• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Arif olan nakam getməz” - Mirzə Babayevin doğum gününə bir-iki söz

  • Yazarlar
  • 16 İyul 2015 11:30
  • 2 334 Baxış
“Arif olan nakam getməz” - Mirzə Babayevin doğum gününə bir-iki söz

Kimlər gəldi, kimlər getdi,

Bu dünyadan, bu dünyadan.

Arif olan nakam getməz,

Bu dünyadan, bu dünyadan…

Mənim cahillərlə işim olmaz, dostlar. Amma ariflər göydə aldılar ki, bu məşhur mahnını təsadüfən xatırlamadım. Zeynal Xəlilinin bu gözəl misralarına can verən Mirzə Babayevin bu gün doğum günüdür. Neçə yaşının tamam olmasını bilmirəm, sözün düzü, bunu dəiqiqləşdirmək üçün heç Vikipediyanı da ələk-vələk eləmək həvəsində deyiləm. Belə də ki, İlhamə Quliyevanın sözünə qüvvət, yaşın nə fərqi var ki… Əsas olan sənətkarın yaşlandıqca bizlər üçün cavanlaşması, cisminin dünyadan köçməsinə rəğmən, ruhən bizim üçün ölümsüzləşməsidir. Mirzə Babayev sadəcə aramızda yoxdur, amma bizimlədir. Səhərdən onun musiqilərini dinləyib feyziyab oluram. Demək ki, səsin də öz ömrü, öz taleyi olur. Sahibi bu həyatdan köçsə də, o səsin ömrü itmir-bitmir, tükənmir. Hər oxuduğu mahnıyla mən burdayam, “Yaşıl ada”da, “Liman”dayam deyir.

Bu gün o səsə çox ehtiyacımız var. Allah televiziya rəhbərlərinə insaf versin, çox demirəm, heç olmasa, ayda-ildə iki üç dəfə belə sənətkarların lent yazılarını efirlərdə səsləndirmirlər.

Meydanı veriblər üzeyirlərə, rəqsanələrə, niyamlara… Bir ağız ciyildəyən kimi özlərini “Qremmi” mükafatçısı sayırlar. İki-üç cangüdənlə gəzirlər, “xalqım məni sevir” deyib özlərinə zorla çəpik çaldırırlar. Yaxşı ki, arada-bərədə lüt bədənlərini reklam eləməklə, bir-birlərinin saçını yolub, küləyə verməklə, sosial şəbəkələrdə beşmərtəbə söyüşlərlə gündəmə gəlirlər. Heç olmasa, arada köhnə lent yazılarını dinləyib, görsünlər ki, oxumaq necə olur.

Mirzə Babayev o sənətkarlardandır ki, nə özünü reklam eləmişdi, nə səsini, nə də avazını. Amma oxuduqlarının möhürünü vurmuşdu. O, əsl şanson idi.

Dünyaya gəlməmişdən öncə, alnına xoşbəxtlik yazılan adamlar var. Mirzə Babayev də belələrindəndir. Adam var heç sağ ikən xatırlanmır, bilmirsən ölüdür, ya diri. Amma Mirzə Babayevi bu gün dinləyib, duyğularımızı dilləndirə biliriksə, demək ki, sağdır. Sabah da belə olacaq, o biri gün də.

Oxuyacaq, ruhumuzun “Uzaq, yaşıl bir ada”sında hər zaman bizi öz gözəl səsinə qonaq edəcək. Bax beləcə:

Halıma yanan gərək səsin düşəndə yada,
Ötən günləri qoru, yaxşı bax, vermə bada...
Ayrılıq bir dənizmiş, sən uzaq yaşıl ada...

Yeriniz çox görünür, Mirzə dayı, inanın səmimiyyətimə.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR