Neft üçün qərar günü – OPERATİV TƏHLİL
Bizi izləyin

Təhlil

Neft üçün qərar günü – OPERATİV TƏHLİL

Xəbər verdiyimiz kimi, bu gün Əlcəzairdə Beynəlxalq Energetika Forumu çərçivəsində OPEC üzvü olan ölkələrin qeyri-rəsmi müzakirələri keçiriləcək. Görüşün mövzusu neft hasilatının azaldılması və ya dondurulması olacaq.

Publika.az-ın xəbərinə görə, Venesuelanın neft və dağ-mədən sənayesi naziri Euloxio del Pino hasilatın azaldılması və yaxud dondurulması istiqamətində hər hansı razılığa gəlinməyəcəyi şəraitində dünya bazarında neftin 20 dollardan da aşağı düşəcəyini açıqlayıb.

Doğurdan da istehsalçılar bu gün bir razılığa gəlməsələr “qara qızıl” üçün vəziyyət yaxşı olmayacaq. Məsələn, Əlcəzairin neft naziri Nurəddin Buretfa bildirib ki, danışıqlar nəticəsiz qalsa, neft 30 dollara qədər ucuzlaşacaq.

Nəzərə çatdıraq ki, Venesuelanın gəlirlərinin 96 faizi neftdən əldə olunur. Neftin qiymətinin sürətlə ucuzlaşması ölkədə ərzaq qıtlığına gətirib çıxarıb.

Hasilatın dondurulmasının əsas tərəfdarı kimi çıxış edən Rusiya isə iddia edir ki, onların vəziyyəti Venesuela ilə müqayisədə bir qədər yaxşıdır. Ölkənin gəlirlərinin 40 faizinin neft pulları təşkil edir. Bundan əlavə ölkənin neftdən asılılığı getdikcə zəifləyir. Habelə Rusiya hasilatın azaldılması və ya dondurulması istiqamətində razılığa gəlinməsini istəyir. Lakin diqqətçəkən məsələ Rusiya iqtisadiyyat naziri Aleksandr Novakın bu istiqamətdə təşəbbüslərinə baxmayaraq, bugünkü görüşə dəvət edilməməsidir. Əslində buna əsaslı səbəb də var. Çünki fikir mübadiləsi ancaq OPEK üzvüləri arasındadır.

Məsələnin bir başqa tərəfi Rusiyanın görüşə qatılacağı təqdirdə belə, veriləcək qərara bu və ya digər şəkildə təsir edə bilməməsidir. Belə ki, bazarın əsas oyunçuları nə Rusiya, nə Venesuela, nə də Nigeriyadır. Söz sahibləri - Səudiyyə Ərəbistanı və İran hasilatın dondurulması və ya azaldılmasında maraqlı deyillər.

Badalaq gələn İran

İranın neft naziri Bijan Zanqane açıq şəkildə bəyan edib ki, onun ölkəsi hər hansı razılaşmaya imza atmayacaq. O, jurnalistlərə açıqlamasında görüşə məhz fikir mübadiləsi üçün qatıldığını deyib. Bijanın bu sözləri birjalara bomba kimi düşərək dərhal neftin qiymətini ucuzlaşdırıb. Brent markalı neftin noyabr ayı üzrə fyuçə qiyməti 46,56 dollara qədər düşüb. Xatırladaq ki, neft istehsalçılarının iyunda Dahoda keçirilən görüşünə də İran qatılmamışdı. Bu da danışıqların nəticəsiz qalmasına səbəb olmuşdu. Əvəzində rəsmi Tehran hasilatı sanksiyadan əvvəlki səviyyəyə yüksəldərək gündəlik 4 milyon barelə çatdırmışdı. Belə şəraitdə Səudiyyə Ərəbistanı da hasilatı azaltmamışdı. Çünki krallığın Avropa bazarında əsas rəqibi İrandır. Analitiklər deyir ki, bazarın 4 faizi İrana, 13 faizi isə Səudiyyə Ərəbistanına aid olsa da ikinci o zaman hasilatı dondurmaq barədə qərar verə bilər ki, Rəsmi Tehran da buna razı olar. Onu da qeyd edək ki, Səudiyyə bu günlərdə hasilatı artıraraq gündəlik 10,67 milyon barelə çatdırıb.

Barel ətrafında rəqs

Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Faleh deyib ki, Əlcəzairdə keçirilən Beynəlxalq Energetika Forumunda neft hasil edən ölkələrin hasilatın dondurulması barədə razılıq əldə etməsinə ümid böyük olsa da, bu, sentyabr ayında baş tutmayacaq. Nazir bildirib ki, bugünkü Əlcəzair sammitində heç bir razılaşma gözlənilmir, mümkün razılıq bu ilin noyabr ayında Avstriyanın paytaxtı Vyanada əldə oluna bilər: “OPEC üzvləri arasında fikir ayrılığı böyükdür. Mən məsləhətləşmələr xaricində heç bir anlaşma gözləmirəm”.

Əl-Faleh həmçinin İran, Liviya və Nigeriyanın hasilatı artırdığını, bunun hasilatın həcmini rekord həddə çatdırdığını deyib. O, bu gün OPEC-in neft bazarını sakitləşdirmək üçün yumşaq və gözlənti yaradan bir açıqlama verəcəyini düşündüyünü də sözlərinə əlavə edib.

L.Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm