• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Xalq rəssamı Mikayıl Abdullayev “Xalq Əmanəti”nin yubiley buraxılışında - FOTO

Xalq rəssamı Mikayıl Abdullayev “Xalq Əmanəti”nin yubiley buraxılışında - FOTO

Bu günlərdə Xalq Bankın həyata keçirdiyi “Xalq Əmanəti” layihəsinin dörd yaşı tamam olur. Məhz 2010-cu ilin mart ayında ASC “Xalq” Bankı Azərbaycan xalqının mədəni irsinin qorunaraq gələcək nəsillərə ötürülməsi məqsədilə “Xalq Əmanəti” sosial-mədəni layihəsinin həyata keçirilməsinə qərar verdi. Layihəyə Azərbaycanda və ölkə hüdudlarından kənarda çoxsaylı peşəkarlardan ibarət komanda cəlb olundu. Dörd ilə “Xalq Əmanəti” layihəsi Azərbaycan mədəniyyətini, onun tarixini, ədəbiyyatını, incəsənətini və elmini əks etdirən bir layihəyə çevrildi.

Layihə çərçivəsində Azərbaycanın böyük rəssam və şairlərinin həyat və yaradıcılığını əks etdirən bədii albomlar və poetik toplular işıq üzü görmüş, “Azərbaycan sikkələri” elmi-tarixi tədqiqat işi nəşr etdirilmişdir. Bankın Bakı və Gəncə şəhərlərində yerləşən binalarında rəssamların sərgiləri təşkil edilmişdir. Bütün nəşr olunmuş kitablar hədiyyəlikdir və üç dildə - azərbaycan, ingilis, rus dillərində çap olunur. Nəşrlər ölkənin ali və orta təhsil müəssisələrinə, uşaq evləri və kitabxanalara, müxtəlif fondlara, dövlət müəssisələrinə, xarici ölkələrin Azərbaycanda və Azərbaycanın xaricdə fəaliyyət göstərən səfirlik və konsulluqlarına, eləcə də sənətsevərlərə hədiyyə olunur. Bu illər ərzində Xalq rəssamları Böyükağa Mirzəzadə, Maral Rəhmanzadə, Səttar Bəhlulzadə, Xalidə Səfərova, eləcə də Mahmud Tağıyev, Fazil Əliyev, Rza Məmmədov, Gennadi Brijatyuk və Qarxmaz Sücəddinovun əsərlərindən ibarət sərgilər təşkil edilmiş və bədii albomlar nəşr edilmişdir. Xalq şairləri Məmməd Araz, Hüseyn Arif və Mikayıl Müşfiqin seçilmiş əsərləri və görkəmli alim-numizmat, professor Əli Rəcəblinin “Azərbaycan sikkələri” kitabı işıq üzü görmüşdür.

Layihənin sayca onuncu – yubiley buraxılışı SSRİ və Azərbaycanın Xalq rəssamı, SSRİ Dövlət mükafatı və Beynəlxalq Cəvahirləl Nehru mükafatı laureatı, böyük Azərbaycan rəssamı Mikayıl Abdullayevin (1921-2002) həyat və yaradıcılığına həsr olunub. Təsviri sənətimizin inkişafında mühüm xidmətləri olan bu böyük sənətkarın rəngkarlıq və qrafika janrında yaratdığı əsərlər incəsənətimizin çox qiymətli səhifələrini təşkil edir. Dünyanın bir çox ölkələrinin muzeylərində dəyərli eksponat kimi saxlanılan Mikayıl Abdullayev yaradıcılığının nümunələri milli mədəniyyətimizin təbliğatçılarıdır. Bu əsərlərdə Azərbaycanımızın əsrarəngiz təbiəti, şanlı tarixi, milli-mənəvi dəyərləri böyük məharətlə təsvir olunub. Onun yaratdığı məktəbin yetirmələri olan onlarla sənətkar bu gün milli rəssamlıq sənətimizin inkişafına xidmət etməkdədir.

Rəssamın əsərlərinin ekspozisiyası Xalq Bankın Bakı şəh., İnşaatçılar prospekti, 22L ünvanda yerləşən Baş Ofisində mart ayının 1-dən iyun ayının 10-dək. Gəncə şəhəri Zərrabi küç., 4 ünvanda yerləşən “Gəncə” filialında isə mart ayının 10-dan iyun ayının 10-dək fəaliyyət göstərəcək. Sərgiləri iş günləri saat 18:00-dan 21:00-dək, şənbə və bazar günləri saat 10:00-dan 16:00-dək seyr etmək mümkündür. Giriş sərbəstdir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR