Azərbaycanın yeni peyki kommersiya fəaliyyətinə başladı
Bizi izləyin

Texnoloji

Azərbaycanın yeni peyki kommersiya fəaliyyətinə başladı

Yeni adı "Azersky" olacaq "SPOT 7" yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki “Azərkosmos” ASC-yə təhvil verildi.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Publika.az-a verilən məlumata görə, bu ilin iyun ayından orbitə çıxarılmış yüksək ayırdetməli peyk “Azərkosmos" ASC və Fransanın "Airbus Defence and Space" şirkəti arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos" ASC-yə təhvil verilib.

Bununla bağlı müqavilə prezident İlham Əliyevin iştirakı ilə imzalanıb. Prezident peykdən ilk simvolik görüntünü əldə etməklə "Azersky" peykinin kommersiya fəaliyyətinə start verdi.


İki tərəf arasında imzalanmış müqaviləyə əsasən "Azərkosmos"a məxsus "Azersky" və "Airbus Defence and Space" şirkətinə məxsus "SPOT 6" yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki hər iki şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda quraşdırılacaq yerüstü stansiya "Azərkosmos" ASC-yə kommersiya hüquqları "Airbus Defence and Space" şirkətinə məxsus çox yüksək ayırdetməli "Pléiades 1A və 1B" (0.5 m ayırdetmə) peyklərindən istifadə imkanı yaradacaq.


Bu peyk toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir. "Azersky" və "SPOT 6" peyk toplusu bir gün ərzində 6 milyon km2 ərazinin şəklini çəkə bilir ki, bu da Fransanın ərazisindən 10 dəfə böyükdür. Bu o deməkdir ki, Yer kürəsinin hər bir nöqtəsi hər gün "Azersky" və "SPOT 6" peykləri tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər.

"Azersky" Hindistanın "PSLV" raketi ilə iyunun 30-da uğurla orbitə çıxarılıb. Termal izolyasiya peykin minimum 12 il tam işləməsinə təminat verir. "Azersky" peykinin müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi geniş tətbiq sahələri vardır. Önümüzdəki bir il yarım ərzində 25-dən çox azərbaycanlı mütəxəssis Fransada peykin idarə olunması, məhsulların yaradılması və eyni zamanda marketinq-satış işlərinin təşkil edilməsi sahəsində təşkil ediləcək təlimlərdə iştirak edəcək. Bu müqaviləni imzalamaqla "Azərkosmos" Geo-İnformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başladı. Bu, Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr arasında daha da möhkəmləndirəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm