Ata və oğul
Bizi izləyin

Yazarlar

Ata və oğul

Elə filmlər var ki, insan psixologiyasına, həyat tərzinə, düşüncələrinə birbaşa təsir göstərir. Səni uşaqlığa qaytarır, o dünyanın küçələrində gəzdirir. Uşaqlıq bizim yaddaşımızdır. Sən o əlçatmaz uşaqlığa qayıtmaq istəyirsən, tilovu atırsan, gedib düşür xatirələrə. Çəkdikcə qoşun-qoşun, qatar-qatar xatirələr üstünə axın eləyir. Zərbələr, sarsıntılar, acılar, gözəl günlər...

Gözəl günlər demişkən, bəzən mənə elə gəlir ki, yalnız pis, bədbəxt, faciəvi xatirələr deyil, mutlu, şən, unudulmaz günlər, anlar səni daha çox sıxır, əzir, kədərləndirir. O anlara qayıtmaq mümkünsüzdür. Öz-özümə düşünürəm: axı mən bir az əvvəl çərpələng uçurtmurdummu, top qovmurdummu, dondurmanı üzümə-gözümə bulaşdırmırdımmı...

Bu günlərdə türk rejissor Çağan Irmakın “Babam ve oğlum” (“Atam və oğlum”) filmini izlədim. Dram janrında çəkilən film hər kadrında ağrı, gözyaşı, üzüntü yaşadır. “Babam ve oğlum”dan danışmazdan öncə bir haşiyəyə çıxmaq istəyirəm.

Türk kinosu dövrünün ən yüksək zirvəsindədir. “Yeşilçam”lıqdan qurtulan türk filmləri indiki zamanda dünya kinosuna meydan oxuyur. Məhz rejissor Çağan Irmakı Türkiyənin Tarkovskisi adalandırmaq olar. Halbuki Nuri Bilge Ceylanı daha çox Tarkovskiyə bənzətmək olar. Əsas odur ki, doğurdan da türk kinosu artıq dünya rəfində əsaslı yerlərdən birini tuta bilir. “Yeşilçam” kimi mənasız, bayağı bir xeyli film çək, sonra da bir Yılmaz Güney peyda olsun və “Yol” kimi sözün həqiqi mənasında şedevr bir ekran əsəri yarat. Tarık Akın o qədər primitv filmlərlə çəkilib, adamın inanmağı gəlmir ki, “Yol”da dahiyanə bir rol canlandırsın. Mən türk filminə ağız büzən, bəyənməyən adamları başa düşə bilmirəm. Başa düşürəm, bəzən çox sentimentallığa yol verirlər, ciddi olmayan ekran əsəri ortaya çıxardırlar.

Ancaq dünyanın bir çox ölkəsində də belədir. Rusiyada, İranda, Yaponiyada, Amerikada bəyəm rejissorlar mindir, milyondur? Əlbəttə, ciddi, fərqli, dahiyanə filmlər az çəkilir və bizi də mutlu edən budur ki, onların içində türklərin çəkdikləri də özünəməxsus yer tutur.

“Babam ve oğlum” filmində rejissor uşaqlığın nə qədər ciddi, insan həyatının ən özəl yeri olduğunu qeyd edir. Ata və oğul bir-birinə düşmən kəsilib, onları bir-birindən ayıran zaman və düşüncələrdir. Oğul jurnalistdir, fikirləri atanın gələcək planlarını alt-üst edir, mübahisələr başlayır, hətta ata onu övladlıqdan rədd edir. yaşadıqları doğma qəsəbədən uzaqlaşan oğul bir gün qayıtmaq fikrinə düşür. Ata oğlunun bank müdiri olmağını istəyir, ancaq oğlu Sadıq jurnalist olmağı türklər demiş, kafasına takır və böyük şəhərə yollanır. Şəhər həyatında faciələr yaşayır: arvadı doğum əsnasında küçədə can verir, anarxist olduğu üçün günlərcə işgəncələrə məruz qalır...

Oğlu Can ilə ata evinə geri qayıdır. Təbii ki, atası onun gəlməyinə, nəvəsinə ilk günlərdə laqeyd qalır. Daha sonra Canın atasının xəstəliyi üzə çıxır və tezliklə dünyasını dəyişir. Atanın bu hadisədən aldığı travma onun gözəl bir baba olmağına gətirib çıxarır. Can atasını arzulayır, onun üçün darıxır. Uşağı aldadırlar, atasının superman olub uçduğunu və nə zamansa qayıdacağınə deyirlər. Bütün bunlardan sonra qaraqabaq, adamayovuşmaz baba ona şəfqət, sevgi göstərir, oğlunu və ailəsini çəkdiyi kadlarları Cana göstərir.

“Babam və oğlum” filminə baxanda Freydin bu fikri ilə ikiəlli razılaşdım: uşaq vaxtı qorxduğun üçün ataya və anaya sığınırsan, böyüdükdən sonra isə bu sığınacağın adı Allah olur.

Ayvaz Oğuz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm