Azərbaycanda islam bankçılığı – TƏHLİL
Bizi izləyin

Təhlil

Azərbaycanda islam bankçılığı – TƏHLİL

Bu günlərdə Maliyyə Bazarlarına Nəzarət Palatası islam bankçılığının tətbiqini məqbul hesab etədiyini açıqladı. Deyilənə görə, bu məsələ kredit təşkilatları tərəfindən Palata qarşısında qaldırılıbmış.

Publika.az-ın xəbərinə görə, palata rəsmiləri isə deyib ki, islam bankçılığı ilə bağlı Mərkəzi Bankın qərarını dəstəkləyir və onun tətbiq olunmasını məqbul bilmir. Palata mövqeyini bununla izah edir ki, bu, tamamilə fərqli tənzimləmə qaydaları tələb edir. Fərqli tənzimləmə qaydaları deyərkən, Palata Şəriət Komitəsinin qurulması və sair kimi əlavə yeni strukturların yaradılmasını nəzərdə tutur. İllərdir müzakirəsi gedən bu sistemin mahiyyətində nə dayanır?

İslam bankçılığı və onun üstünlüyü

Öncə qeyd edək ki, İslam bankçılığı ilk dəfə 1970-ci illərdə meydana gəlib. Səbəb isə neftin qiymətindəki artımdan sonra Körfəz ölkələrində meydana gələn sərmayə artımı olub. İslami Maliyyə təşkilatlarının ilk addımı 1963-cü ildə Misirdə yaradılan Gamr İslam Bankının yaradılmasıdır. 1975-ci ildə regional iqtisadi inkişafa istiqamətli İslam İnkişaf Bankı qurulur. Eyni ildə dünyadakı ilk islam prinsipləri ilə işləyən Dubay İslam Bankı yaradılır. 1980-ci ildən sonra Körfəz və Orta şərq ölkələrində sürətli iqtisadi inkişaf nəticəsində islam banklarının sayı əhəmiyyətli dərəcədə artır. Dünya üzrə islam banklarının çoxu Orta Şərq və Cənubi Asiya bölgələrində yerləşir.

Bu bankların iş prisipinə gəlincə, ənənəvi kommersiya bankı müəyyən məbləği kredit kimi verdikdən sonra nə çox, nə az, məhz həmin məbləği və hesablanmış faizləri geri almağı nəzərdə tutur. Əsas məbləği, faizləri hər hansı səbəbdən geri ala bilmədikdə kommersiya bankı müştərinin əlindən əvvəlcədən nəzərdə tutulmuş girovu alır. İslam bankı isə biznes krediti verdikdə şərik kimi çıxış edir. Əgər müştəri islam bankının kreditindən istifadə edərək nəzərdə tutduğundan daha çoxlu gəlir əldə edirsə, banka da müvafiq olaraq daha çox pay ödəməli olur. Yox, əgər daha az qazanırsa, banka da müvafiq olaraq az ödəməli olur. Müştəri üçün islam bankının biznes kreditlərindəki üstünlüyü ondan ibarətdir ki, biznesin uğurlu alınmasa və krediti qaytarmaq mümkün olmasa, islam bankı geriyə heç nə tələb etməyəcək (halbuki kommersiya bankı öz pulunu geriyə almaqdan ötrü əlindən gələni edəcək).

Müştəri üçün islam bankının biznes kreditlərindəki xoşagəlməz halı ondan ibarətdir ki, müştərinin biznesi gözləniləndən daha çox gəlir gətirsə, müştəri islam bankına daha böyük məbləğ ödəməli olur. İslam bankçılığının əsaslandığı Şəriət qanunları yalnız real istehsala və real aktivlərə sərmayə qoymağa icazə verir, spekulyasiyalarla işləməyi qadağan edir. Son illər islam bankçılığının bütün dünyada populyarlaşmasının əsas səbəblərindən biri də məhz budur.

Belə ki, 2008-ci ildə başlayan dünya maliyyə böhranı məhz bankların real aktivlərə yox, spekulyasiyalara sərmayə qoyması nəticəsində ortaya çıxmışdı.

İslam bankçılığı – maliyyə böhranına qarşı güclü müqavimət

Dünyada, xüsusilə də Malayziya, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Bəhreyn, Qətər və Böyük Britaniya kimi ölkələrdə islam kapital bazarları və maliyyə institutlarının artımı hiss olunur. Adi Qərb bankları və maliyyə institutları da islam maliyyəsinin məhsullarını uğurla tətbiq etməkdədir. Bu qurumların arasında "Citibank N.A", "Barclays" və "Deutsche Bank" da var.

Bundan başqa, maliyyə və bankçılıq mütəxəssisləri İslam bankçılığının 2007-2010-cu illərin dünya maliyyə böhranına qarşı güclü müqavimət nümayiş etdirə bildiyini də deyirlər. Bu isə onun daha da inkişaf etdirilməsi üçün kifayət qədər ciddi səbəbdir.

Hazırda dünya üzrə islam banklarının aktivlərinə gəlincə, 2013-cü ildə bu rəqəm 1,7 trilyon dollara bərabər olub. Bu da son dörd ildə 17,6 faiz artım deməkdir. Dünya üzrə təxminən 38 milyon İslam bankı müştərisinin üçdə ikisi QISMUT ölkələrində - Qətər, İndoneziya, Səudiyyə Ərəbistanı, Malayziya, Birləşmiş Ərəb Əmrlikləri və Türkiyədə yaşayır. Beynəlxalq araşdırma və məsləhətçilik şirkəti EY-in “2014 -2015 İştirak Bankçılığı: Dünya İslami Bankçılıq Rəqabət Hesabatı”na görə, 2019-cu ildə sözügedən 6 bazarda İslam banklarının aktivləri 1.8 trilyon dollara çatacaq. Nəzərə çatdıraq ki, Türkiyədə İslami bankçılığının bazar payı 5,9 faiz təşkil edir. 2023-cü ildə bu rəqəmin 15 faizə yüksələcəyi proqnozlaşdırılır.

Azərbaycanda islam bankçılığı – hazır olmayan Palata, yoxsa qanunlar?

İndi gələk bu sistemin Azərbaycanda inkişaf etməməsinə. 2012-ci ildə Azərbaycan Beynəlxalq Bankı (ABB) “İslam Bankçılığının tətbiqi” layihəsi çərçivəsində fəaliyyətə start verdi. Departament müştərilərinə - hüquqi və fiziki şəxslərə xidmət göstərməyə 2013-cü ilin aprel ayından başladı. Lakinhəmin departament 2015-ci ildə ləğv edildi. Bunun səbəbləri açıqlanmadı. Ancaq belə bəlli oldu ki, Azərbaycanda bu sistemin tətbiqi mümkün deyil. Əvvəla, İslam bankçılığının inkişafı üçün iki şərt lazımdır. Birincisi, bu sahədə qanunvericilik bazası olmalıdır. Lakin Azərbaycanda belə bir qanun qəbul olunmayıb. İkincisi isə, sahibkarlıq fəaliyyəti şəffaf olmalıdır...

Qanun olmadan belə bir bankçılığın fəaliyyətindən söhbət gedə bilməz. Qonşu ölkələrdən Qırğızıstanda, Qazaxıstanda İslam bankçılığı haqqında qanun var. 2006-2007-ci illərdə İslam bankçılığı Azərbaycan Mərkəzi Bankı tərəfindən təhlil edildi. Sonra isə bu bankçılıqdan imtina olundu. Bunun əsas səbəblərindən biri o zaman neft gəlirlərinin artması idi. Bundan əlavə investisiya mənbələrinə ehtiyac görülmürdü. Eyni zamanda banklar da yeniliyə meylli deyillərdi. Hazırda isə Azərbaycan iqtisadiyyatının pula ehtiyacı var və bu məsələ yenidən aktuallaşıb.

İslam bankçılığı problemli kreditlərdən çıxış yolu kimi

Məsələnin başqa tərəfi bankların yüksək faiz siyasətləri səbəbindən yaranmış problemli kreditlərin həllində islam bankçılığı modelinin vəziyyətdən çıxış yollarından biri kimi irəli sürülməsidir. 2016-cı il mart ayının 1-nə olan məlumata əsasən vaxtı keçmiş kredit portfelinin həcmi 1 329,5 mln. manat təşkil edib. Vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə olan göstərici ilə müqayisədə 14,9 mln. manat və ya 1,13%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 191,3 mln. manat və ya 16,8% artıb. Vaxtı keçmiş kreditlərin məcmu kredit portfelinə xüsusi çəkisi isə 2016-cı il martın 1-nə 6,5% təşkil edib. Qeyd edək ki, bu göstərici fevralın 1-nə 6,2%, keçən ilin analoji dövründə isə 5,5% olub. Milli valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 671,9 mln. manat civarındadır. Bu, fevralın 1-nə nisbətən 12,4 mln. manat və ya 1,9% çox, 2015-ci ilin analoji dövrü ilə müqayisədə isə 151,8 mln. manat və ya 18,4% azdır. Milli valyutada vaxtı keçmiş kreditlərin məcmu manat kreditlərində xüsusi çəkisi martın 1-nə 6,7% təşkil edib. Fevralın 1-nə bu göstərici 6,5%, keçən ilin analoji dövründə isə 6,7% olub. Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi martın 1-nə 657,6 mln. manat təşkil edib. Xarici valyutada vaxtı keçmiş kreditlərin həcmi fevralın 1-nə nisbətən 1,5 mln. manat və ya 0,2%, ötən ilin analoji dövrü ilə müqayisədə isə 343,1 mln. manat və ya 2,1 dəfə çoxdur. Bu kreditlərin məcmu valyuta kreditlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 6,4%, fevralın 1-nə 5,9%, keçən ilin analoji dövründə isə 3,7% olub.

Qeyd edək ki, problemli kreditlərin ÜDM-də xüsusi çəkisi 2015-ci ilin yekunda 2,45%, məcmu aktivlərində xüsusi çəkisi 2016-cı il martın 1-nə 4%, məcmu bank kapitalına nisbəti isə 37,1% olub. Göründüyü kimi vəziyyət elə də ürəkaçan deyil. Dünyanın əksər maliyyəçiləri bank sektorunun böhrandan sığortalanması üçün faizsiz kreditləşmənin genişlənməsini ən əlverişli variant hesab edirlər. Məsələn, faizsiz bankçılıq konsepsiyası Malayziyada çox effekt verib. Bu ölkə demək olar ki, dünyada faizsiz bankçılığın iqtisadi inkişafa təsir göstərdiyi ən qabaqcıl dövlətdir.

2008-ci ilin qlobal böhranı göstərdi ki, islam bankçılığı dünya bankları arasında ən az zərər çəkən maliyyə qurumları oldu. İslam banklarının 90 faizindən çoxu zərər görmədi. Amma ənənəvi banklarda problemli kreditlər səbəbindən böyük zərərlər oldu.

Hazırda ölkəmizdə banklar islam bankçılığına hazır olsalar da, Maliyyə Bazarlarına Nəzarət Palatası hazır deyil. Palatanın buna nə zaman hazır olacağını, yaxud da islam bankçılığının Azərbaycanda tətbiq edilib-edilməyəcəyini zaman göstərəcək.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm