Kompüterlər geniş insan kütlələrinin sayını hesablaya biləcək
Bizi izləyin

Texnoloji

Kompüterlər geniş insan kütlələrinin sayını hesablaya biləcək

Son vaxtlaradək müxtəlif nümayişlərdə iştirak edən adamların sayı sahə vahidinə düşən adamların sayının vizual hesablanması metodu və alınmış nəticələrin orta qiymətinin tapılması ilə müəyyən edilib. Lakin yeni proqram təminatı nəticəsində geniş kütlələrdə adamların sayını bir neçə həftə deyil, hadisə yerinin aerofotoçəkilişindən əldə edilən şəkillərin təhlili əsasında 20-30 dəqiqəyə müəyyən ediləcək.

Bu cür məlumat bəzi hallarda bir sıra lazımi tədbirlərin vaxtında görülməsinə kömək edəcək. Yəni əldə edilən nəticələr sonda insanların həyatlarını qorumağa kömək edəcək.

Proqram təminatı Mərkəzi Florida Universitetinin mütəxəssisləri tərəfindən hazırlanıb. Universitetin Kompüter Tədqiqat Mərkəzinin direktoru, professor Mübarək Şah deyib: “Geniş xalq kütlələrində insanların sayının avtomatlaşdırılmış kompüter təhlili heç vaxt aparılmayıb. İndi xüsusi xidmət orqanları bir neçə dəqiqədə adamların sayı və kütlənin sıxlığının dəyişikliyi haqqında məlumatı alaraq adamların hərəkətlərini də nizamlaya bilərlər. Bu, insan ölümü ilə nəticələnə biləcək çaxnaşmanın, basırığın əmələ gəlməsindən yaxa qurtarmağa kömək edəcək”.

Professor M.Şahın qrupu pilotsuz təyyarələrdən çəkilən və İspaniya Kataloniyanın müstəqilliyini tələb edən nümayişçilərin əks olunduğu fotoşəkillərdə alqoritmlərin iş bacarığını yoxlayıblar. Cəmi 67 şəklin təhlili aparılıb, iştirakçıların sayını hesablayan kompüterin işinə cəmi 30 dəqiqə vaxt sərf olunub.

Yeni texnologiya təkcə nümayişlərdə deyil, açıq yerlərdə keçirilən müxtəlif ictimai tədbirlərdə tətbiq oluna bilər. Bu isə tədbirlərin təşkilatçılarının iştirakçılara daha tez və keyfiyyətli xidmət göstərmələrinə, insanların rəftarındakı hər hansı dəyişikliyə vaxtında reaksiya vermələrinə kömək edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm