• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Ruhəngiz: ”Plastik əməliyyatda hər şey qəbul edirəm, bircə...” - Fotolar

Ruhəngiz: ”Plastik əməliyyatda hər şey qəbul edirəm, bircə...” - Fotolar

Özünəməxsus səsi, imici, stili olan xanım müğənni Ruhəngiz Allahverdiyeva çoxlarının sevimlisinə çevrilib. İllərin sənətkarı harada unudulsa da, el şənliklərində yaddan çıxmayıb. Onun həmişə öz auditoriyası olub. Məclislərin bəzəyi olan xanım sayılıb-seçildiyi el şənliklərini sadəcə səsi ilə deyil, həm də əl işləri ilə bəzəyib.

Tabloid.az-a müğənni ilə müsahibəni təqdim edir:

- Deyəsən. Xəstələnmisiniz...

- Elədi. Xəstəliyə tez tutuluram. Qohum qardaş hamısı xəstədir. Onlardan da mənə keçir.

- Heç səsiniz gəlmir... Sənətdə nə var, nə yox? Yenilikləriniz varmı?

- Yeni duetlər ifa edəcəyəm. Bir müğənni ilə deyil, bir neçə həmkarımla birgə mahnı ifa edəcəyik.

- Sizi əksəriyyət elə Səməd Səmədov ilə duetlərlə sevib...

- İlk duetlərim sovet dövründə olub. Brilliant Dadaşova ilə Akif İslamzadə və biz olduq. Bizdən sonra duet oxuyan çox oldu. Əlbəttə, hər sənətçinin də özünəməxsus auditoriyası və gözəllikləri olub.

- Sizcə, duet ortaqları yaşa önəm verməlidir?

- Yox, bunun yaşa aiddiyyatı yoxdur. Dünya ulduzlarına baxın. Cavanlar fəxr edir ki, yaşlı nəsildən kiminləsə duet ifa edib. Hər şeydə təcrübə öz sözünü deyir. Adicə həkimə gedəndə yaşlı, təcrübəli həkimlərə üstünlük verirlər. Bu, həqiqətdir ki, antik əşyanın qiyməti üzərində olur. Bir müğənninin səsində duet gözəl alınırsa, bunun yaşa dəxli olmamalıdır. Yaşlı sənətkarlarımızın hələ çox həsrətini çəkəcəyik. Biz bu gün Xan Əmidən fəxrlə danışır, Şövkət xanıma, Rübabə Muradovaya, Rəşid Behbudova həsrətlə qulaq asırıq. Amma mən xoşbəxtəm ki, mən onların dövründə səhnəyə gəlib, onları görmüşəm.

- Ruhəngiz xanım, bəziləri Elnurun Türkiyədə qələbəsini əsas gətirərək Azərbaycanda sənətçiyə düzgün qiymət verilmədiyini iddia edir. Sizcə, bu, belədir?

- Verilməsəydi, o qədər sənətçilərin içində onu seçib “Eurovision” musiqi yarışmasına göndərməzdilər. Onu seçib göndərmək özü qiymətdir də. Elnur bizim fəxrimizdir. O, Azərbaycanın adını ucaltdı. Nə olsa da, vətənimizin adını unutmaq olmaz. Elə xalq artistləri var ki, mən onlardan əvvəl oxuyuram. Onların adı var, mənim yox. İndi çıxıb deyim ki, niyə mənim adım yoxdur? Bu düzgün deyil, axı.

- Ruhəngiz xanım, əvvəllər sizi ancaq dəbdəbəli paltarlarda görərdik. Amma artıq belə libaslarda efirə çıxmırsınız...

- Bəsdir. Tamaşaçını yormuşdum. Onlar da deyirdi ki, nə vaxta qədər sizi belə görəcəyik? İndi qısa paltarlar geyinərək dəyişiklik etdim.

- Bəs, özünüz Barbi obrazınız üçün darıxmırsınız?

- Çox... El şənliklərinə dəvət olunanda bəzən məhz o tərzdə geyinməyimi xahiş edirlər. Hiss edirəm ki, sevənlərim də o obrazım üçün darıxırlar.

- Bəs, o paltarları neynədiniz?

- O paltarlarım mənim muzeyim kimi qalır. Mən o geyimlərimlə sevilib, insanların yaddaşında qalmışam. O paltarların hamısının modellərini mən vermişəm.

- Tarixə çevrilən paltarlatınızı auksiona çıxartmaq fikriniz var?

- (gülür) .Yox, ancaq hədiyyə edərdim bütün paltarlarımı. Saxlayıb nə edəcəyəm ki?

- Ruhəngiz xanım, 2 oğlunuz, 1 qızınız var. Nə əcəb heç biri sizin yolunuzu davam etdirməyib?

- Balaca oğlum aktyor olmaq istəyir. Rus dilli olduğu üçün mən ona kömək edə bilmirəm. Azərbaycan dilində danışır, amma rus aksenti var. 23 yaşındadır. Özü də aktyor olmaq arzusundadır.

- Bürclərə nə qədər inanırsınız?

- Çox inanıram. Xüsusilə də, Tamara Qlobaya inanıram. Onun yazdıqları həyatımda reallaşıb.

- Konsert niyə vermirsiniz?

- Əgər mən konsert verəcəyəmsə, bu, yalnız Heydər Əliyev sarayında baş tutmalıdır. Kiçik məkanlarda konsert keçirə bilmərəm. Mən illərin sənətkarıyam. Mən Azərbaycanın bütün rayonlarında, xarici ölkələrdə konsertlərim olub. Bakıda isə ancaq sarayda konsert vermişəm.

- Ruhəngiz xanım, plastik əməliyyata necə münasibət bəsləyirsiniz?

- Normal. Əndazəsində olar. Elə mən də, lazım olsa, əməliyyata girməkdən çəkinmərəm. Elə makiyaj edərəm ki, tamam fərqli görünərəm. Düşünürəm ki, insanların işinə qarışmaq düz deyil. Kim nə edir, özü bilər. Bunun heç kəsə dəxli yoxdur. Mənim sənətimlə maraqlansınlar. Plastik əməliyyat sahəsində hər şeyi qəbul edirəm. Bircə, üzə silikon qoyulmasını sevmirəm. Ancaq kimsə bunu edirsə, canı sağ olsun. “Özü bilər”, - deyirəm.

- Həmkarlarınızın bəziləri, rəqqasələr bu gün xına mərasimləri təşkil edir. Vaxt var idi, siz edirdiniz. Daha bu işlərlə məşğul olmursunuz?

- Mən bir çox sahədə cığır açmışam. Ancaq bu işin əziyyəti çoxdur. Ona görə də atdım bu sənəti. Düzəltdiyim kuklaları ya qırır, ya da götürüb aparırdılar. Heç kim nəzərə almırdı ki, mən onlara yuxusuz gecələrimi həsr etmişəm. Özüm də durub nəzarət edə bilmirdim. Mən sənətkaram, kukla qoruya bilməzdim ki... Çoxusu düzəltdiyim kukları cibinə qoyub aparırdı. Əslində, pis baxmıram. Hər halda xoşu gəlirdi ki, aparırdı. Halal xoşu olsun. Amma düşünmürdülər ki, o, mənim iş aksessuarımdır. Başqa sözlə, satmağa qıymadığım əl işlərim gözümün qabağında ya qırılır, ya da oğurlanırdı. Xaricdən gələn qonaqlarım olub ki, düzəltdiyim milli musiqi alətlərini pulla almaq istəyib. Ancaq hərəsindən bir nüsxə olduğu üçün heç kəsə satmamışam.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR