"Onun kimi adama qız verməzlər" - Qadın yazarlar Seymur Baycana üsyan etdilər
Bizi izləyin

Yazarlar

"Onun kimi adama qız verməzlər" - Qadın yazarlar Seymur Baycana üsyan etdilər

"Onun kimi adama qız verməzlər" - Qadın yazarlar Seymur Baycana üsyan etdilər

Tanınmış yazar Seymur Baycan teleqraf.com saytına verdiyi müsahibədə Azərbaycan qadınlarının bostanına daş atıb və bildirib: “Azərbaycanda mənə layiq qadın yoxdur. Xaricdə də var ancaq mən ora getmək istəmirəm. Onların da bura gəlməyi mümkün deyil. Balaca, darıxdırıcı ölkədir. Mənə yaşamaq üçün qadın lazım deyil, mənə ölmək üçün qadın lazımdır. İstəmirəm ki, əzab-əziyyətlə qazandığıma kimsə gəlib şərik dursun. Onlar buna layiq deyillər”. Publika.az xanım yazarlarımızın Seymur Baycanın bu fikirlərinə münasibətini təqdim edir.

İradə Tuncay: Fikrim belədi - Seymur öz zövqündən danışırsa ,kimsə ona zövq aşılaya bilməz. Hər kəsin ürəyinin nə istəməyi onun ürəyinin işidir.

Seymur haqlıdı ---öz istəyində.

Rəbiqə Nazimqızı: Ola bilsin, həqiqətən, ona layiq qadın yoxdu... Əslində, uzun-uzadı və hətta çox ağıllı, praktik, yaxud aqressiv, ya elə ironik cavab vermək olardı, sadəcə, başqa və daha vacib işlər həddən artıq çoxdu..

Sevinc El Sevər: Seymuru çox istəyirəm, ona görə ki, köhnə dostumdu. Mən əslində başa düşürəm o, nə demək istəyir. Azəbaycan qadınları o qədər basqı altında böyüdülüblər ki, onlar heç vaxt Seymurun arzuladığı qadın ola bilməyəcəklər, bəli. Ən azı yaxın günlərdə. Elə bir qız varmı ki, Seymura ərə gedə və bütün qohum-əqrəbasının, hətta ata-anasının mənasızlığından Seymuru qoruya? Necə ki, Seymur öz anasıyla, bacısıyla görüşmür, o da görüşməyə. Şəxsən biz Elsevərlə xoşbəxtik.

Kənardakı adamlara görə hərdən həyatımız lap cəhənnəmə dönür. Mən atamgillə 2 il nə danışmadım, nə əlaqə saxlamadım. Hətta oğlumun doğulmağından onlar xəbərsiz idilər. Anam başqalarından eşitdi ki, nəvəsi olub. Çünki həyatımıza elə müdaxilələr eləyirdilər, dözülməz idi. İş o həddə çatdı ki, Elsevər ya onlar, ya mən-dedi. İki il dözdüm, üçüncü ilə keçəndə anamla danışmağa, görüşməyə başladım, ana haqqı, ata haqqı...

Başqalarının həyatındakı problemlər bizim də həyatımıza təsir edir... Üstəlik, çətin məsələdi. İki qardaşım var, evlənə bilmirlər. Səmimi şəkildə deyən kimi evim yoxdu, sənə nişan üzüyü almağa belə pulum yoxdu, qızlar əkilirlər. Qızın dərdi yoxmuş ki! Mən özümə ər tapdım, amma qardaşlarım arvad tapa bilmirlər, çünki imkansızdılar. Qızlar Seymur demişkən, lupa ilə adamda qüsur axtarır. Azərbaycan qadını uşağının ac qalmağına dözə bilmir. Mütləq sevgi, hörmət hissini unudur, daim kişinin başına qaxır ki, uşağın paltarı yoxdu, məktəbdə süpürgə pulu yığırlar, necə atasan, verə bilmirsən? Toy adətləri özü bir ayrı dərd. O, dili ilə deyir ki, şəxsi həyatını ədəbiyyata qurban verir. Şəxsən alqışlamaq lazımdı. Mən bacarmazdım. Sevgisiz, övladsız bacarmazdım.

Məndə analıq hissləri dəhşətli dərəcədə güclüdü. Mən Seymurdakı fədakarlıq xüsusiyyətlərini yüksək qiymətləndirirəm. Amma eqoistliyini bağışlamaq çətindi bir az. Bir azərbaycanlı qızına öz şöhrətindən pay vermək istəmir. O, heç Arielin reklamına baxmayıbmı? Paylaşmaq gözəldir! Amma yenə anlayıram, Seymurun yaşı o yaş deyil ki, bundan sonrakı həyatını bir qadını maarifləndirməyə həsr edə! Azərbaycan qadını hər şeyə dözür. Övlada gələndə əri ayağının altına ala bilər. Seymur da bunu bilir. Evlənmir. Mən iki-üç il bundan qabaq yazmışdım ki, Seymur, qardaş, evlən, sən də xoşbəxt ol! Amma indi deyirəm, evlənmə, artıq gecdi. Ailə adamın əlini-qolunu bağlayır, azadlığını əlindən alır, cəsarətini əlindən alır. Bu saat mənimçün uşaqlarımdan vacib heç nə yoxdu! Amma Seymur üçün ən vacibi ədəbiyyatdı.

Gör iki yazıçının arasında nə qədər fərq var? Bu yaxınlarda eşitmişəm ki, ağır atletika kimi idman növləriylə məşğul olmaq üçün uşaq evlərindən qızlar seçirlər. Çünki heç bir ata-ana qız uşağını belə ağır yükün altına vermək istəmir. Mən də şəxsən Seymur kimi həyatını ədəbiyyata qurban vermiş adama qız verməzdim! Seymur hardan tapacaq belə qızı? Seymur da ağır atletika kimi bir şeydi! Məncə, uşaq evlərində böyümüş yetim bir qıza sahib çıxsa, onu öz bildiyi kimi yetişdirsə, Nizami kimi, sonar özünə arvad eləsə, əla olar! Amma hardadı Seymurun o cür maddi imkanı? Vaxtı və səbri?

İradə Aytel: Seymur Baycan doğru deyir. Ona layiq bir azərbaycanlı qadın var idi, Günel Mövlud. Təəssüf ki, o da ərdə və xarici sığınacaqdadı. Seymur erməni qızla əlaqə saxlasa münasibdi.

Narıngül: Məsələyə o qədər də sərt yanaşmazdım. Hansı ölkədən hansı qadın ilə evlənəcəyi onun şəxsi fikridir. Heç evlənməsə də dünya heç nə itirməz. Bəlkə də belə lap mənfəətli olardı. Amma "Azərbaycanda mənə layiq qadın yoxdur" kimi ümumiləşmə aparmağını düzgün hesab etmirəm. Yəni qeyri-ciddi , əhəmiyyətsiz bir mülahizədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm