Kredit bürosunun yaradılması nəyi dəyişəcək? - TƏHLİL
Bizi izləyin

Təhlil

Kredit bürosunun yaradılması nəyi dəyişəcək? - TƏHLİL

Yeni “Kredit büroları haqqında” Qanun müzakirə mövzusu olaraq qalır.

Yeni “Kredit büroları haqqında” Qanun müzakirə mövzusu olaraq qalır.

Görünən odur ki, əhalinin bu qanunla bağlı xeyli gözləntisi var. Xüsusilə nəzərə alsaq ki, dolların bahalaşması nəticəsində bankların kredit portfeli kiçilib, əhalinin ödəmə qabiliyyəti düşüb və problemli kreditlərin həcmi artıb büronun yaradılması tam zamanına təsadüf edib.

Kredit bürosunun məqsəd və vəzifələrini Publika.az-a şərh edən iqtisadçı-ekspert Əkrəm Həsənov bildirdi ki, kredit bürosu vətəndaşların və şirkətlərin kredit tarixçəsinin bazasını aparan qurumdur:

“Hər hansı vətəndaşın kredit təşkilatına, lizinq şirkətinə, mobil telefon operatoruna, nisyə mal satan dükana, kommunal xidmət göstərən müəssisəyə və digərlərinə olan borcu kredit bürosunun bazasına daxil edilir. Necə? Borcu verən qurum vasitəsilə. Məsələn, vətəndaş bankdan kredit alarkən bank, dükandan nisyə mal alanda isə dükan və i.a. bu barədə dərhal kredit bürosuna məlumat verir. Həmin məlumatdan necə istifadə edilməsinə gəlincə, bankdan kredit götürmək istəyəndə həmin bank kredit bürosunun bazasına daxil olub vətəndaşın kredit tarixçəsi ilə tanış olur və o cümlədən bunun əsasında borcu verib-verməmək haqda qərar qəbul edir. Başqa sözlə, kredit bürosu pis kredit tarixçəsi olan şəxsin borclanmasının və bununla da problemli borcların həcminin artmasının qarşısını alır. Bu mənada kredit bürosu çox lazımlıdır”.

Ekspert deyir ki, əslində, belə bir qurum Azərbaycanda artıq 10 ildən çoxdur ki, mövcuddur:

“Həmin qurumun adı Mərkəzləşdirilmiş Kredit Reyestridir (MKR). Əvvələr Mərkəzi Bankın, bu ildən isə Maliyyə Bazarlarına Nəzarət Palatasının nəzdində fəaliyyət göstərir. Orada yalnız bankların və bank olmayan kredit təşkilatlarının verdiyi kreditlər haqda məlumat var və həmin məlumatdan da təbii yalnız sözügedən qurumlar istifadə edə bilir. Digər borc verənlər MKR-də iştirak etmir. Bu da təbii kredit risklərini artırır. Çünki ola bilər ki, vətəndaşın kredit təşkilatları üzrə kredit tarixçəsi müsbətdir, amma dükanlara və digər şəxslərə xeyli ödənilməmiş borcu var. Belə şəxs də asanlıqla banklardan kredit ala bilir, çünki banklar onun mənfi tarixçəsini bilmir.
Buna görə də kredit bürolarının yaranması ilə bağlı əsas gözlənti o idi ki, orada bütün əsas borc verənlər cəmləşsin və hər bir şəxsin kredit tarixçəsi tam olsun. Lakin qüvvəyə minmiş Qanuna əsasən kredit bürosunda iştirak yalnız kredit təşkilatları üçün məcburidir. Digərləri üçün isə könüllüdür. Qanuna əsasən 2 il ərzində yaradılacaq kredit büroları MKR-in də bazasından istifadə edə biləcək. Bu isə o deməkdir ki, reallıqda yaxın vaxtlarda bir kredit bürosu yaranacaq və bu, faktiki olaraq MKR-in özəlləşdirilməsi olacaq. Başqa büroların yaradılması ehtimalı azdır. Əslində, heç buna ehtiyac da yoxdur. Azərbaycan kimi kiçik ölkə üçün vahid kredit bürosunun (fərqi yoxdur: dövlət, yaxud özəl) mövcudluğu normal haldır”.

Ekspert deyir ki, əksər borc verənlər, xüsusən də nisyə mal satan dükanlar könüllü olaraq kredit bürosuna qoşulmayacaq:

“Ona görə ki, onlar qeyri-şəffafdır və, bir qayda olaraq, vergidən yayınırlar. Buna görə də nisyə satışları barədə məlumat verməkdə maraqlı deyillər.
Digər tərəfdən, onların nisyə alqı-satqı müqavilələri əksər hallarda istehlakçıların hüquqlarını kobud şəkildə pozur. Belə ki, onların verdiyi faktiki borc üzrə faiz dərəcəsi az qala 100%-ə çatır. Təsəvvür edirsiz: bankları 30%-ə görə tənqid edirik, amma dükanlar daha yüksək faizlə borc verir və bu barədə təbil çalan yoxdur.
Nəhayət, nisyə mal satanlar büroda ona görə maraqlı deyil ki, onlar kollektorlarla aktiv əməkdaşlıq edir. Nisyə satılan mal ödənilmədikdə qoçu kollektorlar irəli düşür və vətəndaşa təzyiq edərək borcu əksər hallarda qaytarırlar.Beləliklə, təkcə nisyə mal satan dükanların kredit bürosundan kənarda qalması həm dövlət büdcəsinə zərər vurur (vergi ödənilmir), həm istehlakçıların hüquqları pozulur, həm də bütövlükdə maliyyə sabitliyinə xidmət etmir, çünki borc alanların həqiqi kredit tarixçəsi naməlum qalır”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm