onları tanıyırıq. Biz tanıyandan sonra onları da biri-biri ilə tanış eləmək qərarına gəldik. Sizi inandırım ki, indi də həmin görüşün təəssüratı altındayam. Hamısını dəvət etdik. Bir qəsəbədə doğulan, ayrı-ayrı yerlərdə böyüyən, gecənin birində bütün taleyi dəyişən uşaqların biri-birinə münasibətini maraqla, dəhşətlə, göz yaşları ilə izlədik. Onların görüşü soyqırımından da dəhşətli idi. Biri-birini xatırlamağa çalışır, hətta bağçadan “tanış” çıxırdılar. Təsəvvür edin, biri o birindən soruşur ki, sən filan bağçadakı filankəs deyilsənmi? Qucaqlaşdılar, ağlaşdılar, danışdılar... Bir sözlə, çox təsiredici oldu. İndi onların ən kiçiyinin 23 yaşı var. Xocalı Soyqırımı ilə yaşıddır.

- Kitabın yaratdığı əks-səda başqa dillərə tərcüməni zərurətə çevirdi, yoxsa, bu, əvvəlcədən nəzərdə tutulmuşdu?

- Kitabın səbəb olduğu maraq başqa dillərdə, başqa ölkələrdə də maraqla qarşılanacağından xəbər verirdi. Bu fikir özü də maraqla qarşılandı. Bundan başqa, kitab hazırlanması üçün deputat Fuad Muradovla Rövşən Rzayev böyük dəstək verdilər. Bu il isə Azay Quliyev də dəstək verərək bu məsələdə istənilən köməyə hazır olduğunu dedi. Qarabağ icmasının sədri Bayram Səfərov da bu məsələdə dəstəyini əsirgəmədi. Nəticədə alman, ingilis və türk dilinə tərcümə olunaraq çapdan çıxdı. Ümumilikdə, 10 minə yaxın nüsxə ilə Avropada satışa çıxartdıq. Kitab dükanlara paylanandan qısa müddət sonra oxucu marağı cəlb etmişdi. Kitablardan bütün ölkələrin parlament üzvlərinə, nazirlərinə yolladıq. “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu işlər davam etdirilir.

- Dünyada da Azərbaycandakı effekti verdimi? Kitab və Xocalı faciəsi onların diqqətini çəkdimi?

- Deyə bilərəm ki, əcnəbiləri heyrətləndirmək mümkün oldu. Bizim bu iş Xocalıyla bağlı dünyaya səs salıb. Elə bir nümunə deyim sizə. Kitab alman dilində 20000 nüsxə ilə çıxıb. Mətbəə kitabın ən az 80 faizini satacağına dair müqavilə imzalayıb.

- Film necə, kitabın yaratdığı əks-sədanı artıra biləcəkmi?

- Bunun üçün əlimizdən gələni edirik. Filmin İsraildə təqdimatı keçirilib. Almanyada, Türkiyədə, Kıprısda və Gürcüstanda isə bu gün təqdimatdır. Axşamüstü saat 5-də İstanbulda Mərmərə Universitetində keçiriləcək təqdimat Türkiyənin 2 telekanalı vasitəsi ilə canlı yayımlanacaq.

- Türkiyədə bu işlərə özünüz rəhbərlik edirsiniz?

- Bəli. Almaniyada Almaniya-Azərbaycan mədəniyyət evi, Toğrul Əziz, Kıprısda Yaxın Doğu Universitetin prorektoru Fəxrəddin Sadıqoğlu və tələbə Toğrul Salehli, Gürcistanda Xətai Əzizov, Türkiyədə isə mən özüm təşkilati işlərə rəhbərlik edirəm.

- Həmin uşaqlar “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlərə cəlb edilibmi?

- Əlbəttə. Onlardan 4-ü Moskvada, 1-i isə Türkiyədədir.

Qeyd edək ki, QHT Şurasının "Şuşaya azadlıq" kampaniyasında Media İşçi Qrupunun rəhbəri Elşad Eyvazlının ssenarisi əsasında çəkilən “Böyüməyən uşaqlar” filminə texniki dəstək “İrəli” Gənclər Təşkilatına aiddir. Filmin məsləhətçisi Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurası Beynəlxalq əlaqələr komissiyasının sədri, fəlsəfə doktoru Cavanşir Feyziyevdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm