Bəşər Əsəd üçün konsert verən türk rok qrupu - VİDEO -FOTO
Bizi izləyin

Tabloid.az

Bəşər Əsəd üçün konsert verən türk rok qrupu - VİDEO -FOTO

“Yorum” (Türkiyədə onlar belə çağrılır Grup Yorum) qrupunun fevralın 14-dən etibarən başladığı aclıq aksiyası iki həftədir davam edir.

Türkiyənin məşhur solçu musiqi qrupu olan “Yorum” (Türkiyədə onlar belə çağrılır Grup Yorum) qrupunun fevralın 14-dən etibarən başladığı aclıq aksiyası iki həftədir davam edir.

Milyonlarla insanın ürəyini ovsunlayan və Anadolu xalq musiqisi ruhunda olan mahnılarıyla 29 ildir ki, populyarlığını itirməyən qrup üzvlərinin tələbləri hələlik Türkiyə hakimiyyəti tərəfindən yerinə yetirilməyib.

Qrupun üzvü Əli Araclı aclıq aksiyası keçirmələrinin səbəbləri barədə Türkiyənin yerli mətbuatına açıqlama verərək bildirib ki, aclıq aksiyasına ilk növbədə “Yorum” qrupu üzvlərinin ölkədən kənara çıxmasına hakimiyyətin qoyduğu qadağanın aradan qaldırılması məqsədilə başlamışıq.

Əli Araclının sözlərinə görə, son bir ildə AKP hakimiyəti “Yorum” qrupuna qarşı hücumları artırıb, qrupun çıxardığı albomun satışına qadağa qoyur, həbslər təşkil edilir, işgəncələr verilir, məhkəmə onun üzvlərinə ev həbsi qərarı çıxarır və qrup üzvləri haqqında dosyelər hazırlanır.

Bununla AKP hakimiyyəti siyasi bir qərarla “Yorum” qrupunu susdurmaq və qrupun fəaliyyətinə son qoymaq istəyir.

Qrup üzvlərinin sözlərinə görə, AKP hakimiyyətini qəzəbləndirən onların ötən il iyun ayının 28-də Suriyanın Tartus şəhərində prezident Bəşər Əsədin dəvətilə coşqulu konsert vermələri səbəb olmuşdu.” Yorum” qrupunun Tartusda konsert verdiyi tarix İstanbulda Gəzi hadisələri baş verən günlərə təsadüf etmişdi. Qrup üzvləri Gəzi parkındakı etirazçılara Suriyadan salam göndərmiş, və həmrəylik nümayiş etdirərək AKP hakimiyyətini faşist üsuli-idarəsiylə ölkəni idarə etdiklərini bəyan etmişdilər. Konsert zamanı səhnədə Bəşər Əsədin böyüdülmüş şəkli asılmışdı. Onlar Bəşər Əsədə Amerika imperializminə qarşı mübarizə apardığı üçün dəstəklədiklərini söyləyirdilər. Konsertlərini başa çatdırdıqdan sonra isə heç nə olmamış kimi vətənə qayıtmışdılar.

Fəqət “Yorum”çuların belə musiqili siyasi yozumu Türkiyə cəmiyyətində böyük narazılıq və çaşqınlıqla qarşılanıb. Məşhur sənətçi, kamera musiqiçisi Fərhad Tunc yüz əlli mindən suriyalının qətlinə səbəbkar olan bir diktatorun şəkili altında konsert verməyin heç bir ölçüyə sığmadığını söyləyib.

Amma fərqli düşünən türkiyəlilər də çoxdur. Belə ki, İstanbulun Şişli məhəlləsindəki Kazova Diren mədəniyyət Mərkəzində aclıq aksiyasını davam etdirən qrup üzvlərinə baş çəkmək üçün hər gün bu ünvana yüzlərlə vətəndaş və media nümayəndəsi gəlir.

Folk-rok üslubunda mahnılar ifa edən qrupun keçirdiyi aclıq aksiyasının məqsədini göstərən açıqlamada belə yazılıb;

Xalqların nəğmələri sərhəd tanımaz ,

Grup Yoruma sərhəd qoyulmaz.

Onların yaydıqları açıqlamada qeyd olunur ki, AKP hakimiyyəti sənə hücumları artırır, onlara qarşı müxalifətdə olan bütün sənətçiləri hədəfə alır, teatrları bağlayır, özəl teatrlara dövlət tərəfindən ayrılan vəsaitləri kəsir və çəkilən filmlərə dəstək göstərmirlər. Qrup üzvləri bunu da bəyan edir ki, hakimiyyət qrupu və onların yaratmış olduqları mahnıları həbs edə bilməzlər.

Aclıq keçirən qrup üzvlərindən yerli mətbuat nümayəndələri soruşublar ki,axı siz nə üçün ölkə xaricinə belə tez-tez çıxmaqda maraqlısınız.

“Yorum” Qrupunun proletar ruhlu cavablarını təqdim edirik;

“Biz inqilabçı sənətçilərik. Hər zaman imperializmə qarşı mübarizə aparan xalqların yanındayıq. Biz buraya dönməyə deyil,ölməyə gəldik deyən Mahirlərin mahnısıdır, dilimizdən tökülən mahnılar....Biz vətənsevərik. Biz müstəqil Türkiyə arzusundayıq. ..Biz xalqımızın imperializmlə mübarizəsini dünya xalqları ilə paylaşmaq üçün ölkə xaricinə çıxırıq...Nazim Hikmətin sözünü, Ruhi Sunun sazını bu günə daşıyanlarıq biz . ..Biz xalqın sənətçiləriyik. Bizə gücünüz yetməz. ”

Qeyd etməliyəm ki,”Yorum”un hər bir konsert proqramı istər ölkə daxilində, istərsə də xaricdə böyük coşqu ilə qaşılanır. Onlar 28 illik sənət həyatlarında ən böyük konsertlərini 2013-cü ildə İstanbulun Bakırköyündə Xalq Bazarı meydanında veriblər. “Yorum”un konsertinə 500 min insan gəlmişdi.

Bu qrupun ifasında da çox Anadolu xalq musiqisinə, ozan havalarına yer verilir. Pir Sultan Abdalın, Nazim Hikmətin ,Əhməd Arifin və Ruhi Sunun yaradıcılığı qrupun musiqi fəaliyyətinə öz təsirini göstərib.

Qrup yalnız mahnı oxumaqla kifayətlənmir, etiarzçı siyasi şüarlar da irəli sürür, etiraz aksiyalarında iştirak edirlər. Türkiyə mətbuatında, xüsusən də solçu görüşlərə mənfi münasiət bəsləyən mətbuatda “Yorum”un Xalq Qurtuluşu Partiyası- Cəbhəsi ilə yaxın əlaqələrdə olması iddia edilir.

Qeyd edək ki, bu təşkilatın fəaliyyəti Türkiyədə qadağan edilib və bir terror təşkilatı kimi, Avropa Birliyinin, ABŞ-ın ,İngiltərə və Türkiyənin terror təşkilatlar siyahısına daxil edilib.

Bəs kimdir “yorum”çular? “Yorum” qrupu 1980-ci ildə Türkiyədə hərbi çevrilişə etiraz əlaməti olaraq Mərmərə Universitetinin tələbələri olan Kamal Sahir, Tuncay Ağdoğan, Mətin Qəhrəman və Ayşəgül Yordam tərəfindən 1985-ci ildə yaradılıb.

Musiqilərində inqilabçı-sosialist ideyalarını irəli sürürlər. Mahnıları melodiya zənginliyi ilə seçilirlər.

Bir yunan filosofu Anadolu torpaqlarının musiqisi haqqında demişdi;

“Bu ölkənin mahnılarını yazanlar, qanunlarını yazanlardan daha güclüdür.”

Hər il “Yorum” qrupunun verdikləri konsertlərə gələn insanların sayı durmadan artır. Qrup üzvləri onlara bəslənən bu bol sevgini belə izah edirlər;

“ Biz əzilən insanların səsiyik və əzilən insanların haqqını qorumuşuq,bunu dəfələrlə işgəncələrə məruz qalmağımızla,həbs olunmağımızla əvəzini də ödəmişik. Xalq onun yolunda əmək sərf edənləri unutmur.

“Yorum”un hazırladığı musiqilərin estetik gücü musiqi ustadları tərəfindən olduqca yüksək qiymətləndirilir . Çoxsaylı üzvlərinin iştirakıyla , orkestr-ansamblın müşayiətilə keçən konsert nömrələri bir qayda olaraq dinləyicilər tərəfindən atəşin coşquyla qarşılanır.

“Müstəqil Türkiyə ”şüarı adı altında keçən konsertlərə ən müxtəlif təbəqələrdən sənətçilər –rokçular,aktyorlar və rəqs kollektivləri dəvət edilir. Ustad qiraətçi Genko Ərkan bu konsert nömrələrində bir qayda olaraq şeirlər söyləyir,Suavinin, indi ev dustaqlığına məhkum edilmiş Səlma Altının və başqalarının ifa etdiyi mahnılar dinləyicilər tərəfindən məhəbbətlə qarşılanır.

“Yorum”un mahnıları Türkiyədə dildən-dilə, qulaqdan-qulağa gəzir. Bu mahnıların xəstələri milyonlarladır qardaş ölkədə.

“Yorum” a Türkiyədə “adsız və şəkilsiz kölgələr “adını veriblər. Çünki hər dəfə onun üzvləri hakimiyyət tərəfindən müxtəlif bəhanələrlə həbs edilsə də, qrupun fəaliyyəti dayanmır, əksinə yeni üzvlər gəlir və insanlar tərəfindən “Yorum ”daha da sevilməyə başlayır.

Qrup üzvləri belə düşünülər ki, onlar AKP hakimiyyyətinə qarşı bir sənət cəbhəsi açıblar. İnsanın öz haqlarını əldə etməsi üçün mübarizələrdən keçməlidir.

“Biz öz konsertlərimizlə bütün sənətçiləri bir araya gətirməyə çalışırıq ki,onlar haqlarını ala bilsinlər Sənət cəbhəsi yaratsaq, biz daha güclü olarıq. Hakimiyyət də bizim haqqımızı tanıyar və anlayar ki, sənət və mədəniyyət adamına hörmətlə yanaşmaq lazımdır. ”

2013-cü ildə 500 min tamaşaçı toplamış Xalq Bazarı meydanında verilən pulsuz konsert Türkiyənin bir sıra dairələrində açıq qısqanclığa səbəb oldu.

Solçu dəyərlərə açıq düşmənçiliyi ilə fərqlənən “Taraf” qəzeti bir çox siyasi dairələri lərzəyə salan “Müstəqil Türkiyə” şüarına kinayə edərək “siz bu konsertdə nələrdən bəhs edəcəksiniz” deyə,qrup üzvlərindən soruşmuşdu. Cavabsa belə olmuşdu ki, əlbəttə, vətəndən bəhs edəcəyik. Türkiyədə ən böyük vətənsevərlər biz inqilabçılarıq. Özlərinə millətçi deyənlərdimi vətənsevərlər? Onlar vətən üçün ölə bilərlərmi? Ya satarlar ,ya da qaçarlar bu vətəndən...

Qəzetin müxbiri Murad Çoban qrupun üzvlərinə xitabən sual vermişdi ki, siz çox vətən, vətən deyirsiniz, bu vətənin içərisində kürdlər yoxdurmu. Qrup üzvlərinin verdiyi cavaba görə, kürd xalqının müstəqilliyi üçün ilk növbədə sinfi ziddiyyətləri çözmək lazımdır. Nazim Hikmət, Dənizlər, Mahirlər də bunu söyləyirdi. Xalqların müstəqilliyi üçün ilk növbədə Amerika imperializmi ilə vuruşmaq lazımdır.

Konsertdən sonra isə xəbər ,dini kəsimlərə yaxınlığıyla tanınan “Haksöz” xəbər saytı belə bir qəti arzuyla çıxış etmişdi ki, solçular yalnız islamçılara dəstək verdiyi zaman alqışlanmalıdırlar.

AKP iqtidarına yaxınlığı ilə seçilən “Sabah” qəzetinin köşə yazarı Əmrə Aköz isə 500 minlik konsertdən sonra “Yorum” qrupuna əsəbi şəkildə hücuma keçdi. O,” niyə qol-qola girirlər” başlıqlı köşəsində bunları yazırdı;

”Əvvəlcə sosialist inqilabı edib iqtidarda oturacaqlar. Sonra isə biz müstəqilik deyə,dünya ilə əlaqələrini kəsəcəklər. Sonra inşallah növbə,Kürd məsələsinə, qadınlara gələcək”.

“Yorum”un Əmrə Aközə cavabı özünü çox gözlətmədi. Qrup üzvləri bu yazıyla meydana toplaşan 500 min insanın təhqir olunmasını düşünərək, ”Sabah”qəzetinin yazarını qorxaq və kölə ruhlu adlandırır, deyirlər ki, xalqlar inqilab edir, Əmrə Aköz kimiləri isə köşə yazırlar.

Kimiləri qələmini qana batırıb yazır, kimiləri də nəcisə batırıb yazır.

Teymur Mahmudov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm