Uşaqlar
Bizi izləyin

Yazarlar

Uşaqlar

Xudu Məmmədov küçəsi ilə evə doğru addımlayırdım. Qarşıdan iki uşaq deyə-gülə gəlirdi. Üzlərində ürəkaçan bir ifadə vardı. İçimdən bir an onların yerində olmaq arzusu keçdi. Elə bu an, bu dəqiqə. Yaxınlaşanda onların bir-birinə ana söyüşü yağdırdıqlarını eşitdim. Bir anlıq o saf arzular harasa uçub getdi. Heyfsiləndim. İçimdə özümü lənətlədim. “Cırtdan”lar söyüşə-söyüşə gözdən itdilər. Bu da indiki uşaqlığımız.

Nanotexnologiyalar, internet, siqaret və bu kimi pis vərdişlər uşaqlığı uçuruma aparır. Hətta öldürür. Bunun qarşısını almaq üçün ilk olaraq ailə tərbiyəsi, mühit, mədəniyyət, təhsil olmalıdır. Yay tətili günlərində uşaqlara futbol meydançalarında nadir hallarda rast gəlmək mümkündür. Onları ancaq internet klublarda, Topazda və yaxud digər yerlərdə görmək olar. Bu artıq mənəvi intihar, cinayətdir. 90-cı illərin uşağı olmaq bir başqa dünya imiş. Biz onda mobil telefon nədir bilməzdik, internet klub desələr, analarımızın qorxusundan heç adını belə çəkməzdik. Bizim uşaqlığımız futbol, “qoşuldu”, “gizlən-qaç” oynamaqla, göyqurşağına baxmaqla keçib. Bizim uşaqlığımız həm də rəngli və ağır idi. Müharibə illəri olsa da, uşaqlar həyatdan küsməz, daim kədərə gülərdilər.

“Şərikli çörək” filmi Azərbaycan kinosunun incilərindəndir. Bəlkə də ən yaxşılarından. Bu filmdə uşaqlar və müharibə arasındakı vəhdət göstərilir. Uşaqların ataları cəbhədə düşmənlə vuruşur. Onların arzuları ata səsi, bir tikə çörək, bir az oynamaqdır. Oyuncaqları belə yoxdur. Yenə də ayrılığa, həsrətə uduzmurlar. Nə isə... Film haqqında çox şey danışa bilərik. İndiki uşaqlara bu filmə baxmağı, eyni zamanda rəhmətlik Oqtay Ağayevin ifa etdiyi “Sən ey uşaqlıq” mahnısını dinləməyi məsləhət görərdim. Mütləq baxın və qulaq asın!

Uşaqlığımızı geri qaytarmalıyıq. Onlara ailə, gerçək dostluqları, sevgiləri aşılamalıyıq. Çünki biz də bir gün ata olacağıq. Gəlin, uşaqlarımıza sahib olaq, onları sevək...

Oğuz Ayvaz

Oxumağa davam et
Reklam
Reklam

Gündəm