“Manual” rejim və sən!
Bizi izləyin

Yazarlar

“Manual” rejim və sən!

Əvvəlki yazıda belə bir qeyd etmişdim ki, beynimiz bütün suallara cavab vermək iqtidarındadır. Bir davranışın reallaşması üçün bütün bir proses – hiss, duyğu, düşüncə zənciri yaranmalıdır. Özümü, daha doğrusu, bu binəva beynimi yenə sual atəşinə tutmuşdum. Hansısa zaman kəsiyində gözümün önündən qısametrajlı bir film keçdi.

2005-ci ilin may ayı. Təhsil Nazirliyinin Sumqayıt şəhər Maarif şöbəsi. 9 May Qələbə günü ilə bağlı məktəblilər arasında keçirilmiş inşa müsabiqəsinin yekununa həsr olunmuş tədbir. Fərqlənən yazıların müəllifi olan şagirdlər dəyirmi masa ətrafında... Sərgiyə təqdim olunan yazılar arasında mənim də inşam var. Orta yaşlı bir müəllimə (Maarifdə işləyirdi) mənə yaxınlaşıb illər boyu məni tanıyırmışcasına “Oğlum, mənim Elçinimlə adaşsan. Elə oxşayırsız da. Bir ilin qalıb ( X sinifdə idim) universitetə qəbuluna, hansı ixtisası seçəcəksən, bilmirəm, amma jurnalist olmalısan. Eşitdin, nə dedim, jurnalist”. Xanımın təbəssüm dolu, eyni zamanda da qəribə ciddiliklə müşahidə olunan üz ifadəsi məni çaşdırdı. Nə deyəcəyimi bilmədən, gözlərimi döyə-döyə baxdım.

İl oldu 2006, zaman yetişib. İxtisas seçimi etməliyəm. Nə isə, baş ağrısı olmasın. Üstündən bir il keçməsinə baxmayaraq, o qadının həm səsi, həm də gülər üzü hafizəmdə hələ də ogünkü kimi qalıb. III qrup üçün ilk iki şablon ixtisasdan (hüquq və beynəlxalq münasibətlər) sonra jurnalistikanı seçdim və elə ora da qəbul olundum.

Tələbəliyimin ilk illərində hələ də hiss edirdim ki, nəsə bu ixtisasa o qədər də yovuşa bilmirəm. Üstəlik, cəmiyyətdə jurnalistikaya birmənalı olmayan fikir və daha nələr... Bu peşənin konturlarını cıza bilmirdim özlüyümdə. Yaxşı müəllimlər sayəsində zamanla stereotipləri sındırmağa başladım. Amma hələ də yazıya meyl edə bilmirdim. Üçüncü-dördüncü kursda bir də fərq etdim ki, fotojurnalistika mənə gəl-gəl deyir. Düşündüm, niyə də olmasın, gördüklərimi yaza bilməsəm də, gördüyüm kimi təqdim edə bilərəm.

Bir də onda ayıldım ki, əlimdə fotokamera kimlərisə, nələrisə çəkməklə məşğulam. Gördüyüm işdən zövq alıram. Hə, daha bəsdi bu qədər təfərrüat, keçək sözümün mustafasına. Məsələ bundan sonra yaşananlardadır. Söhbət düşəndə, qohum-əqraba harda, nə işlə məşğul olduğumu xəbər alanda, əlimdə bu fotokameranı görəndə dedikləri bir şey olurdu: “Dörd il bakalavr, iki il magistr oxumusan ki, fotoqraf olasan?! Bunu əvvəldən də edə bilərdin də”. Hər dəfə də öncə fotoqraf deyil, fotojurnalist (fotomüxbir) olduğumu, sonra isə heç də jurnalistikadan kənar fəaliyyət göstərmədiyimi izah etmək məcburiyyətində qalıram. Bununla belə, sonda yenə “bir şəklimizi çək, baxaq” demələri hər şeyi unutdurur. Onlar üçün bu, sadəcə, bir şəkil, mənim üçünsə...

Fotojurnalistika hardasa qulaqlarıma deyil, daha çox gözlərimə güvənməyi mənə aşılamış oldu. Sözün dəyəri biçilməz olsa belə, çıxdığı ağızdan asılı olaraq sintetik xüsusiyyətə malikdir, amma foto başqa məsələ. Bu keyfiyyət mənə işimi daha çox sevdirməyə başladı. Üzləri, baxışları, jestləri oxumaqla xoşbəxtliyin, bədbəxtliyin, tənhalığın, meşşanlığın, yaltaqlığın, comərdliyin, məğlubiyyətin, qalibiyyətin şəklini çəkmək. Söz - ifadə tərzi, dil fərqi və başqa xüsusiyyətlərinə görə bəşəri deyil çox hallarda. Foto isə birbaşa fakt olaraq dilindən, dinindən və digər mənsubiyyətindən asılı olmayaraq, oxucunun hissinə, duyğusuna ünvanlanaraq birbaşa informasiya vermiş olur. Sətirlərə sığmayan fikri, reallığı bir kadra sığdırmaq imkanı qazandırır. Hə, məsələ heç bunlarda da deyil...

Fotomüxbirlik mənə, əslində, daha çox şey öyrətmiş oldu. Bu işin öncə bir texniki tərəfi var, çünki mənim silahım (fikri ifadə vasitəm) qələm yox, bir fotokameradır. Hansı ki, onu idarə etmək üçün öncə müəyyən texniki biliklərdən, nizamlamalardan xəbərdar olmalısan. Bununla belə, yatandan-yatana yanımdan ayırdığım bu əcaib cihaz mənə özlüyündə başqa şeyləri də aşıladı: zamandan səmərəli istifadə etməklə reallığın düzgün qavranılması barədə fərqindəlik qazandırmış oldu.

Deməli belə, bu dəfə zaman haqqında düşündüklərimi bölüşəcəm. Amma bir az metaforaya geniş yer verməli olacağam. Güzgülü fotokamerada pərdə surəti deyilən bir tənzimləmə var. Hansı ki, bu mexanizm birbaşa zamanla əlaqəli olmaqla, şəkil çəkilərkən pərdənin açılıb-qapanma müddətinə cavabdehdir. Prosesdən və işıqlanmadan asılı olaraq, matriçaya düşən işığın miqdarına əsasən bu zaman kəsiyi azala və çoxala bilər. Bununla da çəkmək istədiyimiz kadrın donmasında dəqiqlik və ya yayğınlıq (yayğın şəkillər) əmələ gəlir. Burda proseduru tam izah etməyə gərək yoxdur, yorucu ola bilər. Amma bunu əyani bir misalla ifadə etməyə çalışacam. Kameranın bu özəlliyi, məni reallıqda bir müqayisəyə sövq etdi. Məsələn, qatarda, metroda, fikir vermisizmi, sürət artdıqca içəridə olanları görməkdə necə çətinlik çəkirik. Hə, indi bu barədə bir az təfərrüata varaq.

Hərəkətdə olan qatarın içindəkiləri görmək üçün qatarın getdiyi sürətlə getmək lazımdır. Əks halda, nə gördüklərin reallıqdır, nə də o gördüklərindən çıxardığın nəticələr. Ümumiyyətlə, zaman anlayışı çox qəribədir. Zamanla ayaqlaşanda hər şeyə şahid olma imkanın var, daha dəqiq desəm, hadisələrə, proseslərə daha dəqiq baxa bilirsən. Lakin zamandan geri qalanda isə sadəcə qarışıq, anlamsız bir nəsnə görə bilərsən. Bu anlamada hərəkət, dinamika və onların daxilində olan nə varsa, zamana ayaq uyduranlar üçün məna kəsb edir...

Məsələ sürətdədir...

Zamanın sürəti dəyişməzdir. Dəyişən yalnız bizim reaksiyamızın, düşüncəmizin, qavrayışımızın sürətidir. Gündəlik həyatımızda bu ziddiyyətlə çox rastlaşırıq. Əksər hallarda bacara bilən kəslər özlərini, bunu edə bilməyənlər isə başqalarını günahlandırmağa çalışır. Necə deyərlər, öz “uğursuzluq”larına bəraət qazandıracaq bəhanələr düşünürlər. Qəribəsi odur ki, bir az fərqinə varıb o düşüncəni düşdükləri vəziyyətə izah axtarmağa deyil, çarə axtarmağa sərf etsələr, bir nəticə əldə etmiş olarlar. Bir məsələni də dəqiq bilirik ki, “Qaliblərin anladacaq hekayəsi, məğlublarınsa bir bəhanəsi olur”. Sevdiyim daha bir ifadə var: “nə edim yox, necə edim” deyə düşünmək daha faydalıdır. Beynimizə güvənməli, həmişə ona bir seçim haqqı verməliyik. O, bizim dostumuzdur. Onu korlamayın! Necə?.. Bu, artıq sonrakı söhbətlərimizin mövzusu olacaq.

Zamanla ayaqlaşmaq...

Hə, harda qalmışdıq?! Zamanla ayaqlaşmaqda. Bunu mini ətək və şortik olaraq anlamayaq. Sanıram, nə demək istədiyimi anladınız. Hər detala varsam, yenə bu yazının başını-ayağını yığmaq mümkün olmayacaq. Zamanla ayaqlaşmaq isə həssas duyarlılığa yiyələnmək, hədəfini bilmək, elastik olmaq (bunun üçün zamanın tələblərinə uyğun olaraq bacarıqlarını, imkanlarını artırmaq), hərəkətə keçmək, özünə güvənmək və irəlidə söz açacağım digər arqumentlərə dayanıqlı bir fikirdir. Onsuz da sadaladığım nüanslar elədir ki, zəncir həlqəsi kimi biri o birini arxasınca gətirəcək. Sözümü kimə gətirmək istəyirəm, günümüzün işsizlik problemini dərd edən, “dayday” axtaran, daim şikayətlənən, bədbin üz ifadəsi ilə dolaşan dostlarıma. Bəlkə, daha bəsdir?! Güzgü qarşısına keçib, ya da papağını (fəsilə uyğun olaraq şlyapadan, norkadan nə olarsa, fərq etməz, papaq olsun) qabağına qoyub kim olduğunu, kim ola biləcəyini düşünəsən. Özünü tanımağa cəhd edəsən, bildiklərinə, bilmədiklərinə, öyrənə biləcəklərinə diqqət ayırasan. Qumsalda hər qum dənəciyinin yeri olduğu kimi, cəmiyyətdə də yararsız insan yoxdur. Sadəcə öz yerini tapmağa səy göstərəsən gərək. Olmaq istədiyin yeri özünə yox, küləyə həvalə etsən, buna heç kim cavabdeh deyil. Avtopilot yararlı bir vasitə olsa belə, yerə enişi pilot özü ələ almalıdır. Elə deyilmi?

Məni bu tendensiyaya inandıran işimdən irəli gələrək hər gün rastlaşdığım bir situasiyadır. Fotoqraf və həmkarlarım (fotomüxbirlər) burda nə demək istədiyimi daha aydın anlayacaqlar. Bildiyimiz kimi, fotokameranın müxtəlif çəkiliş rejimləri var. Avtomat, yarımavtomat və “manual” rejim olmaqla üç növ var. Avtomat rejim, sadəcə, bizə kadrı çəkməyə kömək etsə də, istədiyimiz effekt bu deyil. Yarımavtomatik rejim qısa zaman kəsiyində nisbətən ehtiyacımızı ödəyir. “Manual” rejimsə tam olaraq biz istədiyimizi bizə verir.

Bəlkə, texnologiya buna da bir əncam çəkdi, amma biz insanıq. Hərəkət trayektoriyamızı, hədəfimizi bilmədən öz idarəetmə sistemimizi, taleyimizi avtopilota heç bir halda etibar edə bilmərik.

Bu məsələlər mövzudan kənarlaşmaq kimi anlaşılmasın. Zamana dəyər verib onun sürəti ilə ayaqlaşmasan, o, səni dəyərsiz bir varlığa çevirmiş olar. Düşünmək üçün çox da tər tökməyə lüzum yoxdur. Bir az pozitiv olsan, yetər, zehninə – tarlaya sağlam toxumlar səpsən, biçin zamanı üzünü qara etməz. Hər addımda dərs alacağınız birilərini tapın, daha doğrusu, görün. Həyat hər şeyi ilə nəhəng bir elm ocağı, tədris mərkəzidir. Bunu nəhəng kürəşəkilli bir kampus olaraq da dəyərləndirə bilərik.

Bir az qəribə səslənəcək, amma Eynşteyni, məhz tanıdığımız Eynşteyn edən zamanı düzgün qiymətləndirməsi, ona verdiyi dəyər oldu. Və bununla sizdən Eynşteyn olmağınızı da tələb etmirəm. O gəldi, vəzifəsini yerinə yetirdi, bununla da insanlığa öz faydasını verdi. Əsas məsələ ondadır ki, biz kim ola bilərik, nə edə bilərik.

Yenə arxetip bir məqama gəlib çıxdım - Mən kiməm? Olsun, düşünürəm ki, bir nəzəriyyə özünü bu həyatda həmişə doğruldub: Azmısansa, başlanğıc nöqtəsinə geri dön və yenidən sına.

Zamanın sürətinə ayaq uydurmaq üçün, yuxarıda desəm də, bir daha xatırlatmış olum, mini ətək və şortik deyil, yeni keyfiyyətlər – bilik və bacarıqlar qazanmaq lazımdır. Bu məsələdə yavaşlamaq olmaz. Özü də, əsla!

Bunu məşhur bir Afrika atalar sözü ilə daha dəqiq ifadə etmək olar: “Afrikada hər sabah bir ceyran yuxudan oyanır, ən sürətli şirdən də sürətli qaçmağı öyrənməli, öyrənməsə, öləcəyini bilir. Afrikada hər sabah bir şir yuxudan oyanır, ən yavaş qaçan ceyrandan da sürətli qaçmağı öyrənməli, yoxsa ac qalacağını bilir”.

Hə, dostlar... Belə-belə işlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm