• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Bu da sənə seksual inqilab

Bu da sənə seksual inqilab

Azərbaycan illərdir ki, seksual inqilabın astanasındadır. Niyə astanasında? Çünki onu içəri buraxmırlar ki, girib hamı kimi seksual inqilab eləsin. Çünki o, bu inqilaba ailəvi gəlib. Eynən toy məclislərinə getdiyi kimi. Ona görə də o, içəridə baş verənlərə, talışlar demiş, qapının dırından, açar deşiyindən baxmağa məcburdur. Yəni o, arzusunda olduğu xoşbəxtliyə bir gözü ilə baxır indiyənəcən. Elə bil, çıxmış gözünə qara örtük bağlamış dəniz quldurudur.


Ona görə hər dəfə bu inqilabın qapısından deyinə-deyinə, əsəbi halda evə dönüb gücü verir virtual dünyaya, real dünyada görmək və etmək istədiyini, heç olmasa, yuxular aləmində yaşamaq istəyir. Bunun da ən yaxşı məkanı o sarı gədənin yaratdığı Facebook- dur. Toba, bizim camaat bu Facebook-u faciəbooka çevirib; burda ölmüş sevgisini basdırıb yas tutan kim, təzə qız tutduğu üçün mahnı “zakaz” edib oynayan kim, özündən yaşca kiçiklərə Nizami Gəncəvilik edən kim, oruc tutan, namaz qılan kim, bir sözlə, özümüzə balaca bir virtual Azərbaycan düzəltmişik. Ancaq yenə də alınmır ki, alınmır. Elə bil, vələdimiz dönüb.

Sayğaca barmaq elədiyimiz kimi, artıq Facebook-a da barmaq eləmişik: milli-mənəvi dəyərlərimizə hörmət əlaməti olaraq, arvadlar ərlərinin, ərlər da arvadlarının qorxusundan özlərinə başqa adlar qoyaraq bütün günü iş yerində, yaxud evdə naməhrəm adamlarla yazışırlar. Milli mentalitetimizin qəddarlığı ucbatından arvadların ərlərinə, ərlərin arvadlarına deməyə cürət eləmədiyi sözləri, fikirləri Facebook-da başqalarının ərləri və arvadları ilə paylaşırlar.
Biz hətta əti-qanı olmayan dəmir sayğacı yoldan çıxaran millətik, Facebook nəmənədir ki!

Yəni məsələn, bizim arvad evdə mənim, Facebook-da başqa kişinin arvadıdır, heç mən də ondan geri qalan bəndə deyiləm, hətta beş çömçə də yuxarıyam, ondan gizlin Facebook-da, yalan olmasın, beş-altı dəfə evlənib boşanmışam, hətta bu virtual “nikahlardan” virtual-virtual uşaqlarımız da olub.
Biz əti-qanı olmayan dəmir sayğacı belə yoldan çıxaran millətik, Facebook nəmənədir ki!

Cəmiyyətimizdə belə bir fikir tez-tez səslənir ki, bu şoğərib Facebook bizim milli adət-ənənələr üzərində qurulan ailələri dağıdır və şadlıq sarayına, qır-qızıla, gəlin maşınına və s. ailə səadətinə lazım olan ayın-oyuna çəkilən xərc hədər gedir.
Hələ bunun bayramdan-bayrama bəy-gəlin evinə daşınan qıpqırmızı xonçalarını-zadı qoyaq bir qırağa. Doğrudur, Facebook ailələrimizi dağıdar, razıyam, ancaq yerində başqa ailələri də qurar. Sadəcə, Facebook-da qurulan ailələrdə ağsaqqal sözünün, ağbirçək məsləhətinin, baldız hikkəsinin, qayın zəhminin çürük qoz qədər də qiyməti olmadığına görə, milli mentalitetimiz bu ailələri məkruh buyurur.

Hə, yuxarıda sözüm yarımçıq qalımışdı; axı biz seksual inqilabdan danışırdıq. Ümumiyyətlə, inqilablar zamanı – dəxli yoxdur, o seksual inqilabdır, yoxsa, öz aramızda qalsın, siyasi inqilab – insanlar küçələrə axışır. Adıçəkilən hər iki inqilab zamanı da insanlar bir-biri ilə qucaqlaşırlar; seksual inqilabda öpüşmək üçün, siyasi inqilabda süpürləşmək üçün. Amma inqilab adı gələndə biz nə edirik? Desəm, qarnınızı tutub uğunacaqsınız. Biz bu sözü eşitdikdə, tez işdən icazə alıb evə tələsirik ki, rahatca oturub televizorda inqilaba baxaq.

Təsəvvür edin, kişi evdə arvada deyir: “Şəhərdə seksual inqilab baş verib, mən hadisə yerinə gedirəm”. İndi evdə mərəkəyə bax. Axırda nə olsa yaxşıdır? Kişi əsəbiləşib seksual inqilaba gedir, arvad da acıq edib dədəsinin evinə. Ala bu da sənə seksual inqilab.

Deməli, biz hələ arzuladığımız xoşbətliyə açar deşiyindən dəniz qulduru kimi taygöz baxmalı olacağıq.


Publika.Az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR