• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Zəminxarə

  • Yazarlar
  • 11 Mart 2014 11:16
  • 894 Baxış
Zəminxarə

Zəka Vilayətoğlu

(Hekayə)

On beş il öncə onun qəfildən, azyaşlı şikəst oğlunu və arvadını götürərək hara, hansı ölkəyə üz tutub getməsini sizə söyləmək fikrində deyiləm.

Əsas olan odur ki, o, bu addımı çox məharətlə və inamla atdı. Bununçün günlərlə, həftələrlə düz-əməlli götür-qoy da etməmişdi. Bu addımı çox anidən atdı. Özü də elə atdı ki, bir də gözünü açanda ailəsiylə birgə özünü tamam yad bir ölkənin yad bir şəhərində gördü.

Tək bir addım atmaqla bu uzaq və yad şəhərə gəlib çıxmasına, lap doğrusu göydən düşməsinə ürəyi dolusu sevindi. Özünü çox azad və rahat hiss etdi. Hava limanından haraya, kimin yanına və necə gedəcəyini də planlaşdırmamışdı və bu, ona heç gərək də deyildi.

Sevinirdi ki, heç vaxt arzulamadığı və məcburən məşğul olduğu işini-peşəsini atıb, vay-şivən dolu səslərin hakim kəsildiyi, cəhalətin hökm sürdüyü bir kənd mühitindən baş götürüb qaçıb. Babası kəndin məşhur mollası olmuşdu və uşaqlıqdan ona Quran oxumağı öyrətmişdi.

O da anlamadığı ərəb sözlərinin mənasını babasından soruşub öyrənmək istərkən, babası ona, doğru-dürüst bir cavab əvəzinə cindən-şeytandan bəhs etmişdi. Zamanında öldükdən sonra da, mollalığa xas olan hər nəyi vardısa, nəvəsinə, yəni ona qalmışdı. O, həmin gündən mollalıq edərək, müsəlman adətincə ölüləri dəfn etməyə başlamışdı. Ölü sahiblərindən aldığı beş-on manat pul, ailənin bəzi ehtiyaclarını ödəsə də, o, bu tale ilə heç barışmaq istəməmişdi. Amma babasının vəsiyyətinə əməl etmək naminə mollalıq edir, günbəgün ətraf kəndlərdə molla kimi tanınırdı.

Uşaqlıqdan gözəl, məlahətli səsi vardı. Hamı elə zənn edirdi o, böyüyəndə xanəndə olacaq, amma babası onu başqa səmtə yönəltdi. Bu gözəl səs, zaman keçdikcə qəmgin notlara kökləndi və yalnız dəfn mərasimlərində eşidilməyə başladı. O qədər yanğılı və hüznlü bir səs idi ki, eşidilincə qadınlar (bir çoxları da öz ölənlərini xatırlayaraq)səs-səsə verib, hönkürtü vururdular. Bu hönkürtünü eşidincə, o, səsini kəsir, burdan baş götürüb daha uzaqlara qaçmaq istəyirdi. Bir gün evləndi. Daha bir gün bir oğlu gəldi dünyaya və günlər ötdükcə bəlli oldu ki, uşaq anadangəlmə laldır. Bir neçə illik həkim müayinəsi, müalicəsi xeyirsiz ötüşdü.

Sonda məşhur həkimlərdən biri dedi ki, problem uşağın mərkəzi sinir sistemindədir və mütləq cərrahi əməliyyata ehtiyac var. Amma bu ağır əməliyyat ancaq İsrail dövlətində mümkündür. Bəli, mümkündür, neynəməli, bu mümkün olan şey onunçün, on beş il öncə olduqca mümkünsüz idi və yuxusuna da girəsi şey deyildi, onun mümkünlüyü. On beş il öncə ağr yol qəzasında həlak olmuş gənc əmisi oğlunun dəfnindən sonra o, öz yaşam tərzini, həyat yolunu dəyişməyə qərar verdi. Quran kitabını üç dəfə öpüb gözləri üstə qoyduqdan sonra, çox ehtiyat və ehtiramla yaşlı anasına verdi ki, sandığında yaxşı saxlasın. Sonra yemək stoluna yaxınlaşdı. Arvadının süfrəyə düzdüyü bir tikə halal nemətdən dadmaq, ac qarnını doyurmaq istədi.

Amma təkcə yemək yox, həm də araq içmək istəyirdi. Ömründə dilinə vurmadığı araqdan içməklə, sanki qaranlıq bir dünyadan, zülmətdən qopub işıqlı, həyat eşqiylə dop-dolu gözəl, sehrli bir dünyaya dşəcəkdi. Bezmiş, usanmışdı hər şeydən. Hamı, hər kəs, hər şey və hər yan, illərlə ona ölüm donunda, ölüm rəngində-qapqara bir rəngdə görünmüşdü. Elə bir hala gəlmişdi ki, yuxusunda da ölü, qəbirstanlıq görür, vay-şivən səsləri eşidirdi. Öz ruhunun da bir qəbristanlığa çevrildiyini hiss edirdi. Sanki ruhu meyitlərlə dolu idi.

Bunlardan yaxa qurtarmağın vaxtı çatdığını düşünərək, az öncə dükandan alaraq, bərk-bərk bükdüyü və arvadına verdiyi bükülünü ondan stola qoymasını xahiş etdi. Arvad o dəqiqə həmin bükülünü açmadan onun qarşısında stola qoydu. O, ehmalca bükülünü açdı və yarımlitrlik araq butılkasının ağzını açıb, çay stəkanına(onların ailəsi molla ailəsi olduğundan badə-filan yox idi evlərində)süzdü. Ağzına bir tikə yemək aparmadan arağı başına çəkdi. Ona maddım-maddım baxan anasına baxdı və dedi: -Həəə, bu da beləəə... Axır ki, tilsim sındı. Artıq yeni həyata başlamağın zamanı gəldi!

-Ay oğul, soyuq su içmə, boğazını soyuqladarsan, çay iç, çayımıza nə gəlib, axı? - Anası onun bir stəkan soyuq su içdiyini zənn edib dilləndi. O, azacıq gülümsəsə də, anasını duyuq salacağından ehtiyat edib, ciddiləşdi və dedi:

-Yox, ana, ciyərim yanır, çay yanğımı yatıran deyil, yatırsa bu su yatırar, sərinlədər ürəyimi!-Stəkana yenidən araq süzüb, içməzdən öncə əlavə etdi: -Bu, abi-zəmzəm suyudur, eee! Bunu içən həmən cənnətə vasil olur!-beyni dumanlı halda gülə-gülə dilləndi və sözünə davam etdi: -Bu, həm də yasdan çıxmaq üçün ən gözəl dərmandır! Günahı mənim olsun, günahdırsa, ləzzətlə çəkərəm əzabını!

-Nə danışdığındır, ay oğul? Yoxsa, araq içib murdarladın özünü?!-anasının heyrətdən gözləri böyüdü, rəngi avazıdı.

-Zülümdən, zülmətdən qurtuldum, ana!-O, daha bir neçə dəfə stəkana araq süzüb içdi və birdən zil səslə, adama qəmgətirən “Zəminxarə” muğamını oxumağa başladı. On beş il öncə hər künc-bucağında qos-qoca bir kasıblıq hönkürən evlərinin dar otağında bir parça Zəminxarə muğamı oxuduqdan, ağlayıb evdəkiləri də ağlatdıqdan və ürəyini boşaltdıqdan sonra, beş yaşlı lal oğlunu qucağına alıb, öpdü, oxşadı, onunla danışmaq istədi. Cavab almayınca ürəyi sıxıldı, dağlandı. Bu an anası gözüyaşlı ona yaxınlaşdı:

-Ay oğul, sən neylədin?!.. Ədə, niyə bu günahı götürdün?!.. Evim yıxılmasa, çırağım sönməsə yaxşıdır, Allaaah!.. Bağışla, Yarəbbim, sən özün bu ağılsız övladımı bağışla!.. Ədə, molla da araq içər?.. Dilim qurusun, bəs o dünyada nə cavab verəcəksən?

-Ana, xəbərin vaar, beş ildir, oğlumun dili açılmır. Mollalıqla ona şəfa verməksə mümkün olan şey deyil... Bundan böyük dərdmi olar, ana? Mən nə günahın sahibiyəm, axı?!.. Yaxşı bilirəm ki, vay-şivənlə murada yetmək olmaz!.. Əlvida, ölülər, mən, artıq gedər oldum, özünüzə ağıllı-başlı bir molla tapın!-Elə bu sözləri də Zəminxarə üstündə oxumağa, zarımağa başladı.

Həmin axşamın səhəri çıxdılar evlərindən, kəndlərindən və doğma şəhərlərindən. Çıxdılar və uzaq-uzaq yol getdilər. Bir də on beş il sonra qayıtdılar doğma şəhərlərinə, kəndlərinə və evlərinə. Şükür, hamı salamat idi, yaxınlarından heç kimin burnu da qanamamışdı bu on beş ildə. Oğlunun da dili açılmışdı. Gözəl-göyçək, iyirmi yaşında yeniyetmə bir oğlan olmuşdu. Bir vaxtlar məşhur həkimin dediyi ağır beyin cərrahiyyə əməliyyatını İsrail dövlətində gerçəkləşdirə bilmişdi-böyük məbləğdə pul hesabına. Bu pulları da hardan və necə qazandığı haqda sizə hər hansı bir məlumatı vermək məqsədindən də uzağam. Əsası və qısası, o, on beş ildə çox varlanmışdı. On beş il sonrası ata yurduna qayıtmaqda məqsədi isə oğlunu evləndirmək idi. Kəndə qayıtdığı gün öncə, onsuz keçən bu on beş ildə ölüb-itənlərin qohum-əqrəbasına baş çəkdi, baş sağlığı dilədi, imkansızlara yardım etdi, əl tutdu. Evlənənlərə, nişanlananlara hədiyyələr verdi. Lap sonda da xərc çəkib Bəyoğlu kəndinin kələ-kötür, bərbad yollarını əməlli-başlı abadlaşdırdı və yalnız bundan sonra oğlunun toy gününü təyin etdi...

Təbiətin gülən çağı idi. Düz-dünya meşələrin yam-yaşıl təbəssümünə bələnmişdi. Elə bu təbəssümün işığına yığışmış sadə kənd camaatının üzü, gözü də nurla dopdoluydu. Bir çay kənarında yerləşən yay restoranında Muradxanın oğlunun toy mərasimi qurulmuşdu. Yüzə yaxın adam burda cəm olmuşdu. Muradxan xəsislik etmədən, dünyanın bütün naz-nemətini süfrələrə düzdürmüşdü. Kənd camaatı bu çağacan yaşamadıqları bir günün sehrinə düşmüşdülər. Hətta süfrədəki bəzi nemətlərin, təamların necə və nə təhər yeyilməsi qaydasını da bilmirdilər.

Muradxanın böyük məbləğdə pul ödəyərək Bakıdan dəvət etdiyi populyar müğənninin səs-sədası dərələrə, dağlara yayılmışdı. Dərəboyunca günlərlə şırıl-şırıl axan sular səsini içinə qısıb müğənninin səsini dinləmək zorunda qalmışdı. Muradxanın varına-puluna görə rayonun bütün məsul işçiləri, hətta icra başçısı belə bu toya təşrif buyurmuşdu. Məclisin qızğın anında qonşu kəndlərdən qonaq gəlmiş bir müəllim masabəyidən söz istədi və sərxoş halda mikrofona yaxınlaşdı. Mikrofonu əlinə alan kimi dedi:

-Əziz Bəyoğlu kəndinin camaatı, əziz qonaqlar, mən nə deyə bilərəm,.. onu deyə bilərəm ki, Allah Muradxan qardaşımızı min budaq eləsin! O, indiyəcən yaşamadığımız gözəl bir günü yaşadır bizə! Allah onun bir balasını xoşbəxt eləsin!..

Əziz qonaqlar, iki il öncə bizim kəndə traktorla da getmək zülüm iş idi. Hansı ki, keçmiş icra başçısı bizim kənddən idi. Buna baxmayaraq, o, kəndimizin qayğısına heç qalmadı, vəzifədə olduğu illərdə. Elə ki, anası rəhmətə getdi, bizim kəndimiz də ağ günə çıxdı. Kişinin oğlu o kəndin yolunu elə düzəltdirdi ki, olmayan kimi. Ona görə belə abadlaşdırdı ki, nədir, nədir, anasının dəfninə uzaq yerlərdən adamlar gələcək və anasının yaşadığı bir kəndin yollarını biabırçı vəziyyətdə görüb onu qınayacaqlar! Amma, görün bundan sonra nə baş verdi?!.. O baş verdi ki, kəndin bütün camaatı yolun rahatlığını hiss edincə hər dəfə dedi: “Kaş bu icra başçımızın bu kənddə ölənləri çox ola!.. İndi sözümün canı, məqsədi nədir, bilirsinizmi?..

Elə bilirəm, bizim yeni, hörmətli rayon rəhbərliyimiz inciməz məndən, bu sözlərimə görə!.. Hə, sözümün canı odur ki, Muradxan qardaşım, bayaqdan eşidirəm, bütün kənd camaatı deyir ki, Allah Muradxanın canını sağ eləsin, kəndimizin yollarını abadlaşdırdı. Və deyirlər ki, kaş onun ailəsində, ocağında xoş günlər olsun, biz də kef çəkək, ömrümüzü xoş yaşayaq! Görürsüz, birinin qarasınca o cür, birinin də ünvanına bu cür sözlər deyirlər! Nə isə,.. qardaş, xoş gəlmisən el-obana! Mən bir müəllim babayam! Sağ ol ki, məni unutmamısan! Sevinirəm ki, oxuduğun illərdə orta məktəbdə mən də sənə dərs demişəm! Yaşa, var ol! Sənin övladına xoşbəxtlik arzu edirəm!

Bir az oğlunun xoş günü, bir az şərab Muradxanı əməlli-başlı kefləndirmişdi. Bir ayağını ala dağdan atanda, birini də qara dağa atırdı. Bu əhvalla da həmin müəllimə yaxınlaşdı, mikrofonu ondan hörmətlə alıb, təşəkkür etdi və musiqiçilərə nəmər verib, “Zəminxarə” muğamını çalmalarını istədi. Musiqinin ardınca Muradxanın zil səsi, ah-naləsi göylərə yüksəldi. Bu səs onun içindən qəfil qopan oda, alova bənzəyirdi. O, bu dəm sanki bir ocaq idi, çıtır-çıtır yanırdı. Gözlərini yummuşdu. Qonaqlar onun qapanmış, yumulmuş gözlərinin içindəydi. Hamısını bir-bir görürdü. Adamlar da yanırdılar. Hamısının başından alov dilimləri qalxırdı göyə. O, yanğıyla oxuyurdu. Unutmuşdu hər kəsi və hər şeyi. Özünü də unutmuşdu. Harda olduğunun da, sanki fərqində deyildi. Oxuyur, ağlayırdı. Ona elə gəlirdi ki, qarşısındakı adamlar da səs-səsə verib hönkürürlər. O bundan daha da coşur, səsinə bir az da yanğı qatır, get-gedə vay-şivən qoparırdı. Bu məclisə yad birisi, kənardan bu səsi eşidər olsaydı, yaxınlıqda bir yas mərasiminin olduğunu düşünərdi.

Muradxan oxuyur, ağlayırdı. O, illər öncə ruhunda ilişib qalmış ölünü ağlayırdı. Yumulmuş gözləri indi, yalnız həmin nakam qohumunu görürdü və ona elə gəlirdi ki, yenə də mollalıq edir, ölü dəfninə gedir, molla kimi oxuyur, qadınları ağladır. Sanki on beş il öncəki ruhu-ölü ruhu yenidən qayıdıb gəlmişdi. O, beləcə oxuyur,.. yooox, zarıyır, zarıyır, heç cür tərk edə bilmədiyi əzəli ruhuna qayıdırdı. Kənd camaatından fərqli olaraq, onun taleyinə, həyatına bələd olmayan uzaqdan gələn qonaqlar isə öz keflərində, yeyib-içməklərində idilər...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR