Uçdu göylərə bizim Qaqarin…
Bizi izləyin

Texnoloji

Uçdu göylərə bizim Qaqarin…

İnsanlığın ən böyük tarixi arzusu 1961-ci ilin 12 aprelində reallaşdı – kosmosa insan göndərildi. Bu arzunu tarixin əlmiş-getmiş ən böyük, ən qüdrətli əfsanəvi dövləti - bizim də vətəndaşı olduğumuz SSRİ reallaşdırdı. Bu tarixi naliyyətdə bizim xalqın da rolu, payı, iştirakı var.

Kosmik yarışda qalib gələn xalqın iftixarı

SSRİ və ABŞ arasında 50-ci illərdə kosmosun fəthi sahəsində gedən gərgin mübarizə başlamışdı. Kosmik yarış soyuq müharibə dövründə SSRİ və ABŞ arasında mədəni, texnoloji və ideoloji qarşıdurmanın vacib hissəsinə çevrilmişdi. Bir sözlə, bütün dünya ilk insanı kosmosa hansı dövlətin göndərəcəyini maraqla gözləyirdi.

1961-ci ilin əvvəllərindən ABŞ astronavtı Alan Şepard orbitaltı uçuş üçün məşq edirdi. O, “Redstone” adlı raketlə 1961-ci ilin mayında uçmalı idi. Sovet kəşfiyyatı bu barədə məlumatlar əldə etmişdi. Sovet kosmik proqramının rəhbəri Sergey Korolyov amerikalıları qabaqladı - aprelin 12-də Yuri Qaqarin Sovet kosmik gəmisi “Vostok”la kosmosa göndərildi.

Tarixi uçuş 12 aprel 1961-ci ildə Baykonur start məntəqəsində baş verdi. “Vostok” gəmisində uğurla kosmosa çıxan Yuri Qaqarin yerin orbitində 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıtdı.

Dünyanın ilk kosmonavtının qısa həyat tarixçəsi

Yuri Qaqarin 1934-cü il martın 9-da Smolensk ətrafında Qjatsk rayonunda sadə kəndli ailəsində doğulub. 1951-ci ildə Yuri Saratov aeroklubunun üzvü olur. 1955-ci ildə təhsilini əla qiymətlərlə başa vuraraq “Yak-18” təyyarəsində ilk dəfə sərbəst uçuş edir.

27 oktyabr 1955-ci ildə Qaqarin əsgərliyə çağırılır və Orenburqdakı 1-ci hərbi aviasiya məktəbinə göndərilir. 25 oktyabr 1957-ci ildə o, bu məktəbi bitirir.

1960-cı ildən general Verşinin əmri ilə o, kosmik uçuşlar üçün hazırlıq komandasına qəbul edilir. Sergey Korolyovun rəhbərlik etdiyi komissiya 6 namizəd arasından Qaqarin və onun əvəzləyicisi Titovu seçir. Uçuş 12 aprel 1961-ci ildə Baykonur kosmodromunda reallaşır.

Qaqarin Yerin ətrafında 108 dəqiqə dövr etdikdən sonra sağ-salamat yerə qayıdır. Sonrakı illərdə Qaqarin bütün dünyanı gəzir, görüşlər keçirir. Yenidən uçmaq istəsə də, dövlət rəhbərliyi imkan vermir, çünki onu bir simvol kimi qorumağı qərara almışdılar.

Qaqarin 27 mart 1968-ci ildə “MiG-15” reaktiv döyüş təyyarəsində qəzaya uğrayaraq həlak oldu və Moskvada Kreml divarında dəfn edildi. SSRİ-nin və dünyanın hər yerində onun adı əhəmiyyətli obyektlərə verildi, adibələri qoyuldu. Onun adını daşıyan şəhər də var.

“Qaqarin” proyektinə azərbaycanlı möhürü

Fəxrlə qeyd etmək istəyirik ki, Sovet kosmonavtikasının inkişafında bizim xalqın görkəmli nümayəndələrinin də böyük rolu olub. Böyük ixtiraçı alim Kərim Kərimov Baykonur kosmodromunun əsası qoyulan gündən Kosmik Gəmilər üzrə Dövlət Komissiyasının tərkibinə daxil edilmişdi. Kosmik aparatların yaradılmasında, dünyada ilk dəfə insanın

kosmosa göndərilməsində onun da rolu az olmamışdı.

Bəşəriyyətin ilk kosmonavtı Yuri Qaqarinin tarixi uçuşu uğurla başa çatdıqdan sonra Kərim Kərimov SSRİ-nin ən yüksək ordeni - Lenin ordeni ilə təltif olundu. Sonralar Kərimov Sovet kosmonavtikasinin inkişafında misilsiz xidmətlərinə görə, Sovet İttifaqı Qəhrəmanı adına, həmçinin çoxsaylı yüksək dövlət mükafatlarına və ordenlərə layiq görüldü.

Kərim Kərimov 1965-ci ildə Kosmik Vasitələr İdarəsinin rəisi vəzifəsinə təyin edildi. O dövrdə sovet kosmonavtikasının fəxri sayılan, alim-mühəndis zehninin qələbəsi kimi qəbul edilən kosmik aparatlar onun fəal iştirakı və birbaşa rəhbərliyi ilə yaradılmışdı.

Yeni nəsil “Soyuz” kosmik gəmiləri, “Salyut” orbital stansiyası, sonradan isə çoxmodullu “Mir” stansiyasının adlarını çəkmək olar.

Sovet kosmonavtika elminin əjdahası

1985-ci ildən keçmiş SSRİ Baş Kosmos İdarəsi Elm İstehsalat Birliyinin baş direktoru və və baş konstruktoru təyin olunan, Sialkovski, Korolyov və Qaqarin adına fəxri medallarla təltif edilən, texnika elmlər doktoru, professor Tofiq İsmayılov da Sovet kosmonatikasının inkişafında böyük xidmətlər göstərib.

Akademik T.İsmayılovun fəaliyyətində astro-fizika, elmi-tətbiqi cihazqayırma problemləri sahəsində irəli sürdüyü elmi mülahizələr əhəmiyyətli yer tutmuşdu. Onun rəhbərliyi və şəxsi iştirakı ilə hazırlanmış “PS-17 BK” və “Pulsar X-1” rentgen teleskopları böyük uğurla “Salyut-Soyuz-T-11”, “Mir” orbital stansiyalarında fəaliyyət göstərmişdi.

“Pulsar X-1” ifrat ulduzunun kəşfində iştirak etmiş, həmçinin "PS-17 BK" (vertolyot variantında) Çernobıl AES rayonunda radiasiya vəziyyətinin müəyyənləşdirilməsində geniş istifadə olunmuşdu.

İlk azərbaycanlı kosmonavtı niyə tanımırıq?

İlk azərbaycanlı kosmonavtın adı isə Musa Manarovdur. Əslən bakılı olan, sonralar Dağıstanda yaşayan Musa Manarov 1974-cü ildə Moskva Aviasiya İnstitutunun məzunu olmuşdu. 1 dekabr 1978-ci ildə kosmonavtlar dəstəsinə qəbul edilmişdi.

1987-ci ildə Vladimir Titov və Anatoley Levçenko ilə birlikdə “Soyuz TM-4” kosmik gəmisində bortmühəndis kimi özünün ilk uçuşunu başa vurdu. Bir il müddətində okinaj “Mir” orbital kompleksində işlədi. Buna görə, Manarov Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü. Bundan başqa, ona 5 ordenlə yanaşı ona “Beynəlxalq İkor-1989” və ABŞ-ın “Xaroma mükafatı” diplomu da təqdim edildi.

Təəssüf ki, Azərbaycanda əksər xalqların həsəd aparacağı elmi nailiyyətlər əldə etmiş böyük şəxsiyyətlər haqda yetərli informasiya yoxdur. Hələ də öz nümayəndəsini kosmosda görmək arzusu ilə alışıb-yanan minlərlə xalq olduğu halda, bizim gənclik belə insanlarımızı tanımır.

Elçin Bayramlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm