44 trilyon dollar borc: Niyə yaranıb, necə ödəniləcək? - İNANILMAZ RƏQƏMLƏR
Bizi izləyin

Təhlil

44 trilyon dollar borc: Niyə yaranıb, necə ödəniləcək? - İNANILMAZ RƏQƏMLƏR

Beynəlxalq kredit dərəcələndirmə təşkilatı “Standard&Poor's” bu il ölkələrin borclarının 44 trilyon dollara çataraq rekord qıracağını açıqlayıb. Proqnoz illik borclanmalarda yüngül eniş ssenarisinə söykənir. Belə ki, bu il ölkələrin borclanmaları 6,8 trilyon dollara çatacaq. Bu da qlobal ümumi daxili məhsulun 9 faizinə bərabər olacaq. Borcun 60 faizi ABŞ və Yaponiyanın payına düşür . Çin, İtaliya və Fransa bu sırada növbəti yerləri tuturlar.

Maraqlıdır ki, bu ölkələrin hər biri iqtisadi güc hesab edilir. Bəs onlar niyə borcların həcminə görə liderdirlər?

Kimin nə qədər borcu var?

Dünya ölkələri xarici borcun həcminə görə, bir nəçə qrupa bölünürlər. Birinci qrupa 1 milyard dollar borcu olan ölkələr daxildir. Bunlar Baqam, Çenoqoriya və digər kiçik dövlətlərdir. İkinci qrupda əsasən 5 milyard dollara qədər borcu olan ölkələrdir. Həmin dövlətlər arasında Afrika dövlətləri, Özbəkistan, Moldova, Əfqanıstan və digərləri var. Digər qrupda 5-10 milyard dollara qədər borcu olan ölkələr - Ermənistan, Türkmənistan, İordaniya, Suriya, Liviya yer alır. 50 milyard dollara qədər borcu olan ölkələrin siyahısına Belarusiya, İran, Misir, Şimalı Koreya, Tunis və sair daxildir. İraq, Venesuella, Molaziya, Səudiyyə Ərəbistanı, Çexiya, Qazaxıtan və Ukraynanın xarici dövlət borcu 100 milyard dollarla ölçülür. Amma bu dövlətlər borca görə lider deyillər. Borc rekordu qıran ölkələr əsasən Amerika, Yaponiya, Fransadır. Beynəlxalq Valyuta Fondunun 2014-2015-ci illərin hesabatlarına əsasən, ABŞ-ın xarici borcu 20 trilyon dollar təşkil edir. İkinci sırada 9,5 trilyon dollarla İngiltərə, üçüncü sırada 5,7 trilyon dollarla Fransa, dördüncü sırada 5,5 trilyon dollarla Almaniya yer alırdı. Növbəti sıralanma isə aşağıdakı şəkildə idi:

5. Yaponoya 2,8 trilyon dollar

6. Hollandiya, 2,5 trilyon dollar

7. İspaniya 2,3 trilyon dollar

8. Çin 1,6 trilyon dollar

9. Rusiya 600 milyard dollar

10. Türkiyə 405 milyard dollar

Borcların ümumi daxili məhsula (ÜDM) nisbəti də diqqət çəkir.

Yaponoiyanın ÜDM-nin həcmi 6 trilyon dollardır. Xarici borcun ümumi daxili məhsula nisbəti 211 faizdir.

Yunanıstanın ÜDM-i 249 milyard dollardır. Xarici borcun ümumi daxili məhsula nisbəti 156 faizdir.

Zimbabvenin ÜDM-nin həcmi 11 milyard dollardır. Borcun ümumi daxili məhsula nisbəti 150 faizdir.

Camaykanın ÜDM-nin həcmi 15 milyard dollardır. Borcun ümumi daxili məhsula nisbəti 145 faizdir.

Livanın ÜDM-nin həcmi 42 milyard dollardır. Borcun ümumi daxili məhsula nisbəti 139 faizdir.

İtaliyanın ÜDM-nin həcmi 2 trilyon dollardır. Borcun ümumi daxili məhsula nisbəti 127 faizdir.

Amerikanın ÜDM-nin həcmi 15,6 trilyon dollardır. Borcun ümumi daxili nisbəti 101 faizdir.

Borcun tərifi

Analitiklər deyir ki, xarici borc sadəcə iqtisadi nəticə deyil. Onu şərtləndirən faktorlar və dərəcələr (ağırlıq, yüngüllük və s.) var. Məsələn, ölkələrin iqtisadiyyatı Dünya Bankının standart təyinatları olan kəskin və mülayim borca düşmə vəziyyətinə görə təsnifləndirilir. Kəskin borca düşmə o zaman baş verir ki, onun 2 əsas göstəricisi kritik səviyyəni aşır: xarici borca xidmət xərclərinin Ümumi Daxili Borca nisbəti (220%). Mülayim borclaşma o deməkdir ki, hər iki göstərici 60%-i ötür, amma kritik həddə çatmır. Bütün digər aşağı və orta gəlir səviyyəsinə malik olan iqtisadiyyatlar aşağı borca düşmə həddində olan ölkələr kimi təsnifata salınır. Əksər hallarda isə ölkələrin xarici borcların vəziyyətinin qiymətləndirilməsi üçün 3 əsas indikatordan istifadə olunur: Xarici borcun miqdarı ixracın 200%-dən çox olmamalı, ÜDM-ə nisbəti 40%-i aşmamalıdır, xarici borca xidmətlə əlaqədar bütün ödənişlərin ÜDM-ə nisbəti 5%-dən yüksək olmamalıdır. Ölkələrin xarici borclarının yüksəlməsi hər ölkədə bəzən özünəməxsus olur. Avropa ölkələrində vəziyyət bir neçə ölkə üzrə eynidir, amma bir neçə ölkə üzrə tam fərqli. Məsələn, bəzi Avropa ölkələrində - İtaliya, İspaniya, Portuqaliyada vəziyyət oxşardır. Yunanıstanın dövlət borcu hazırda ÜDM-in 160, İtaliyada isə 120 həddindədir. Hətta dünya iqtisadiyyatının ən böyük güc sahibi ABŞ-da bu rəqəm ÜDM-in 101%-i səviyyəsindədir. Yəni, ABŞ-da federal hökumətin kredit borcları, təqaüdçülük borc sənədləri və digər borcların cəmi məbləği 20 trilyon dollara çatıb. Bu isə o deməkdir ki, hələ yaxın illərdə də ABŞ-ın xarici borcu iqtisadi artımı üstələyəcək. Bunun mütənasiblik təşkil etməsi üçün ABŞ-ın iqtisadi artımı 6% həddində olmalıdır. Hətta hesablamalar var ki, 2020-ci ilə qədər borc 26 trilyon dolları keçəcək. Hazırda ABŞ-da xarici borcun təxminən ÜDM-nin həcmi (100%) qədər olması reallıqdır. Amma bunun əsas səbəbini iqtisadçılar ABŞ-da faiz dərəcələrinin aşağı olması ilə bağlayırlar. Pulun faiz qazandırmaq üçün banklar tərəfindən yaradılması və faiz dərəcələrinin artmağa meylli olması tək ABŞ iqtisadiyyatını deyil, dünya iqtisadiyyatını təsəvvür edilməz duruma sala bilər. Dünya iqtisadiyyatının 27%-ni əhatə edən ABŞ-da və Avropada borcların bu səviyyəyə çatması bir tərəfdən beynəlxalq maliyyə qurumlarını, digər tərəfdən isə kreditlər hesabına dövlət borclarını əhəmiyyətli sürətdə böyüdən dövlətlərin fundamental probleminə çevrilib. Dünyanın maliyyə mərkəzləri (dövlətləri) hesab edirlər ki, inkişaf etməkdə olan ölkələrin borcları bağışlanılmazsa, onlar inkişafdan geri qalacaqlar. Çünki onların cari ixracatlarından əldə etdikləri gəlirlərinin əhəmiyyətli hissəsi inkişaf etmiş ölkələrdən alınmış kreditlərin ödənməsinə sərf olunur.

Amerika kimə borcludur?

ABŞ Xəzinə Nazirliyi, 1974-cü ildən bu yana aylıq olaraq nəşr etdiyi "Xaricilərin Əlindəki ABŞ Dövlət Sənədləri" başlıqlı hesabatında ölkənin kimlərə borclu olduğunu göstərir.

Ötən ilin martına olan məlumatlara əsasən, Amerikanın Çinə borcu 1 trilyon 244 milyar dollar təşkil edir. Super gücün Cayman Adalarına və Yaponiyaya borcu 1 trilyon 137 milyard dollardır. Məlumatlara görə, Türkiyə də 52 milyard dollarla ABŞ-ın borclu olduğu ölkələr siyahısında 24-cü sırada yer alır.

Ölkələr necə borclanır?

Qaynaqlarına görə, xarici borclanma dörd şəkildə aparılır:

Beynəlxalq xarici borclanmalar

Beynəlxalq təşkilatlardan (BVF, Dünya Bankı kimi) borclanmalar

Bazardan istiqraz ixracı qarşılığında xarici borclanma

Xarici banklardan borclanma

Ölkələri xarici borclanmaya itələyən səbəblərin başında daxili vəsaitlərin qeyri-kafi olması dayanır. Bunlar aşağıdakılardır:

Dövlətin öz sərmayə bazarından borclanma imkanının olmaması

Dövlətin valyutaya ehtiyac duyması

Milli valyutanın dəyərini qorumaq üçün lazımlı ehtiyat axtarışıı

İnkişaf etmiş ölkələrdən borclanmanın faiz yükünün daha aşağı olması

İnkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələri borclanmağa məcbur etmələri

DB və BVF necə borc verir?

Statistika göstərir ki, dövlətləri borclanmaya Dünya Bankı və Beynəlxalq Valyuta Fondu da sövq edir. Əvvəlcə nəzərə çatdıraq ki, bu iki təşkilat fəaliyyət istiqamətinə görə bir-birindən fəqrlənir. Məsələn, hər hansı ölkə Dünya Bankına üzv olmazdan əvvəl Beynəlxalq Valyuta Fondunun üzvü olmalıdır. Dünya Bankının başlıca məqsədi inkişaf etməkdə olan ölkələrin uzun vədəli iqtisadi inkişaflarını təmin etmək, yoxsulluq səviyyəsini azaltmaqdır. BVF-nın başlıca məqsədi isə dünya maliyyə sisteminin yaxşılaşdırılmasına çalışmaqdır. Eləcə də üzv ölkələrin qısa vədəli maliyyə problemlərinə kömək etməkdir. Dünya Bankı təkcə inkişaf etməkdə olan ölkələrə kredit verir. BVF isə qısa dövrdə yaranan maliyyə problemlərini həll etmək üçün ehtiyacı olan bütün üzv ölkələri kreditlə təmin edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm