Texnoloji
Prezident İlham Əliyev: Kosmik texnologiyalar Azərbaycan üçün əsas prioritetlərdən biridir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
dekabrın 2-də Baku Expo Mərkəzində “BakuTel-2014” XX Azərbaycan
Beynəlxalq telekommunikasiya və informasiya texnologiyaları sərgisi
ilə tanış olub.
İqtisadi və sosial sahələrin bütün istiqamətlərdə davamlı artım
tempinə nail olan Azərbaycan informasiya-kommunikasiya
texnologiyaları (İKT) sahəsində də dünyanın sürətlə inkişaf edən
ölkələri səviyyəsinə yüksəlib. Son illərdə ölkəmizdə bu sahədə
beynəlxalq tədbirlər və konfranslar keçirilir. “BakuTel” sərgisi də
Xəzər və Qafqaz regionlarında telekommunikasiya, o cümlədən
informasiya texnologiyaları sahəsində ən böyük tədbirdir. Artıq
20-ci dəfədir baş tutan “BakuTel” sərgisi keçirildiyi illər ərzində
telekommunikasiya bazarında mühüm hadisəyə çevrilib. Bu sərginin
beynəlxalq nüfuzu Birləşmiş Millətlər Təşkilatı, Beynəlxalq
Telekommunikasiya İttifaqı və Regional Rabitə Birliyinin
nümayəndələrinin mütəmadi iştirakı, həmçinin Dünya Sərgi Sənayesi
Assosiasiyasının keyfiyyət nişanı ilə təsdiq olunub.
Bu gün ölkəmizdə İKT sektoru sürətlə inkişaf edir. Prezident İlham
Əliyev ölkədə bu sahənin inkişafını daim diqqət mərkəzində
saxlayır. 2013-cü ilin Azərbaycanda “İnformasiya-kommunikasiya
texnologiyaları ili” elan edilməsi də bunun əyani təsdiqidir.
Təsadüfi deyil ki, həmin ildə ölkəmiz üçün tarixi hadisə baş verdi
-“Azərspace-1” ilk milli telekommunikasiya peyki orbitə çıxarıldı.
Bununla da Azərbaycan kosmik ölkələr sırasına qoşuldu. Bundan
əlavə, ölkəmizin təşəbbüskarı olduğu “Trans-Avrasiya Super
İnformasiya Magistralı” layihəsi BMT Baş Assambleyasının
qətnamələri ilə dəstəklənib və mərhələlərlə reallaşdırılmaqdadır.
İnformasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün
Milli Strategiyanın qəbul edilməsi də dövlətin bu sahədə
siyasətinin ardıcıl xarakter daşıdığının bariz nümunəsidir. Artıq
ölkədə İnformasiya texnologiyalarının İnkişafı Dövlət Fondunun,
Yüksək Texnologiyalar Parkının, Elektron Təhlükəsizlik Mərkəzinin,
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin
fəaliyyəti təşkil olunub. Yeni yaradılan İnformasiya
Texnologiyaları Universiteti də bu sahənin inkişafına olan diqqətin
əyani göstəricisidir. Bu mənada informasiya-kommunikasiya
texnologiyaları üzrə qazanılan nailiyyətlərin və dünyada tətbiq
olunan qabaqcıl yeniliklərin nümayiş etdirildiyi “BakuTel”
sərgi-konfransı artıq geniş miqyasda özünəməxsus nüfuza malikdir.
Bu il sərgi və konfransın uğurlu fəaliyyətinin 20 illik yubileyinin
qeyd edilməsi onun əhəmiyyətini daha da artırır. Ötən 20 il ərzində
dünyanın 50 ölkəsindən 2000-dən artıq şirkətin sərgiyə qatılması,
xüsusilə də Prezident İlham Əliyevin son illərdə bu sərgi ilə tanış
olması tədbirin yüksək statusunu bir daha təsdiqləyir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşkilatçılığı ilə
keçirilən builki yubiley sərgisində dünyanın 23 ölkəsindən 250
şirkət iştirak edir. Onların arasında aparıcı İKT şirkətləri,
Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri,
sistem inteqratorları və məşhur brendlərin distribüterləri var.
Sərgidə telekommunikasiya və şəbəkələr, genişzolaqlı rabitə və
yayım texnologiyaları, proqram təminatı və sistemin
avtomatlaşdırılması, İT və ofis texnologiyaları, yüksək
texnologiyalar, habelə texnoloji yeniliklər və bir sıra digər
məhsullar da nümayiş etdirilir.
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Prezident İlham
Əliyevə məlumat verdi ki, artıq ikinci ildir sərgidə Azərbaycan
milli pavilyonu yaradılır. Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinin son illərdə həyata keçirdiyi işlər, habelə İKT
sənayesinin inkişafı üzrə gələcək planlar barədə dolğun məlumat
verən Azərbaycan milli pavilyonu ziyarətçilərin böyük marağına
səbəb olur.
Prezident İlham Əliyev Milli Nüvə Tədqiqatları Mərkəzinin maketi
ilə tanış oldu. Bildirildi ki, artıq Mərkəzin sterilizasiya
məqsədli qamma şüalanma kompleksi və kiçik aktivlikli qamma
şüalanma mərkəzinin binaları hazırdır.
Azərbaycan bu il Beynəlxalq Telekommunikasiya İttifaqının
Səlahiyyətli Konfransı çərçivəsində sahə üzrə bu mötəbər təşkilatın
ali idarəedici qurumu olan Şuraya üzv seçilib. Uzun illər
Azərbaycan hökumətinin etibarlı tərəfdaşı olan BMT-nin İKT sahəsi
üzrə həyata keçirdiyi layihələrinin nümayiş etdirildiyi pavilyon da
burada təşkil olunub. BMT-nin ölkəmizdəki rezident əlaqələndiricisi
Antonius Broeki dedi ki, qurum İnkişaf Proqramı çərçivəsində 4 sahə
üzrə Azərbaycan hökuməti ilə əməkdaşlıq edir. Bunlar demokratik
idarəçilik, davamlı inkişaf, qadınlara səlahiyyətlər verilməsi və
böhranların qarşısının alınmasıdır. BMT Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi ilə birlikdə mühüm layihələr həyata
keçirir.
Qeyd olundu ki, sərgidə Beynəlxalq Telekommunikasiya İttifaqı ilk
dəfə olaraq öz stendi ilə iştirak edir. Təşkilatın baş katibi
Hamadun Ture dedi ki, İKT sahəsində həyata keçirilən dinamik
inkişafın və əldə olunan nailiyyətlərin nəticəsidir ki, Azərbaycan
qurumun ali idarəetmə orqanı olan Şuraya üzv seçilib. Qurumun
stendində gələn il təşkilatın 150 illiyi və bu illər ərzində baş
vermiş texnoloji inkişafı əks etdirən ekspozisiya təqdim
edilir.
Azərbaycan “Bakı-2015” birinci Avropa Oyunlarına fəal şəkildə
hazırlaşır və bu hadisə “BakuTel” sərgisində də geniş əks olunub.
Baku Expo Mərkəzinin foyesində yerləşən stend Avropa Oyunlara
hazırlıq prosesini, onun texniki və texnoloji məsələlərini, habelə
növbəti ilin ən böyük idman bayramı çərçivəsində bizim hər birimizi
gözləyən sürprizləri əks etdirir.
Bu il Böyük Britaniya, İran, İtaliya, Kanada, İsrail, Türkiyə,
Estoniya və bir sıra digər ölkələr sərgidə maraqlı və innovativ
layihələri, habelə İKT sahəsi üzrə məhsullarını və xidmətlərini
təqdim edirlər.
Prezident İlham Əliyev sərginin digər pavilyonları ilə də tanış
oldu.
Azərbaycanın ilk mobil operatoru olan “Bakcell” indi ölkəmizin
aparıcı mobil internet provayderlərindən biridir. Şirkət müasir
mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə
məhsullar təqdim edir. Sərgidə şirkətin Azərbaycanda gənclərin,
futbolun və regionların inkişafına göstərdiyi dəstəyə həsr olunan
xüsusi guşə də yaradılıb.
Dövlətimizin başçısı “Delta Telekom” MMC-nin fəaliyyətindən bəhs
edən pavilyonda da oldu. Bildirildi ki, regionun ən iri
telekommunikasiya operatorlarından olan “Delta Telekom” rabitə və
telekommunikasiya xidmətlərinin keyfiyyət göstəricilərinə görə ən
etibarlı infrastruktura malikdir.
“AzerFon” MMC 2007-ci ildən fəaliyyət göstərir. “Narmobile” hazırda
Azərbaycanın telekommunikasiya bazarının inkişafında mühüm rol
oynayır və xidmət sektorunu daha da genişləndirir. Şirkət
Azərbaycanda İKT sahəsinin inkişafına töhfəsini verən və ölkədə
mütərəqqi mobil texnologiyaları tətbiq edən ticarət nişanı kimi
tanınıb. “Narmobile” həm də “Bakı 2015” ilk Avropa Oyunlarının
rəsmi mobil rabitə təminatçısıdır.
2010-cu ildə “AzQtel” MMC şirkəti tərəfindən yaradılan “SAZZ” əmtəə
nişanı da Azərbaycanda 4G Mobile WiMAX texnologiyası əsasında
genişzolaqlı simsiz internet xidməti göstərən ən böyük operatordur.
İlkin olaraq Bakı və Xırdalan şəhərlərini əhatə dairəsinə daxil
edən şirkət qısa vaxtda Abşeron yarımadasının və respublikanın
digər 15 şəhərinin internet istifadəçiləri də simsiz və limitsiz
internetin verdiyi imkanlardan faydalanmağa başlayıblar. Son bir
neçə ayda “Sazz 4G İnternet” şirkəti Bakı şəhərinin daxilində də
mövcud əhatə dairəsinin gücünü əhəmiyyətli dərəcədə artırıb.
2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki
“Azərspace-1”in uğurla orbitə çıxarılması ilə “Azərkosmos” ASC öz
müştərilərinə peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet
xidmətləri, eləcə də yüksək etibarlı peyk əsaslı rabitə
platformaları təqdim etməyə başlayıb. Sonra Prezident İlham
Əliyevin iştirakı ilə Azərbaycanın milli peyk operatoru
“Azərkosmos” ASC və Fransanın “Airbus Defence and Space” şirkəti
arasında müqavilə imzalandı. Bu müqavilə ilə Azərbaycan ilə Fransa
arasında kosmik sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu
ilin iyununda orbitə çıxarılan və yeni adı “Azersky” olacaq “Spot
7” yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki
“Azərkosmos” ASC-yə təhvil verildi. Dövlətimizin başçısı peykdən
ilk rəmzi görüntünü əldə etməklə “Azersky” peykinin kommersiya
fəaliyyətinə start verdi. Müqaviləyə əsasən “Azərkosmos”a məxsus
“Azersky” və “Airbus Defence” and Space” şirkətinə məxsus “SPOT 6”
yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki hər iki
şirkətin daha yüksək xidmət göstərməsi üçün peyk toplusu formasında
birgə istifadə olunacaq. Həmçinin, Azərbaycanda quraşdırılacaq
yerüstü stansiya “Azərkosmos” ASC-yə kommersiya hüquqları “Airbus
Defence” and “Space” şirkətinə məxsus çox yüksək ayırdetməli
Pléiades 1A və 1B peyklərindən istifadə imkanı yaradacaq. Bu peyk
toplusu Yer səthinin məsafədən müşahidəsi üçün istifadə olunan
tətbiqlərə geniş imkanlar yaradır və ən yeni peyk görüntülərini
indiyə qədər mümkün olmayan cəldliklə əldə etmək imkanı verir.
“Azersky” və “SPOT 6” peyk toplusu bir gün ərzində 6 milyon
kilometr ərazinin şəklini çəkə bilir. Bu, o deməkdir ki, Yer
kürəsinin hər bir nöqtəsi hər gün “Azersky” və “SPOT 6” peykləri
tərəfindən yüksək ayırdetmədə müşahidə oluna bilər. Bütün bunlar
Azərbaycanın mövqelərini peyk xidmətləri göstərən azsaylı ölkələr
arasında daha da möhkəmləndirəcək.
Sonra dövlətimizin başçısı İsrailin sərgidə təmsil olunan
şirkətlərinin stendlərinə baxdı. “PİNEAPP LTD” şirkəti
təhlükəsizlik üzrə qabaqcıl həll variantlarının təchizatçısı kimi
bazara e-poçtun təhlükəsizlik sistemlərini təklif edir. Ümumilikdə,
İsrail budəfəki sərgidə 14 şirkətlə təmsil olunur.
Prezident İlham Əliyev Böyük Britaniyanın pavilyonunda oldu.
Sərgiyə 7 şirkətlə qatılan Böyük Britaniya İKT sahəsində ən son
texnologiyaları təqdim edir.
İran sərgidə “KAVOSHCOM ASİA” şirkəti ilə təmsil olunur. Şirkət
telekommunikasiya, elektrik, antenna qüllələri və digər metal
avadanlıqların istehsalı ilə məşğuldur.
Sərgidə Rusiya Federasiyasının telekommunikasiya avadanlığı və
məhsullarının istehsalı, proqram təminatı, rabitə və
texnologiyalarının digər sahələri ilə məşğul olan 10-a yaxın
şirkəti iştirak edir. Rusiyanın “İnsol” şirkətinin sistem
inteqrasiyası və proqram inkişafı sahəsində nailiyyətlərini əks
etdirən ekspozisiyası maraq doğurdu. Şirkət ən böyükləri Rusiya,
Ukrayna və Azərbaycanda olmaqla, MDB-yə üzv olan 8 ölkədə ofis və
nümayəndəliklərə malikdir.
Sərgidə Yüksək Texnologiyalar Parkı haqqında da geniş məlumat
verilir. Dövlətimizin başçısının Sərəncamı ilə yaradılan parkın
əsas funksiyası İKT, digər yeni və yüksək texnologiyalar üzrə
fəaliyyətin genişləndirilməsi, burada çalışan fiziki və hüquqi
şəxslər üçün əlverişli şəraitin yaradılması və digər xidmətlərin
inkişaf etdirilməsidir.
Qeyd olundu ki, bu il sərgidə yeni iştirakçılar böyük fəallıq
göstərirlər. Sərginin debütantları əsas etibarilə Azərbaycanın
iqtisadi göstəricilərindəki yüksəlişlə əlaqədar olaraq yerli bazara
marağı xeyli artan xarici iştirakçılardır. Debütantların arasında
bu il rekord sayda təmsil olunan “startap”lar var. Bütün
“startap”lar Bakı Ekspo Mərkəzinin ikinci zalında - Yüksək
Texnologiyalar Parkının stendində yerləşir. Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi tərəfindən “startaplar”a fəal dəstək
göstərilir. Bu cür dəstək “BakuTel” sərgisinin də ənənələrindən
biridir. Regionun İKT sektoru üzrə ən böyük tədbirində sənaye
liderləri və dövlət strukturları ilə birgə iştirak etmək, eləcə də
dövlət və özəl investisiyaları cəlb etmək məqsədilə fərdi
layihələri təqdim etmək üçün nadir imkan yaradılır. Bu il ölkənin
30-dan artıq gənc layihəçisi bu imkandan istifadə edib və onlar
sərgi çərçivəsində öz innovativ proqram və xidmətləri barədə
məlumat verirlər.
Prezident İlham Əliyev sərginin əsas tərəfdaşlarından olan “İNTEL”
şirkətinin stendi ilə də yaxından tanış oldu. Şirkət kompyuter
innovasiyaları sahəsində dünya üzrə aparıcı mövqe tutur və bütün
dünyada kompyuter cihazları üçün baza funksiyasını yerinə yetirən
zəruri texnologiyaların layihələndirilməsi və istehsalı ilə
məşğuldur. Artıq şirkətin təqdim etdiyi virtual siniflər Bakının
bir neçə təhsil ocağında tətbiq olunur.
Estoniyanın informasiya-kommunikasiya texnologiyaları şirkətləri
“BakuTel-2014” sərgisində milli pavilyonu ilə təmsil olunur.
Pavilyonda 18 şirkət müxtəlif innovativ İKT məhsullarını nümayiş
etdirir. Sərginin ziyarətçiləri Azərbaycanın mobil elektron imza
xidməti olan “Asan imza” ilə Estoniyada tətbiq olunan analoji
“Mobil ID” xidmətinin müqayisəli statistik təhlili ilə tanış olmaq
imkanı əldə edirlər.
Dövlətimizin başçısı Türkiyənin stendinə də baxdı. Qeyd edildi ki,
qardaş ölkə bu sərginin fəal iştirakçılarından biridir. Budəfəki
sərgidə Türkiyənin İKT sahəsində inkişaf etmiş 16 şirkəti təmsil
olunub.
“Azercell” 1996-cı ildə təsis edilib və hazırda bazarda lider
mövqeyini saxlayır. Şirkət Azərbaycana bir sıra innovativ
texnologiyalar və konsepsiyalar gətirib. Ziyarətçilər sərgidə
“Azercell”-in bir neçə istiqamətdə yeniliklərindən faydalana
biləcəklər. Bu innovativ texnoloji həllərə “Mobil sağlamlıq”,
“Valideyn nəzarət sistemi”, Barama İnnovasiya Mərkəzinin təqdim
etdiyi təhlükəsizlik sistemi və “Google Glass” eynəyinin 2-ci
versiyası daxildir.
Sərgidə ən yeni texnologiyalarla təmsil olunan “Huawei” dünya üzrə
aparıcı İKT həlləri təmsil edən şirkətdir. Şirkətin məhsulları
100-ə yaxın ölkədə istifadə olunur. “Huawei” dünyanın ən yaxşı 50
telekommunikasiya operatorlarından 45-nə xidmət göstərir.
“CASPEL” şirkəti Azərbaycan ərazisində informasiya texnologiyaları
və telekommunikasiya sahəsində kompleks həll variantlarını təqdim
edən ən iri inteqrator şirkətlərdən biridir. Şirkət Azərbaycanın
bütün ərazisini əhatə edən özünün fiber-optik şəbəkəsinə
malikdir.
Prezident İlham Əliyev “SİNAM” MMC-nin stendinə də baxdı. Əsası
1994-cü ildə qoyulan SİNAM regionda genişmiqyaslı İT xidmətləri və
məhsulları təklif edən aparıcı şirkətdir. Elektron hökumət
həllərinin provayderi və sistem inteqratoru kimi tanınan SİNAM
aparat və proqram təminatı komplekslərindən tutmuş konsaltinq,
dəstəkləmə və zəmanət xidmətləri də daxil olmaqla bütöv bir zənciri
özündə birləşdirən istifadəyə hazır məhsullar təqdim edir.
Qeyd edək ki, builki sərgi və konfransın proqramı həm də
əvvəlkilərdən daha geniş və zəngindir. Gündəliyə “Əşyaların
interneti”, “Elektron hökumət” üzrə beynəlxalq konfransların və
digər tədbirlərin daxil edilməsi İKT-yə dair yeni nailiyyət və
təşəbbüslərin işgüzar dairələrə çatdırılması, gələcək inkişaf
prioritetlərinin müəyyən edilməsi, qarşılıqlı faydalı əməkdaşlığın
və təcrübə mübadiləsinin genişləndirilməsi üçün hərtərəfli imkanlar
açacaq.
Dövlətimizin başçısı sərgidə “Euronews” telekanalının müxbirinə
müsahibə verdi.
- Cənab Prezident, innovativ texnologiyaların həyata
keçirilməsi baxımından Siz bu müqaviləni necə
qiymətləndirirsiniz?
- Bu, bizim üçün əlamətdar gündür. Bu müqavilənin imzalanması
kosmik sənayenin inkişafı baxımından Azərbaycan üçün çoxlu imkanlar
açır. Bildiyiniz kimi, biz iqtisadiyyatımızın şaxələndirilməsi
siyasətini həyata keçiririk və bu siyasət uğurludur.
İnformasiya-kommunikasiya texnologiyaları və kosmik texnologiyalar
bizim üçün əsas prioritetlərdən biridir. Yəqin bilirsiniz ki, biz
artıq ilk peykimizi orbitə buraxmışıq. Bu, ikincidir. Proses davam
edəcək. Bu, texnologiya, inkişaf, biznes, təhsil baxımından bir çox
imkanlar açır. Eyni zamanda, bu peyk bizə kənd təsərrüfatı,
fövqəladə hallar sahələrində, həyatımızın müxtəlif sahələrindəki
imkanlarımızı daha ətraflı qiymətləndirməyə kömək edəcək. Mən bu
müqaviləni yüksək qiymətləndirirəm. Eyni zamanda, bu, Fransa ilə
Azərbaycan arasında ikitərəfli səviyyədə beynəlxalq əməkdaşlığın
yaxşı nümunəsidir, çünki bu layihə hər iki prezident tərəfindən
dəstəklənir. Eyni zamanda, “Azərkosmos” və “Airbus” arasında yaxşı
əməkdaşlıq mövcuddur.
- Cənab Prezident, yəqin razılaşarsınız ki, “BakuTel”
sərgisi telekommunikasiya nəhənglərini bir araya gətirir. Bu yüksək
səviyyəli mütəxəssislər üçün növbəti prioritet nədən ibarət
olmalıdır?
- “BakuTel”in böyük tarixi var. Artıq 20 ildir ki, biz bu sərgini
keçiririk. Bu, onu göstərir ki, İKT-nin inkişafı baxımından
Azərbaycan regionun mərkəzlərindən biridir. Bildiyiniz kimi, biz
neft-qaz sahəsinin inkişafı, neft-qaz infrastrukturu baxımından
regionun mərkəzlərindən biriyik. Lakin bir neçə il bundan əvvəl biz
iqtisadiyyatı neft iqtisadiyyatından qeyri-neft iqtisadiyyatına
çevirməyi qərara aldıq və transformasiya çox uğurludur. Biz qara
qızıl olan nefti insan kapitalına çevirmək siyasətini həyata
keçiririk. Bu səbəbdən “BakuTel” şirkətlərin Azərbaycanda fəaliyyət
göstərməsi, Azərbaycanın artan iqtisadiyyatından faydalanması üçün
bir çox imkanlar açır. Eyni zamanda, bu, bizə müasir beynəlxalq
ekoloji inkişafın bir hissəsi olmağa imkan verir. Sonuncusu isə
təhsildir. Minlərlə azərbaycanlı gənc burada hazırlanır, müxtəlif
beynəlxalq şirkətlərdə çalışır və təhsil kurslarında iştirak edir.
Bu, ölkənin inkişafı, müasirləşməsi, uğurlu gələcəyinə olduqca
müsbət təsir göstərir.
- Bizə vaxt ayırdığınız və cavablarınız üçün təşəkkür
edirəm.
- Təşəkkür edirəm.
X X X
Sonda xatirə şəkli çəkdirildi.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO