Ukraynadakı səfirliyimiz Taras Şevçenkonun 200 illiyinə həsr olunmuş konfrans keçirib
Bizi izləyin

Tabloid.az

Ukraynadakı səfirliyimiz Taras Şevçenkonun 200 illiyinə həsr olunmuş konfrans keçirib

Kiyev Milli Linqvistika Universitetində (KMLU) Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycanın mənəvi məkanında

Kiyev Milli Linqvistika Universitetində (KMLU) Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü ilə “Azərbaycanın mənəvi məkanında Şevçenko sözü” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. KMLU və Səməd Vurğun adına kütləvi kitabxana tərəfindən təşkil edilmiş tədbir böyük Ukrayna şairi və mütəfəkkiri Taras Şevçenkonun anadan olmasının 200 illiyinə həsr edilmişdir.

Konfransda Azərbaycan diplomatları, ali məktəbin professor-müəllim heyəti, iki ölkənin tanınmış alimləri, Azərbaycanın bir sıra diaspor təşkilatlarının rəhbərləri, tələbələr iştirak etmişlər.

Konfransı KMLU-nun prorektoru, professor İrina Seryakova açmışdır.

Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli “Taras Şevçenko: Vətənə dərin məhəbbətin simvolu” mövzusunda məruzə ilə çıxış edərək Ukrayna xalqının böyük oğlu, azadlıq nəğməkarı Taras Şevçenkonun həyat və yaradıcılığından, onun ölməz poetik əsərlərindən söz açmışdır. Səfir vurğulamışdır ki, T.Şevçenkonun yaradıcılığı ukraynalıların milli dirçəlişinə xeyli dərəcədə təsir göstərmişdir.

Çıxışının bir hissəsini “Şevçenko və Azərbaycan” mövzusuna həsr edən diplomat bildirmişdir ki, böyük Kobzarın zəngin ədəbi irsi onun həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatşünasları üçün maraqlı tədqiqat mövzusudur. Diplomat xatırlatmışdır ki, 1934-cü ildə Bakıda T.Şevçenkonun “Kobzar” əsəri ilk dəfə ixtisarla nəşr olunmuşdur. Əsərin tərcüməçiləri – tanınmış şairlər Əhməd Cavad və Mikayıl Müşfiq Stalin repressiyalarının qurbanı olmuş və 1937-ci ildə “xalq düşməni” kimi məhv edilmişlər.

Sonralar Taras Şevçenko poeziyası nümunələrindən ibarət məcmuələr Səməd Vurğun, Süleyman Rüstəm, Osman Sarıvəlli, Mirvarid Dilbazi, Nigar Rəfibəyli və digər şairlərin tərcüməsində on dəfədən çox çap olunmuşdur. Tanınmış ukraynaşünas və şevçenkoşünas Abbas Abdullanın tərtibatında “Mənim düşüncələrim” kitabı işıq üzü görmüşdür.

Səfir sonda bildirmişdir ki, T.Şevçenkonun əsərlərini Azərbaycanda böyük məmnuniyyətlə oxuyurlar, çünki onun poeziyası vətənə məhəbbət aşılayır, yüksək bəşəri hisslər oyadır. E.Mədətli bildirmişdir ki, Bakıda T.Şevçenkoya abidə ucaldılmışdır. Martın 5-də AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda Taras Şevçenkonun 200 illiyinə həsr olunmuş elmi sessiya keçiriləcəkdir.

Konfransın təşkilinə görə KMLU-nun rektorluğuna səmimi minnətdarlığını bildirən Azərbaycan diplomatı dostluq münasibətləri olan Bakı Slavyan Universiteti ilə KMLU arasında tərəfdaşlığın bundan sonra da inkişaf etdirilməsini və möhkəmləndirilməsini arzulamışdır.

Ukraynanın şərqşünas alimi Yuli Koçubey, Səməd Vurğun adına kütləvi kitabxananın direktoru Qalina Çebotaryova, KMLU-nun Azərbaycan dili mərkəzinin rəhbəri, filologiya elmləri doktoru Rafiq Novruzov, Ukrayna filologiyası və slavyanşünaslıq kafedrasının professoru Tatyana Meyzerskaya və digərləri məruzə ilə çıxış etmişlər.

Sonda KMLU tələbələrinin ifasında Azərbaycan və Ukrayna dillərində Taras Şevçenko və Səməd Vurğun poeziyasından ölməz sətirlər səslənmişdir. /Azertca/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm