İmprovizə dənizi - Çingiz Əlioğlu poeziyası haqda düşüncələr
Bizi izləyin

Yazarlar

İmprovizə dənizi - Çingiz Əlioğlu poeziyası haqda düşüncələr

İmprovizə dənizi - Çingiz Əlioğlu poeziyası haqda düşüncələr

Mənəvi dəyərlərin aşılanması ilə müşayiət olunan sivilizasiya ədəbiyyatın orta əsrlərin his-pası içində qaralmış sifətinə qalay çəkib ağartdıqca ədəbiyyat dekonstruktiv qüvvəyə çevrilir və bakirə Sözün qucağına postmodernizm qumbarası atmaqla Əlahəzrət Zamanın diktəsini yerinə yetirir. Zamanı qəbul etməmək olar, amma onunla hesablaşmamaq mümkün deyil. Zaman zalım və yırtıcı olmağıyla bərabər həm də külli-ixtiyar sahibidir.

Ənənəvi şeirin aqonal duruma gəlib yetişdiyi bir vaxtda ona dirilik suyu içirən bir şair var Azərbaycanda- Çingiz Əlioğlu. Bu bənzərsiz şairin “Avand” kitabına toplanmış şeirlərini yenidən dönə-dönə oxuyuram və ənənəvi şeirdə hüdudsuz sərbəstlik ,qeyri-ənənəvi ifadə tərzi məni heyrətləndirir. Ruhumuzun toxunulmamış qatlarından yep-yeni mövzuları gün işığına çıxarmaqla yanaşı onlara təzə don biçən bu şeirlər poetik məzmunun psixoloji qanyaqları baxımından da son dərəcə maraqlıdır. XXI əsrin irəliyə doğru can atan fikir çırpıntıları Çingiz Əlioğlu qələmində öz istəyinə çatır və məhz indiki zamanın şeiri doğulur.

Ədəbiyyatda çağdaş ənənə deyilən bir ifadə var. Oktavio Pas “Qırılma ənənəsi” essesində bu anlayışla bağlı öz mülahizələrini açıqlayaraq maraqlı bir nəticəyə gəlir: “...bu bizim tarixi idrakımızın ifadəsidir. Bir tərəfdən, o keçmişi tənqid etməkdir, ənənəni tənqid etməkdir: o biri tərəfdən isə inkardır- son iki əsr ərzində dəfələrlə təkrar olunmuş bir inkar.”

Azərbaycanda isə çağdaş ənənə Çingiz Əlioğlunun poeziyasında formalaşır. Çingiz Əlioğli çağdaş ənənəni yaradanlardan biri, bəlkə də birincisidir. Şairin “Avand” kitabını partitura kimi üzünə tutub səs bolluğu içində asudə gəzişmələr etmək mümkündür. Bu şeirlər səsli şeirlərdir, alliterasiya və cinasların heca ilə müşayiət olunan təqti qədim ayinlərin icrası prosesini yada salır. “Ala-too”, “Xan Tenqri”, “Aylı şeir”, “Bakı şamları” və bu tipli digər şeirlər sözün əsl mənasında dil hadisəsidir, sözün tamamilə yeni bir rəngdə pardaxlanmasıdır.

Bakı şamı, şimal elin şümal-şümşad qonağı,

Şölələnir şamtək axşam şax-şəvəlin içndə.

Bakı yeli şax qəddini sıxışdırıb əyibdir,

İşvələnib şərq şivəli şirin dildə ötüşür,-

Əhliləşib iynəyarpaq ağac zaman köçündə.

(“Bakı şamları”)

Çingiz Əlioğlunu hansısa “izm”in nümayəndəsi hesab eləmək yanlışlıq olardı. Onun üslubu bir çox “izm”lərin sintezindən ibarətdir. İnsanın daxilində mürgüləyən duyğuların göyərçin kimi pırıl-pırıl uçurulmasını hansı “izm”ə aid etmək olar?! Sanki nə vaxtsa yaşadığın yerlərə yenidən qayıdırsan, gözünə dəyən nə varsa səndə tanış, nostalji hisslər oyadır, qarın ağlığından gözün qamaşan kimi bəmbəyaz dünya içində heyrət və sevinc qarışıq yaşantılar bütün varlığını bürüyür- sanki gecə yatıb səhər oyandıqda pəncərədən boylanarkən qar səltənətinə düşürsən və heyrətlə içini çəkib “ay daa!” deyə çığırırsan...

Göy üzü nəhəng mağar,

Hüdudsuz alaçıqdı.

Baxdım:tağında lilpar,

Bir yandan lala çıxdı.

Yaradanın qüdrəti

Möcüzədir, möcüzə.

Yeri bozluq tutanda

Göydə rəng gülür üzə.

Bu, təbiri caizsə, duyğuların imrovizəsidir. “Avand”ı improvizə dənizi də adlandırmaq olar. İmrovizəni əsasən musiqidə o şəxslər edə bilirlər ki, onlar artıq sənətkarlıq səviyyəsinə yüksəliblər və sənətə yenilik gətirməyi bacarıblar- Vaqif Mustafazədə kimi, Alim Qasımov kimi, Əzizə Mustafazadə kimi və s. Mən Çingiz müəllimin poeziyasını mütaliə edəndə nədənsə həmişə yadıma Vaqif Mustafazadə düşür. Bəlkə ona görə ki, Çingiz müəllimin şeirlərində Qərb təfəkkürü ilə Şərq düşüncə tərzinin incə uyarlığı daha çox nəzərə çarpır. Bu şeirlər prelüdiyalar, nöktürnlər kimi insan hisslərini qeyri-adi nəvazişlə oxşadığı kimi Şərq müdrikliyindən gələn didaktik pafosdan da xali deyil. Sözün memarı kağız üzərində Şərq üslubunda bənzərsiz freskalar yaradır; bu freskalarda tərsavan dünyanın avand üzünü də görürük.

Mənə həmişə elə gəlib ki, Çingiz Əlioğlunun poeziyası ümid qapısıdır, yəqin ondandır ki, tez-tez o qapıya üz tuturam. Axı “Avand” sözünün özündə də bir ümid çaları var!

Kənan Hacı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm