Dünya şöhrətli Kitaro Heydər Əliyev Mərkəzində konsert verib - FOTO
Bizi izləyin

Tabloid.az

Dünya şöhrətli Kitaro Heydər Əliyev Mərkəzində konsert verib - FOTO

Dünya şöhrətli Kitaro Heydər Əliyev Mərkəzində konsert verib - FOTO

Yaponiyanın dünya şöhrətli bəstəkar və musiqiçisi, “Qremmi”, “Qızıl qlobus” mükafatları laureatı Kitaro martın 7-də Heydər Əliyev Mərkəzində konsert proqramı ilə çıxış edib.

“Nyu eyc” (“New age”) janrının canlı əfsanəsi azərbaycanlı tamaşaçılara əsrarəngiz musiqisi ilə möhtəşəm bir gecə yaşadıb.

Məşhur bəstəkar-ifaçı konsertdə milyonların qəlbini fəth etmiş hitlərini - “Silk Road”, “Caravansary”, “Mercury”, “Koi”, “Matsuri” və digər kompozisiyalarını ifa edib. Kitaronu öz musiqi qrupu ilə yanaşı, Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edib.

Bir saatdan artıq davam edən konsert tamaşaçıların Kitaronu ayaqüstə alqışlaması ilə başa çatıb.

Sonda izləyicilərinə bir daha təşəkkürünü bildirən Kitaro 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə xanım tamaşaçıları təbrik edib.

Kitaro konsertdən sonra jurnalistlərə müsahibəsində bildirib ki, o, 30 il əvvəl Bakıda olub və ötən müddət ərzində şəhər çox dəyişib. O, Bakıya səfərindən məmnun qaldığını qeyd edib. İfaçı Heydər Əliyev Mərkəzindəki zalın dünyanın ən gözəl konsert zallarından biri olduğunu da vurğulayıb. “Ötən gün binanı böyük təəccüblə qarşıladım. Bura möhtəşəmdir və bu gün binanın interyerində də bu möhtəşəmliyin şahidi oldum”, deyə musiqiçi bildirib.

Qeyd edək ki, Kitaro kimi tanınan 61 yaşlı unikal musiqiçinin əsl adı Masanori Takahaşidir. O, musiqi təhsili almayıb və not bilmir. Əsərlərini özüməxsus üsulla yaradır. Kitaro klavişli alətlər, həmçinin gitara, fleyta, baraban və s. ifa edir. Rejissor və fotoqraf kimi də tanınır. O, eyni zamanda özünün bir sıra konsertlərinin işıq tərtibatçısı və albomlarının aranjimançısı olub.

1993-cü ildə "Səma və torpaq" kinofilminə bəstələdiyi musiqiyə görə "Qızıl qlobus" mükafatı alan Kitaro, dəfələrlə "Qremmi"yə nominant olub. 2001-ci ildə isə bəstəkarın "Səni düşünürəm" ("Thinking of you") albomu "Qremmi" mükafatına layiq görülüb.









Oxumağa davam et
Reklam
Reklam

Gündəm