• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Milli Teatr Günü belə qeyd olunacaq

Milli Teatr Günü belə qeyd olunacaq

Prezident İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında “Milli Teatr Günü”nün təsis edilməsi haqqında Sərəncam imzalayıb.

Publika.az-ın məlumatına görə, bununla əlaqədar martın 10-da ölkəmizdə Milli Teatr Günü ilk dəfə rəsmi şəkildə qeyd ediləcək. Həmin gün teatr ictimaiyyəti saat 9.30-da Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edəcək. Saat 18.30-da isə Azərbaycan Dövlət Musiqili Teatrında Milli Teatr Gününə həsr olunmuş tədbir və Azərbaycan Dövlət Musiqili Teatrının təntənəli açılış mərasimi keçiriləcək.

Böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməlini qoydu. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirildi. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaratdı. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı oldu .

Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Şəbəkənin müntəzəm və səmərəli fəaliyyətini təmin etmək məqsədilə bütün maliyyə, təşkilati və yaradıcılıq imkanlarından istifadə edilir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər. Bu gün Bakı şəhəri Beynəlxalq Teatr Konfransı, UNİMA-nın iştirakı ilə Beynəlxalq Kukla Teatrları Festivalı, Çexov Festivalı kimi nüfuzlu tədbirlərə ev sahibliyi edir.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR