• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Dərd əlindən bilinməzə gedən yol...

  • Yazarlar
  • 23 Oktyabr 2015 17:38
  • 4 090 Baxış
Dərd əlindən bilinməzə gedən yol...

Yollar, yollar... Adətən, yol haqqında danışanda düşüncələr bir qədər fərqli məcraya yönəlir. Ancaq bir yol var ki dünyada onun dərdi, səri bitib-tükənmir. Bu yol haqqında düşündükdə yalnız itkilər gəlir göz önünə.

Hansı itkilər?

Deyim də...

İtirdiyimiz pullar, əbəs yerə sərf etdiyimiz əsəblər və bunlardan daha vacibi zamanımız. Hə, çox uzatmayım, bu yol təhsilin, çörək pulunun, sağlamlığın ümidlərin tükəndiyi an üz tutulan qapıların yoludu. İş yerlərinin, ali təhsil ocaqlarının, necə deyərlər etibar qazanmış həkimlərin, yuxarı instansiya dövlət qrumlarının və s. cəmləşdiyi paytaxtımız bu qədər yükün altına necə giribsə, deyə bilmərəm, amma görünən odur ki, bütün yollar bura yönəlir. Bu yol Sumqayıt-Bakı (Bakı-Sumqayıt) yoludu. Paytaxtımızın şimal girişi... Ta tələbə adını qazandığım gündən nə az, nə çox son 10 il sözün əsl mənasında yolçusu olduğum yol...

Tıxaclar, yol təmiri, asfalt örtüyünün yenilənməsi, beton yolun salınması, təpələrin dikəlməsi, daha nələr, nələr... Sözüm bunda deyil, tikinti, təmir, abadlıq yaxşı şeydi. Ancaq keyfiyyət və ümumi maraqları qarşıladığı halda. Kökaltı, sətiraltı daha nə bilim nə altı haqq-hesablar olmaya gərək.

Uşaq vaxtı babam dərdlə bağlı bir hekayə danışmışdı. İnsanın dözümünü, çəkə biləcəyi dərdin yükünü və ağırlığını o vaxtdan anlamağa başlamışdım. Məzmun belə idi, Allah dərdi yaratdığı bəşərə verəndə var etdiklərini bir-bir sınadı. Dözmədilər, sıra gəldi çatdı dağlara. O dağlar ki, Qurani Kərimdə Loğman surəsinin 10-cu ayəsində deyilir: “...sizi yırğalamasın deyə yerdə möhkəm durmuş dağlar bərqərar etmişdir...” Bu dağlar belə dərd qarşısında dözməyib, günü-gündən ərimişlər. Nəhayət, O, dərdi dağlardan alıb insana verdi. Və insan bu ağır yükü daşıya biləcəyini sübut etdi.

Bir sözlə, bu yolda insan olaraq çox şeyə göz yumub, çox dərdə dözdük. Yol bu dəmdə dərdimizə şərik olmaq istədi, amma əcdadları kimi özü dözmədi, bağrı partladı...

Deməli, oktyabrın 7-də Bakı Beynəlxalq Avtovağzal ərazisinə yaxın yolda çökmə və çatlar yarandı, istinad divarları əyildi. Aidiyyəti qurumlar səfərbər edilərək bunun qarşısını almağa çalışdılar. Çatlar və çökmələr isə sözə baxmır ki, baxmır. Hətta həyasızlıq edib dünənlərdə düz magistral yola belə gəlib çıxıblar. Anlaşılan, əcaib mənzərə yaranıb. Yol əldən gedir...

Nə isə... Redaksiya məni də hadisə yerinə göndərdi ki, vəziyyət ilə yerində tanış olum, gördüklərimi çəkib gətirim. İlk işim bu oldu elə, kameranı sazlayıb bir sağdan, bir soldan çəkməyə başladım. Sonra qulağıma səslər gəldi. Yox, vəh zad verilmədi mənə. Danışan bağrı yarılan yol idi. Dərd bölüşdükcə azalar, sevinc isə çoxalar deyiblər. O da dərdin bölüşmək istədi. Dinlədim...

Başladı... Axı necə dözə bilərdim ki, indi tarixə düşən Nəqliyyat Departamentinin “işçiləri” dəfələrlə yetim-yesiri mənim bu yarılan sinəm üstə bağır-bağır bağırdıblar. Necə dözə bilərdim ki, sizə haqq olanı adıma yazıb öz qursaqlarına ötürüblər. Axı, axı.... çox danışdı. Doğrusu, utandım, o qoluzorlular binəva taksi sürücülərini sağa-sola çəkişdirib bir-ikisini ilişdirəndə mən də görmüşdüm, amma dinməmişdim.

Yol davam edərək, son hədd isə paytaxtda nəqliyyat sıxlığını aradan qaldırmaq üçün verilən qərar oldu. Bakıdan başqa digər regionların seriya nömrələrini daşıyan avtomobillərin şəhərə buraxılmaması oldu dedi. Hələ uzunçuluq olmasın deyə bura yazmadıqlarımı da nəzərə alsam gördüm ki, həqiqətən bu yolun bu cür parçalanmasında haqqı var. Daşıya bilməyəcəyi yükün altına girib. Mən də bir az onu danladım ki, axı sənin nəyinə gərəkdi bizə dərd ortağı olasan, özün üçün uzan get də. Üstünə üçdən-beşdən nə sərirlər sərsinlər. Metrini metrinə, kilometrini kilometrinə cala-calaya bildiyin qədər. Ömür qısa, həyat fani. Sənə gərəkmiydi bu?

Bəs indi nə olacaq, heç olmasa, yazığın bizə gəlsin. Eşitməmiş olmazsan o gün nə xəbər yayılıb: “Sürüşmə nəticəsində Sumqayıtdan Bakıya gələn istiqamətdə yolun ortasında böyük çatlar əmələ gəlib, yolun ortasından avtovağzal istiqamətində qeyri-bərabər çökmə baş verib. Hazırda aidiyyəti qurumlar ərazidə iş aparır. Hadisə səbəbindən avtovağzala gedən marşrutların xətti də dəyişdirilib: "Artıq Sumqayıt, Xırdalan və digər qəsəbələrdən gələn avtobusların avtovağzalın dayanacağına girişi də tamam dayandırılıb. Hadisə yerində mütəxəssislər işləyirlər. Dediklərinə görə, avtovağzala dönən yolun nə zaman açılacağı bilinmir".

- De görüm bu gedişlə hara gedəcəksən?

- Nə bilim, bilinməzə...

Bu da yolun cavabı, bilinməzə gedirmiş...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR