Dünyanın ən zəngin vilayətlərini müflisləşdirən Rusiya - TƏHLİL
Bizi izləyin

Təhlil

Dünyanın ən zəngin vilayətlərini müflisləşdirən Rusiya - TƏHLİL

Rusiya iqtisadiyyatı son 12 ilin ən uzun ressesiyasından çıxmaq üzrədir.

Rusiya iqtisadiyyatı son 12 ilin ən uzun ressesiyasından çıxmaq üzrədir.

Publika.az xəbər verir ki, “Bloomberg”in 19 iqtisadçısı bu qənaətə gəlib. Onların fikrinə bir neçə indikator təsir edib. Bunlardan biri də Rusiyanın ümumi daxili məhsulunun (ÜDM) illik 0,8 faiz azalmasıdır. Belə ki, 2015-ci ildən bu yana ÜDM-in həcmində ən aşağı azalma qeydə alınıb. Ekspertlər düşünür ki, iqtisadiyyatın bərpası investorların rus aktivlərinə marağının artmasına gətirib çıxarıb.

30 iyul tarixində Rusiyanın maliyyə nazirinin müavini Tatyana Nesterenko iqtisadiyyatın hazırkı stabilliyinin Rusiyanın rezervləri hesabına təmin edildiyini açıqlamışdı. Nazir müavini bildirmişdi ki, 2017-ci ilin sonuna qədər heç bir dəyişiklik baş verməsə, hökumət əmək haqlarını ödəyə bilməyəcək. O da məlum olmuşdu ki, mövsümi amillər səbəbindən iyun ayında ÜDM-in azalması dayanıb. Bu arada 2015-ci ilin hesabatlarına görə, Rusiyada ÜDM 3,7 faiz azalıb.

Nəzərə çatdıraq ki, Rusiya iqtisadiyyatında ressesiya dərinləşdikcə bu, federasiyanın dağılacağı ilə bağlı fikirlər daha da artır. Belə ki, məhz nəhəng ərazinin, o cümlədən etnik konfensional və regional müxtəlifliyin Rusiyanın siyasi baxımdan əl-qolunu bağladığı, dünyanın aparıcı dövlətlərindən daimi geri qalmasına gətirib çıxardığı irəli sürülür. Xüsusilə nəzərə alsaq ki, bu gün Rusiya Federasiyanın cəmi 13 subyekti (Federasiyanın tərkibində 83 subyekt (Krım və Sevastopl bura aid deyil) daxildir) dotasiyalı deyil. Bunlar – Moskva, Sankt-Peterburq, Tatarıstan, Perm diyarı, Voloqodsk, Leninqradsk, Lipetsk, Samara, Sverdlovks, Tümen vilayətləri, Nenets, Xantı-Mansiysk və Yamalo-Nenets muxtar dairələrdir. Qalan 70 subyektin ağırlığını məhz federal büdcə çəkir. Analitiklər hesab edir ki, federasiyanın dağılması xaosa gətirib çıxarmayacaq. Əksinə, yaranacaq dövlətlərin malik olduqları iqtisadi resurslar əhaliyə yaxşı güzəran bəxş edəcək.

Zəngin ehtiyatlarına görə Rusiyadan ayrılan vilayətlər

Götürək 1917-ci ildə Rusiyanın nəzdində ilk milli-ərazi muxtariyyəti olan Başqırdıstanı. Baxmayaraq neftlə zəngin olan bu muxtariyyətdə ruslar başqırdlardan çoxdur (əhalinin 36 faizi ruslar, 25 faizi tatarlar, 29 faizi başqırdlardır) müstəqil olarsa, özünü daha yaxşı dolandırar. Başqırdıstan dünya üzrə adambaşına düşən neft hasilatına görə 21-ci sıradadır. Yəni Liviya ilə eyni səviyyədə. ÜDM-nin həcmi 68,8 milyard dollardır (Boliviya ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 16 917 dollardır (Uruqvayla eyni ).

Astraxan respublikası

Astraxan vilayətdir. Demoqrafik bölgüyə əsasən orada da yaşayanların əksəriyyəti ruslardır. Bununla bərabər Astraxanda kazaklar, tatarlar da yaşayır. Ta qədimlərə getsək, bu ərazilər Qızıl Orda və Astraxan Xanlığına məxsus olub. İvan Qroznının hakimiyyəti dövründə -1556-cı ildə çarlığın tərkibinə qatılıb. Astraxan adambaşına düşən neft hasilatına görə dünyada ikincidir. Qısası Qətərlə eyni sırada yer alır. Amma Qətər əhalisi yağ-bal içində yaşayır. Astraxan isə Rusiyanın ən kasıb 5 şəhərindən biridir. ÜDM-nin həcmi 14,5 milyard dollardır (İslandiya ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 14 301 dollardır. Təxminən Polşa ilə eyni səviyyədə...

Buryatiya

ÜDM-nin həcmi 22,1 milyard dollardır (Tacikistanla müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 10 708 dollardır. Türkiyəyə bərabər.

Komi

Rusiya Federasiyasına belə bir respublikanın daxil olduğu bəlkə çoxlarınıza bəlli deyil. Kominin əhalisinin 65 faizi ruslar, 2 faizi komilər, 4 faizi ukraynalılardır. ÜDM-nin həcmi 36 milyard dollardır (Estoniya ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 39 115 dollardır. Bəli, Böyük Britaniya ilə müqayisə olunacaq səviyyədə. Neft hasilatının adambaşına düşən həcminə görə, dünyada dördüncüdür. Bu da Səudiyyə Ərəbistanından 2 dəfə çox deməkdir.

Don və Kuban

Qiymətləndirmələrə görə, Don və Kuban vilayətləri eyni dövlət altında birləşdirilərsə, adambaşına düşən taxıl istehsalına görə dünyada birinci olar. ÜDM-nin həcmi 196,8 milyard dollardır (Finlandiya ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 13 131 dollardır. Təxminən adambaşına düşən ÜDM-in həcminə görə Macarıstanla eyniyyət təşkil edir.

Yakutiya

Müasir Saxa Respublikası, Rusiayının ən böyük regionu. Yakutiya Rusiyanın almaz təminatının 90 faizini icra edir. ÜDM-nin həcmi 38,2 milyard dollardır (Bosniya və Herseqovina ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 33 044 dollardır.

Sibir Respublikası

Ərazi baxımından Yakutiya ilə eynidir, sadəcə əhalisi 16 dəfə daha çoxdur. Müasir RF-nın kömür təminatının 80, nikel təminatının 70, mis təminatının 70, qızıl təminatının 30 faizini həyata keçirir. Sibirin ÜDM-sinin həcmi 274,2 milyard dollardır (Portuqaliya ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 16 426 dollardır. Təxminən adambaşına düşən ÜDM-in həcminə görə Slovakiya ilə eyniyyət təşkil edir.

Tatarıstan

Rusiyanın neft hasilatının həcminə görə, üçüncü regionu hesab edilir. ÜDM-nin həcmi 84 milyard dollardır (Xorvatiya ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 21 921 dollar (Portuqaliya ilə eyni) təşkil edir.

Ural Respublikası

Ural Avropa və Asiya arasında sərhəd hesab edilir. Rusiyanın ağır maşınqayırma istehsalının 80 faizi Uralın payına düşür. ÜDM-nin həcmi 191,3 milyard dollardır (Şri Lanka ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 16 892 dollar (Çili ilə eyni) təşkil edir.

Yuqra

Dünyada adambaşına düşən qaz və neft istehsalı sahəsində lider hesab edilir. Rusiyanın neft hasilatının 2/3-ü, qazının isə 85 faizi Yuqranın payına düşür. ÜDM-nin həcmi 272,3 milyard dollardır (Portuqaliya ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 77 184 dollardır (İsveçrə ilə eyni).

Orenburq Respublikası

Əhalisinin 76 faizi ruslardır. Lakin iqtisadi baxımdan Rusiyadan ayrılıb özünü tam şəkildə dolandıra bilər. Rusiyanın qaz hasilatının 3 faizi Orenburqun payına düşür. Eləcə də bu respublika qaz hasilatının adambaşına düşən həcminə görə dünyada 10-cudur. ÜDM-nin həcmi 38,5 milyard dollardır (Bosniya və Herseqovina ilə müqayisə edilə bilər), ÜDM-in adambaşına düşən həcmi 19 137 dollar (Estoniya ilə eyni) təşkil edir.

Əhalisinin mənşəyinə görə Rusiyadan ayrılan vilayətlər

Altay Respublikası

Rusiyada Altay adlı iki subyekt var - Altay Respublikası və Altay vilayəti. Rusiyadan ayrılıb Sibir Respublikasının bir hissəsi ola bilər. Əhalisi əsasən kənd təsərrüfatı ilə məşğul olur. ÜDM-nin həcmi 1,8 milyard dollardır. Maldiv adalarında olduğu kimi ÜDM-in adambaşına düşən həcmi 8 510 dollardır.

Adıqeya

Əhalisinin əksəriyyəti müsəlmanlardır. Əsasən qida sənayesi üzrə potensiala malikdir. ÜDM-nin həcmi 3,9 milyard dollar, ÜDM-in adambaşına düşən həcmi isə 8776 dollara bərabərdir. Bu da onu Türkmənistanla eyni səviyyəyə qaldırır.

Kalmıkiya

Kənd təsərrüfatı üzrə ixtisaslaşıb. Kolmıklar yerli əhalinin 57 faizini təşkil edir. ÜDM-nin həcmi 2,2 milyard dollar, ÜDM-in adambaşına düşən həcmi isə 7 886 dollara bərabərdir. Kolumbiya ilə eyni səviyyədə.

Dağıstan

Xatırlayırsınızsa, məhz Dağıstanda birinci çeçen müharibəsi başladı. Əhalinin 75 faizi yerlidir. Əsasən kənd təsərrüfatı üzrə ixtisaslaşıb. ÜDM-nin həcmi 23,3 milyard dollar, ÜDM-in adambaşına düşən həcmi isə 7 891 dollar – Bolqarıstanın adambaşına düşən ÜDM-nin həcminə bərabər.

Çeçenistan

Bura Rusiyanın ən qeyri-stabil ərazisi sayılır. ÜDM-nin həcmi 6,4 milyard dollar, ÜDM-in adambaşına düşən həcmi isə 4 803 dollar təşkil edir. Bu istiqamətdə Makedoniya ilə müqayisə oluna bilər. Əhalisinin 95 faizi çeçenlərdir. İqtisadiyyatın aparıcı sahəsi kənd təsərrüfatıdır.

İnquşetiya

ÜDM-nin həcmi 2,5 milyard dollar, ÜDM-in adambaşına düşən həcmi isə 5 476 dollara bərabərdir. Tailandla eyni səviyyədə.

Qaraçay-Çərkəz Respublikası

Sakinlərinin 53 faizini yerli əhali təşkil edir. Ölkə iqtisadiyyatının əsas istiqaməti kənd təsərrüfatıdır. ÜDM-nin həcmi 3,4 milyard dollar, ÜDM-in adambaşına düşən həcmi isə 7 229 dollara bərabərdir.

Göründüyü kimi, adıçəkilən hər bir şəhər Rusiyadan kənarda da özünü saxlayacaq. Qeyd edək ki, bu gün Rusiya gəlirlərin ədalətsiz bölünməsinə görə dünyada lider sayılır. Regionlararası təbəqələşmənin əmsalı durmadan artır. Yəni varlılar daha da varlanır, kasıblar – daha da kasıblayır. Üstəlik Rusiya federal büdcəsinin böyük hissəsi Kreml divarları ətrafında xərclənir. Yuxarıda sözügedən vilayətlər, respublikalar təbii resurslarla zənginliklərinə, Rusiyanı xammalla təmin etmələrinə baxmayaq, özləri həddən artıq kasıb yaşayırlar.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm