AvroPARÇALAment
Bizi izləyin

Yazarlar

AvroPARÇALAment

Avropa Parlamenti və avropalıların parametri... Yaxud ikincinin tətbiqi yolunda birincinin rolu.

90-cı illərdə Sovet epoxasının dağılmasının ardınca başlanan milli müstəqillik dövrü bu dönəmin ssenaristi rolunu üstlənən Qərb üçün əlavə ikinci dalğa başlatdı. SSRİ artıq yox idi, əvəzində Qərb yenicə azad olmuş xalqları öz çətiri altında birləşdirərək idarə etmək yolunu seçmişdi. Və elə o vaxt həmişə arxa planda dayanan güclərin “tabeetmə” teoremi qəbul edildi:


Əgər bir ölkə “ələbaxan” deyilsə, onun rəhbərlərini pul, yaxud digər şirnikləndirici vasitələrlə ələ alın.
Əgər bu alınmırsa, onda həmin ölkədə qiyam başladın.
Əgər planlarınız ardarda iflas olursa, həmin ölkəyə qarşı total hücuma başlayın, bütün silahları işə salın...

Onların şantaj dolu total hücumu çox məkrlidir”.

Amerika tarixini hindulardan günümüzədək araşdıran tarixçi Hovard Zin beynəlxalq güclər haqda belə deyir və yazır: “Azad xalqlar daim onlar üçün əngəl olub”.

...”Azad xalq” anlayışı sadəcə, öz sərhədləri daxilində yaşamaq deyil, öz sərvətinə sahib çıxan və şəxsi seçimi uğrunda mübarizə aparanlardır. SSRİ-dən sonra post-sovet məkanında belə olkələrin sayı az idi. Zaman keçdikcə bir çoxunun iradəsi tab gətirmədi və “tabeetmə” nəzəriyyəsi asanlıqla irəlilədi. Və o zaman Azərbaycan ümumi dalğanın qarşısında maneəyə çevrildi.

Avropalıların parametri...

Qərb dairələrinin fikrincə, Azərbaycan kimi ölkələrin taleyi belə olmalıdır: “ələbaxan”, “postindustrial mərhələdə sıfır həddində inkişaf” (milli iqtisadiyyatın təyin edilən səviyyədən artıq inkişafına məqsədyönlü şəkildə imkan verilməməsi - A. C.), milli iradəsizlik, milli sərvətə sahib olmamaq və s.

Dünyanın bir çox ölkəsi, elə MDB məkanının böyük hissəsi bu tale ilə ya barışıb, ya da barışmağa məcbur edilib. Azərbaycan post-sovet məkanında nadir ölkələrdəndir ki, bu taleyi qəbul etmir və öz inkişaf xəttini seçib. Bu xətt müstəqil siyasətin yürüdülməsinə, milli maraqların qorunmasına və “tabeetmə” dalğasından yan keçməsinə zəmin yaradır.

Bu, Azərbaycanın bir dövlət kimi mövcudluğunun, bir xalq kimi var olmasınının əsas prinsipidir. Qərb üçünsə qəbuledilməz, hətta dəhşətli reallıq hesab olunur. Məhz buna görə də Azərbaycana qarşı hücum dalğası durmadan davam edir, illər keçdikcə daha da genişləndirilir. Avropa həm də ona görə qıcıqlanır ki, müstəqil yol seçən Azərbaycan rəhbərliyi dövlətinin və xalqının mənafelərini onların şirnikləndirici təkliflərinə dəyişmir...

Belə olan halda Azərbaycana qarşı ikinci plan işə düşdü: “...həmin ölkədə qiyam başladın”.

2000-ci illərdə gürcülər “qızılgül”lər taxanda, ukraynalılar “narıncı”ya boyananda eyni ssenari Azərbaycan üçün də düşünülmüşdü, lakin baş tutmadı. 2011-ci ildə “ərəb baharı”nda da Azərbaycan əsas hədəflərdən biri idi. Amma vaxtilə narıncıya boyanan, daha sonra ərəbləşən “5-ci kalon”un “canfəşanlığına” rəğmən Azərbaycan torpaqlarında Qərbin istədiyi inqilab olmadı və Şərq ekspedisiyası – Əfqanıstan, İraq, Liviya, Misir, Suriya – Azərbaycanda reallaşmadı. Bu anti-Azərbaycan dairələrinin şübhəsiz, xoşuna gəlmirdi. Lakin məğlublar ağıl hissini, normal düşünmək qabiliyyətini itirdiyi kimi, onlar da anlaya bilmirdilər ki, bu ölkədə xalq azad seçimini heç nəyə dəyişmir və iqtidarı xalqın iradəsi olmadan dəyişmək mümkün deyil.

Beləliklə, avropalıların parametrləri Azərbaycanda heç cür işləmədi və dərhal sonuncu plan işə salındı. “...həmin ölkəyə qarşı total hücuma başlayın”.

İnsan hüquq və azadlıqları, demokratiya, söz azadlığı və... arxa fonda “başı” görünən qərəz.

