"Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilir"
Bizi izləyin

Təhlil

"Kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədilə mühüm islahatlar həyata keçirilir"

Publika.az Milli Məclisin deputatı İqbal Məmmədovun yap.org.az saytına verdiyi müsahibəni təqdim edir:

- İqbal müəllim, bu gün Azərbaycanın sosial-iqtisadi inkişafı dayanıqlı və rəqabətədavamlı şəkildə inkişaf edir. Ölkəmizdə bu siyasətin uğurlarını hansı amillərlə izah edərdiniz?

- Hər bir ölkənin, cəmiyyətin inkişafı orada mövcud olan siyasi sabitlikdən bilavasitə asılıdır. Bu gün ölkəmizin bütün dünyada baş verən qlobal böhrandan kəskin şəkildə təsirlənməməsi, siyasi çaxnaşma və təlatümlərdən uzaq durması birinci növbədə ölkəmizin müdrik şəkildə, uzaqgörənliklə və düzgün strateji yol izləməklə idarə olunması ilə bağlıdır. Əsası Ulu öndər tərəfindən qoyulmuş və dahiyanə şəkildə hazırlanmış siyasi kursun bu gün möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməsi ölkəmizin sosial-iqtisadi inkişafındakı dayanıqlılığın başlıca səbəbidir. Ölkəmizin rəqabətədavamlı inkişafının təmin edilməsində qeyri-neft sektorunu vacib amil kimi önə çəkən dövlət başçımızın bu məqsədlə izlədiyi siyasət və apardığı islahatlar, iqtisadiyyatın şaxələndirilməsini reallığa çevirib. Rəqabətədavamlılığın təmin edilməsi və yerli istehsalçılarının iqtisadi maraqlarının müdafiəsi məqsədi ilə ötən il “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” qanun qəbul etdik. Bu qanun ölkəmizin iqtisadi marağının üstünlüyü çərçivəsində çox böyük önəmə malikdir. Cari ilin yanvar ayında Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında da möhtərəm prezidentimiz sənayeləşmə, qeyri-neft sektorunun, sahibkarlığın inkişafı nəticəsində böhranlı ildə qeyri-neft sənayemizin 5 faiz artmasının çox böyük göstərici olduğunu qeyd etmişdir.

- İqbal müəllim, ölkəmizdə aqrar sahənin inkişafı hər zaman dövlətin diqqətindədir. Bu mənada Azərbaycanda qəbul olunan dövlət proqramları xüsusi əhəmiyyət daşıyır. Ümumiyyətlə son illər kənd təsərrüfatının inkişafı ilə bağlı atılan addımları və bu istiqamətdə həyata keçirilən islahatları necə qiymətləndirirsiniz?

- Ümumiyyətlə hər bir ölkənin əsas inkişaf dinamikasını şərtləndirən, istiqamət verən sənaye və kənd təsərrüfatıdır. Əhalisinin təqribən yarısı bölgələrdə yaşayan ölkəmizdə ərzaq təhlükəsizliyinin aradan qaldırılması, vətəndaşlarımızın ərzağa olan daxili tələbatını başlıca olaraq öz potensialımız hesabına qarşılaya bilməmiz üçün regionlarda infrastruktur sahələrinin yaradılması və kənd təsərrüfatının inkişaf etdirilməsi məqsədi ilə bu gün mühüm islahatlar həyata keçirilib və bu istiqamətdə işlər davam etməkdədir. Bilidiyiniz kimi cənab Prezidentin imzaladığı sərəncamla 2015-ci il ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilmiş və eyni zamanda öz çıxışlarında Azərbaycan üçün hər ilin “Kənd təsərrüfatı ili” kimi qəbul edilməsinin vacibliyini qeyd etmişdir. Ölkəmizdə aqrar sahəyə qoyulan investisiyaların həcmi hər il mütəmadi olaraq artmaqdadır. Dövlət tərəfindən kənd təsərrüfatı ilə məşğul olan sahibkarlara xüsusi kreditlər, subsidiyalar verilməkdə, eyni zamanda əkinçilər güzəştli şərtlərlə texnika və gübrə ilə təmin edilməkdədirlər. Hətta artıq ölkəmizdə kənd təsərrüfatı avadanlıqlarına olan ehtiyyacın qarşılanması məqsədi ilə bu avadanlıqları istehsal edən yerli müəssisələrimiz də fəaliyyətə başlamışdır. 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair, Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı, Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün, 2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair dövlət proqramları qəbul edilmiş və uğurla həyata keçməkdədirlər. Kəndçinin, əkinçiliklə məşğul olmaq istəyən vətəndaşlarımızın torpaqla təmin edilməsi və vergilərdən azad edilməsi islahatlarını xüsusi ilə qeyd etməliyəm. Hətta yaxın zamanda Azərbaycanın kənd təsərrüfatı məhsulları ixrac edən ölkəyə çevriləcəyinə şübhə etmirəm. Gördüyünüz kimi, bu sahədə atılan addımlar və görülmüş islahatları saymaqla qurtarmaq olmaz və bunların hamısını sadəcə alqışlamaq lazımdır.

- İstənilən sahənin inkişafında lazımi hüquqi bazanı təşkil edən qanunvericilinin olması vacib şərtdir. Bu baxımdan, ölkəmizdə aqrar sahənin inkişafını təmin edən qanunvericilik bazasının səviyyəsini necə qiymətləndirmək olar?

- Qanunvericilik bazasında müxtəlif boşluqlar mövcud olan və mükəmməl olmayan hər hansı sahənin inkişafından söhbət gedə bilməz. Aqrar sahənin inkişafından bəhs edərkən, ilk növbədə, Azərbaycanda həyata keçirilən torpaq islahatını vurğulamaq lazımdır. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan islahatlar nəticəsində sovet dövründən qalan kolxoz və sovxozlar ləğv olundu, torpaqlar əsil sahiblərinə - kəndlilərə verildi. Ölkədə neft sektorunda əldə edilən uğurlarla bir vaxtda aqrar sektorda tarixi əhəmiyyətli bir sənəd - "Torpaq islahatı haqqında" qanun qəbul olundu.

Azərbaycan Respublikasının Milli Məclisi qanunvericiliyimizin möhkəmləndirilməsi, sağlam əsaslara, məntiqi izaha dayalı, boşluq və şüphələrə yol açmayan hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində aidiyyəti qurumlarla işbirliyi çərçivəsində mühüm işlər görməkdə, inkişafa təkan ola biləcək yeni qanunlar qəbul etməkdədir. Yadınızdadırsa ötən il təkcə bir dəfəyə Vergilər məcəlləsində 200-dən artıq əlavə və dəyişikliyi müzakirə edərək qəbul etdik. Bütün bu çalışmalar ölkəmizin sosial-iqtisadi inkişafı üçün, vətəndaşımızın rifahı naminə həyata keçməkdədir. Bu baxımdan ölkəmizdə aqrar sahə ilə bağlı qanunvericilik bazası da çox yüksək səviyyədədir. Ötən il komitəmiz tərəfindən Milli Məclisdə 14 iclas keçirilərək ümumilikdə 31 məsələ müzakirə edilmişdir. Bu məsələlərdən 26-ı Milli Məclisin plenar iclasına tövsiyyə olunmuş və səsverməyə çıxarılaraq qəbul edilmişdir.

- İqbal müəllim, Milli Məclis strateji məhsullar haqqında da qanunlar qəbul edib. Bu qanunların əhəmiyyəti haqqında nə deyə bilərsiniz?

- Müharibə şəraitində yaşayan bir ölkə kimi Azərbaycanın ərzaq, yaxud qeyri-ərzaq olmasından asılı olmayaraq, istənilən strateji məhsulların müəyyən ehtiyatlarına sahib olması vacib amildir. Ötən dövr ərzində möhtərəm Prezidentimizin sərəncamı ilə ölkəmizdə taxil fondu yaradıldı və müxtəlif kənd təsərrüfatı anbarlari, soyuducular inşa olundu. Ümumiyyətlə, milli iqtisadiyyatımızın inkişafında dönüş yaradılmasına nail olmaq istəyiriksə strateji əhəmiyyətli məhsullar daim diqqət mərkəzimizdə olmalıdır. Milli Məclisdə strateji məhsulların demək olar ki, hamısı haqqında ayrılıqda qanunlar qəbul olunmuşdur. Taxılçılıq, üzümçülük, çayçılıq, pambıqçılıq və s. haqqında qanunlardan bəhs etmək mümkündür. Təcrübə göstərir ki, bu sahələrdə qəbul edilmiş qanunlardan sonra ölkəmizdə bu məhsulların əkilib-becərilməsi, yüksələn istiqamətdə inkişafı prosesi izlənməkdədir. Təkcə ərzaq təhlükəsizliyinin təminatında strateji əhəmiyyətə malik olan taxılçılıq yönündən baxarsaq son dövrlərdə taxıl istehsalının artması özünütəminetmə səviyyəsinin yüksəlməsinə və ölkəmizin idxala olan asılılıqdan qurtarılması istiqamətində mühüm yol qət etmişdir. Zənnimcə bütün məhsulların ayrı-ayrılıqda əhəmiyyətindən və bu sahələrin inkişafında qəbul edilmiş qanunların rolundan danışmaq artıq olar.

- İqtisadi inkişafın fonunda ölkəmizdə sahibkarlığın inkişafına və sahibkarlara dövlət qayğısını necə dəyərləndirmək olar?

- Bu gün ölkəmizdə möhtərəm Prezidentimiz tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyasının prioritetlərindən biri sözsüz ki, sahibkarlığın inkişafı mövzusudur. Ölkə başçısı tərəfindən “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” devizi altında biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmiş, təsdiq edilmiş strateji yol xəritələrində cari, orta və uzun müddətli dövr üçün iqtisadiyyatın əsas sektorları üzrə inkişaf hədəfləri və istiqamətləri müəyyən edilmiş, xüsusi ilə sahibkarlara geniş dəstək verilərək iqtisadi islahatlar davam etdirilmişdir. Bu baxımdan hüquqi bazanın təkmilləşdirilməsi, sahibkarlığa dövlət dəstəyinin genişləndirilməsi, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, vergi yükünün azaldılması, sağlam rəqabətin təmin edilməsi istiqamətlərində nəzərəçarpacaq dərəcədə geniş miqyaslı işlər həyata keçirilmişdir.

Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin və yoxlamaların iqtisadiyyatımızın inkişafına göstərdiyi mənfi təsirləri və bu sahədə çoxsaylı şikayətləri əsas götürən cənab Prezident, güclü siyasi iradə nümayiş etdirərək “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Milli Məclisə qanun layihəsi göndərdi və müzakirə olunaraq 2015-ci ilin oktyabr ayında 2 il müddətinə yoxlanılmaların dayandırılması ilə bağlı qanun qəbul edildi. Eyni zamanda, son illərdə istər kənd təsərrüfatının inkişafı, istərsə də sənayeləşmə istiqamətində qanunvericilik bazası daha da mükəmmələşdirilmiş, biznes mühitinin inkişafında sahibkarlar üçün xüsusi əngəl törədən lisenziyalar və icazələr təkmilləşdirilərək müvafiq qanun qəbul edilmişdir. Həmçinin ixrac potensialımızı inkişaf etdirmək, xarici ölkələrlə və şirkətlərlə qarşılıqlı faydalı ticarət əlaqələrini genişləndirmək, ölkəmizə xarici valyuta axımını təmin etmək məqsədi ilə yerli istehsalçılar və fermerlərə xüsusi dəstək göstərilməsi istiqamətində yeni qanunlar qəbul edilmiş və bu sahədə dövlət siyasəti uğurla həyata keçməkdədir.

- İqbal müəllim, hazırda ölkəmizin regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramı həyata keçirilir. Bu mənada təmsil etdiyiniz bölgənin sosial-iqtisadi inkişafı haqqında da fikirlərinizi bilmək istərdik...

- Ölkəmizin hər bir qarışı bizim üçün əzizdir və xüsusi əhəmiyyətə malikdir. Bu baxımdan regionların mərkəzi şəhərlərlə paralel olaraq inkişafı, iqtisadi aktivlik və xüsusi əhəmiyyətə malik iri layihələrin icrası istiqamətində bu proqramın qəbul edilməsi və uğurla həyata keçirilməsi son dərəcə vacib amildir. Bu proqram çərçivəsində əhalinin işgüzar fəallığının artması, paytaxta insan axımının qarşısının alınması, regionlarda sahibkarlıq fəaliyyətinin daha da genişlənməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, beynəlxalq tələblərə cavab verən rəqabət qabiliyyətli və ixrac yönümlü məhsullar istehsal edən yeni müəssisə və obyektlərin yaradılması və s. istiqamətində mühüm işlər görülmüşdür.

Bütün sahələrdə olduğu kimi bu sahədə də təmsil etdiyim bölgə həmişə mənim diqqət mərkəzimdədir. Bu proqramın icrası çərçivəsində istər Lerikdə anadan olan bir şəxs kimi, istər o bölgəni təmsil edən Millət vəkili kimi, istərsə də Aqrar siyasət komitəsinin üzvü kimi mütəmadi olaraq sahibkar, iş adamları və yerli fermerlərlə görüşlər təşkil edir, onları narahat edən məsələləri müzakirə edir, eyni zamanda təşviqedici və maarifləndirici söhbətlər aparıram. Konkret görülmüş işlərdən bəhsedərsək, əsrarəngiz təbiətə və gözəlliyə malik olan rayonumuzda xüsusi ilə son illər möhtərəm prezidentimizin turizmə göstərdiyi xüsusi diqqət və qayğının nəticəsi olaraq bu gün onlarla istirahət və turizm mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlər artıq yüksək səviyyəli şərait və göstərdikləri xidmət sayəsində yerli turistlərlə yanaşı müxtəlif ölkələrdən gələn qonaqları da qarşılamaqda, ölkəmizin turizm potensialına öz töhfəsini verməkdədir. Eyni zamanda, bu gün ölkəmizin ən iri quşçuluq komplekslərindən biri Lerik rayonunda fəaliyyət göstərir. Bu müəssisələr istər yüzlərlə yerli sakinin iş yeri ilə təmin olunması, istərsə də son texnologiyalardan istifadə etməklə ölkəmizin ərzaq təhlükəsizliyinin təmini istiqamətində fəaliyyəti baxımından çox əhəmiyyətlidir. Bütün bunlarla yanaşı rayon iqtisadiyyatında heyvandarlıq və əkinçilik də xüsusi rol oynayır. Xüsusi ilə kartofçuluğun inkişafı istiqamətində son dövrlər böyük işlər görülmüş, yerli sahibkarlar tərəfindən geniş ərazilərdə son texnologiyalardan istifadə etməklə kartof sahələri əkilmişdir. Rayonumuzun sosial-iqtisadi inkişafı çərçivəsində dövlət proqramının icrası və vətəndaşlarımızın qayğısı yönündə az da olsa fəaliyyətimin olması məni olduqca sevindirir. Bu məsələ mənim üçün prioritetdir və bu istiqamətdə heç vaxt əməyimi əsirgəməyəcəyəm.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm