Daşlar yenidən düzüldü, yüz milyardlarla dollar “əridi” - Meymunun elədikləri
Bizi izləyin

Təhlil

Daşlar yenidən düzüldü, yüz milyardlarla dollar “əridi” - Meymunun elədikləri

2016-ci il gözlənilməz iqtisadi hadisələrlə yadda qaldı.

2016-ci il gözlənilməz iqtisadi hadisələrlə yadda qaldı. İki böyük iqtisadi gücün - Avropa Birliyi və ABŞ-ın populist seçiciləri tərəfindən verilən qərar siyasi-iqtisadi proseslərin axarını dəyişdi. Avropa Birliyi İngiltərəni itirdi, ABŞ-da keçirilən prezident seçkilərində proqnozların əksinə olaraq iş adamı Donald Tramp qalib gəldi. Dünya iqtisadiyyatında daşların yeni qaydalara uyğun düzülməsi prosesi başladı. İlə zəif iqtisadi performansla başlayan Çin isə yenidən balanslaşmanı hədəflədi.

Braziliya və Rusiya kimi ölkələr ağır resessiya ilə üzləşdilər. Dövlət gəlirlərinin 90 faizini neft təşkil edən Səudiyyə Ərəbistanının isə “qara qızıl”ın ucuzlaşması səbəbindən büdcə kəsiri artdı, beynəlxalq valyuta ehtiyatları 203 milyard dollar “əridi”.

Əmtəə bazarı meymun ilində də ümidləri doğrultmadı. Neftin bazardakı mövqeyini qaytarmaq istəyən OPEC hasilatı azaltmaqla bağlı bir neçe dəfə toplaşdı. Nəhayət ilin sonuna hasilatın gündəlik 1,2 milyon barel azaldılmasına dair razılıq əldə olundu.

Qlobal iqtisadiyyat

2016-cı ilin üç rübündə qlobal iqtisadi artım zəif temp nümayiş etdirdi. İnkişaf Etmiş Ölkələrdə məcmu tələbin zəif olması istehlak qiymətlərinin və faiz dərəcələrinin aşağı səviyyədə qalmasını şərtləndirdi. İnkişaf Etməkdə Olan Ölkələrdə isə nisbi canlanma olsa da, regional fərqlər nəzərə alınmadan perspektivlər qeyri-müəyyən qaldı. İlin əvvəlindən dünya iqtisadiyyatında davam edən kövrək artım beynəlxalq ticarətin azalması və davamlı aşağı inflyasiya ilə müşayiət olundu. 2016-cı ilin III rübündə qlobal iqtisadi artım 3.7% təşkil etdi. Qlobal işsizlik özünün ən yüksək səviyyəsindən kifayət qədər aşağı düşsə də, əksər ölkələrdə böhrandan əvvəlki səviyyədən yuxarı oldu.

ABŞ

İlin əvvəlindən ABŞ-da iqtisadi fəallıq gözlənilən səviyyəyə yaxın oldu. Artan əmək haqqı və stabil əmək bazarı hesabına istehlakın həcmi artsa da, xarici investisiya axınlarının zəifləməsi, enerji sektorunda investisiyaların azalması məcmu buraxılışı aşağı saldı. Maliyyə bazarında tərəddüdlərin artması və dolların möhkəmlənməsilə ixrac yönümlü sahələrə investisiyanın azalması da məcmu tələbə azaldıcı təsir göstərdi. Nəticədə Federal Ehtiyat Sisteminin Açıq Bazar üzrə Federal Komitəsi bir neçə dəfə toplaşsa da, əsas faiz dərəcəsinin artımına qərar vermədi. Nəhayət ilin son ayında bazarların gözləntisinə son verildi. FES-in Açıq Bazar üzrə Federal Komitəsi uçot dərəcəsini 0,5-0,75% artırdı. Beləliklə son 11 ilin ikinci faiz artımı reallaşdı. Əslində ABŞ Mərkəz Bankı 4 faiz artımı planlaşdırdığı 2016-cı ili tək faiz artımıyla yola verdi. Amma bunun da sualtı daşları var idi. Bu barədə bir qədər sonra. FES-in bir faiz artımı bazarları silkələməyə yetdi və yeni dövrün əsası qoyuldu, dollar əksər ölkələrin valyutalarını “uddu”. Nəzərə alsaq ki, 2017-ci ildə 3 faiz də artım gözlənilir, vəziyyət yaxşı görünmür.

ABŞ iqtisadiyyatı ilə bağlı daha bir önəmli hadisə respublikaçıların namizədi Donald Trampın qalib gəlməsi oldu. Əslində milyarderin qalibiyyəti FES-in faiz artımı qərarına birbaşa təsir etdi. Çünki dollar Donald Trampın prezidentliyi ilk növbədə ABŞ iqtisadiyyatının və Amerika dollarının dünyəvi pozisiyasının bərpa olunması demək idi. Hələ seçki kanpaniyası dövründən o, FES-i aşağı faiz siyasəti həyata keçirməkdə günahlandırırdı. Analitiklərin rəyinə görə, Tramp tərəfindən ABŞ-da Amerika biznesi ilə bağlı daha cəlbedici proqramın həyata keçirilməsinə başlanılarsa, ölkəyə yatırılan investisiyalar artacaq. Trampın prezidentliyi dövründə bu cür proqramların reallaşdırılması dünyəvi inkişafa mənfi təsir edəcək. Nəticədə investorlar daha sərt aktivlərə, daha doğrusu dollara üz tutacaqlar.

ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrini şərh edən nəhəng analoji strukturlardan biri də Platts agentliyi idi. Agentliyin analitikləri Trampın prezident seçkilərində qalib gəlməsi ilə dünya bazarlarını nə gözlədiyini təhlil etmişdilər. İddia edirdilər ki, ABŞ-ın enerji sektoru Trampın qələbəsindən böyük ehtimalla uduş qazanacaq, həm tələb, həm də təklif baxımından.

Avropa Birliyi

Böyük Britaniyanın Avropa Birliyinin tərkibindən çıxması barədə referendumun nəticələri birliyi dərindən silkələdi. Düzdür, Avrozona ölkələrində 2016-cı ilin III rübündə artım tempi 1.3%-ə (Barclays) yüksəldi. Hansı ki ilk rübdə iqtisadi artım tempi gözləntiləri üstələsə də, II rübdən başlayaraq daxili istehlakın azalması və investisiya fəallığının aşağı düşməsi artım tempini bir qədər zəiflətmişdi.

Yeri gəlmişkən, “Brexit”in mənfi təsirləri ötüşməyib. “Standard&Poor’s” agentliyinin hazırladığı araşdırmaya əsasən “Brexit”ə ən həssas ölkə Litvadır, daha sonra siyahıya Latviya, Macarıstan, Polşa, Slovakiya, Estoniya, Bolqarıstan, Çexiya, Rumıniya, Sloveniya, Xorvatiya, Türkiyə və Rusiya daxildir. Lakin agentlik hesab edir ki, qısamüddətli perspektivdə “Brexit”in Şərqi Avropa ölkələrinə birbaşa mənfi təsiri kiçik olacaq, bu təsirin zamanla tədricən artacağını gözləmək olar. Proses ilk növbədə investisiyaların azalması və mərkəzləşmiş fondların xətti ilə maliyyələşmənin zəifləməsi ilə müşahidə ediləcək.

Çin

Qlobal iqtisadiyyatının əsas lokomotivi olan Çinə gəlincə, ilin ilk yarısında açıqlanan iqtisadi məlumatların ürəkaçan olmaması qlobal səhm bazarlarında volalitliyi artırdı. Çin Mərkəzi Bankı (PBoC) qiymətli kağızlardakı güclü enişlərdən sonra, əvvəlcə ən böyük tərs repo əməliyyatını həyata keçirərək maliyyə sisteminə likvidlik təmin etdi. Növbəti mərhələdə isə yuanın devalvasiyasından qazanmağa çalışan spekulyantlara zərbə vurmaq üçün “ağır artilleriyası”nı pul bazarına çıxardı. Nəticədə Honkonqun valyuta bazarında yuandakı birgünlük kreditlər üçqat sıçrayaraq illik 23,7%-ə çatdı. Bu, illik 4,6% olan əsas əks repo dərəcəsindən 5 dəfə yüksək rəqəm idi.

İlin III rübündə Çin 6.3% faiz iqtisadi artım yaşadı. Hansı ki, bu da siyasi hədəflərə yaxın idi. Ancaq son illərin ən aşağı iqtisadi artım rəqəmi idi. Ekspertlərin proqnozları onu deməyə əsas verir ki, Çin “xoruz ilində” də bu il başladığı sosial müdafiənin gücləndirilməsi və xidmət sektorunun sərbəstləşdirilməsi kimi addımlarla investisiyadan istehlaka, sənayedən xidmət sektoruna doğru yenidən balanslaşmanı davam etdirəcək. Düzdür, yuanın məzənnəsinin süni şəkildə ucuz saxlanması fikirləri investor inamını müəyyən qədər zəiflədir, eləcə də yüksək korporativ borc və bununla bağlı risklər Çin iqtisadiyyatına dair perspektivlərin tam aydın olmadığını göstərir, amma ümid var…

Qlobal əmtəə qiymətləri

“Qara qızıl” 2016-cı ilin yanvarında quyunun dibinə vurdu. 2014-cü ilin yayında 140 dollar olan neft 30 dollara qədər ucuzlaşdı. Neft II rübün əvvəlindən bərpa olunmağa başladı. III rüb ərzində orta hesabla brent markalı neftin qiyməti 1 barel üçün 50 dollara yaxın səviyyədə sabitləşdi. OPEC üzvüləri bazara təsir etmək üçün 28 sentyabr tarixində Əlcəzairdə keçirdikləri qeyri-rəsmi görüşdə 2017-ci ildən başlayaraq, neft istehsalına günlük təqribən 33 mln. barel həcmində kvota qoyulması üzrə ilkin razılıq əldə etdilər. Razılaşmanın detalları, həmçinin hər

ölkə üzrə kvotanın miqdarı OPEC-in noyabrda keçirilən ənənəvi görüşündə qərarlaşdırıldı. Nəhayət neft hasilatının gündəlik 1,2 milyon barel azaldılmasına dair qərar verildi.

İnflyasiya

Dünya əmtəə qiymətlərində canlanma inflyasiya proseslərinə də təsir edir. Ümumilikdə, son illərdə bir çox ölkədə inflyasiya tarixi minimumda qərarlaşıb. 120 ölkənin inflyasiya dərəcəsinin təhlili göstərmişdir ki, onların 85%-ində inflyasiya dərəcəsi uzunmüddətli gözləntilərdən aşağıdır, 20%-ində isə deflyasiyadır. Enerji və ərzaq qiymətlərindəki dalğalanmaların daxil olmadığı baza inflyasiyası da son illərdə bir sıra İnkişaf Etmiş Ölkələrdə mərkəzi bankların hədəflərindən aşağıdır.

Azərbaycan

Ölkəmizdə 2016-cı ildə bir sıra qanunlara dəyişiklik edildi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində ciddi addımlar atıldı. Ən son olaraq da "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsi ərsəyə gətirildi. Hansı ki, Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən tətbiq edilən maliyyə sanksiyaları üzrə yaranmış 2107-ci ilin 1 yanvar tarixindən vergi orqanlarındakı şəxsi vərəqlərində mövcud olan borcların müvafiq icra hakimiyyəti orqanları tərəfindən silinməsini nəzərdə tutur.

SOCAR və BP-nin əməliyyatçısı olduğu ABƏŞ "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının 2050-ci ilədək gələcək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalandı. Bu razılaşma AÇG-yə iri həcmli sərmayələrə yol açacaq. Müqaviləyə uyğun olaraq, gələcək illərdə çoxsaylı iş yerləri yaradacaq. AÇG tərəfdaşlığı üzrə işləri BP idarə edəcək.

Bundan əlavə qeyri-neft sektoruna dəstək məqsədilə “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi” hazırlandı. Bu fundamental sənəd iqtisadiyyatda sadəcə özəl sektorun deyil, həm də kiçik və orta biznesin rolunu artırılmasına hesablanıb. Yol xəritəsinin vəzifəsi uzun müddət neft sektorunun hesabına inkişaf edən Azərbaycan iqtisadiyyatını balanslaşdırmaqdır. Bunun üçün hökumət iqtisadiyyatın "avanqard" sektoruna fokuslanmağı və əsas diqqəti hasilata deyil, emala, dövlət biznesinə deyil, şəxsi biznesə, az gəlirli bazarlara deyil, yüksək gəlirli işlərə, yüksək ixtisaslı iş qüvvəsinin formalaşdırılmasına yönəldəcək. Sənəd üç dövri əhatə edir: 2020-ci ilə qədər, 2025-ci ilə qədər və 2025-ci ildən sonra.

Ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinə gəlincə, bu ilin 11 ayında ölkədə fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən 54433,1 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,9 faiz az ümumi daxili məhsul istehsal edilib. Əlavə dəyərin 37,5 faizi sənayedə, 10,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 10,3 faizi tikinti, 6,7 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə, 17,6 faizi isə digər sahələrdə istehsal olunub. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizini təşkil edib. Əhalinin hər nəfərinə düşən ÜDM 5649,9 manata bərabər olub. Əsas kapitala 13,0 milyard manat məbləğində, yaxud əvvəlki ilin yanvar-noyabr ayları ilə müqayisədə 28,0 faiz az vəsait yönəldilib.

2016-cı ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 26329,7 milyon manatlıq məhsul satılıb. Xidmət subyektlərinə isə 6805,0 milyon manatlıq ödənişli xidmət göstərilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əmtəə dövriyyəsi 1,7 faiz artıb. Ölkənin xarici ticarət dövriyyəsi 14153,7 milyon ABŞ dolları olub. Hesabat dövründə

istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,1 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,1 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,6 faiz artıb. Orta aylıq nominal əmək haqqı 493,8 manat təşkil edib.

Ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 15820,0 milyon manat olub. Kredit portfeli 2015-ci il noyabr ayının 1-i ilə müqayisədə 14,8 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 8,7 faizini təşkil edib.

Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il noyabr ayının 1-nə 7413,1 milyon manat olub.

Məndən bu qədər… gələn il görüşmək ümüdi ilə…

Leyla Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm