• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Bir ovuc Ağdam torpağı üçün Moskvada incidilən türkiyəli – Video, Foto

  • Yazarlar
  • 13 Mart 2014 10:26
  • 1 757 Baxış
Bir ovuc Ağdam torpağı üçün  Moskvada incidilən türkiyəli – Video, Foto

Türkiyənin böyük fikir adamı, şair-publisist, görkəmli ədəbiyyatçı Yavuz Bülənd Bakiləri türk coğrafiyasının yayıldığı ərazilərdə tanımayan çox az adam tapılar.

Yavuz Bülənd Bakilər əslən azərbaycanlıdır.Vaxtilə istedadlı şair Şahmar Əkbərzadə ilə dostluq edib. Onların hər ikisi Azərbaycanın işğal edilmiş Ağdam rayonundandırlar.

Amma görkəmli ədəbiyyatçının dostu yalnız Şahmar Əkbərzadə və yaxud xalq şairi Bəxtiyar Vahabzadə olmayıb. Onun ən böyük dostu Azərbaycan xalqının özüdür. Birinci dəfə Türkiyədə Azərbaycanın ünvanına “Can Azərbaycan ” ifadəsini işlədən də Yavuz Bülənd Bakilər olub.

Son 5-6 ilə qədər “Saman Yolu” televiziyasında aparıcısı olduğu “Sözün doğrusu” verilişindən tanıdığımız Yavuz Bülənd Bakilər 1936-cı ildə Türkiyənin Sivas bölgəsində kasıb məmur ailəsində anadan olub. Orta təhsili Sivas, Malatya və Qaziantepdə alıb. Ədəbiyyata, şeirə ilk marağı onda anası yaradıb, hələ uşaq çağlarında başının üstündə şeirlər, nağıllar söyləməklə. Böyüdükcə Sivas aşıqlarının söylədikləri şeir və dastanlara da istər-istəməz qulaq verirdi.

1960-cı ildə Ankara Universitetinin hüquq fakültəsini bitirdikdən sonra, mətbuatda çalışmağa başlayır, “Yeni İstanbul” qəzetində yazılar verir və TRT radiosunda mədəniyyət mövzusunda proqramlar hazırlayır.

)

Doğma Sivasda vəkilliklə də məşğul olan Yavuzun o zamanlar ağlına belə gəlməzdi ki, zaman ötəcək və o, türk dilinin, türk mədəniyyəti və folklorunun sözün həqiqi mənasında vəkilinə, müdafiəçisinə çevriləcək.

Həyat hekayətini xatırladan Yavuz Bülənd Bakilər deyir ki, mən Sivasda vəkillik edərkən öz işimə hədsiz dərəcədə dürüst yanaşdığımdan bu sahədə çox pul qazana bilmirdim, qarşındakını müdafiə etmək üçün hərdən yalan danışmaq lazım gəlirdi, bu isə mənim məcazıma uyğun deyildi.

Uzun illər Türkiyə Mədəniyyət Nazirliyində çalışıb. Gəncliyindən şeirlər yazıb, amma onların çapı və yayımı Yavuz bəyi heç zaman qane etməyib. Onun sözlərinə görə, indiyəcən 5 şeir kitabı cəm halında 95 min tirajla çap olunsa da, bu, 75 milyon əhalisi olan Türkiyə dövləti üçün elə də ürək açan rəqəm deyil.

Yavuz Bülənd Bakilər Türkiyə tarixi və ədəbiyyatına sadiq insandır. O, ilk şeirlərini ədəbiyyatı hər zaman təbliğ edən “Hisar” jurnalında dərc etdirməyə başlayıb.

Yavuz Bülən Bakilər Türkiyədə birinci növbədə türk sözünün, türk kəlmələrinin keşiyində duran mühüm bir şəxsiyyət kimi tanınır. Onun STV-də aparıcısı olduğu “Sözün doğrusu” verilişi bir çox insanları öz doğma dillərinə diqqətlə və hörmətlə yanaşmağa təşviq elədi.

O bəlkə də nadir natiqlərdəndir ki, sözlərin mənasını və doğru işlədilməsi məqsədilə verdiyi və yaxud qonaq kimi dəvət edildiyi konfranslarda dayanmadan 3-4 saat bəlağətlə danışa bilir.

Ondan müsahibə alan bir türk jurnalisti demişdi ki, mən sizin aparıcısı olduğunuz verilişlərə baxdıqdan sonra işlətdiyim cümlə və kəlmələrə diqqət etməyə başladırm. Yavuz şəxsi kitabxanasında 10 mindən artıq kitabın olduğunu deyir və təəsüflə əlavə edir ki, türk ailələrinin 95 faizinin evində kiçik də olsa kitabxana yoxdur. O deyir ki, dünyada kitab oxuma sayına görə Türkiyə ən axırıncı yerlərdən birini tutur.

Yavuz Bülənd Bakilər türk insanının söz və danışıq bazasının zəif olmasından da narahatlıq keçirir. Onun araşdırmalarına görə, Yaponiyada orta məktəb dərs kitabları 42 min sözlə yazılırsa, Türkiyədə dərs kitabları 6-7 min sözlə yazılır. Bu isə o deməkdir ki, türk uşaqları bu 6-7 min kəlmənin cəmi 10 faizi çərçivəsində düşünüb danışırlar.O deyir ki, Yaponiyada bir nəfər ildə 24 kitab oxuyursa, Türkiyədə kitab üzü açmayan milyonlarca insan var. Yaponiyada 5-6 min nəfərə bir kitabxana düşürsə, Türkiyədə 64 min nəfərin üzünə bir kitabxana açıqdır.

O, Türkiyədə bir çox jurnalların adının bayağı dildə qoyulmasından, iş yerləri, ticarət brendlərinin əcnəbi dildə olmasından,hətta at yarışlarında iştirak edən atlara da əcnəbi adlar qoyulmasından üzüldüyünü dilə gətirir və bunun səbəbinin bir çox insanların ucuz Qərb dəyərləri qarşısında aşağılanmaq ruhundan qaynaqlandığını düşünür.

Azərbaycanda hələ Sovetr İttifaqı dövründə səfərdə olan Yavuz Bülənd Bakilər vətəni Qarabağdan söz açmış və demişdi ki, on bir nəsillik ailə şəcərəmiz var. O, babalarının sünni olduqları üçün bu zəmində baş verən mübahisə və münaqişələr üzündən Türkiyəyə köç etdiklərini vurğulamışdı. O, nəsil soyadlarının Karabağilər olduğunu deyir və Bakilər soyadının da bu soyadın pozulmuş bir nümunəsi olduğunu qeyd edir.

Daha sonralar yenə də Sovet İttifaqı dövründə bir neçə dəfə rəsmi səfərlə Azərbaycana gələn Yavuz Bülənd Bakilərə Bakıdan Ağdama səfər etməyə izn verilməmişdi. 1982-ci ildəki səfəri zamanı dostlarının ona gətirdiyi Ağdam torpağını isə Moskvada əlindən alaraq Türkiyəyə aparmasına icazə verməmişdilər. O bu torpağı atasının və anasının qəbri üzərinə tökmək istəyirdi...

Sonrakı səfərlərində Türkiyəyə üç ovuc Qarabağ torpağı aparan Yavuz bəy iki ovuc torpağı ata və anasının qəbri üzərinə səpmiş bir ovuc torpağı isə bu gün də özü üçün saxlayr...

Türk ədəbiyyatının rəngli duyum sahiblərindən olan Bakilərin Qarabağ sevgisi onun şeirlərinə də hopub...

Bir gün biterse her şey, Karabağ’ı görmeden

İstemem bandolar, büyük çelenkler...

Allah’ım! Ruhuma bir az hüzur ver!

Üstüme okunmuş bir kaç avuç mübârek

Karabağ toprağından serpilse yeter!

Azərbaycan müstəqillik əldə edəndən sonra da dəfələrlə Azərbaycana baş çəkən Yavuz Büləndr Bakıda keçirilən müxtəlif tədbirlərdə iştirak eləmiş və buradan televiziya proqramları hazırlayıb. Amma,ona dədə yurdu Ağdama getmək heç zaman nəsib olmayıb. Onun parlaq şəxsiyyəti, dil və bir sıra mənəvi məsələlərdə ötkəm mövqeyi vətənində də hörmətlə qəbul olunub.

Yavuz Bülənd Bakilərin yazdığı şeirlər, xüsusən də ana mövzusunda yazdığı şeirlər bu gün Türkiyədə ədəbi abidəyə çevrilib. Məmur həyatını Ankarada başa vurduqdan sonra İstanbula köçən Yavuz bəy bütün vaxtını türk dilini əcnəbi dillərin təsirindən qorumağa həsr etməyə və bu mövzuda köşə yazıları yazmağa həsr edib.

Yavuz Büləndin kiçik bir incikliyi də hər zaman Sivas sarıdan olub. O, Aşıq Veysəl yurdunun kitaba, şeirə laqeyd və mürgülü yanaşmasını həzm edə bilməsə də, bu laqeydliyin səbəblərini də axtarıb tapıb. Nəcib Fazil Qısakürəyin Sivasa heç zaman dəvət edilmədiyini ustad qələm sahibinin dilindən eşidən Bakilər ona belə cavab vermişdi ki, Sivas yanında göl yerləşən bir şəhərdir. Göl isə durğun olur. Deməli, Sivas insanı da şeirə, yazılı sənət nümunələrinə qarşı durğunluq nümayiş etdirir. Həm də Sivas sözündə iki “s” hərfi var. Bu isə onu göstərir ki, sivaslılar susmağı hər şeydən üstün tutarlar, kitaba, yazı-pozuya qarşı da susqun olarlar.

Yavuz Bülənd Bakilər də axır zamanlar Ərdoğanla icma lideri, din xadimi Fəthullah Gülən arasında soyuq küləklərin əsməsinə biganə qalmayıb, uzun illərdən bəri rəğbət bəslədiyi Xocaəfəndinin şiddətli müdafiəsinə qalxıb. “Saman Yolu” xəbərə müsahibəsində şəfqətlə xatırladır ki, biz 1992-ci ildə Türk Ocaqlarının Cəmiyyəti kimi Türkiyə prezidenti Süleyman Dəmirəli ziyarət edərkən o görüşdə Fəthullah Güləndən söz açılıb;

“Azərbaycandan Çin səddinə qədər bütün türk ölkələrini gəzmişəm. Həmin diyarlarda türk bayraqlarını şərəflə dalğalandıran tək bir adam var-o da Fəthullah Gülən xocaəfəndidir.”

S. Dəmirəl daha sonralar türkdilli respublikalara səfərlərə gedərkən dövlət başçıları türk liseylərinin sayının artırılmasını ondan xahiş edirmişlər.

Yavuz Bülənd deyir ki, sovet rejimi çökdükdən sonra türkdilli respublikalarla fövqəladə dərəcədə əhəmiyyətli olan mədəni, təhsil və humanitar əlaqələri ən yüksək şəkildə Fəthullah Gülən xocaəfəndi qurmağı bacardı.”Mən bunu hər yerdə deyirəm və deyəcəyəm. Bu baxımdan onun Türkiyə qarşısında göstərdiyi xidmətləri kəlmələrlə anlatmaq mümkün deyildir”.

Bakilər tarixçi Yılmaz Özturanın Böyük Türkiyə tarixindən gətirdiy hesablamasını xatırladaraq deyir;

-1590-cı ildə, 3-cü Murad zamanında Osmanlı Türkiyəsinin ərazisi 23 milyon 334 min, 730 kvadrat kilometr Idi. Bu coğrafiya üzərində Osmanlılar 322 il lider dövlət oldular. Amma Osmanlı İmperiyası bu qədər qüdrətli olmasına rəğmən, Fəthullah Gülənin məktəbləri qədər dilimizi, tariximizi və mədəniyyətimizi böyük bir coğrafiyada yaya bilməmişdi.

Yavuz Büləndin gəldiyi qənaətə görə, Türkiyə və türk dili adına bu qədər böyük xidmətlər göstərən bir şəxsiyyətə qarşı baş nazirin apardığı siyasət kəlmələrlə anladıla bilməyəcək qədər böyük yanlışlıqdır.

Yavuz Bülənd danışır ki, 1980-ci illərə qədər elə zənn edirmişki, Koroğlu Anadolu torpaqlarında yaşamış bir xalq qəhrəmanıdır. Elə bilirdim ki, Dədə Qorqud və Xoca Nəsrəddin, Kəloğlan bizim torpaqlarda yaşamışlar. Amma Türküstan torpaqlarını gəzib dolaşdıqdan sonra gördüm ki, bu qəhrəmanların əsas vətəni elə Türküstan torpaqlarıdır.

Bu ölkələrlə əsas könül bağlılığını yaradansa türk məktəbləridir. Yavuz Bülənd, Fəthullah Gülən camaatının açdığı türk liseylərinə “işığın gülləri” adını verib, o məktəblərdə dərs verən vətənpərvər müəllimləri isə işıq süvariləridir.

Yavuz Bülənd tam qətiyyətlə deyir ki, tarix Fəthullah Gülənin adını göstərdiyi xidmətlərə görə, qızıl səhifələrə yazacaq, onun adını qaralayanları isə heç zaman əfv etməyəcək.

Bir maraqlı və əhəmiyyətli məqam da var ki, Türkiyənin tanınmış söz ustadı olan Yavuz Bülənd harda olursa olsun Azərbaycanın adını çəkməyi unutmur. Onun kimi, Türkiyədə Azərbaycanın haqqını müdafiə edən, Azərbaycanın adını göylərə qaldıran, Azərbaycanın mədəniyyətini, dilini və musiqisini təbliğ edən Azərbaycanı sevgiylə xatırlayan ikinci bir şəxsin adını çəkmək qeyri-mümkündür.

Yavuz Bülənd bir Azərbaycan heyranıdır...O, ata-baba yurdu Azərbaycanı ürəyimin “şah damarı” adlandırdığı şeiri hələ Sovet İttifaqı zamanında yazmışdı və bu şeirdə kommunist əsarətində olan doğma yurdunu boynubükük adlandırırdı...

Ben Yakup gibiyim uzun yıllardır-

Orda Yusuf'umun kokusu vardır.

Ve hasreti gönlümde büyük Türkistan kadardır.

Ayettir kitabımda, bayraktır, rüzgârdır

Azerbaycan yüreğimde bir şahdamardır.

Şimdi Azerbaycan'da mevsim bahardır...

Ama türküleri yine baştanbaşa efkârdır...

Düşlerime yağan kardır...

Boynu bükük diyardır...

Yardır...

Ağzı köpüren atlar üstüne yeminim vardır

Azerbaycan yüreğimde bir şahdamardır...

Teymur Mahmudov

)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR