Texnoloji
“Facebook”da yeni era başlayır
“Facebook” süni intellekt texnologiyalarının və bir sıra
yeniliklərin tətbiqinə başlayır.
Bununla bağlı təqdimatlar martın 25-26-da San-Fransiskoda
keçirilən “F8” “Facebook” İnkişaf Konfransında təqdim olunub. Bir
milyard yarıma yaxın insanı cəlb edən “Facebook” artıq yeni eraya
qədəm qoyur və görünür, əsas məqsəd bütün dünyanı bu virtual
məkanda cəmləməkdir. Şirkətin təqdim etdiyi yeniliklər də bunu
deməyə əsas verir.
“Facebook”un pilotsuz uçan aparatı
“Facebook” və onun rəhbəri Mark Zukerberqin rəsmi səhifələrində
yerləşdirilən məlumatlara görə, şirkətin süni intellekt sahəsində
çalışan mütəxəssisləri “Yaddaş şəbəkəsi” adlı proqram
hazırlayıblar. Bu sistem ən çətin suallara cavab verə biləcək.
Sistemin məqsədi barədə ətraflı məlumat verilməsə də, belə düşünmək
olar ki, proqram istifadəçiləri bilikləndirməyə, onlara maraqlı
olan sualları cavablandırmağa yönəlib.
Bundan əlavə, şirkətin yaxın gələcəkdə tətbiq etmək istədiyi süni
intellekt vasitəsilə video və şəkillərdəki təsvirləri izah etmək
mümkün olacaq. Yəni istifadəçi videoda nəyin təsvir olunduğunu
yazılı formada ekranda görəcək. “Facebook” mütəxəssisləri
konfransda bu sistemi də təqdim ediblər. Təqdimatda nümunə kimi
göstərilən videoda qeyri-adi idman növləri müəyyən olunaraq adları
ekrana çıxarılıb.
“Facebook” həm də özünün pilotsuz uçan aparatını təqdim edib. Mark
Zukerberq profilində yazıb ki, dünyanın hər yerində, xüsusən də
ucqar ərazilərdə interneti yaymaq üçün reallaşdırılan internet.org
layihəsi çərçivəsində pilotsuz uçan aparat hazırlanıb. Onun
vasitəsilə insanlara interneti havadan təqdim etmək mümkün olacaq.
Aparatın sınaqları artıq Böyük Britaniyada uğurla həyata keçirilib.
Şirkət rəhbərinin yazdığına görə, aparatın ölçüləri “Boeing 737”
təyyarəsi böyüklükdə, çəkisi isə ondan az olacaq. Günəş
batareyaları ilə işləyən aparat 18 kilometr hündürlükdə uçmaqla bir
dəfəyə havada bir neçə ay qala biləcək. M.Zukerberqin planına
əsasən, dünyanın internet infrastrukturu olmayan ucqar nöqtələrini
də bu yolla qlobal şəbəkəyə qoşmaq mümkün olacaq.
“Facebook” niyə süni intellektlə maraqlanır?
“Facebook”un Süni İntellekt Laboratoriyasının direktoru Yan Lekun
müsahibələrinin birində süni intellektin əsasında duran laylı
neyron şəbəkəsi texnologiyasını “dünyanı təsvir etməyi öyrənən
maşınlar” kimi izah etmişdi. Onun sözlərinə görə, mürəkkəb laylı
təhlil sisteminə əsaslanan bu texnologiya foto və videolardakı
təsvirlərin izahını verə bilir. Yəni, deyək ki, siz tanımadığınız
bir heyvan fotosunu görürsünüzsə, sistem sizə onun adını, hansı
ərazilərdə yaşadığını, necə qidalandığı və s. haqqında məlumatlar
çatdıracaq. Bu özəlliyinə görə onu həm də “dərindən öyrənmə”
sistemi də adlandırırlar.
Əgər “Facebook” bu sistemi öz şəbəkəsində tətbiq edəcəksə, burada
qeydiyyatdan keçən istənilən şəxsin fotosunu görüb onun haqqında
məlumat almaq mümkün olacaq. “Facebook”un yaradıcıları süni
intellekt texnologiyalarının tətbiqinin insanlar arasında
kommunikasiyanı daha asan etmək üçün nəzərdə tutulduğunu
vurğulayırlar. Bu sistem vasitəsilə istifadəçinin yazdığı şərhlər,
paylaşdığı foto və videolar təhlil edilir, maraq dairəsi
müəyyənləşdirilir və sonra onun səhifəsində həmin maraqlara uyğun
xəbərlər, foto və videolar görünməyə başlanır.
Müşahidəçilər isə bəşəriyyətin getdikcə süni intellektdən
asılılığına doğru getməsindən danışmağa başlayıblar. Hətta
fantastik fərziyyələr də səslənir ki, bir gün məşhur “Terminator”
filmindəki kimi, robotlar Yer kürəsini zəbt edəcək. Xüsusən də
bunun getdikcə genişlənməkdə olan “Facebook”da tətbiqi
yarızarafat-yarıgerçək bədbin rəylərə səbəb olub. Proqnozlar nə
qədər qorxunc olsa da, sadəcə dəqiq olan odur ki, Zukerberq
“Facebook”u həyatın istənilən sahəsini əks etdirən virtual məkana
çevirmək niyyətindədir.
“Facebook” videoportal kimi...
Yaxın gələcəkdə tətbiq ediləcək yenilikləri açıqlamaqla “Facebook”
bir çox sahələri öz platformasında cəmləmək istəyini ortaya qoydu.
Yeniliklər videolardan tutmuş onlayn alış-verişə qədər internetdə
populyar olan bir sıra sahələrin bu sosial şəbəkədə toplanacağını
deməyə əsas verir. Məsələn, yaxın bir neçə ayda istifadəçilər
onlayn alış-verişi birbaşa mesencer vasitəsilə edə biləcəklər. Yəni
müxtəlif saytlara girmək, elektron poçtdan istifadə kimi
prosedurlara ehtiyac qalmayacaq. Onlayn alış-veriş şirkətləri ilə
razılıq əsasında bütün proseslər mesencer vasitəsilə
aparılacaq.
Digər məsələ videolarla bağlıdır. Son vaxtlar internetdə videoların
populyar kontentə çevrilməsi hamıya bəllidir. “Facebook” bu
tendensiyanı tamamilə özünə tərəf yönəltmək niyyətindədir. Yeni
funksiyaya görə, bir müddətdən sonra “Facebook”un videolarını
istənilən saytda yerləşdirmək olacaq. Üstəlik həmin videolarda
reklam da yaymaq imkanı yaradılacaq. Hazırda bu sosial şəbəkədə
yerləşdirilən videoya yalnız orada baxmaq olur. Amma yeniliyə
əsasən, saytlar “Facebook”dakı videoları xüsusi kodla (Embed-kod)
öz səhifələrində paylaşa biləcəklər. Bu funksiyadan “YouTube”da
çoxdan istifadə olunur. Görünür, Mark Zukerberq artıq ən böyük
videoportala da meydan oxumağa başlayıb. “Facebook”un rəhbəri
konfransda çıxışı zamanı bununla bağlı maraqlı bir təqdimat da
edib. Onun fikrincə, növbəti bir neçə ildə adi videolarla yanaşı,
“sferik videolar” yayılmağa başlanacaq. Bu videolar insanlara
virtual olaraq özünü həmin məkanda hiss etmək imkanı yaradacaq.
İstifadəçi belə videolarda baxış bucağını 360 dərəcə dəyişə də
biləcək.
Xəbər yayımı necə olacaq?
M.Zukerberq insanları “Facebook”a bağlayan əsas amillərdən biri
olan xəbərləri də ələ keçirmək istəyir. Media qurumları xəbərlərini
link vasitəsilə “Facebook”da paylaşaraq saytlarına trafik cəlb
edirlər. Bu, artıq xəbər portalları arasında bir rəqabət də
yaradıb. Hər kəs xəbərlərini orijinal formada təqdim etməklə sayta
girişi təmin etməyə çalışır. Bununla media həm oxucu, həm də reklam
cəlb edir. Amma son məlumatlara görə, “Facebook” xəbər yayımını özü
həyata keçirməyi planlaşdırır. Düzdür, bu məsələ ilə bağlı
konfransda heç bir açıqlama olmasa da, “New York Times”ın yazdığına
görə, “Facebook” bir sıra nəhəng media qurumları ilə həmin mövzu
ətrafında gizli danışıqlar aparır. Əgər xəbər doğru olarsa, media
qurumlarının hansı vəziyyətə düşəcəyini proqnozlaşdırmaq çətin
olmayacaq. Artıq ekspertlər reklam və abunə əsasında dolanan
medianın acınacaqlı halını göz önünə gətirirlər. Əlbəttə,
“Facebook” saytlara öz platformasında link yerləşdirməyi qadağan
etməyəcək. Amma onun şərtləri ilə razılaşan media tərəfdaşlarından
fərqli olaraq digərlərinin saytlarına keçid sürəti zəif olacaq və
bu da əvvəl-axır istifadəçinin həmin xəbər mənbəyindən imtina
etməsinə gətirib çıxaracaq.
Ümumilikdə, hazırda “Facebook” istifadəçilərinin özləri də
xəbərləri, video və fotonu profillərindən ayrılmadan, xarici linkə
keçid etmədən izləmək istəyirlər. Bunun səbəblərindən biri də
istifadəçilərin çoxunun “Facebook”a mobil telefon vasitəsilə daxil
olmasıdır. Bu da ümumi istifadəçilərin 86 faizini təşkil edir. Yəni
hər ay 1,19 milyard insan “Facebook”a mobil telefondan daxil olur.
Bütün bunlar insanlara bir sıra məsələləri vahid platformadan həll
etmək imkanı verəcək. Amma suallar da az deyil: hər şeyin bir
platformadan asılı olması, bir saytda cəmlənməsi nə qədər etibarlı
ola bilər? Əgər bir gün səhər ayılıb görsək ki, “Facebook” açılmır,
onda necə olacaq?..
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!