Avropa parametrlərinin tətbiqində Avropa Parlamentinin (AP) alət olması təsdiq olunmuş faktdır. Bu qurumun Azərbaycanla bağlı qəbul etdiyi qətnamə və qərarlarda anti-Azərbaycan dairələrin diqtəsi ilə fəaliyyət göstərməsi açıq görünür.

Avropa qurumlarında sadə vətəndaşlar deyil, ayrı-ayrı klanların nümayəndələri təmsil olunublar” -, Avropa Parlamentində təmsil olunan ispaniyalı deputat Pablo İqlesiasin dediklərindən də hazırda Azərbaycana qarşı “klan hücumu”nun baş verdiyi aydın olur.

Çünki Azərbaycan “ələbaxan” olmaqdan imtina edir, onun rəhbərliyinin azad iradəsini, müstəqil siyasət yürütmək əzmini qırmaq mümkün deyil. Xalq öz seçiminin arxasında möhkəm dayanaraq “romantik qiyam” etmir. Belə olanda çaşbaş qalmış avropalı bürokratlar total hücum başladır. Avropa Parlamentinə sifariş gəlir, klanların qurumu da Azərbaycanla bağlı “qətnamə” qəbul edir... Məqsəd Azərbaycanın inkişaf xəttinin qarşısını almaq, müstəqil siyasətini qırmaq və indiyə qədər əldə etdiklərini, azadlığını, suverenliyini, milli sərvətini “sıfırlamaqdır”.

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədə bu çirkin məqsəd, həmçinin qərəz, klanlara xidmət edən bürokratların yanlışı açıq şəkildə görünür.

a) Kömür və Polad Birliyinin (Avropa Parlamenti 1952-ci ildə yarananda adı belə idi və əsasən kömür və polad maqnatlarına xidmət edirdi – A.C.) qətnaməsində Azərbaycanda demokratiyanın, insan hüquq və azadlıqlarının pozulduğu, normal seçki mühitinin olmadığı iddia olunur və Avropa Xarici Siyasət İdarəsi ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etməməyə çağırılır.

Azərbaycanda seçkilər demokratik , azad və ədalətli keçirilib və beynəlxalq standartlara cavab verib”.

Bu fikirlər isə ötən prezident seçkilərini izləyən Avropa Parlamenti missiyasının üzvü Otto Hauzerə məxsusdur. Təkcə bu detal Avropa Parlamentinin indi Azərbaycanla bağlı xüsusi sifariş yerinə yetirdiyini təsdiqləyir. Görünür, anti-Azərbaycan klanların rəsmi Bakıdan hansısa güzəştlər qoparmaq cəhdləri nəticəsiz qalıb. Maraqlar təmin olunmayıb və... Avropa Parlamenti, cinsi azlıqların alovlu müdafiəçilərinin toplandığı ALDE qrupu ümumi prinsiplərindən kənar formada “Azərbaycanı vur” əmrini yerinə yetirir.

Avropa Parlamentinin Azərbaycanda parlament seçkilərilə bağlı irəli sürdüyü iddialar həm də Qərb dairələrinin ölkəmizlə bağlı planlarını ifşa edir. Belə ki, bu, qurumun faktiki olaraq hələ baş verməyən, ümumiyyətlə, təşviqat kampaniyası belə başlamayan seçkiyə münasibətini göstərdi. Fikrimizcə, Qərbin anti-Azərbaycan dairələri ölkəmizdəki seçkilərlə bağlı veriləcək bəyanatları artıq hazırlayıblar və dövriyyəyə buraxmaq üçün zamanı gözləyirlər. Bunun özü demokratiyadan danışan Avropa dairələrinin nə dərəcədə “azad və ədalətli” olmasının sübutudur.

b) Qətnamədə “QHT-lərin fəaliyyətinin yeni qəbul olunan qanunlarla məhdudlaşdırılması” iddiası da yer alıb. Təbii ki, söhbət vergidən yayınma və vətənə xəyanət ittihamı ilə hazırda istintaqı davam edən QHT rəhbərləri və jurnalistlərin bu ifadələr altında müdafiəsindən gedir. Çünki onlar Qərbin Azərbaycanla bağlı “tabeetmə” planının reallaşmasında xüsusi canfəşanlıq nümayiş etdirirdi. Qətnamədə daha sonra həbsdə olanların azad olunması tələb edilir. Absurddur, ona görə ki, Azərbaycan qanunun aliliyinin mövcud olduğu ölkədir. İstintaqın nəticələri bəlli olmadan ittiham olunan şəxsin azadlığa buraxılması ölkə qanunlarının pozulmasıdır. Bu tələbin özü Avropada belə “presedentlərin” olduğunu düşünməyə əsas verir. Görünür, Avropa Parlamentinin əhatə etdiyi ölkələrdə istintaqın gedişi yarımçıq saxlanılaraq, ittiham olunan şəxslərin azad edilməsi mümkündür, təki, sifariş verən belə istəsin...

c) Qətnamədə absurd görünən məqamlar çoxdur. Misal üçün, sırf məişət zəminində baş verən hadisədə həyatını itirən fotoqraf Rasim Əliyevin ölümü Azərbaycanda söz azadlığının boğulmasına nümunə kimi göstərilir və məsələ siyasiləşdirilir. Halbuki, bu hadisənin sırf məişət zəminində baş verməsi hər kəsə gün kimi aydındır və günahkarların aşkar edilməsi, layiqli cəzalarını alması üçün istintaq aparılır. Yəqin xatırlayırsız, eyni ərəfədə ABŞ-da 41 yaşlı afroamerikalı Vester Flanaqan canlı yayımda jurnalisti güllələmişdi. O, bunu kütləvi şəkildə qətlə yetirilən qaradərililərin qisası üçün etdiyini açıqladı. Söz azadlığının boğulmasına bundan qatı nümunə ola bilərmi?! Ölkədə ayaq tutub yeriyən irqi ayır-seçkiliyə qarşı etiraz jurnalistin ölümü ilə nəticələnir. Lakin Avropa Parlamenti bunu görmür, çünki ona sifariş verənlərdən üzünü yalnız Şərqə tutmaq tapşırığını alıb. Bunun səbəbini AP rəhbərliyindən soruşsanız, əminəm ki, cavab belə olacaq: “Birləşmiş Ştatlar Avropa İttifaqının tərkibinə daxil deyil və bu, AP-nin səlahiyyətlərindən kənar olan məsələdir”.

Bəli, bu, həqiqətdir. Çünki Avropa Parlamentinin səlahiyyətləri Avropa İttifaqına dair qanunlar qəbul etmək, üzv dövlətlərdə qanunların icrasına nəzarət etmək və Avropa İttifaqının büdcəsinin icrasına nəzarət etməklə yekunlaşır. Qətnamə qəbul etməklə yox. Lakin səlahiyyətlər məsələ Amerika olanda yada düşür, Azərbaycan olanda yox. Axı Azərbaycan Avropa İttifaqının üzvü deyil və AP-nin Azərbaycanla bağlı nəinki qərar verməyə, ümumiyyətlə ölkəmizlə bağlı hansısa məsələni müzakirəyə çıxarmağa belə hüquqi səlahiyyəti çatmır. Buna rəğmən, heç vaxt Azərbaycanın ən təbii haqqları pozulan bir milyon qaçqın-köçkünü haqda bir kəlmə də danışmayan, Qarabağı işğal altında saxlayan Ermənistanı “unudan” avroparlamentarilər öz səlahiyyətlərini həvəslə aşırlar.

“Sapı özümüzdən olanlar”...

Bu qətnamə bundan sonra Azərbaycan üçün nələri dəyişəcək? Təbii ki, Avropa İttifaqı ilə münasibətlərə yenidən baxılacaq. Milli Məclis bu gün (dünən – red.) Azərbaycan dövlətinin sözügedən sənədlə bağlı mövqeyini yüksək səviyyədə ortaya qoydu. AP-ə tutarlı cavab verildi. Avropalıların diqqətinə bir daha çatdırıldı ki, Azərbaycan dövləti qeyri-sağlam qüvvələrin təhdid və şantajından qorxacaq, geri çəkiləcək bir durumda deyil. Və bunu gözləyənlərin arzuları heç vaxt çin çıxmayacaq. Bu üsullarla Azərbaycanı heç bir güzəştə təhrik etmək də mümkün deyil, yəqin ki, Qarabağı Ermənistana ilhaq etmək istəyən qüvvələr “get, hoppan” cavabını da özləri üçün təxmin etdilər. Və bir də “sapı özümüzdən olan balta”lar üçün önəmli mesajlar verildi. Əgər anladılarsa, deyildi ki, “boşuna sevinməyin, AP-ın bu qətnaməsi sizin hakimiyyət ehtiraslarınızı reallaşdırmaq niyyətindən çox uzaqdır. Onlar o qədər də sadəlövh deyillər ki, Fuad Qəhrəmanlı ilə Gözəl Bayramlıya “taxt” vermək üçün çaba göstərsinlər. Çox yaxın keçmişdə Rusiyaya “xarici siyasət kursunu referendum yolu ilə müəyyən edə bilərik” mesajinı ötürən Əli Kərimliyəmi etibar edəcək avroparlamentarilər, yoxsa bir mandatdan ötrü AXCP-yə arxa çevirib gedən, mandat əldən çıxandan sonra qatı cəbhəçiyə çevrilib geri dönən Cəmil Həsənliyəmi “stavka” edəcəklər???...

Ümumiyyətlə, Avropa Parlamentini öz maraqlarından başqa nə maraqlandırır? Ərəb ölkələrinin əhalisini faktiki humanitar fəlakətlə üz-üzə qoyub, körpələri sularda boğan, günahsız insanları qanına qəltan edən Avropa, Qərb deyilmi? Bu qətliamların müəlliflərinə Azərbaycanda insan haqlarının durumu çoxmu lazımdır?..

Ümumiyyətlə, onlar özlərindən olmayanları insan sayırlarmı???...

Oxumağa davam et
Reklam
Reklam

Gündəm